Təbrizə deyin ki...

 

 

Uçun, quşlar, uçun Təbrizə sarı,

Salamlayın başı dərdli diyarı.

Süleymanın, Bəxtiyarın adından

Qonaq dəvət edin siz Şəhriyarı.

 

 

Özü gələ bilməz, qoy ruhu gəlsin,

Salam verək, ruhumuz təzələnsin.

Bakı həsrətilə köçdü dünyadan,

Bakının qoynunda yatıb dincəlsin.

 

 

Uçun, quşlar, Heydərbaba dağına,

Salam verin Şəhriyar torpağına.

Deyin, Xudafərin, çağlayan Araz

Sarılıblar Vətənin bayrağına.

 

 

Deyin, azad etdik biz Qarabağı,

Bir gün bütövləşər Vətən torpağı!

Deyin, Şəhriyarın ulu ruhuna,

Əl eləyir Azərbaycan bayrağı.

 

 

Bakı-Təbriz-Ankara

 

 

Bakı-Təbriz-Ankara,

Biz hara, Tehran hara?

Biri günəş işığı, dünyanın yaraşığı,

Türk-islam bayrağıyla,

"Yaşasın Turan" deyir,

"Can Azərbaycan" deyir,

Dostluğa, qardaşlığa hər zaman alqış deyir,

Millətlərə hürriyyət, dünyaya barış deyir.

Biri qaranlıq gecə, satıb dini, imanı,

Erməniyə "can" deyir.

Gah açıq, gah gizlicə,

Müsəlman ölkələrə yenə "qan-qan" deyir.

Qarabağ azad olub,

Tehran qara bağlayır.

Öz dərdini unudub,

Erməniyə ağlayır.

Erməni qarşısında qul kimi boyun əydin,

Gördün sən Qarabağda əfsanəvi ərləri.

Təbrizdə doğacaq azadlığın səhəri!

Zülm etdiyin xalqların dolmuş səbir kasası,

Oyan, ey İran, oyan!

Belə getsə, yaxındır bil bu rejimin yası.

Bakı - Təbriz - Ankara,

Tutuşaraq əl-ələ,

Görürəm ki, canına yaman salıb vəlvələ!

 

 

Gəl, qardaşım...

 

Qalx ayağa, ulu Təbriz,

Zəncirləri qırıb ataq.

Qoy birləşsin ellərimiz,

Vüsal arzusuna çataq.

 

 

Vaxt yetişib, zaman çatıb,

Zülmün günəşi batıb,

Əsarət zəncirin atıb,

Təbrizi Bakıya qataq.

 

 

Gəl, qardaşım, ver əlini,

Kəsək zalımın dilini,

Güney-Quzey həsrətini

Birdəfəlik silib ataq.

 

 

Təbriz üstü Marağa

 

 

"Təbriz üstü Marağa,

Zülfün gəlməz darağa",

Ayrılıq salanların,

Başlarına daş yağa.

 

 

Təbriz üstü Marağa,

Zülfün gəlməz darağa,

Bir gün yolumuz düşər,

Şəhriyar deyən dağa.

Təbriz üstü Marağa,

Zülfün gəlməz darağa.

Güneyli el-obamız,

"Can" deyir Qarabağa.

 

 

Təbriz üstü Marağa,

Zülfün gəlməz darağa.

Yetər ayrılıq, həsrət,

Təbrizim, qalx ayağa.

 

 

Təbriz üstü Marağa,

Zülfün gəlməz darağa.

Təbriz-Şuşa əl-ələ,

Yol alıb yeni çağa.

 

 

Mən zamanam

 

 

Ötüşdükcə aylar, illər, qərinələr,

Zaman keçir tələsmədən, aram-aram.

Səbirsizcə dilə gəlir saniyələr,

Mən varam, mən zamanam,

Mən zamanın zərrəsiyəm,

Mən zamanın səsiyəm,

Ötüb keçən əsrlərin nəfəsiyəm,

Tik-tak, tik-tak, tik-tak...

Durduramaz məni bir an,

bir alov, sel, tufan.

Varlığımın əvvəli yox, sonu yoxdur,

Mən əzəldən var olmuşam,

Sonsuzluqdan doğulmuşam.

Mən zamanam, səfərdəyəm,

 

 

Səfərimin əvvəli, sonu var,

Mən zamanam,

Həm gələcək, həm keçmiş,

Mənim sonsuz yollarımdır,

Kainatı qucaqlayan qollarımdır.

Quran da mən, yıxan da mən,

Neçə-neçə qəhrəmanın doğum anı,

Neçə-neçə cahangirin son nəfəsi,

Mən zamanam, səfərdəyəm,

Yol gedirən hər an oyaq,

Boyum kiçik, hökmüm böyük,

Çiynimdəsə kainat tək ağır bir yük.

Mən zamanam,

Bir körpənin gülüşündə

dünya boyda səadətəm,

Bir caninin tətikdəki barmağında cinayətəm.

Varlığın da, yoxluğun da nəfəsiyəm,

Mən ilahi bir qüdrətin haqq səsiyəm.

Mən zamanam, daim oyaq,

Tik-tak, tik-tak, tik-tak...

 

 

Bahar

 

 

Bayram libasını geyib əyninə

Xoş gəlmisən yurdumuza, ay bahar.

Əlvan kəlağayı salıb çiyninə,

Bənzəyirsən nazlı qıza, ay bahar.

 

 

Gah ildırım olub göydə çaxırsan,

Gah sel olub dağda, düzdə axırsan,

Gah buludlar arxasından baxırsan,

Sığmayırsan saza, sözə, ay bahar.

 

 

Duyğusan, arzusan, gəlişin gözəl,

Təbəssümün şirin, gülüşün gözəl,

Hansını söyləyim, hər işin gözəl,

Yenə gəl gəzə-gəzə, ay bahar.

 

Müharibə ocaqları

 

 

Raket, top atəşilə yanır kəndlər, şəhərlər,

Beşiyində boğulur min-min arzu-diləklər.

Gözlər qanlı yaş tökür, fəryad edir ürəklər

Vicdanlar kor olanda, duyğular daş olanda.

 

 

Gözü doymur gözləri ölüm, qan görənlərin,

Açılır iştahları zövq, səfa sürənlərin,

Günahsız anaların, günahsız körpələrin

Üzündə qəm görəndə, gözündə yaş olanda.

 

İnsanlar xoşbəxt olar, dünya dönər cənnətə,

Doğar haqqın günəşi, son qoyular zülmətə,

Pay düşər bu işıqdan hər qövmə, hər millətə,

Millətlər qucaqlaşıb, xalqlar qardaş olanda.

 

 

Haqqa gələk, "yox" deyək axıdılan qanlara,

Lənət, min lənət olsun vicdansız

"vicdanlar"a,

Qayğı, sevgi, mərhəmət gərəkdir insanlara,

Yoxsa boş qalar dünya zülm sərxoş olanda!

 

 

İnsanlar çevrilməsin qaçqına, didərginə,

Ölüm rəngi çökməsin dünyamızın rənginə,

Yad notlar qarışmasın həyatın ahənginə,

Dünyamızın əhvalı ahəngdar, xoş olanda.

 

Allahşükür QURBANOV

525-ci qəzet.- 2023.- 9 avqust.- S.15.