Xurşud xanım Qacar-Naxçıvanskaya: opera
müğənnisi və
şair haqqında qeydlər
(Əvvəli ötən sayımızda)
1918-ci ilin sonunda süvari
diviziyasının rəisi,
general-mayor şahzadə Feyzulla
Mirzə Qacar Gəncəyə gəlir.
9 yanvar 1919-cu ildə
ADR-in hərbi nazirinin
əmri ilə Gəncə şəhərinin
qarnizon qoşunlarına
rəis təyin edilir. Gəncə üsyanından sonra onun haqqında heç bir yazılı məlumata rast gələ bilmirik. Bakıda çap edilən kitablarda onun güllələnməsi haqda
məlumatlar vardır.
Hərb tarixçisi E.İsmayılovun yazdığı kitabdan məlum olur ki, Feyzulla Mirzə ilə Xurşud xanımın Şəfi xan adında oğlanları olub. Şəfi xan 29 iyun 1909-cu ildə Moskvada anadan olmuşdu. Ancaq onun da tale yolu 1920-ci ildən sonra qaranlıq qalır. 11 yaşlı Şəfi xanın başına gələnlərdən hələ
ki, heç nə yaza bilmirik.
1924-cü
ildə Xurşud xanımın özünün
yazdığına görə,
Azərbaycan Xalq Komissarlar Soveti onu Bakıya, Azərbaycan Dövlət Türk Opera Teatrına işləməyə dəvət
edir. Bu işin həyata keçirilməsində
əsaslı köməklik
edənlər Üzeyir
Hacıbəyli və
Müslüm Maqomayev olub. 1924-cü ildən Xurşud xanım Bakıda işləyir. Özü bu haqda yazır: "Dəvət olunduğum gündən (1924-cü il) ardıcıl
olaraq 9 il Opera Teatrında
tamamilə türk operalarında oynamışam.
İlk 7 ildə bütün
operalarda partiyaları
ancaq mən oxumuşam. Özü də məni kimsə əvəz etməyib". Bu çətin
illərdə xan qızını təqiblərdən
və həbslərdən
qoruyan Üzeyir Hacıbəyli olub. İstedadlı və kimsəsiz qalan Xurşud xanımın məhv edilməsinə Üzeyir bəy imkan verməyib. Opera müğənnisi Xurşud
xanımın yazdıqlarından:
"1932-ci ildə məni
pambıq yığmağa
apardılar. Mən birinci dəfə belə bir pambıq
yürüşündə iştirak edirdim. Pambıq topladığım
rayonların kolxozlarında
mənim işimi bəyəndilər və
məni "zərbəçi"
elan etdilər".
O vaxtlar açıq yazmaq mümkün olmasa da, Xurşud xanımın həyatında
başının üstündə
şimşəklər oynadığı
duyulur...
1924-cü
ildə Bakı Opera və Balet Teatrında
fəaliyyətə başlayan
Xurşud xanım 10
il ərzində "Şah
İsmayıl"da Gülzar,
"Şah Abbas"da
Xurşud Banu, "Arşın
mal alan"da Gülçöhrə
və Asya, "O olmasın, bu olsun"da Gülnaz rollarını ustalıqla
ifa etmişdir. Onun ən çox
sevdiyi rol Bizenin "Karmen" operasındakı
Mikaela olmuşdur.
Xurşud
xanımın şəxsi
arxivində saxlanılan
sənədləri araşdırarkən
görürük ki, zamanında
Xurşud xanım böyük əhəmiyyətə
malik olan bir işi - muğamların
nota alınmasını uğurla
yerinə yetirmişdir.
Üzeyir Hacıbəylinin
göstərişinə əsasən
Xurşud xanım muğamların nota alınması
işi ilə məşğul olmuşdur.
Muğamların nota alınması
işində cavan bəstəkarlardan Tofiq Quliyev və Zakir Bağırov onun yaxın köməkçiləri
olmuşdur.
"Dügah", "Rast",
"Segah", "Zabul" muğamları nota alınmış
və fleyta, fortepiano və tarda ifa
edilib. Muğamları
fleytada Leninqrad (indiki Sankt-Peterburq) filormaniyasının solisti,
Əməkdar artist Quriyenko,
pianoda Kozlov, tarda
Mansurov ifa etmişlər.
Xurşud
xanım özü bu işi yüksək
qiymətləndirmiş və
türk musiqisinin sonrakı inkişafı və təbliğatı üçün vacib mərhələ bilmişdi.
Və bunu danmaq olmaz. Öz
tərcümeyi-halında bunları
qeyd edən Xurşud xanım Qacar sonra davam
edərək yazır:
"1927-29-cu illərdə özüm tərəfindən
yazılmış türk
xalq mahnılarının
yenidən işlənməsi
üçün bəstəkar
Vasilenkaya və Azərbaycan Konservatoiyasının
professoru yoldaş Abuya təqdim etmişəm. Artıq bütün vokal ədəbiyyat Bakıda nəşr olunur. Yuxarıda deyilənləri
cəmləyərək mənim
bir artist və musiqiçi kimi Azərbaycanda gördüyüm
işlər haqqında
Xalq Komissarları Soveti imkan tapar
ki, mənim işimi qeyd etsin. Bu işlər hamısı ötüb gedən illər ərzində mənimlə birgə
opera səhnəsində fəaliyyət
göstərən iş
yoldaşlarımın fəaliyyətidir".
Burada Xurşud xanım tərcümeyi-halını
bitirib. Buradakı yazılanlardan görünür
ki, Xurşud xanım onun əməyinin qiymətləndirilməməsindən narazı imiş. Onun istedadlı musiqiçi olmasına baxmayaraq, xan əsilli olması əsas maneələrdən
biri imiş. Ən əsası isə atası Rəhim xanın və qardaşı İskəndər xanın
Tehranda yaşamaları
idi.
Repressiya
illərinə hələ
5 il qalır: 1937-ci il uzaqda
deyil. Amma bir məsələ onu sürgünlərdən qoruyur.
Əvvəlcə onu deyək ki, Xurşud xanımın Moskva konservatoriyasından
tanıdığı A.Nejdanova (Mazettinin həyat yoldaşı), Barsova və Vladimirova Xurşud xanımı unutmamışdılar.
Onunla daima əlaqə saxlayırdılar.
Hətta Bakıya qastrol səfərlərinə
gələndə onun
evində qalırdılar.
Moskvalı rəfiqələrinin
məsləhəti ilə
1933-cü ildə Xurşud
xanım rus zadəganlarından olan Xudyakov Nikolay Nikolayeviçlə
ailə qurur. Xudyakov həmin illərdə Bakıda yüksək vəzifə
daşıyırmış, Xalq Nəzarəti sədri imiş. Xudyakovun belə yüksək vəzifə
tutması Xurşud xanımı Stalin və Bağırov repressiyalarından
xilas edir. Qraf N.N.Xudyakovla
Xurşud xanımın
nikahından övladları
olmayıb. Onlar Qarabağda vəbadan həlak olmuş həkim qraf Konstantin Xudyakovun varisləri olan Nadir Əliyev-Xudyakovu,
Adilə Əliyeva-Xudyakovanı
və Marina Xudyakovanı
övladlığa götürmüşlər.
Konstantin qraf Nikolay Xudyakovun qardaşıdır. Qeyd edək ki, Nadir və Adilənin ata tərəfdən babası
Ağa Əliyev Şamaxıdandır, məşhur
seyidlərdən olub.
Onların anaları isə həkim Xudyakovun qızı idi. Ola bilsin ki, Marina Xudyakova
iki qardaşdan birinin qızıdır. Avropada yaşayan tanınmış pianoçu
Adilə xanım yazdığı xatirələrdə
Xurşud xanımı
çox minnətdarlıqla
xatırlayır. O qeyd
edir ki, Xurşud xanım təkcə gözəl yox, həm də qeyri-adi qadın idi. Onun xatirələrindən
məlum olur ki, Xurşud xanım şair Mayakovski ilə də dostluq etmiş və məktublaşmışdır.
Xurşud
xanım Qacarın Azərbaycan Milli Tarix Muzeyində 6 ədəd fotoşəkli saxlanılır:
1) M.Maqomayev "Şah İsmayıl" operasında rolları ifa edən Hüseyn
Hacıbabayev, Hənəfi
Terequlov, Xurşud xanım Qacar, Abbasmirzə Şərifzadə,
Həqiqət Rzayeva, habelə orkestrin iştirakçısı Qurban
Pirimov və başqaları ilə.
1929-1931-ci illər; 2) Üzeyir
Hacıbəylinin "Arşın
mal alan" musiqili komediyasından səhnə.
Gülçöhrə rolunda
Xurşud xanım Qacar; 3) Xurşud xanım Qacar "Məhbubə Paşayeva, Həqiqət Rzayeva və Hüseynağa Hacıbabayev Üzeyir bəyin "Arşın
mal alan" musiqili komediyasında; 4) Aktrisa Xurşud xanım Qacar səhnə geyimində; 5) Üzeyir Hacıbəylinin "Arşın
mal alan" musiqili komediyasından səhnə.
Əsgər rolunda - Hüseynqulu Sarabski, Gölçöhrə rolunda
- Xurşud xanım Qacar; 6) Üzeyir bəyin "O olmasın, bu olsun" musiqili komediyasından səhnə. Gülnaz rolunda - Xurşud xanım Qacar və Sərvər rolunda H.Hacıbabayev,
1930-cu il.
Xurşud
xanım nəşriyyat
müdiri olduğu illərdə, yəni
1935-ci ildə opera teatrının
nəzdində tələbələr
üçün studiya
yaratmış və onların ifasında Anton Rubinşteynin "Demon" və
Nikolay Rimski-Korsakovun "Çar
gəlini" tamaşalarını
hazırlamışdı.
Xurşud
xanımın şəxsi
arxivində onun müxtəlif illərdə
rus dilində yazdığı şeirlər
də vardır. Sevgi, kədərli günlər, vətən,
yurd sevgisi onun şeirlərində əsas mövzudur.
1920-30-cu illərdə yazdığı
şeirlərində itirdiyi
ərizələrini incə,
gizli bir kədərlə qələmə
alıb. M.Qalperin adlı bir müəllifin
Xurşud xanıma ithaf etdiyi "Portret" şeirində qara geyimli türk
qızı müğənninin
özüdür. Bir çox
şeirlərində "mən
türk qızıyam"
deyə oxucuya xitab edir.
Onun Azərbaycana, Şah İsmayıla, Naxçıvana
və digər insanlara ithaf etdiyi şeirlər də maraq doğurur.
Gələcəkdə onun
yazdığı şeirlər
rus dilindən Azərbaycan dilinə çevrilsə və çap edilsə, çox yaxşı olar.
Xurşud
xanım rus yazıçısı Tolstoyun
və rus şairi Sergey Yeseninin yaradıcılığını da sevmiş, öyrənmişdi.
Onlara ithaf etdiyi şeirlər də vardır. Onun arxivində özünün əli ilə yazdığı çoxlu xalq mahnıları dəftəri
də qalır. Elə mahnılar var ki, onlar heç vaxt repertuarda olmayıb. Xurşud xanım Qacarın arxivində ona göndərilən teleqramlar
da maraqlıdır. Cperanskilər
ailəsindən, Şteynberqlərdən,
İosif Mirzəbəyovdan,
Fatma xanım Muxtarovadan
gələn teleqramlar
bir çox hadisələrin açılmasına
köməklik edə
bilər. O, Azərbaycanın
Əməkdar mədəniyyət
işçisi fəxri
adını alanda ona göndərilən teleqramların da çoxu
şəxsi arxivində
saxlanılır.
Xurşud
xanım Qacar Mərkəzi Pionerlər evində incəsənət
şöbəsinin müdiri,
uşaq bədii tərbiyə evinin direktoru, Bakı Xalq Maarif Şöbəsi
nəzdində mədəniyyət
evinin bədii rəhbəri vəzifələrində
də çalışmışdı.
O,
1963-cü, yaxud 1964-cü ilin
yayında Bakıda vəfat etmişdir. Xurşud xanım Bakıda bütün ömrünü o vaxtkı
leytenant Şmidt küçəsindəki 8 nömrəli
binada yaşamışdı.
Çox sevdiyi həyat yoldaşı
general Feyzulla Mirzə
Qacardan sonra çox çətin günlər yaşayıb.
Atası, qardaşı
mühacirətdə, digər
qohumları isə sürgünlərdə və
qürbətdə ömürlərini
başa vurublar. Çox qohumları güllələnib.
İncəsənətə bağlılığı
ona dərdlərini unutdururdu. 1926-cı ildə
teatrın truppası ilə Naxçıvana gəldi. Arada vaxt tapıb bibisi Çimnaz xanımın qızı Bilqeyis xanımgilə getdi. O vaxt onları
sürgün etməmişdilər.
1937-ci ilə hələ
10 il qalırdı. Xurşud
xanım isə özü haqqında heç nə deyə bilmirdi. Çünki onun özü digər qohumlarının və eləcə də qürbət ölkədəki
atası Rəhim xanın və qardaşı İskəndər
xanın təhlükəsizliyi
üçün girov
idi. Yəni ömrünün sonuna kimi susmalı və Naxçıvanski olduğunu heç kimə bildirməməliydi.
Sadəcə, opera müğənnisi
Xurşud Qacar idi.
Əkbər xanın qızı
Əxtər xanım nəql edirdi ki, anam Aqiyə xanımın dediyinə görə, 1920-ci ildə
Cəfərqulu xanın
oğlu Kalbalı xan Naxçıvana gələn rus hərbçiləri ilə
görüşür. Onların
çoxunu tanıyırmış,
bir yerdə oxumuşdular, nə qədər dilə tuturlarsa, bolşevik əqidəsini qəbul etmir. Ancaq yeni hökumətin nümayəndələrinə
xeyli miqdarda qızıl bağışlayır
ki, mənim Naxçıvanda
qalan atamı, əmimi və qohumlarımı incitməyin.
Onlar söz versələr də, həmişə olduğu
kimi, yenə də "unutdular".
Stalin rejiminin devrilməsindən sonra Xurşud xanım yeddi il də yaşadı. Qəribə və təəccüblü haldır ki, onun harada və kimlər tərəfindən dəfn olunduğu haqqında adi məlumatı belə tapmaq mümkün deyil. Bu istiqamətdə axtarışlarımıza nöqtə qoymamışıq.
Musa RƏHİMOĞLU - QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix,
Arxeologiya və Etnoqrafiya
İnstitutunun aparıcı elmi işçisi,tarix
üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2023.- 9 avqust.- S.13.