Milli dəyərləri
aşılayan araşdırıcı
Sosial şəbəkədə Kamil Vəli Nərimanoğlunun
17 iyul 1946-cı ildə doğulduğu göstərilmişdi.
Mən də çoxları kimi onu ad günü münasibətilə
təbrik etdim. Üstündən heç yarım saat
keçməmiş Kamil bəy yazdı: "Təşəkkür,
qardaşım Əli Şamil bəy. Ancaq mənim doğum
günüm avqustun 18-dir. 1946-cı il. Amma mən bugün də
doğula bilərdim, başqa gün də. Nə fərq edər
ki..."
Sənədlərimdəki yanlışlıqdan
dost-tanış ilin müxtəlif vaxtlarında azı
dörd dəfə məni ad günüm münasibətilə
təbrik edir. Öncələr onlara etiraz edir,
yanlışlıqları düzəltməyə çalışırdım.
Sonra gördüm mənim yazdıqlarımı yadda
saxlayanların sayı çox azdı. Hamı sosial şəbəkədə,
sənədlərdə yazılanları oxuyanda məni ad
günüm münasibətilə təbrik edir. Gördüm belə
yanlışlıq mənim kimi ucqar dağ kəndində
doğulanlar üçün deyil, rayon mərkəzində
doğulmuş Kamil Vəli Nərimanoğlu və bizim kimi
yüzlərlə, minlərlə insanın sənədlərində
də var. Hətta 1980-ci illərdə Bakıda
doğulanların bəzilərinin yaş kağızı ilə
doğulduğu gün arasında fərq olduğunu
gördüm.
Bunun səbəbi ilə maraqlandım. Gördüm birinin
valideyini uşağının ad gününü rahat qeyd etmək
xatirinə, doğum tarixini istirahət və bayram günlərinə
yazdırıb. Başqa birisinin anası analıq məzuniyyətini
ona sərfəli vaxtda alsın
deyə övladının doğum gününü
yanlış yazdırıb. Bir sözlə, müxtəlif səbəblərdən
insanların ad günü doğulduğu günlə
üst-üstə düşmür.
Kamil bəyin ad günü ilə doğum günü
arasında fərqin səbəbini öyrənməyə cəhd
göstərmədim. Bu, onun ömür yolunu öyrənən
araşdırıcının işidir. Məni ad günü
deyil, onun necə insan olması önəmlidir. Çünki
dünyagörüşümün formalaşmasına
doğulduğu gündən deyil, tanış olduğum
gündən təsir göstərib.
1968-ci ildə Azərbaycan Dövlət Universitetinin
Filologiya fakültəsinin Jurnalistika fakültəsinə qəbul
olmuşdum. Kamil bəy də dilçiliyi özünə
ixtisas seçmişdi, 4-cü kursda oxuyurdu. Filologiya fakültəsinə
hər il 125-150 tələbə qəbul edilirdi. Tələbələrin
hamısının bir-birini tanıması və dostluq etməsi
mümkünsüz idi. Səninlə eyni kursda, uzaq
başı bir kurs öndə, bir kurs sonda oxuyanları
tanıya bilirdin. Kamil bəylə bizim aramızda üç
kurs fərq vardı, üstəlik də, şöbələrimiz
də ayrı idi. Kamil bəylə nə qohum idik, nə də
bir kənddə, bir rayonda doğulmuşduq. Aşağı
kursda oxuyanlar yuxarı kursda oxuyanlarla çəkingən
davranırdılar. Bu xəsiyyət məndə də
vardı.
Kamil bəyin ünsiyyətcilliyi,
qayğıkeşliyi olmasaydı, bəlkə universiteti bitirənədək
onu tanımayacaqdım. Elə diqqətçəkən tələbə
deyildim. Konsomol təşkilatının seçkili
orqanlarında, toplantılarında da iştirak etmirdim ki,
yuxarı kursdakılar məni tanıyalar. Kamil müəllimin
nədən mənimlə xoş münasibət qurduğunu
bilmirdim. Məni isə ona doğru çəkən dərs əlaçısı
olmaqla yanaşı, qəzetlərə məqalə
yazmağı, radio verilişlərində
çıxış etməyi, elmi-ictimai tədbirlərdə
fəal iştirak etməyi idi. Qrup nümayəndələrinə,
ictimai təşkilatlarda fəal iştirak etdiklərinə
görə müəllimlərin əlaçılar
sırasına qatdıqlarından uzaq olmağa
çalışırdım. Bir qrup da vardı ki,
bütün diqqətini oxumağa yönəldir, necə deyərlər,
özünü toplumdan təcrid edir, əlaçı olmaq
üçün dəridən-qabıqdan
çıxırdı. Elələrinə hörmətlə
yanaşsam da, onlarla da oturub- durmağa can atmırdım.
Fakültəmizdə filoloqlara nisbətdə
jurnalistikada oxuyanların imzaları mətbuatda daha çox
görünürdü, səsləri radio-televiziyada daha
çox səslənirdi desəm, yəqin ki yanılmaram. Amma
məni ictimai-siyasi işlərdə daha fəallıq edənlərlə,
imzası daha çox görünənlərlə deyil, milli
mövzuda söhbət etməyi sevənlərlə
oturub-durmağa can atırdım. Əsasən qrup
yoldaşlarımla bir yerdə olsam da, bizdən iki
üç-kurs yuxarıda oxuyan Məmmədismayıl Mehdiyev,
Nəsir Əhmədov, Vaqif Səmədov, Kamil Vəliyev, Cəlil
Nağıyev və b. ilə söhbət etməyə can
atırdım.
Onlarla söhbətimizin əsas mövzusunu 1937-ci il
repressiyasının qurbanlarının həyatı və
yaradıcılığı təşkil edirdi. Mən
Əmin Abidin həyat və
yaradıcılığını öyrənməyə
çalışsam da, Bəkir Çobanzadənin, Xalid Xəid
Xocayevin, Abdulla Şərifovun, Artur Ziffeld-Simiryaqanın, Vəli
Xuluflunun və b. haqqında daha çox bilgi almağa can
atırdım. O dövrdə Həmid Araslı, Feyzulla
Qazımzadə, Əziz Mirəhmədov, Məmmədhüseyin
Təhmasib kimi yüksək dəyər verdiyimiz alimlər də
vardı. Lakin biz onlardan çox, necə deyərlər,
onların başının üstündən keçərək
1930-cu illərin araşdırıcılarını öyrənməyə
can atırdıq. Görünür,
çağdaşımız olan
araşdırıcıları əlçatan hesab etdiyimizdən
əlçatmazlara can atırdıq.
Kamil bəy ömrünü dilçiliyin hansısa
bir probleminin dərindən öyrənən
araşdırıcı olsaydı, həmin sahənin
böyük mütəxəssisinə çevrilsəydi,
minasibətlərimiz indiki kimi olmayacaqdı. Milli dəyərlərə
önəm verməsi, söhbətlərini əsasən bu
mövzuda qurması təkcə məni deyil, onlarla gənci
Kamil bəyin ətrafına toplayırdı.
O, universiteti bitirdikdən sonra aspiranturaya qəbul
olunduğundan fakültədə, kitabxanada, çayxanlarda
görürdük. Universitetə təhsil ocağı olmaqla
yanaşı, milli dəyərlərə önəm verən
gənclərin tanış olduğu yeri kimi baxırdıq.
Başqalarını deyə bilmərəm, mən
çayxanada, kitabxanada, ayaqüstü söhbətlərdə,
toplantılarda müəllimlərimdən və tələbə
yoldaşlarımdan aldığım bilginin auditoriyalarda oxunan
mühazirələrdən ala bilmədim. Çünki gənclər
professorların bilmədikləri, yaxud da bilib deməyə cəsarət
etmədikləri fikirləri daha cəsarətlə söyləyirdilər.
Bəzən bizdən 5-10 il öncə hansısa bir
müəllimin söylədiyi cəsarətli fikir
ağızdan-ağıza keçərək bizə
çatdırı. Biz də onu özümüzdən
sonrakılara ötürürdük. Belə ötürücü
tələbələrdən və müəllimlərdən
bir də Kamil bəy idi. Bu, heç də asan bir iş
deyildi. Birincisi, auditoriyada müəllimin və ya tələbənin
üstüörtülü dediyi fikri 50 tələbədən
3-4-ü başa düşürdü. Başa
düşdüyünü başqalarına deməyin, onu təbliğ
etməyin özü də bir cəsarət idi. Kamil bəy
üsyançı deyildi. Sakit və səbirlə Əli bəy
Hüseynzadənin, Üzeyir Hacıbəylinin, Həsən bəy
Zərdabinin, İsmayıl bəy Qaspıralının və
b. yolunu davam etdirirdi.
Universiteti bitirib təyinatla Naxçıvana işləməyə
getsəm də, milli dəyərli aydınlarımızla əlaqəmizi
kəsmədim. Kamil bəy qeyri-rəsmi toplatınlarda
olduğu kimi, dövlətin ciddi nəzarətində olan
radio və televiziyadakı çıxışlarında, qəzet
və jurnallara yazdığı məqalələrində əsas
ağırlığı milli şüuru oyatmağa yönəldirdi.
İmkanlardan da bacarıqla istifadə edir, yoruldum, bezdim
demirdi.
1970-ci illərdə Azərbaycan radiosunun ən
çox dinlənilən proqramlarından biri olan
"Bulaq" verilişində Kamil bəy fəal iştirak
edirdi. Peşəkar folklorçu alimlərlə
"Bulaq" proqramının arasında elə bil
uçurum vardı. Radioda gedən verilişlərdə səsləndirilən
folklor nümunələrini araşdırıcılar görməzdən
gəlirdilər. Bu uçurumu aradan qaldıranların
önündə Kamil bəy gedirdi. Uzun süründürməçilikdən
sonra 1980-ci ildə çap etdirə bildiyi "Elimizdən,
obamızdan" kitabında radioda gedən folklor nümunələrindən
bacarıqla istifadə etdi (Həmin nümunələr
arasında mənim Naxçıvandan topladığım əfsanə,
rəvayət, məsəl və s. də vardı. Çəkdiyim
zəhmətin xalqa çatdırılmasını necə də
sevinclə qarşıladım. Görüşəndə
minnətdarlığımı Kamil bəyə bildirdim). Bu da
kitabın oxunaqlığını artırdı və
publisistikamıza yeni bir üslub gətirdi.
Soldan Əli Şamil, Moskvada yaşayan, türkmənistanlı,
fəlsəfə elmlər namizədi Maya Kılıceva və
azərbaycanlı
professor Kamil Vəli Nərimanoğlu
Kamil bəy çayxana və yeməkxanada hesabı
verməkdən, kitab mağazasına dost-tanışın
aldığı kitabın pulunu verməkdən zövq
alırdı.
Kamil Vəli Nərimanoğlu peşəkar dilçi
olsa da, ədəbiyyatşünaslıqdan, dil tarixindən
yazmağa daha çox meyl edirdi. Bunun üçün onun istər
məqalələrinə, istər nəşr olunan
kitablarına baxmaq kifayətdir. Dost, tanışla münasibət
necə idisə, tələbələri ilə də eləydi.
Bir dəfə də olsun tələbələrinin "Kamil
müəllim məni imtanandan kəsdi" dediyini eşitmədim.
Necə deyərlər, o, vicdanla, yüksək peşəkarlıqla
dərsini deyərdi. Kim oradan nə götürərdi
özü bilərdi. Öyrənmək istəməyənləri
də çox məcbur etməzdi. Bilirdi ki, məcbur etməyin
elə bir mənası yoxdur. Elm öyrənmək istəməyən
ya gedib əzbərləyəcək, ya da kiməsə
tapşırtdıracaq. Onun işi oxuyanlarla idi. Necə deyərlər,
bar verəcək ağaca qulluq edən bağbanı
xatırladırdı.
Kamil Vəli Nərimanoğlu Aksaray şəhərində
Hoca Nəsrəddin konfransında 9-11.10.2008.
Milli düşüncəni təbliğ edən
toplantıların çoxunda Kamil bəyi gördüm.
60-cı illər ədəbiyyatı haqqında yazdı,
radio-televiziyada verilişlər apardı. Onların
hamısında bir məqsəd vardı: adamlarda milli
şüuru oyatmaq, Azərbaycanın müstəqilliyinə
nail olmaq. 1987-ci ildən başlayaraq gizli dərnəklərdəki,
çayxanalardakı söhbətlər marağa görə
klublar adı altında mədəniyyət evlərinə,
klublara daşındı, ardınca mitinqlər başladı.
Kamil bəy, mitinqlərdə alovlu çıxış edənlərdən,
topluma xitab edənlərdən olmadı. "Mən
ziyalıyam, elmi, bədii yaradıcılıqla məşğul
oluram, mitinqlərə gəlmək, çıxış etmək
mənim işim deyil" deyənlərdən olmadı.
Maarifçiliyi ilə, təşkilatçılığı
ilə Azərbaycan Milli Azadlıq Hərəkatının
öncüllərindən birinə çevrildi. Onun adı
AXC İdarə Heyətinin və Məclisinin üzvləri
siyahısında olmasa da, çoxları elə bilirdi ki, Kamil
bəy də idarəedicilər sırasındadır.
Türk dünyasının təkcə
araşdırıcıları ilə deyil, ictimai-siyasi xadimləri
ilə də sıx əlaqə qurdu. Bakıda keçirilən
bir çox türkoloji toplantılarda onun da əməyi oldu.
Lakin əməyini heç vaxt gözə soxmadı, "mən,
mən" demədi. Yazdığı "Azərbaycan dilinin
poetik sintaksisi" (1981), "Dastan poetikası" (1984),
"Sözün sehri" (1986), "Elin yaddaşı, dilin
yaddaşı" (1987), "Bizim sözlər, gözəl
sözlər" (1991), "Linqvistik poetkaya giriş"
(1989) və b. kitablarını yalnız dilçiliklə məşğul
olanlar deyil, müxtəlif peşə sahibləri böyük
həvəslə oxudular.
Türkologiyanın inkişafında böyük əməyi
olan Kamil bəy məhdud mənada dilçiliklə məşğul
olmaqla işini bitmiş saymadı. Türkologiyamızın ən
dəyərli əsərlərinin Azərbaycanda
tanıdılmasında əməyi böyük oldu. Nəyi
seçməyin, xalqa necə təqdim etməyin özü
bir hünərdir. Yusif Balasaqunlunun "Qutatqu bilik" əsərini
ön sözlə kütləvi tirajla nəşrinin, Məhəmməd
Füzulinin "Türk divanının dibaçəsi"nin,
Əlişir Nəvainin "İki dilin mübahisəsi" əsərinin
hazırlanıb Azərbaycan oxucusuna
çatdırılmasının səbəbkarı Kamil Vəli
Nərimanoğlu olub.
(Ardı var)
Əli ŞAMİL
525-ci qəzet.- 2023.- 10 avqust.- S.7.