Modernizm
esse
Başdan deyim
ki, mən bütün ədəbi izmlərə və cərəyanlara nəyisə
nədənsə ayırmaq
cəhdi kimi baxıram. Bilmirəm, bu cür təhlilər
və ayırmalar son nəticədə ədəbiyyata bir şey verir, ya yox. Ədəbi
cərəyanlar və
izmlər, güman ki, bu və
ya digər yazıçının gətirdiyi
yeni üslub çalarlarını təhlil
etmək üçün
tənqidçilərin tədbiq
etdikləri metoddan doğan ad qoymalardır.
Əslində bir həqiqət var: yazıçı ya yaxşı danışa bilir, ya da
danışa bilmir (Bu konteksdə "danışmaq" sözünü
yazmaq mənasında işlədirəm), başqa
sözlə, o, oxucuya
çatdırmaq istədiyi
fikri, ideyanı ya aydın şəkildə
çatdıra bilir, ya da çətinlik
çəkir. Böyük
alman filosofu Fridrix Nitşe "Zərduşt belə deyərdi" əsərində
gözəl buyurur:
"Şair (yazıçı)
bulandırır öz
sularını, bulandırır
ki, çayı dərin görünsün".
Bəli, belə də olur. İddialı
şair və yazıçı sözün
qarşısında öz
acizliyini hiss edəndə, Nitşe dediyi hiyləyə əl atır. Bütün dövrlərdə
fikrini aydın çatdıran müəlliflər
sevilib və yadda qalıb. Bütün dövrlərdə
iddialı, amma məhdud imkanlı ədəbiyyatçılar olub,
fəqət əsərləri
də özlərylə
birlikdə ölüb
gedib.
Buna rəğmən,
ədəbiyyatda "izmlər"
olub, cərəyanlar yaranıb, elmi-tənqidi mətnlərdə adı
hallanıb. Bizdə, yəni Azərbaycan ədəbiyyatında bütün
"İzmlərdən" fərqli olaraq modernizm və post modernizmin adları tez-tez çəkilir.
Maraqlıdır, nədir bu modernizm?
Ədəbiyatçılar bu terminə müraciət edəndə
nəyi nəzərdə
tuturlar?
Azərbaycan ədəbi mühitində
modernizm anlayışı
barədə danışmazdan
öncə bu terminin özünün düzgün başa düşülməsi, düzgün
dərk edilməsi gərəkdir.
Bugünkü Azərbaycan ədəbiyyatına
zaman etibarıyla ən yaxın olan ədəbiyyat sovet dönəminin ədəbiyyatıdır, başqa
sözlə, çağdaş
Azərbaycan ədəbiyyatı
sovet Azərbaycan ədəbiyyatının davamıdır,
istər-istəməz onun
müəyyən xüsusiyyətlərini
öz içində daşıyır. O da aydın məsələdir
ki, modernizm bir ədəbi cərərayan kimi sovet ideologiyasının sərhədləri daxilində
mənfi bir ədəbiyyat, incəsənət
faktı kimi anlaşılırdı, sovet
adamı, sovet yazıçısı belə
şeylərə uymamalı
idi. Həmin dövrün biblioqrafik mətnlərinə ötəri
nəzər salsaq, görərik ki, sovet realizmi və modernizm az qala antonimlərə
çevrilmişdilər. Digər
sovet respublikalarında
da olduğu kimi, Azərbaycan ədəbiyyatında da (incəsənətində də)
sözügedən dövrdə
modernizm ədəbiyyatda,
incəsənətdə qəbuledilməz,
süni, son dərəcə subyektiv, psevdopozisional və lazımsız ədəbi
hadisə kimi qarşılanırdı.
Əgər Avropa
ədəbiyyatının yaxın
tarixinə nəzər
salsaq, görərik ki, XX əsrin ortalarından ta səksəninci ilərə
qədər modernizm bir kulturoloji anlayış kimi bu gün işlənilən
mənada işlənilməyib,
ədəbi-tənqidi mətnlərdə
istifadə olunarkən
bu söz hazırda verdiyi mənanı verməyib.
Modern bir termin olaraq həmin dövrlərdə "nadir",
"bənzərsiz", "orijinal" mənalarını
verib. Yəni modern sözü ilə göstərilib ki, bu və
ya digər mətn indiyə qədər olanlardan fərqlidir, bənzərsiz
və orijinaldır. Sonradan bu termin
yaradıcı insanın
dünyagörüşünün, fəlsəfi konsepsiyasının
spesifikliyini də əhatə etdi.
Əgər bu
nöqteyi-nəzərdən yanaşsaq, sovet rejimi dövründə yazıb-yaradan böyük
Azərbaycan nasiri İsa Muğanna da modernist yazıçıdır.
Həmin dövrün
siyasi rejimi bu termini qəbul
etsə də, etməsə də, terminin əzəli məğzi-mənası baxımından
nəinki bu yazıçımıza, hələ
XIX əsr Azərbaycan
ədəbiyyatının zirvələri
Mirzə Fətəlli
Axundova da Mİrzə Cəlil Məmmədquluzadəyə də
bu adı (əzəli mənasında)
yaraşdıra bilərik.
Bir şeyi
də mütləq qeyd etməliyik ki, Azərbaycanda modernizmin (elə post-modernizmin də) bayraqdarı bədii ədəbiyyat hesab olunur, yəni biz modernizmdən (post-modernizmdən də) danışanda ilk növbədə ədəbiyyatı
nəzərdə tuturuq,
ancaq unutmamalıyıq
ki, bizim səhnə sənətində
də Hüseynağa
Atakişiyev və Vaqif İbrahimoğlu kimi yenilikçi, sözün əsl mənasında modernist rejissorlarımız olub.
Düşünürəm
ki, Azərbaycan ədəbiyyatında və
incəsənətində modern
meyilli yazıçıların
(qoy, gənc yazarlarımızın sevdikləri
termindən yan qaçmayaq, ara-sıra post-modernizm də deyək) ən böyük nailiyyəti sehrli dairədən, köhnə çərçivədən,
yəni təkrarçılıqdan
qaçmaq cəhdidir,
bu, bəzən uğurla başa çatır, bəzən
də cəhd olaraq qalır.
İmir MƏMMƏDLİ
525-ci qəzet.- 2023.- 10 avqust.- S.6.