"Nə
qazanmışamsa, Azərbaycana
borcluyam"
ƏMƏKDAR ARTİST YULİZANA KUXMAZOVA:
"BU ÖLKƏNİN HƏR QARIŞI MƏNİM
ÜÇÜN ƏZİZDİR"
Müsahibimiz - Əməkdar artist, sənətşünaslıq üzrə
fəlsəfə doktoru,
pedaqoq Yulizana Kuxmazova həm də bəstəkarlıq
və elmi fəaliyyətlə də
məşğuldur. Y.Kuxmazova
28 ildir, Xalq artisti, professor Gülbacı İmanovanın
rəhbərliyi ilə
fəaliyyət göstərən
Azərbaycan Dövlət
Xor Kapellasının xormeysteridir, bir sıra respublika və beynəlxalq müsabiqələrin laureatı,
bir çox beynəlxalq layihələrin
münsiflər heyətinin
üzvüdür.
Beləliklə, xormeyster, sənətşünaslıq
üzrə fəlsəfə
doktoru, Əməkdar artist Yulizana Kuxmazova ilə söhbəti təqdim edirik.
- Ömrünüzün yarısından çoxunu
musiqiyə həsr etmisiniz. Sənət sizin üçün nə deməkdir?
- Bu, çox
qarışıq bir duyğudur. Sənət mənəvi harmoniya, heyranlıq və hətta deyərdim ki, təqliddir. İncəsənət bizə
insanın daxili aləmini tanıdır, onun düşüncələrini,
hisslərini və ruh halının durumunu üzə çıxarır.
- Niyə məhz
xor sənəti?
- Uşaqlıqdan xor studiyasında oxumuşam. Bu sənətə olan böyük məhəbbəti
mənə müəllimim
Fazil Əliyev aşılayıb. O, Azərbaycanın
Əməkdar müəllimi,
S.Hacıbəyov adına
Musiqi Texnikumunun xor dirijorluğu
şöbənin müdiri
idi. Qeyd edim ki, Fazil
müəllim Azərbaycanda
ilk dəfə veteranlar xoru və yanğınsöndürənlər
xoru yaradıb. Fazil müəllim enerji dolu, parlaq
bir şəxsiyyətdir. Biz tez-tez mühüm dövlət tədbirlərində
çıxış edir
və qastrollarda
olurduq.
- Siz həm
də bəstəkarsınız,
barmaqlarınız ağ-qara
dillərə toxunanda
ruhunuz nələri hiss edir?
- Baxmayaraq ki,
xor üçün müxtəlif səpkili musiqi əsərlərinin
və işləmələrin
müəllifiyəm, amma
özümü heç
vaxt professional bəstəkar hesab etmirəm, çünki mən bəstəkar kimi təhsil almamışam. Lakin professional musiqiçi kimi aldığım təhsilin və Allahın verdiyi istedadın nəticəsidir
ki, daxilimdən gələn hiss və duyğularımı
notlara köçürməyin
öhdəsindən gələ
bilirəm. Hər hansı musiqi nümunəsindən, ifadan,
həyatdan və yaxud təbiətdən
ilhamlanaraq nota köçürdüyüm əsərləri
öz pərəstişkarlarımla
bölüşürəm. Amma yenə deyirəm, bu, mənim profesional bəstəkar olduğum anlamına gəlmir, mən
sadəcə professional
musiqiçiyəm. Sevinirəm
ki, musiqisevərlər
əsərlərimi bəyənir
və yüksək dəyər verirlər. Bu il ərzində
xor işləmələrim
Türkiyədə İznik
şəhərində 4-cü Dünya Göçebe Oyunlarında səsləndi.
Əlbəttə, bir
musiqiçi, bir xormeyster kimi mənim üçün böyük şərəfdir
ki, əsərlərim
Azərbaycanın gözəl
guşəsi Şuşada
səsləndirildi. Yaratmaq
və yaratdığı
əsərlərin insanlar,
musiqisevənlər tərəfindən
sevilməsini arzulamaq
- bir musiqiçi həyatda başqa nə istəyə bilər ki? Çox şükürlər
olsun ki, arzularım gerçəkləşib
və ümid edirəm ki, bundan sonra da
hamısı gerçəkləşər.
- Bügünkü gənc bəstəkarların
yaradıcılığı sizi qane edirmi?
- Bəli. Gənc
musiqiçilərimiz öz
üzərində çalışırlar,
nailiyyətlər əldə
etməyi bacarırlar.
Son vaxtlar gənc bəstəkarlarımızın
əsərləri təkcə
Azərbaycanda deyil, ölkəmizin hüdudlarından
kənarda da səslənir. Bizim zəngin musiqi mədəniyyətimiz daim
inkişaf edir. Gənclərimizi dəstəkləmək
lazımdır.
- Nə vaxtsa
fəaliyyətinizi dayandırmaq
istəmisinizmi? Heç
olubmu ki, deyəsiniz daha bəsdir?
- Xeyr, heç
vaxt. Əksinə, ən çətin anlarda daha çox
yazıram ki, bu da diqqətimi
o anda baş verən neqativ şeylərdən uzaqlaşdırmağa
kömək edir
- Bir dəfə
açıqlamanızda qeyd
etmişdiniz ki, bəzən insanlar özləri də bilmədən başqa bir insanın həyatında mühüm
rol oynaya bilirlər. Həyatınızda
mühim rol oynamış insanlardan kimləri deyə bilərsiniz?
- Həyatımda bir neçə nəfərin böyük
rolu olub. Mən digər çıxışlarımda onların
adlarını sadalamışam.
Lakin bu dəfə mənim həyatımda istər müəllim, istər rəhbər kimi böyük rola malik olan Xalq
artisti, Bakı Musiqi Akademiyasının professoru, Prezident təqaüdçüsü Gülbacı
xanım İmanovanın
adını çəkmək
istərdim. Gülbacı
xanımın bir müəllim kimi mənim inkişafımda böyük rolu olub. Mən Bakı Musiqi Akademiyasında onun tələbəsi olmuşam.
Artıq 30 ilə yaxındır ki, Azərbaycan Dövlət Akademik Filarmoniyasında Gülbacı xanımla çiyin-çiyinə çalışıram.
Bu illər ərzində o xanımın
dəstəyini hər
zaman hiss etmişəm. Əlbəttə
ki, müəllimimin tənqidinə də tuş olumuşam. Lakin bu tənqidi
yanaşmalar mənim hər zaman inkişafım üçün
zəmin yaradıb. Üzərimdə böyük
zəhməti olub, buna görə mən ömrümün sonuna qədər ona minnətdaram.
- Yulizana xanım,
yaradıcılıq fəaliyyətinizdə
əsasən uzun müddət ifa olunmayan, heç vaxt istifadə edilməyən motivləri
seçməyə çalışırsınız.
Onlara təzədən
nəfəs verməyi
qarşınıza məqsəd
qoymusunuz, yoxsa necə?
- Bəli, belə bir məqsədim var idi.
"Azərbaycan xalq təranələri" toplusundan
melodiyaya müraciət
etmişdim və öncə musiqiçilərin
toxunmadığı mövzunu
çoxsəsli a kapella
xor əsəri kimi işləmişdim. Mən çoxsəsli
xor a kapella əsərləri ilə başlamışam - bunlar
müxtəlif aranjimanlar
və orijinal müəllif işləri
idi. Müsabiqədə
Qran-Pri qazanmağım
mənim üçün
stimul oldu. Sonra isə mənə Nizami Gəncəvinin sözlərinə
kamera orkestri üçün romans yazmaq təklifi gəldi. Torpaqlarımız
işğaldan azad ediləndən sonra isə daha da
ilhamlanaraq xor
və orkestr üçün "Zəfər
himni"ni yazdım. Hazırda isə yeni bir əsər
üzərində işləyirəm.
- Dağıstanda doğulsanız da, Azərbaycan sizə daha doğma gəlir sanki.
- Mən Dağıstanda
doğulsam da, Azərbaycanda böyüyüb
boya-başa çatmışam
və nəyim varsa, mənə doğma olan bu ölkəyə borcluyam. Azərbaycan hər zaman çoxmillətli və tolerant dövlət olub. Qeyd etmək
istəyirəm ki, heç vaxt özümü yad ölkədə hiss etməmişəm.
Azərbaycanın hər
qarışı, hər
yeri mənim üçün əziz və doğmadır.
Havar
ŞƏFİYEVA
525-ci
qəzet.- 2023.- 12 avqust.- S.15.