Müasir Vyanaya və
Avstriyanın zəngin
tarixinə səyahət
(Əvvəli ötən şənbə sayımızda)
II İosif Monarxiyada əvvəlcə həmregent,
sonra isə kral kimi
Radikal dəyişikliklərə olan
ümid, daha çox Mariya Terezanın həmregent kimi 1765-ci ildə əri Frants Stefenin ölümü ilə əlaqədar olaraq irəli çəkdiyi oğlu II İosif üzərində
cəmləşmişdi. II İosif modern islahatlar müstəvisində tərbiyə
olunmuşdu, Maarifçiliyin
qızğın ardıcılı
idi. Onun üçün model (və
başlıca düşmən)
rolunu prussiyalı II Fridrix oynayırdı. Mərhum atasını da elə həmin il Müqəddəs Roma imperatoru
kimi də əvəz etdi.
Maarifçilik Avropada sivilizasiyaya
böyük təkan verdi. Alman filosofu İmmanuil Kant
1784-cü ildə Maarifçiliyi
"adamların öz
şəxsi səbəbinə
görə qeyri-kamillikdə
yaşaması" kimi
müəyyən etmişdi.
Əvvəlki dövrlərdə
onlar bacarıqsızlıqları
hesabına "öz
qabiliyyətlərindən başqasının
yol göstərməsi
olmadan istifadə etməkdə" maneələrlə
üzləşirdilər. Kant həm də Maarifçiliyin devizini irəli sürdü:
"Öyrənməkdə cəsarətli ol! Öz qabiliyyətindən
istifadə etməkdə
igidlik göstər!"
XVIII əsrdə Maarifçilik
öyrənməyə cəsarət
edən intellektualların
hərəkatı idi.
Onlar Elmi İnqilabın nailiyyətlərinin
böyük təsiri
altına düşmüşdülər.
Həmregent xarici siyasətə
də böyük təsir göstərirdi.
II İosifin komandası
II Fridrixlə və rusiyalı II Yekaterina ilə
ratsional Realpolitik (Realpolitik dövlətin siyasi kursunun bir növü
olmaqla, Bismark tərəfindən irəli
sürülmüş və
həyata keçirilmişdir.
Bu barədə təklifi
isə ilk dəfə
Lyudviq fon Roxau 1853-cü ildə vermişdi. Bu kursun mahiyyəti dövlət siyasətində hər cür ideologiyadan imtina etməkdir. Burada əxlaq deyil, praktiki fayda götürmək əsas rol oynayır.
Roxau bunu siyasi orqanizm kimi dövlətin təbiət qanunlarına
uyğun olaraq yaranması və mövcud olması ilə izah edirdi)
oyunu oynayırdı. Mariya Terezanın etirazına baxmayaraq, bu, "müqəddəs
olanın və ədalətin hər bir standartının" pozulması idi. Onun oğlu kanslerlə birlikdə Polşanın 1772-ci ildəki
ilk parçalanmasının zəruri olmasına anasını inandırdı.
Bu parçalanma ilə
monarxiya Qalisiya ərazisini və həm də 2,6 milyon yeni təbəə ələ keçirdi. Ümumiyyətlə, İosif
praqmatik adam idi, öz məqsədindən
geri çəkilən
deyildi.
Daxili işlərdə İosifin
nəyə rəğbət
bəslədiyi də
aydın görünürdü.
O, Maarifçiliyin və
həm də mütləqiyyətin tərəfdarı
idi. Onun katolik inancı katolitsizmin radikal islahatına əsaslanırdı,
istəyirdi ki, dövlət
dinə nəzarət
etsin. II İosif təkbaşına hakimiyyətdə
olanda isə Maarifçiliyin təsiri daha da gücləndi.
1780-ci ildə Vyana 247
min kvadratkilometr ərazisi
olan və təqribən 26 milyon əhalisi olan bir imperiyanın paytaxtı idi. Son göstərici demək olar ki, Fransanınkına bənzəyirdi. Vyananın
özünün əhalisi
200 min nəfər idi.
Praqada isə 80 min adam yaşayırdı. Paytaxt həm də regionda özünün sənaye
və iqtisadi ekspansiyasından fayda götürürdü. Vyana
təkcə Habsburq paytaxtı olmayıb, bütün Almaniyanın və Mərkəzi Avropanın Maarifçilik
ümidlərinin mərkəzinə
çevrilmişdi.
Mariya
Tereza və II İosif
saray həyatında xərclərə qənaət
edilməsinə də
çalışırdılar, lakin həm də incəsənətin
əliaçıq hamiləri
olaraq qalırdılar.
Şəhərin arxitekturası
çiçəklənməkdə davam edirdi. Şönbrunn
sarayının daxilində Rokoko üslubuna geniş yer verilmişdi, o, Barokkonun daha yüngül versiyası olduğunu sübut edirdi. Sarayın xərclərinin azaldılması
cəhdi, əlbəttə
ki, nisbi xarakter daşıyırdı.
Burada böyük filosof Volterin, fransız kralı XIV Luinin - Günəş kralın
1715-ci ildəki ölümündən
sonra onun 5 yaşlı varisi olacaq nəticəsi XV Luinin regenti təyin edilmiş Orlean hersoqu II Filippin xalqı aldatmaq üçün həyata keçirdiyi tədbirə münasibəti
yada düşür. Mərhum
kralın bədxərcliyinə
son qoymaq adı altında o, sarayın tövlələrində ov
gəzintisi üçün
saxlanılan atların
sayının iki qat azaldılması göstərişini
vermişdi. Bunu eşidən gənc Volter özünə məxsus bir sarkazmla regentin qərarına düzəliş
şəklindəki təklifini
irəli sürmşdü.
O yazmışdı: "Sarayın
tövlələrindəki atları azaltmaq əvəzinə, saraydakı
eşşəklərin sayını
o, iki dəfə ixtisar etsəydi, daha yaxşı olardı".
Vyana sarayındakı dəbdəbə
1680-ci ildən sonra Günəş Kralın Versalında hakim kəsilənlərlə
heç cür müqayisə edilə bilməzdi. Lakin sarayda xərclərə nə qədər qənaət edilsə də, dəbdəbə yoxa çıxa bilməzdi, mərasimləri ləğv
etmək mümkün
deyildi, saray istənilən şəraitdə
öz qaydalarının
toxunulmazlığını qoruyub saxlayırdı.
Azyaşlı fransız kralının
regenti olan Orlean hersoqu isə səkkiz il sonra, 1723-cü ildə 49 yaşında ölənə
qədər həyatını
eyş-işrətə sərf
etmiş, nəhayətsiz
sərxoşluqla məşğul
olduğundan kor olmuşdu. Onun qənaətcilliyinin də
saxta olduğu özünü büruzə
vermişdi. Məhz onun dövründə,
1720-ci ildə ölkədə
daha bir bədbəxtlik baş verdi, "Bank Royal" müflis oldu. Bu hadisə mənşəcə şotland
olan və Fransada yaşayan Con Lonun başçılığı
altında olan fransız şirkəti ilə yanaşı, həmçinin onun Fransa üçün
milli bankı və kağız valyutanı yaratmaq cəhdi ilə də bağlı idi. Xalq Lonun, şirkətin
nəhəng gəlirlər
gətirəcəyi vədinə
inanıb, səhmlərini
sürətlə almağa
cumanda, birjada səhmlərin qiyməti qısa müddətdə
ağıla sığmayan
bir yüksək səviyyəyə qalxdı
və "köpük"
partlayışı baş
verdi. Lonun şirkəti və bank müflis oldu, dövlətin maliyyə sistemi böhran dövrünü yaşadı,
səhmləri faydasız
kağız parçasına
çevrilən əhali
böyük maddi ziyan çəkdi.
1990-cı illərin əvvəllərində
Bakıda da Rusiyadakı
Mavrodinin maliyyə piramidası təcrübəsindən
istifadə edərək,
meydana gələn fırıldaqçı özəl
banklar əmanətlərə
yüksək faiz qoymaqla, ayda onların bir hissəsini bəzi əmanətçilərə ödəməklə,
adamları kütləvi
qaydada şirnikləndirb,
külli miqdarda pul ələ keçirdilər. Ailələrin
"qara gün" üçün topladığı
vəsaitlə yanaşı,
bu vaxt olduqca
çətin maddi vəziyyət keçirən
bəzi adamların hətta var-dövləti də əllərindən
çıxdı. Bir qrup
dələduz həmin
nəhəng məbləği
mənibsəyib, aradan
çıxmaqla qeybə
çəkildi. Aldadılan
yüz minlərlə
adam daha ağır ehtiyacla üzləşməli oldu.
Adətən ağır
maddi şərait yarandıqda, fırıldaqçıların
isə ovu kütləvi maymaqlıq hesabına daha bol olur.
Dövlət işləri ilə
regentin ölümündən
sonrakı dövrdə
XV Lui bir kral kimi özü məşğul olmalı
idi, lakin o, bunlara əhəmiyyət vermirdi, bu işlərlə
yalnız nazirlər məşğul olurdular. Vaxtını kral aramsız eyş-işrətə
sərf edirdi. O, Polşa kralı Ponyatovskinin özündən
yeddi yaş böyük olan qızına evlənmişdi.
Çox keçməmiş
onun adı çoxlu məşuqələrə
malik olmasından yaranan
intriqalarla bağlı
oldu. Kral onları oyun kartı kimi tez-tez dəyişirdi. Ən məşhur məşuqəsi isə
Madam de Pompadur idi, bu qadın krala
böyük təsir göstərməsi imkanından
istifadə edərək
ədəbiyyata, incəsənətə
hamilik edirdi və bu, yuxarı
dairələrdə onun
nüfuzunu xeyli artırmışdı.
XV Luinin hakimiyyəti dövründə Fransa ağır iqtisadi böhranla üzləşdi.
1774-cü ildə 64 yaşında
öləndə ondan
xatirə kimi hansısa bir xidməti deyil, məşuqələrinin gözə
çarpan siyahısı
qaldı, çünki
kral olaraq, o, ölkəni bərbad vəziyyətə qoymuşdu.
Avstriyada
musiqi həyatı bu dövrdə daha da irəli getdi. Kristof Qlyukun operaları italyanlarınkına
rəqib olmaqla, alman operasını təmsil edirdi. Vyana alman torpaqlarının yeni musiqi
mərkəzinə çevrilmişdi.
Jozef Haydn uşaq
xorunda oxumağa başlasa da, şəhərin
əsl musiqi ustasına çevrilmişdi.
O, Vyanaya 1790-cı ildə
köçmüşdü, burada böyük şöhrət qazanmışdı.
Hələ 1770-ci ildə
Volfqanq Amadey Motsartla qarşılıqlı
məhsuldar olan kontraktlar bağlanmışdı.
Motsart isə heç də Habsburqunku olmayan Zalsburqdan idi. O, Vyanaya 1781-ci ildə gəlmişdi, Habsburq paytaxtında müxtəlif
uğurlar qazanmaqla, öz dövrünün aparıcı bəstəkarına
çevrilmişdi. O, musiqidə
bir janrdan başqasına keçməklə
öz dahiliyini göstərdi. Motsart böyük improvizator idi, yaradıcılıq barədə qaynar enerjiyə malik idi. Milli rəqs, italyan motivləri və ya türk marşı
kimi qəbul edilən məşhur
"Rondo alla turca"
onun dühasının
rəngarəngliyini sübut
edirdi. Təəssüf ki, 1791-ci ildə çox cavan ikən, 35 yaşında öldü.
Bugünkü Vyanada addımbaşı Motsartın
xatirəsi ilə rastlaşırsan. Onun adını daşıyan
restoran daha çox müştəri
cəlb edir, qutusunun üstündə gur saçlı Motsartın şəkli olan şokolad konfetləri daha sürətlə satılır.
Vyanada çox sayda görkəmli musiqiçilər
- Bethoven, Haydn, Maler, ata-oğul
Ştrauslar yaşamışdı.
Onların hər biri bu musiqi
Məkkəsinin şöhrətini
xeyli artırmışdılar,
lakin heç biri Motsart məşhurluğuna
yiyələnə bilməmiş,
ona olan hədsiz sevgiyə sahib olmağı təkrar etməyi bacarmamışdılar.
Fridrix Şopenin, Klod Debyussinin heyranedici piano konsertləri,
noktürnləri vardır,
lakin yaradıcılığının
genişliyinə, çox
sayda musiqi janrlarında incilər yaratmasına görə onlar Motsartla müqayisədə uduzurlar.
O, həm də bir virtuoz ifaçı
idi. 1781-ci ildə dünyanın musiqi paytaxtı olan Vyanaya gəlmişdi. Motsart improvizatorluğu
hesabına, dörd notdan heyranedici musiqi parçası düzəldirdi. Bugünkü
dillə deyilsə, o,
dövrünün kral-ulduzu
idi.
İki əsr yarımdan çox bir müddət keçsə
də, onun şöhrəti azalmaq bilmir, əksinə, artır, böyüyür.
Onun adı brendə çevrildiyindən,
iş adamları istehsal etdikləri məhsullar üçün
ondan geniş istifadə edirlər. Reklamda heç kəs Motsart adını üstələyə
bilmir.
II İosifn Yəhudi siyasətinə gəldikdə,
onun məqsədi bütünlükdə yəhudilərə
xətər toxundurmamaq
idi, lakin ayrı-ayrı fərdlərə
qarşı cəza tətbiq edilə bilərdi. Katolik monastırları elə bir fayda gətirən
niyyətə xidmət
etmirdi. İosifin dövründə Avropada onların sayı 700-dən
artıq idi, Habsburq torpaqlarında olan monastırların təqribən üçdə
biri buraxılmışdı,
onların bağlanmasından
gələn pulları
saxlayan fondlar dünyəvi din xadimlərini
himayə etməyə
xərclənirdi.
İosif şahzadə İzabellaya
evlənmişdi, lakin
onların nikahını
xoşbəxtlik mənbəyi
hesab etmək olmazdı. Gəlin gözlənilmədən İosifin
bacısına vuruldu və onunla əsl eşq macərası yaşadı.
Toydan üç il sonra İzabella 21 yaşında
öldü, bu faciə ərinə olduqca ağır təsir göstərdi.
1780-ci ildə Mariya Tereza öldü, II İosif 1790-cı
ildə ölənə
qədər on il ərzində
kral oldu, o, həm də Müqəddəs Roma imperatoru
idi. O, öz nəhəng imperiyasını
dəyişdirmək istəyirdi,
çünki o, əsl
reformator idi.
İosif
cəmiyyətdə yeni "ratsional" yaxınlaşmanı
güdürdü, elə
güman edirdi ki, islahatlara uğratmaqla, monarxiyanı dəyişdirmək
olar. Transformasiyanın
həm də asan başa gələcəyini düşünürdü.
Siseronun məşhur qədim Roma dövlət xadimi Kiçik Katon barədə dediyi sözləri bütünlüklə ona
da aid etmək olar:
"Ancaq o, (Katon - müəllif) ən yaxşı niyyətləri
ilə və özünün yüksək
vicdanlılığı ilə,
bəzən dövlətə
ziyan vurur. O, elə danışır
ki, elə bil ki, Romulun əclafları arasında deyil, Platonun dövlətində
yaşayır". II İosif
də daşlaşmış
ənənələrə malik olan Avstriya Monarxiyasının
kralı olmaqla, onun arzularına heç cür uyğun gəlməyən
bir çevrədə
olduğunu unudurdu. İosif öz monarxiyasını qəbul
etdiyi irs kimi deyil, tam başqa mahiyyətə
malik olan bir dövlət kimi görmək istəyirdi. Düşmən siyasi cəbhəsindən olan və Katona başqa rakursdan yanaşan Qay Krisp isə
ona digər sərrast bir qiymət vermişdi: "Beləliklə, o, nə qədər az şöhrət axtarırsa,
şöhrət o qədər
çox onun arxasınca gedir". İosif də daim öz dövlətinin
taleyini düşünürdü,
şöhrət arxasınca
qaçmırdı, yalnız
ölümündən sonra
o, hətta sağlığında
görmədiyi şöhrət
çələngi ilə
mükafatlandı.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2023.- 12 avqust.- S.14.