Şah Təhmasib "Şahnamə"si
Azərbaycanın dövlətçilik tarixində yeni bir səhifə açmış
Şah İsmayılın
1524-cü ildə dünyasını
dəyişməsindən sonra
Səfəvi dövlətinin
Şah Təhmasib dövrü başlayır.
Həyatının son günlərində
özündən sonra
yaratdığı dövlətin
taleyinin necə olacağı Şah İsmayıla nisgilli
hisslər yaşadırdı.
Bir tərəfdən Səfəvi
dövləti ətrafında
formalaşan hərbi-siyasi
şərait, digər
tərəfdən dövlətin
daxili vəziyyəti və onun varisi
olacaq oğlu Təhmasibin kiçik yaşda olması haqlı bir narahatçılıqları ortaya
qoymaqda idi. Xüsusən, Təhmasibin
kiçik yaşda olması, lazımi dövlətçilik təcrübəsinə
malik olmaması Səfəvi
dövlətinin gələcəyinin
müəyyənləşdirilməsinə
həlledici təsir edə bilərdi. Ona görə Şah İsmayıldan sonra Şah Təhmasibin hakimiyyətə gəlişi
Səfəvi dövlətinin
tarixində həssas və maraqlı bir dövrün başlanğıcını qoydu.
Şah Təhmasib isə kiçik yaşlarında
olmasına baxmayaraq, ətrafında səfərbər
olmuş sədaqətli
türk əmir və əyanlarının
səyləri ilə dövlətin gələcəyinə
olan nigarançılıqları
aradan qaldıra və Şah İsmayıldan miras qalmış dövləti
möhkəmlən-dirərək onu inkişafının
yeni bir səviyyəsinə
yüksəldə bildi.
Başlıcası isə
Şah Təhmasib hələlik tarixə məlum olan yeganə türk hökmdarıdır ki, yarım
əsrdən çox
- 52 il ərzində hakimiyyətdə
olub. Onun hakimiyyət müddəti
haqqında İsgəndər
bəy Münşinin
"Tarix-i aləmara-yi
Abasi" əsərinə belə bir məlumat
vardır ki, Şah Təhmasib 64 il bir ay 25 gün ömür sürmüş və 53
il altı ay 26 gün
şahlıq etmişdi.
Bu tarix hicri-qəməri
təqvimi əsasında
verilib. Miladi təqvimlə isə Şah Təhmasib 62 il səkkiz ay yarım həyat sürmüş
(1514-1576) və 52 il hakimiyyət
başında olmuşdu.
Şah Təhmasib həm də bütün islam dünyasının ən
uzun müddət taxtda olan hökmdarlarından
biridir. Bu mənada onu yalnız 1036-1094-cü
illər arasında Misirdə 58 il hökmdarlıq
etmiş Fatmailər sülaləsinin xəlifəsi
Müstənsir Billah Ələvi üstələyir.
52 illik hakimiyyət sadəcə bir tarixi dövr deyil, həm də Səfəvi dövlətinin inkişafda
olan bir dövrüdür. Bu tarixi
dövr Şah İsmayıl tərəfindən
əsası qoyulan Səfəvi dövlətçiliyinin
dərin köklərə
malik olduğunu, çox
ciddi təcrübəyə
əsaslandığını və inkişafda olan bir dövlətə
çevrildiyini nümayiş
etdirdi. Şah Təhmasibin hakimiyyəti illərində Səfəvi
dövləti Şərqin
qüdrətli dövlətləri
ilə bir sırada qərar tutdu, real xarici təhdidlərdən özünü
qorudu, Avropanın ən güclü dövlətlərinin diqqətini
özünə cəlb
etdi, dövlətçiliyin
əsasları möhkəmləndi,
dövlət idarəçilik
ənənələri daha
da təkmilləşdi, dövr
üçün məqbul
sayılan idarəetmə
sistemi quruldu. Şah Təhmasib hətta dövlət idarəçiliyinin hüquqi
bazasının rəsmiləşdirilməsinə
bir cəhd göstərdi, özünün
Ayinnaməsini hazırladı
və idarəçilik
işlərində bu
Ayinnaməyə əsaslanmağı
bütün səviyyəli
hakimlər qarşısında
bir tələb kimi qoydu.
Şah Təhmasibin hakimiyyəti türkçülüyə dayaqlanan
bir hakimiyyət idi. Bu hakimiyyətin dayaqlarını türk-qızılbaş
tay-faları təşkil
edirdilər. Həmin tayfalar səltənətin
ictimai-siyasi-hərbi-mədəni həyatında aparıcı
və müəyyənedici
rola malik idilər. Şah Təhmasib də hər vasitə ilə bu dayaqların möhkəmlənməsinə və türk mühitinin güclənməsinə
çalışırdı. Dövlət idarəetmə
sisteminin bütün elementləri demək olar ki, türk tayfalarının nümayəndələrinə
həvalə edilirdi. Hətta Azərbaycandan kənarda olan vilayət hakimlərinin və onların idarəetmə aparatının
əksəriyyətini də
türk-qızılbaş tayfa-larının
nümayəndələri təşkil
edirdilər. Mahiyyəti
etibarilə bu hakimiyyət türk hakimiyyəti idi və bu mənada
Şah İsmayılın
hakimiyyəti dövründə
əsası qoyulmuş
ənənələr Şah
Təhmasibin hakimiyyəti
illərində də
davam etdi və hətta daha da sağlamlaşdırıldı.
Nəticədə türk-qızılbaş
tayfalarının nümayəndələrindən
ibarət dövlət
idarəçiliyinin yeni bir
nəsli yetişdi.
Osmanlı dövləti kimi
qüdrətli türk
dövləti ilə dinc yanaşı və asayiş daxilində yaşamağın
ən yaxşı dövrlərindən birini
də elə Şah Təhmasibin hakimiyyəti dövrü təşkil edir. Onun təşəbbüskarlığı
ilə iki dövlət arasında sülh razılaşması
əldə edildi. Şah Təhmasib həyatının sonuna kimi bu razılaşmaya
riayət etdi, bu razılaşmanın saxlanmasını hər iki tərəf üçün zəruri
saydı və Osmanlı sultanı ilə əldə edilmiş razılaşmaya
sədaqətli qaldı.
Hətta Səfəvi
dövləti üçün
əlverişli şərtlər
çərçivəsində Osmanlı dövləti üzərinə hücum
imkanı olanda da Şah Təhmasib Avropa dövlətlərinin
təhrikinə uymadı
və eyni etiqada mənsub Osmanlı dövləti ilə münasibətlərin
dəyişməsinə yol
vermədi.
Şah Təhmasibin hakimiyyət illəri həm də Azərbaycan dilinin, ədəbiyyatının
mədəniyyətinin və
incəsənətinin inkişaf
dövrüdür. Özü
yaradıcı bir insan olan Şah
Təhmasib yaradıcılıq
sahələrinin inkişafına
çox ciddi diqqət göstərdi, bu sahədə aparılan işləri lazımınca təşviq
etdi. O, Azərbaycan dilində ədəbi əsər nümunələri
yaratdı və onun Osmanlı sultanın Sultan Süleymanla
olan şeirləşməsi
günümüzə qədər
gəlib çatmışdır.
Kitabxanalara, kitabxanalar
nəzdində ədəbiyyat
və mədəniyyət
xadimlərinin toplanmasına
Şah Təhmasib yeni
meydan açdı. Onun hakimiyyəti illərində Azərbaycan
rəngkarlığı, tətbiqi
sənəti öz zirvəsinə yüksəldi.
Bunun nəticəsi kimi,
Şah Təhmasib hakimiyyəti illərində
dünya mədəniyyətinin
şah nümunələri
olan əsərlər
meydana gəldi. Şah Təhmasibin hakimiyyəti illərində
onun təşəbbüsü
ilə yaradılmış
və bəşər
mədəniyyətinin bənzərsiz
nümunələri arasında
yer almış əsərlər arasında
ulu əcdadı Şeyx
Səfiəddinin məzarı
üzərində ucaldılmış
"Allah-Allah" günbəzini, bu məqbərə kompleksi üçün hazırlanmış "Şeyx
Səfi" xalçasını,
Şərqin böyük
yazılı abidələri
olan "Şühədanamə"
və "Səfvətüs-səfa"
əsərlərinin Azərbaycan
türkcəsinə tərcümə
edilməsini göstərmək
olar.
Şah Təhmasibin hakimiyyəti illərində onun təşəbbüsü ilə
yaradılmış ölməz
sənət nümunələrindən
biri də Şah Təhmasib "Şahnamə"sidir. Bu əsər
qədim fars şairi Firdovsinin məşhur "Şahnamə"
poemasının yüksək
zövq və sənətkarlıqla tərtib
edilmiş kitab nümunəsidir.
Şah Təhmasibin göstərişi ilə
hazırlanmış bu
kitab nümunəsi bu
gün də dünya sənətkarlarını
valeh edən təkrar olunmaz bir mədəniyyət əsəridir. Həmin kitabın tərtibatında
elə bir bənzərsiz sənətkarlıq
nümunəsi ortaya qoyulub ki, dəyəri baxımından bu sənətkarlıq poemanın
ədəbi dəyəri
ilə bir sırada qərar tutmağa layiqdir. Ona görə də bu sənət nümunəsində yalnız
söz müəllifinin
deyil, bu sözün bənzərsiz
ifadə tərtibatını
yaradan Şah Təhmasibin adı da ölməzlik qazanmışdır.
Şah Təhmasib "Şahnamə"si
Təbriz rəssamlıq
məktəbinin şah
əsəridir. Bu əsərdə
mətnin gözoxşayan
bir xətlə yazılması, səhifələrin
tərtibatı, onların
haşiyələnməsi və
qızıl suyuna tutulması, yüksək sənətkarlıq səviyyəsində
miniatürlərin işlənməsi,
kitabın tərtibatı
və cildlənməsi
hamısı bir-birini
üzvü şəkildə
tamamlamışdır.
"Şahnamə" əsərinin
möhtəşəm bir
variantının hazırlanması
ideyası Şah İsmayıla məxsus idi. O, Səfəvi dövlətini bərqərar
edəndən sonra belə bir kitabın
yaradılması barədə
göstəriş verdi.
O, elə bir "Şahnamə" kitabı
tərtib edilməsini
istəyirdi ki, həmin
vaxta qədər mövcud olan "Şahnamə" kitablarından
daha əzəmətli
olsun. Yeganə nüsxədə
hazırlanacaq bu kitabı Şah İsmayıl öz oğlu Şah Təhmasibə ərməğan
etmək istəyirdi.
Bu məqsədlə də
1522-ci ildə belə
bir kitabın yaradılması haqqında
göstəriş verildi.
Lakin bu işin sonunu görmək Şah İsmayıla qismət olmadı. Onun vəfatından sonra Şah Təhmasib bu ideyanın icrasını davam etdirdi və
atasının arzusunda
olduğu kitabın hazırlanmasını öz
qayğısı altına
götürdü. Sultan Məhəmməd,
Ağa Mirək, Mir Müsəvvir, Sultan Məhəmmədin
oğlu Mirzə Əli, Qədimi, Qasım Əli, Mir Müsəvvirin olğu Mirzə Seyid Əli, Əbdülsəməd,
Əbdüləli, Əbdülvahab,
Başdənqərə, Mirzə
Məhəmməd, Müzəffər
Əli, Dust Mə-həmməd
və Şeyx Məhəmməd kimi dövrün tanınmış
rəssam-nəqqaşları bu kitabın hazırlanmasına cəlb
edildilər.
Şah Təhmasib "Şahnaməsi"nin
yaradılması üzərində
iş 20 il davam etmişdi. Bu müddət
ərzində həm kitabın üzü köçürülmüş, həm də ona illüstrasiyalar çəkilmişdi. Şah
Təhmasib "Şahnamə"si
758 səhifədən ibarətdir.
Kitabın içərisində
258 minüatür vardır.
Mətn nəstəliq
xətti ilə yazılmışdır. Kitaba
illüstrasiyalar çəkilməsi
əsasən, Təbriz
rəssamlıq məktəbinin
nümayəndəsi Sultan Məhəmmədin
rəhbərliyi altında
aparılmışdı. Kitabın
16-cı səhifəsində onun Şah Təhmasib
kitabxanasına mənsubluğu
haqqında yazı həkk olunmuşdur. Həmin yazıda deyilir: "Kitabxana-ye
sultan ül-əzim və
xaqan ...əl-Müzəffər
Sultan Şah Təhmasib
əl-Hüseyni əl-Səfəvi
Bahadur şa".
"Şahnamə" qəhrəmanlarının
türkləşdirilməsi, "Şahnamə"yə türk
ahənginin hopdurulması
Şah Təhmasib
"Şahnamə"sinin başlıca xarakterik cəhətidir. Yəni Şah Təhmasib sadəcə olaraq "Şahnamə"nin yeni bir
nüsxəsini ortaya qoymadı. Onu həm də türk həyatı ilə bağladı.
"Şahnamə" poemasının
fars qəhrəmanları
əyani təsvirlərdə
türkləşdirildi və
bununla bir növ "Şahnamə"
poemasında turançılığıa
qarşı özünü
göstərən qısqanc
münasibətə Şah
Təhmasib tərəfindən
türk mənsubiyyətindən
doğan yeni bir baxış ortaya qoyuldu.
Bu sənət nümunəsində
çox az minüatür tapmaq mümkün olar ki, həmin minüatürün
qəhrəmanlarında türk-qızılbaş
libasında olmasın.
Məşhur rəssam
Sultan Məhəmməd qızılbaş
etnoqrafiyasının təsvirə
çevrilməsinin ustalarından
biri idi və bunu Şah
Təhmasib "Şahnamə"sinin
miniatürlərində də
görmək mümkündür.
Qızılbaş papaqlarının
istifadə edilməsi
qızılbaş tayfalarının
göstərici əlaməti
idi və Şahnamə qəhrəmanlarına
da bu papaqların geydirilməsi onların həm türkləşdirilməsi
görüntüsü olmaqla,
həm də təsvir olunan hadisələrin etnoqrafik mahiyyətinə bir türklük gətirildi.
Şahnamə miniatürlərində müxtəlif ictimai təbəqələrin nümayəndələrini
qızılbaş papağında
və geyimində görmək mümkündür.
Yəni bu miniatürlərdə təsvir
olunanların böyük
əksəriyyəti ictimai
mövqeyindən asılı
olmayaraq qızılbaş
türklərdir. Onların
arasında yüksək
vəzifəli saray mənsublarını da görmək
mümkündür, türk
döyüşçülərinə də, türk xidmətçilərinə də,
qızılbaş mühafizəçilərinə
də. Bunların hər birini onların geyiminə, təsvir edildiyi məkana görə fərqləndirmək mümkündür.
Şah Təhmasib "Şahnamə"sindəki
miniatürlərdə döyüş
səhnələri çoxdur
və həmin səhnələrin döyüşçüləri
çoxu da türk-qızılbaş
döyüşçüləri kimi təsvir olunmuşlar. Bu səhnələrdə
sanki rəssamlar qızılbaş döyüşçülərinin
qəhrəmanlığını əbədiləşdirməyə çalışmışlar. Bir çox minüatürlərdə
qızılbaş qoşunlarının
taktikasının müəyyən
elementlərini də görmək mümkündür.
Qızılbaş döyüşçülərinin
tək döyüşü,
kütləvi döyüşü,
ayrı-ayrı döyüşçülərin
irəli çıxarılması,
döyüşlər zamanı
musiqidən istifadə
olunması və sair kimi səhnələr
miniatürlərdə əks
olunmuşdur. Ayrı-ayrı
döyüş səhnələrində
döyüş bayraqları
da öz əksini tapmışdır. Həmin
bayraqlar üzərində
"Quran" ayələrini də asanlıqla oxumaq mümkündür.
Bu bayraqlardan bəzilərində
"Nəsri min Allah və
fəthi qərib"
ayəsi həkk olunmuşdur. Həmin ayə Səf surəsinin 13-cü ayəsidir
və qızılbaş
qoşunlarının döyüş
bayraqları üzərində
bu ayənin yazılışına tez-tez
rast gəlmək mümkündür. Bu mənada
Şah Təhmasib
"Şahnamə"sindəki döyüş səhnələri
Səfəvi qoşunlarının
taktikasının öyrənilməsi
üçün də
dəyərli bir mənbə olmaqdadır.
Bütünlükdə, bu miniatürlərdə qızılbaşların
Səfəvi dövlətinin
həyatında aparıcı
rola malik olmaları təsvir edilmişdir. Şah Təhmasib "Şahnamə"sinin tədqiqatçıları
da qeyd edirlər ki, bu minüatürlərdə
Səfəvi dövlətinin
ilk dövlərində qızılbaş
tayfalarının səltənət
həyatındakı üstün
fəal rola malik olması öz ifadəsini tapmışdır.
Şah Təhmasib "Şahnamə"sinin
üzərində 20 il iş
aparılmışdı və
onun tamamlanması təxminən 1542-43-cü illərə
təsadüf edir.
Lakin hər bir saray kitabxanasının bəzəyi sayıla biləcək bu nadir sənət əsərinin
qəribə taleyi olmuşdu. Elə Şah Təhmasibin hakimiyyəti illərində
bu kitab Osmanlı sarayının mülkiyyətinə
çevrildi. Nə üçün bu kitabın Osmanlı sarayında peyda olması haqqında dəqiq məlumat söylənmək çətindir.
Lakin mütəxəssislər belə güman edirlər ki, həmin əsər 1566-cı ildə
II Sultan Səlimin taxta
çıxması münasibətilə
Şah Təhmasibin ona göndərdiyi hədiyyələrin içində
olmuşdu. Doğrudan
da məlumdur ki, II Sultan Səlim
Osmanlı taxt-tacına
çıxanda Şah
Təhmasib ona həm çox uzun bir təbrik
məktubu, həm də çoxlu sayda qiymətli hədiyyələr göndərmişdi.
Həmin hədiyyələrin
içərisində Firdovsinin
"Şahnamə" əsərinin
olması haqqında mənbələrdə məlumat
qalmışdır. Güman
edilir ki, həmin
"Şahnamə" məhz
Şah Təhmasib
"Şahnamə"si idi
və Səfəvi şahı iki dövlət arasında xoş münasibətlərin
yaradılması xatirinə
belə bir qiymətli əsəri Osmanlı sarayına hədiyyə etmişdi.
1800-cü ilə qədər
bu əsə-rin Topqapı sarayında qaldığı məlumdur.
1903-cü ildə isə
bu əsərin artıq Parisdə, Moris de Rotşildin şəxsi kolleksiyasında
olduğu aşkarlanmışdır.
1959-cu ildə həmin
əsər amerikalı
kollek-siyaçı Artur Hayftonun
əlinə keçdi
və əsər Amerikaya aparıldı.
"Şah Təhmasib
Şahnaməsi" Amerikaya
aparılandan bir müddət sonra onun sökülməsinə
və vərəqlərin
ayrı-ayrılıqda satılmasına
başlandı. Artur Hayftonun
əvvəlcə bu əsərin 28 (bəzi məlumata görə isə 78) miniatürünü
Nyu-Yorkun Metropoliten muzeyinə bağışladı.
Muzey isə bir müddətdən sonra həmin miniatürləri şəxsi
kolleksiyaçılara satdı.
Qalan miniatürlər
isə sonradan hərraca çıxarıldı.
Bir neçə dəfə
Şah Təhmasib
"Şahnamə"sinin miniatürlərinin hərracı
olmuşdu. Hər hərracda da satışa
çıxarılan əsərlər
qısa müddət ərzində, özü də çox böyük qiymətə
satılmışdı. Məsələn,
məlumdur ki, 1970-ci ildə
keçirilən ilk hərracda
qısa zaman ərzində
"Firudinin Zöhhakı
öldürməsi" miniatürü
634500 dollara, "Keykavusun
Rüstəmə qulaq
asması" əsəri
793500 dollara, "Mənuçehr
sarayda" əsəri
isə 353500 dollara satılmışdı.
1988-ci il oktyabr ayının 11-də
Kristi hərracında Şah
Təhmasib "Şahnamə"si
miniatürlərinin növbəti
satışı keçirilmişdi.
Həmin gün satışa 14 miniatür
çıxarılmışdı və onların qiyməti 40000-250000 dollar arasında dəyişirdi.
1991-ci ildə 258 miniatürdən
cəmi 120-si qalmışdı.
Onların da satışı
planlaşdırılırdı. Nəzərdə tutulmuşdu
ki, onların hamısı
bir yerdə satılsın və bu əsərlər üçün 80 milyon
dollar qiymət müəyyən
edilmişdi. Bu miniatürlər
İran dövləti tərəfindən
alındı. Aparılan
müzakirələrdən sonra satışa çıxarılan miniatürlərin
qiymətini 20 milyon dollara endirmək mümkün oldu. Qarşılıqlı şəkildə
razılığa gəlindi
ki, həmin miniatürlər
Tehranın müasir incəsənət muzeyində
saxlanılan Villem de Kuninqin rəsm əsərləri ilə dəyişdirilsin. Bir məlumata
görə isə bu dəyişdirilmə zamanı 118 miniatür İrana gətirildi. Şah Təhmasib "Şahnamə"si miniatürlərinin
hələlik məlum
olan sonuncu hərracı 2011-ci il aprel
ayının 11-də keçirilmişdir.
Həmin tarixdə şəxsi kolleksiyada saxlanılan "Firudin öz övladlarını
sınayır" miniatürü
7,4 milyon funt-sterlinqə
satılmışdı.
Firdovsinin "Şahnamə" poemasının bədii dəyərini şübhə altına almadan qeyd etmək lazımdır ki, dünya hərraclarında belə yüksək qiymətə layiq görülən Şah Təhmasib "Şahnamə"sinin ayrı-ayrı səhifələri Təbriz rəssamlıq məktəbinin görkəmli nümayəndələri tərəfindən türk həyatını tərənnüm edən əsərlər idi. Nadir sənət nümunələri sayılan həmin əsərlərin meydana gəlməsi isə Şah Təhmasibin Azərbaycan-türk mədəniyyətinin tarixinə bəxş etdiyi bənzərsiz bir töhfədir.
Mehman SÜLEYMANOV
Tarix elmləri doktoru
525-ci qəzet.- 2023.- 12 avqust.- S.13;16.