Ədəbiyyat xadimi
Bu gün
- 2023-cü ilin avqust ayının 12-də Azərbaycanın
tanınmış ziyalılarından
İntiqam Qasımzadənin
nə az, nə çox, düz səksən yaşı tamam olur. İntiqam müəllimin tərcümeyi-halının
(və ümumən taleyinin!) ən əlamətdar cəhətlərindən
birincisi, görünür,
gözəl Qarabağda
- Şuşada dünyaya
gəlməsidir. Atası
Böyükağa Qasımzadə
qırx ildən bir qədər artıq yaşasa da, oğlu İntiqamın
həmişə fəxr
edə biləcəyi
çox zəngin bir mənəvi irs qoyub getmişdir.
Və bu irs yalnız bədii yaradıcılıqdan
- şairlikdən, tərcüməçilikdən,
publisistikdan ibarət deyil, Böyükağa Qasımzadə II Dünya
müharibəsi illərində
hərbçi- komandir,
siyasi rəhbər olmuş, xüsusi təyinatla İrana (Cənubi Azərbaycana) göndərilmiş, qayıtdıqdan
sonra Yazıçılar
İttifaqının mətbuat
orqanlarında - "Ədəbiyyat
və incəsənət"
qəzetində, "Azərbaycan"
jurnalında çalışmışdır.
Əlbəttə, o, daha
çox (və daha dəyərli) əsərlər yazıb-yarada
bilərdi, bunun üçün kifayət
qədər böyük
istedadı da vardı, ancaq taleyin heç bir qanun-qaydaya sığmayan hökmləri
var...
İntiqam Qasımzadə
sovet dövrü Azərbaycan ziyalısının
səciyyəvi həyat
yolunu keçmişdir.
Orta məktəbi bitirib ADU-nun filologiya fakültəsində
təhsil almış,
sonra EA-nın ədəbiyyat nəzəriyyəsi
ixtisası üzrə
aspiranturasına daxil olmuşdur. Ədəbi-tənqidi
yaradıcılıq fəaliyyətinə
də həmin illərdən başlamış,
yeniyetməliyindən ona
ailə qədər
yaxından tanış
ədəbi mühitdə
özünün sıravi
bir şəxs olmadığını tezliklə
təsdiq eləmişdir.
Azərbaycanın 60-cı,
70-ci, 80-ci illər ədəbi-ictimai
prosesində biri digəri ilə gah ziddiyyət təşkil edən, gah da dialoqa
gələn iki təmayül özünü
çox qabarıq göstərirdi:
ədəbiyyatşünasların çoxu ya akademiyada, ya da ali məktəblərdə
çalışır, yavaş-yavaş
ədəbi tənqiddən ədəbiyyat
tarixinə və ya nəzəriyyəsinə
keçirdilər, bəziləri
isə aspiranturanı
bitirəndən, yaxud
namizədlik dissertasiyası
müdafiə edəndən
dərhal sonra ədəbi orqanlarda işləməyə, canlı
ədəbi proseslərin
mərkəzində olmağa
can atırdılar. Və birincilərdən fərqli olaraq ikincilər özlərini
ədəbiyyatın taleyi
üçün bilavasitə
cavabdeh saymaqdan çəkinmir, ədəbi
döyüşlərin bu
və ya digər dərəcədə
"cəngavərlər"inə çevrilirdilər.
"Azərbaycanfilm" kinostudiyasında bir neçə il çalışdıqdan (qeyd
edək ki, həmin kinostudiya bir sıra görkəmli
Azərbaycan yazıçılarının
böyük ədəbiyyata
və incəsənətə
gəlişini hazırlamışdı)
sonra İntiqam Qasımzadə taleyini mötəbər "Azərbaycan"
jurnalı ilə bağladı. Və
1976-cı ildən həmin
jurnalda ədəbi işçi, tənqid şöbəsinin müdiri,
məsul katib, baş redaktorun müavini, 1997-ci ildən isə baş redaktor vəzifələrini
məsuliyyətlə, istedadla,
peşəkarlıqla yerinə
yetirir. "Azərbaycan"
jurnalının yüz
illik tarixində İntiqam müəllimin xidmətləri, yəqin ki, yalnız kəmiyyətcə deyil, Böyük Ədəbiyyata
xidmətin keyfiyyət
göstəricilərinə görə də müstəsnadır ki, burada onun Şəxsiyyəti,
xüsusilə ünsiyyətcilliyi
və prinsipiallığı,
şübhəsiz, öndə
gəlir... Mən dəfələrlə şahidi
olmuşam ki, "Azərbaycan"ın baş
redaktoru bəyəndiyi
əsəri hələ çapa
getməmiş o qədər
fəxrlə təhlil
edib dəyərləndirir,
elə bil öz əsəridir. Yüksək zövqü olsa da, bu
zövqü başqalarının
"zövqsüzlüyü"nü sübuta sərf edənlərdən fərqli
olaraq İntiqam Qasımzadənin baş redaktor olaraq ədəbi tələbləri
ona yönəlir ki, hər hansı
yaradıcılıq aktını
(enerjisini!) vaxtında
görüb qiymətləndirsin,
bütün miqyası
(və təfərrüatı!)
ilə xalqın mənəvi dəyərinə
çevirsin.
Həm Şəxsiyyət,
həm də Ədəbiyyat Xadimi olaraq İntiqam müəllimin daxili zənginliyinin ən mühüm göstəricilərindən
biri onun son dərəcə zəngin hadisə, portret, detallarla dolu yaddaşıdır. Və bu möhkəm
və sağlam yaddaş ona görə bu qədər zədələnməmişdir
ki, sahibi öz gənclik səmimiyyətini heç
vaxt heç nəyə güzəştə
getməmişdir. Təbiətən
zərif, həssas, ruhən incə olan İntiqam Qasımzadənin xarakterində,
mahiyyətində elə
prinsipial, hətta demək olar sərt təzahürlər
gizlənir ki, məqamı düşəndə
öz mövqeyindən
bir addım belə geri çəkiləcəyinə ümid
eləmək mümkün
deyil. Bu isə "Azərbaycan"
jurnalı kimi "ağırçəkili" bir
ədəbi orqanın
baş redaktoru "post"unda dayanan şəxs üçün
çox gərəklidir.
Üstündən çox illər keçsə də, Aleksandr Qriçlə Azərbaycan televiziyasında
rus dilində apardıqları "Bayatı"
verilişinin təəssüratları
cəmiyyətimizin, xüsusilə
ədəbiyyat adamlarının
xatirindən silinməmişdir.
Və bu koloritli olduğu qədər də intellektual veriliş bizim ədəbi- mədəni fikir tariximizdə əbədi olaraq qaldı.
İş elə gətirdi ki, son illər mən İntiqam müəllimlə çox müxtəlif məclislərdə tez-tez görüşməli, sıx yaradıcılıq əməkdaşlığı eləməli oldum. Mir Cəlal hekayə müsabiqəsinin münsiflər heyətində birgə çalışdıq, Yazıçılar Birliyinin tədbirlərində iştirak etdik, yubileylərdə görüşdük... Və onun dünyaya gəldiyi Şuşa şəhərində ? Cıdır düzündə Vaqif Poeziya Günlərinin "başmaq seyri"nə çıxıb Zəfərimizi qeyd elədik. İntiqam müəllimlə yoldaşlığın, dostluğun ləzzəti başqadı - hər yerdə və hər yaşda...
Nizami
CƏFƏROV
525-ci qəzet.- 2023.- 12 avqust.- S.9.