"Vyetnamda
Azərbaycanın dəstəyini
unutmurlar"
SƏFİR ŞÖVQİ MEHDİZADƏ:
"MƏSAFƏ NƏ QƏDƏR UZAQ OLSA DA,
ÖLKƏLƏRİMİZ ARASINDA QƏLBƏN BİR O
QƏDƏR YAXINLIQ VAR"
Azərbaycanın
Vyetnam Sosialist Respublikasındakı fövqəladə və
səlahiyyətli səfiri Şövqi Mehdizadənin
"525-ci qəzet"ə müsahibəsi
- Cənab
səfir, Azərbaycanla Vyetnam arasında hələ sovetlər
dönəmində sıx dostluq münasibətləri olub. Bundan çıxış
edərək, hazırda
iki ölkənin əlaqələri necə
inkişaf edir?
- Azərbaycan-Vyetnam münasibətləri
özünəməxsusluğu, tarixi kökləri ilə fərqlənir. Münasibətlərimizin əsası
iki xalqın liderləri tərəfindən
qoyulub. 1959-cu ildə Vyetnam Prezidenti Ho Şi Min Azərbaycanda səfərdə olub. Azərbaycanın Ümummilli
lideri Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrdə, eləcə
də keçmiş
SSRİ hökumətində rəhbər vəzifədə
çalışarkən Vyetnamla
münasibətlərin güclənməsinə,
dostluq əlaqələrinin
möhkəmlənməsinə xüsusi töhfələr
verib, ikitərəfli
tarixi münasibətlərin
əsasını qoyub.
Bu il Ulu öndərin anadan
olmasının 100-cü ildönümüdür.
Bu önəmli tarix Vyetnamda da xüsusi təmtəraqla qeyd edilir. Vyetnam dövlətinin rəsmilərinin,
səfirliyin əməkdaşlarının,
Bakıdan gələn
yüksək səviyyəli
rəsmi nümayəndə
heyətinin iştirakı
ilə keçirilən
tədbirlərdə Ulu öndər
ən xoş xatirələrlə yad edildi.
Eyni zamanda, arxiv materialları, videogörüntülər nümayiş
etdirildi. AMEA-nın Tarix institutu tərəfindən arxiv sənədləri əsasında
hazırlanan kitab da bir
daha onu göstərdi ki, Heydər
Əliyev Vyetnamla əlaqələrin gücləndirilməsinə
xüsusi önəm və dəstək verib, tarixi bir
missiya həyata keçirib. Doğrudan da arxiv videolarına baxanda görürük
ki, keçmiş SSRİ-nin
digər rəhbərlərindən
fərqli olaraq, Heydər Əliyevin uzunmüddətli səfəri
təkcə formal görüşlərdən
ibarət olmayıb,
Ulu öndər bölgələrə
də səfərlər
edib, yerli insanlarla söhbətlər
aparıb, özünün
şəxsi təşəbbüsü
ilə Vunqtau şəhərinə səfər
edib, orda işləyən azərbaycanlı mütəxəsisslərlə
görüşüb. Bütün
bunlar Ulu öndərin
Vyetnamla əlaqələrə
necə əhəmiyyət
verdiyinin göstəricisi
idi. Belə bir fundament əsasında bu gün münasibətlərimiz
inkişaf edir. Prezident İlham Əliyev də Vyetnamla əlaqələrə xüsusi
əhəmiyyət verir.
2014-cü ildə dövlət
başçısının Vyetnama ilk səfəri siyasi münasibətlərimizi
yüksək səviyyəyə
qaldırdı. Təsadüfi
deyil ki, bir il sonra Vyetnam Prezidenti
Azərbaycana səfər
etdi. Bu qarşılıqlı
səfərlər bugünkü
münasibətlərimizin siyasi
səviyyəsini müəyyən
edib.
Hazırda bir çox sahələr üzrə münasibətlərimiz inkişaf
etməkdədir. Neft-qaz
sahəsi, mədəniyyət,
humanitar, iqtisadi, turizm, kulinariya və bir sıra
digər sahələri
qeyd etmək olar. Ötən il əvvəlki ilə nisbətən ticarət dövriyyəsi bir neçə dəfə artıb. Düzdür, bu, əsasən neft ixracının hesabına olub, amma bu da mühüm
bir göstəricidir.
Biz hazırda neft-qaz sahəsində olan əməkdaşlığın başqa sahələri, xüsusilə nəqliyyat,
turizm, iqtisadiyyatın
digər sektorlarını
əhatə etməsinə
çalışırıq. Yaxın zamanlarda bununla bağlı yeni inkişaflar olacaq.
- Vaxtilə Azərbaycanda təhsil alan vyetnamlılar da iki xalqın dostluq münasibətlərinə öz
töhfələrini verirlər.
Bu gün ölkədəki
yeni nəsil Azərbaycan
barədə nə dərəcədə məlumatlıdır?
- Düzgün qeyd etdiniz, zamanında təxminən 5 min vyetnamlı
tələbə Azərbaycanda
təhsil alıb. Bu, böyük rəqəmdir.
Hazırda öz ölkələrində müxtəlif
vəzifələrdə çalışan
həmin şəxslər
hər zaman bildirirlər
ki, Azərbaycan ikinci vətənimizdir. Biz Vyetnamda
Azərbaycanda təhsil
almış insanlarla birgə Novruz bayramını qeyd edirik. Çalışırıq
ki, gənclərlə daha
çox işləyək,
onları layihələrimizə
cəlb edək. Məsələn, artıq
Vyetnam hökuməti tərəfindən yaradılmış
Azərbaycan Vyetnam Dostluğu Cəmiyyətinə
gənclər də qoşulub. Gənclər həmin cəmiyyətdə
Azərbaycanla dostluğun
güclənməsinə yönəlmiş
ictimai fəaliyyətlə
məşğul olmaq
istəyirlər. Təhsil
əlbəttə ki, burda
xüsusi rol oynayacaq. Artıq ADA Universitetində ilk vyetnamlı
gənclər təhsil
almağa başlayıblar.
Məqsədimiz təhsil
sahəsindəki təcrübəni
daha da gücləndirməkdir.
Bu, eyni zamanda ikitərəfli münasibətlərin
möhkəmlənməsinə öz töhfəsini verəcək.
- Azərbaycanlılar Vyetnamda
təhsil alırlar?
- Xeyr, hələ ki, Vyetnamda təhsil alan azərbaycanlılar yoxdur. Lakin biz bununla bağlı təkliflərimizi
hazırlamışıq. Vyetnamın
çox yüksək
reytinqlərə malik ali
təhsil ocaqları
var. Təklif etmişik
ki, gənclərimiz orda
təhsil almağa başlasınlar. Əfsuslar
olsun ki, bu gün Azərbaycan-Vyetnam dili mütəxəssisi yoxdur. Tərcümələr
ya ingilis, ya rus dili
üzərindən edilir.
Bununla bağlı da təkliflər irəli sürmüşük. Universitetlər
arasında əməkdaşlıq,
qarşılıqlı olaraq
Azərbaycan və Vyetnam mərkəzlərinin
yaradılması istiqamətində
təşəbbüslər var. Əlaqələrin inkişafında
ədəbiyyat da böyük
rol oynaya bilər. Keçən ay Vyetnam Yazıçılar
İttifaqında görüşümüz
oldu. Onlara Azərbaycan Yazıçılar
Birliyi ilə əməkdaşlıq təklif
olunanda, çox sevindilər. Bizim tariximizi, kökümüzü,
inkişaf mərhələlərimizi
əks etdirən ən dəyərli kitabların Vyetnam dilinə tərcüməsi
razılaşdırlıb. Bununla bağlı Yazıçılar Birliyinin
katibi Çingiz Abdullayevlə görüşümüz
olub. Vyetnam ədəbiyyatının nümunələrinin
də Azərbaycan dilinə tərcümə
olunmasında maraq var.
İlkin olaraq, bir neçə kitabın tərcüməsi
təklif edilib. Onların arasında Xalq yazıçısı
Anarın "Dədə-Qorqud"
əsəri də var.
Bu, Azərbaycanın etnogenizini
göstərən bir
əsərdir və vyetnamlılar özləri
bu əsərə maraq göstərirlər.
"Əli və
Nino" artıq tərcümə
olunub. Digər əsərlərin tərcüməsi
də nəzərdə
tutulub.
- Siz ticarət dövriyyəsində artımı
vurğuladınız. Amma iki
ölkənin ticari-iqtisadi,
həmçinin investisiya
sahəsində əlaqələri
arzuolunan səviyyədə
deyil. Bu istiqamətdə
inkişafa nail olmaq üçün hansı planlar var
- Əlbəttə, əldə
olunan bugünkü nailiyyətlərin üzərində
dayanmaq olmaz. Bu proseslər davam etdirilməlidir. Prioritet sahələrdən biri kimi turizmi vurğulamaq
istərdim. Bu günlərdə
Bakıda "Vyetnam günü" keçirildi.
Bu ökənin aparıcı
turizm şirkətinin
rəhbəri, Kulinariya
Federasiyasının prezidenti
Azərbaycanda səfərdə
oldu. Vyetnamda Azərbaycan mətbəxinə,
turizminə çox böyük maraq var. Bu il Vyetnamdan 5-6 turist qrupu Azərbaycana səfər edib. Bu qruplar əsasən vaxtilə Bakıda təhsil almış şəxslər, onların
ailə üzvləri,
yaxın qohumlarından
ibarət olub. Azərbaycana səfər etmək istəyi güclüdür. Onlar təhsil aldıqları universitetlərə, qaldıqları
yataqxanalara baxmaq istəyirlər. Səfərdən
sonra isə bildirdilər ki, Bakı çox müasir, çox təmiz bir şəhərdir. Eyni zamanda Azərbaycanın
mətbəxini çox
sevirlər və onu dünyanın ən gözəl mətbəxlərindən biri
hesab edirlər. Çox istəyirlər ki,
bizim mətbəximiz Veytnamda təmsil olunsun. Ona görə biz kulinariya mərkəzləri
arasında görüş
təşkil etdik. Kulinariya günlərinin keçirilməsi gözlənilir.
Çalışacağıq ki, iş adamlarını əməkdaşlığa həvəsləndirək,
milli mətbəxlərimizin təqdim olunduğu restoranlar açılsın.
Bizim dolma, plov, Azərbaycana məxus kabab
növlərini, milli mətbəximizin
digər təamlarını
tanısınlar. Vyetnamlılar
tədbirlərimiz zamanı
mətbəximizlə tanış
olublar və çox bəyəniblər.
Turizm səfərləri
intensivləşsə, bu,
biznes sahəsində də əlaqələrin
artmasına təsir göstərəcək. Bu gün
Azərbaycanın bir sıra iri istehsalçıları
Vyetnama mal ixrac etməkdə maraqlıdırlar.
Onlara dəstəyimizi
veririk. Ümid edirik ki, yaxın zamanda bu cür
layihələr həyata
keçiriləcəkdir. Və
əlbəttə ki, birbaşa
reyslərin açılmasına
çalışırıq. Birbaşa reyslərin açılmasında hazırda
əsas problem ondan ibarətdir ki, COVİD-dən
sonra aviaşirkətlər
hələ də pandemiyadan əvvəl olan öhdəliklərini
bərpa edirlər. Bərpa prosesi getdikcə, yeni xətlər
də açıla biləcək. Vyetnam tərəfi çalışır
ki, bu proses tez başa çatsın. Tələbat böyükdür,
təkcə Azərbaycandan
yox, bütün Şərqi Avropa ölkələrində Vyetnamın
nüfuzlu bir diasporası var. Onların
tələbatı var, MDB ölkələrindən
turist axını var.
Onların hamısının
tranzit olaraq Azərbaycandan keçməsi
mümkün ola bilər.
Bu istiqamətdə danışıqlar
gedir və yaxın zamanda bununla bağlı da yenilik olacağına ümidvarıq.
- Viza rejiminin aradan qaldırılması
gözlənilir?
- Viza rejimi mövcuddur,
amma bu, daha çox formal xarakter daşıyır. 3-5
gün ərzində onlayn qaydada viza verilir. Vyetnamda
bizim vətəndaşlar
üçün viza rejiminin ləğvi gündəlikdədir. Əgər
formaldırsa, 3-5 gün
gözləməyin də
mənası yoxdur. Həm də təcrübə göstərir
ki, nə azərbaycanlılar Vyetnama
səfər etdikdə
hansısa xoşagəlməz
hərəkətlərə yol verir, nə
də onlar tərəfindən belə
hallar qeydə alınıb. Vyetnam vətəndaşları, xüsusən
gəncləri hazırda
dünyanın bir çox ölkələrinə
intensiv səfərlər
edirlər, onlar əksinə, gəlirlər
öyrənirlər, dostluq
əlaqələri qururlar,
hansısa birgə layihələr həyata keçirirlər. Ona görə biz təklif etmişik ki, həvəsləndirici
addım kimi vizalar aradan qaldırılsın.
- Daha geniş
əməkdaşlıq, inkişaf
üçün diplomatik
korpusun olması da vacibdir. Vyetnamın
Azərbaycanda səfirlik
açmaq planı var?
- Vyetnam səfiri
bu il fevral
ayında etimadnaməsini
Azərbaycan Prezidentinə
təqdim etdi. Səfirliyin iqamətgahı
Moskvada yerləşir.
Əlbəttə ki, Bakıda təmsilçilik
olarsa, daha çox kommunikasiyalar yarana, əməkdaşlıq
imkanları müzakirə
oluna bilər. Ümid edirik ki, yaxın zamanlarda artıq Vyetnamın Bakıda səfirliyi olacaq. Bu, ikitərəfli münasibətlərin daha
da güclənməsinə
öz töhfəsini
mütləq verəcəkdir.
- Neft-qaz sahəsi
ilə bağlı qeyd etdiniz, ümumiyyətlə
bu istiqamətdə əməkdaşlıq imkanlarını
necə dəyərləndirirsiniz?
- Bir daha
vurğulayım ki, bu sahədə əməkdaşlığın əsası xalqlarımızın
liderləri tərəfindən
qoyulub. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə onun tapşırığı ilə
bir çox mütəxəssislərimiz yeni
yaranmış Vyetnam sovet neft şirkətinin
fəaliyyətini inkişaf
etdiriblər. İlk olaraq bizim mütəxəssislər
orda iştirak edib. Vyetnamın neft-qaz sahəsini inkişaf etdirən əsas şirkətin ilk rəhbəri də azərbaycanlı - Cəlal Məmmədov olub. Neft Akademiyasında
təxminən min nəfər vyetnamlı mütəxəssis təhsil
alıb, hansı ki, bu gün
müxtəlif səviyyələrdə
vacib vəzifələr
tuturlar. Bu potensial ölkələrimizi
daha da yaxınlaşdırıb.
Bu sahədə olan əməkdaşlıq
həm Azərbaycanın
Vyetnama neft ixracında özünü
göstərir, eləcə
də birgə layihələrin müzakirə
olunması hazırda gündəlikdədir. May
ayında "Petrovietnam"
şirkətinin vitse-prezidentinin
rəhbərlik etdiyi nümayəndə heyəti
Azərbaycanda səfərdə
oldu və bir sıra yüksək
səviyyəli görüşlər
keçirildi, yeni layihələr müzakirə
olundu. Ümid edirik ki, yaxın
vaxtlarda o layihələr
barədə eşidəcəyik.
- Hazırda Azərbaycandan
hansı məhsullar Vyetnama ixrac olunur?
- Bəzi qida
məhsullarını Vyetnam
marketlərində görmək
olur. Məsələn,
şokolad, nar şirələri, çay.
Eyni zamanda nar şərablarını
da çox bəyənirlər. Narın
meyvə kimi ixracını istəyirlər,
çünki Vyetnamda
nar yoxdur. Onların da elə meyvələri var ki, əminəm,
insanlarımız bəyənəcək.
Nəqliyyat-logistika əlaqələrini
bir qədər təkmilləşdirsək, bu,
mümkün ola bilər. Yükdaşımalarda
ən azı bir ay vaxt
gedir. Operativ logistika sistemləri olsa, dəniz məhsullarını, kənd
təsərrüfatı məhsullarını
ixrac etmək olar. Vyetnam dünyada
aparıcı kofe, qara istiot ixracatçılarından
biridir. Bu sahədə fəaliyyəti
sistemləşdirməyə çalışırıq. Göründüyü
kimi, əməkdaşlıq
üçün böyük
potensial var, gündəliyimiz zəngindir,
əminik ki, tezliklə artıq nəticələr əldə
olunacq.
- Cənab səfir,
İkinci Qarabağ müharibəsi, Azərbaycanın
öz ərazi bütövlüyünü bərpa
etməsi, hazırda davam edən proseslər barədə vyetnamlılar nə dərəcədə məlumatlıdırlar?
Nəzərə alsaq
ki, Vyetnam xalqı da uzun
müddətli və ağır bir müharibə (ABŞ-la)
aparıb, Azərbaycanda
baş verənlərə
münasibətləri necədir?
- Azərbaycan ərazisi uzun müddət işğal atında idi və biz bu
problemin həlli ilə məşğul idik. Vyetnam üçün
müharibədən sonra
ölkənin bərpası,
ərazilərin minalardan
təmizlənməsi əsas
məsələ idi. Səfirliyimiz açıldıqdan
sonra bu istiqamətdə intensiv iş aparmağa başladıq. Eyni zamanda, Vyetnam Qoşulmama Hərəkatının
fəal üzvlərindən
biridir, onun yaradılmasında bilavasitə
iştirak edib, bu çərçivədə
də məlumat mübadiləsi həyata keçirilir. Sadə insanlar da əlbəttə
ki, baş verənlər barədə
məlumatlıdırlar. Xüsusilə
Bakıda təhsil almış şəxslər
birmənalı şəkildə
Azərbaycana dəstək
veriblər, onların
bəyanatları da oldu. Qoşulmama Hərəkatının üzvü
kimi Vyetnam çalışır, balanslaşdırılmış
mövqe saxlasın, amma BMT çərçivəsində
2020-ci ildə aparılan
müzakirələr zamanı
Azərbaycana uyğun
olan mövqeyi dəstəklədi. Son dövrlər biz arxiv materialları əsasında yeni məlumatlar ortaya çıxaranda, vyetnamlılar
bir daha görürlər ki, Azərbaycan səmimi dostdur və iki xalqı tarixi bağlar birləşdirir.
- Yeri gəlmişkən,
azad olunmuş Azərbaycan əraziləri
kütləvi şəkildə
minalanıb. Vyetnamın
bu sahədə təcrübəsi, əməkdaşlıq
imkanları barədə
soruşmaq istərdim.
- Müharibədən sonra yaranmış vəziyyət, azad olunmuş ərazilərdə
aparılan bərpa-quruculuq
işləri, minalardan
təmizləmə ilə
bağlı qarşı
tərəfi məlumatlandırır,
əməkdaşlıq imkanlarını
müzakirə edirik. Bu yaxınlarda Azərbaycanda keçirilən
beynəlxalq konfransda Vyetnamın Mina Təmizləmə Agentliyinin
rəhbəri də iştirak etdi. Mina problemi
bu günə kimi Vyetnamda da ciddi problem olaraq qalır. Müharibənin
1975-ci ildə bitməsinə
baxmayaraq, mina problemi mövcuddur. Onlara beynəlxalq təşkilatlar
kömək edirlər.
Vyetnamın özünün
bu sahədə təcrübəsi çox
zəngindir və biz bu məsələdə sıx əməkdaşlıq
etməyi düşünürük.
- Azad olunmuş ərazilərin
qurulmasında Vyetnam şirkətlərinin iştirakı
gözlənilir? Ümumiyyətlə,
bu ölkənin şirkətləri həmin
ərazilərdə hansı
sahələrdə öz
töhfələrini verə
bilərlər?
- Bir çox sahələrdə
Vyetnam şirkətlərinin
yaxşı təcrübəsi
var. İnşaat, qida,
kənd təsərrüfatı,
rabitə və sair. Bununla bağlı
səfirlik tərəfindən
təkliflər hazırlanıb
və onlara baxılmaqdadır. Həmçinin
Vyetnamın müvafiq
bölgələri ilə
azad olunmuş şəhərlərimizin qardaşlaşması,
birbaşa əməkdaşlığın
qurulması gündəlikdədir.
- Cənab səfir, qarşıda nə kimi rəsmi səfərlər, yeni layihələr
gözlənilir?
- Oktyabr ayında yüksək səviyyəli
tədbir planlaşdırırıq.
Ulu öndər SSRİ-nin
rəhbərlərindən biri, eyni zamanda
Vyetnam üzrə
SSRİ-nin komissiyasına
rəhbərlik etdiyi dövrdə ən mühüm və geniş nümayəndə
heyətinə başçılıq
edərək 1983-cü ilin
oktyabr ayında Vyetnama çox vacib bir səfər
etmişdi. O səfərin
nəticələrinə əsasən
Vyetnamın inkişafı
ilə bağlı qərarlar qəbul olundu. Vyetnamlılar həmin səfəri indiyədək xatırlayır.
Bu mövzuda çəkilən
film də oktyabr ayında təqdim olunacaq. Tədbirə Azərbaycandan yüksək
səviyyədə nümayəndə
heyəti gələcək.
Gündəlikdə olan
məsələlərdən biri də bu
il ikitərəfli komissiyanın
iclasının keçirilməsidir.
Komissiyanın gündəliyində
vacib məsələlər
var. Yəni iqtisadi sahədə əməkdaşlığın
gücləndirilməsinə, ticarət dövriyyəsinin
artırılmasına böyük
töhfə verə biləcək gündəliyə
sahibik. Digər layihələrimizdən biri
də musiqi sahəsi ilə bağlıdır. Məlum
olduğu kimi, SSRİ
hökuməti müharibə
vaxtı Vyetnama humanitar sahədə dəstək verib və bu çərçivədə
Qara Qarayev məşhur "Vyetnam suitası"nı yazıb.
Həmin əsəri yenidən canlandırmağı
planlaşdırırıq. Suita Vyetnamda izləyicilərə
təqdim olunacaq. Həmçinin 60-cı illərdə
Vyetnam kino məktəbinin
yaradılmasına böyük
töhfə vermiş
Əjdər İbrahimovla
bağlı layihəmiz
var. O, Vyetnamda yaşadığı
üç il ərzində
bu ölkədə kinematoqrafiya məktəbinin
yaranmasında mühüm
rol oynayıb. Vyetnamda yarıazərbaycanlı-yarı
vyetnamlı olan çox istedadlı gəncimizlə tanış
olduq. O, uşaqlıqdan
Vyetnamda yaşadığı
üçün bu dildə mahnılar oxuyur. Onun ifasında
bizim Milli Musiqi Akademiyası ilə birgə Azərbaycan musiqi əsərləri Vyetnam dilində təqdim olunacaq. Bu sahədə potensialımız
çox böyükdür.
Vyetnamda musiqi sahəsində çox nüfuzlu insanlar var ki, onlar vaxtilə Azərbaycanda təhsil alıblar və musiqimizi çox sevirlər. Keçmiş
tələbələrimiz indiyə
kimi Azərbaycan dilində mahnılar oxuyurlar. Bu sahədə onlara mütləq dəstək veriləcək
və birgə layihələrə təşəbbüs
göstərəcəyik. Vyetnamlılar
çox sadə, əməksevər millətdir,
Azərbaycana böyük
rəğbətləri var. Oktyabr ayında Azərbaycanda hüquq təhsili almış vyetnamlı məzunların ölkəmizə
səfəri olacaq. Hazırda Vyetnam bütün ərəb ölkələrində təmsil
olunur, amma zamanında onların ərəbşünas mütəxəssislərinin
yetişdirilməsində bizim
şərqşünaslıq fakültəsi böyük
töhfə verib. Ən nüfuzlu şərqşünas mütəxəssisləri
Bakı Dövlət Universitetində təhsil alıblar. Bunu onlar unutmurlar, həmişə qeyd edirlər. Səfirliyin keçirdiyi tədbirlərdə
ilk ondan başlayırlar
ki, biz Azərbaycanın dəstəyini
heç vaxt unutmayacağıq. Bu, elə
bir zamanda verilmiş dəstək idi ki, bizim üçün
onun qiyməti yox idi. Bu gün
Vyetnamın 100 milyon əhalisi var, ərazisi Azərbaycandan təxminən
dörd dəfə böyükdür, 700 milyard
dollardan çox ticarət dövriyyəsi
var. Yəni dünyanın
bütün ölkələri
ilə ticarət aparır. Amma yenə də o dəstəyi unutmur, yada salır və çalışır
ki, Azərbaycanla ticari-iqtisadi
sahədə əməkdaşlığı
gücləndirsin. Biz də
bütün səylərimizi
ona yönəldəcəyik
ki, şirkətlərimiz arasında
münasibətlər qurulsun,
ixrac mallarımıza
maraq göstərilsin.
Turizm üzrə konkret layihələrə
başlayacağıq. Məsafə
nə qədər uzaq olsa da, ölkələrimiz
arasında qəlbən
bir o qədər yaxınlıq var. Həmçinin
tariximizdə, mədəniyyətdə,
kulinariyada oxşarlıqlarımız
var. Onların mətbəxləri
də maraqlıdır,
əsasən dəniz
məhsulları, düyü,
toyuq, mal əti çox populyardır. Bütün dünyada çox məşhur olan fobo şorbaları
var ki, çox istəyirlər
Azərbaycanda da bu yemək tanınsın. Eyni zamanda biz də, elə onlar da istəyirlər ki,
mətbəximiz orda təmsil olunsun, yeməklərimizi çox
sevirlər. Vunqtau şəhərində böyük
bir küçə Bakı adını daşıyır. Bu, Vyetnamın
çox məşhur
şəhərlərindən biridir, neft sənayesinin
vətənidir. Planımız
var ki, Bakı küçəsi
ilə bağlı orda tədbirlər keçirək.
Gələn il də bizim üçün mühüm
ildir. Bu il Ulu öndərin
100 illiyini qeyd etdik. Heydər Əliyev Fondunun ucqar kəndlərin birində inşa etdiyi məktəbdə də şagirdlərin iştirakı ilə tədbir keçirdik. Gələn il isə ikitərəfli münasibətlərin
əsasının qoyulmasının
65-ci ildönümü tamam
olur. Bu, ikitərəfli
münasibətlərdə mühüm bir tarixdir və bu tarix yüksək
səviyyədə qeyd
ediləcək.
Pərvanə SULTANOVA
525-ci
qəzet.- 2023.- 12 avqust.- S.6-7.