Ürəklərdə yaşayan unudulmaz qəhrəman
44 günlük Vətən müharibəsi Azərbaycanın
tarixində bir inqilabdır. Həm nümunəvi döyüş
taktikaları ilə həm dövlət-xalq birliyi ilə Azərbaycan Respublikasının
suverenliyi və ərazi bütövlüyü
uğrunda gedən mübarizədə xalqımız
əzm, iradə və həmrəylik nümayiş etdirərək
düşmənə sarsıdıcı
zərbələr endirdi.
Bu şanlı qələbə
elə təməllər
üzərində quruldu
ki, əsla sarsılmaz.
Çünki bu tarixi igid, qəhrəman,
vətəni canından,
sevdiklərindən əziz
tutan oğullarımız
şəhidlik zirvəsinə
ucalaraq canı, qanı, geridə qoyduqları analarının,
bacılarının, sevdiklərinin
göz yaşları ilə yazdılar. Onların yox olan cismi ilə
var oldu bu torpaq, bu vətən.
16 avqust həmin tarixi qəhrəmanlardan biri, bir an belə
düşünmədən canını vətəninə
fəda edən, həyatda ən böyük amalı Qarabağın azadlığı
olan şəhid kəşfiyyatçı, ömür-gün
yoldaşım Amil Hüseynovun
cənnətdəki üçüncü
doğum günüdür.
Amil Rasim oğlu Hüseynov 16 avqust
1986-cı ildə Füzuli
rayonunun Əhmədalılar
kəndində dünyaya
göz açıb.
1993-cü ildə mənfur
düşmənin torpaqlarımızı
işğal etməsi
nəticəsində məcburi
köçkün olaraq
ailəsi ilə birlikdə Bakıda yerləşən Mədəni
Maarif Texnikumunun yataqxanasında məskunlaşıb.
Bakıda fəaliyyət
göstərən Ağdam
rayon 36 saylı tam orta
məktəbdən məzun
olduqdan sonra
2004-2006-cı illərdə Beynəlxalq sülhməramlı
ordu tərkibindəki
Kosovoda fəaliyyət
göstərən Azərbaycan
sülhməramlı qoşunlarında
həqiqi hərbi xidmət keçib.
Məktəb dövründə Amil karate ilə məşğul olub. Respublikada və xaricdə keçirilən yarışlarda
iştirak edərək
yüksək nailiyyətlər
əldə edib.
2003-cü ildə respublika
çempionu olub. Gürcüstanda iştirak
etdiyi beynəlxalq yarışda birinci yerə çıxıb.
Amil xidmətə 2010-cu ildən
Azərbaycan Respublikasının
Daxili qoşunlarında
başlayıb. Daha sonra Milli Ordu sıralarında Müddətdən
Artıq Həqiqi Hərbi Xidmətdə kəşfiyyatçı kimi
xidmətini davam etdirib. 2013-cü ildə Türkiyədə kəşfiyyatçı
olaraq təlim kursu keçib. O, ixtisaslaşmış, işinin
sirlərini, hər bir incəliyini bilən hərbçi idi.
A.Hüseynov Beyləqanda
və Füzulidəki
N saylı hərbi hissələrdə Azərbaycan
və Ermənistan Silahlı qüvvələrinin
təmas bölgələrində
xidmət edib. Azərbaycanın müstəqilliyinin
və ərazi bütövlüyünün qorunmasında
xüsusi xidmətlərinə,
hərbi hissəyə
verilmiş tapşırıqların
yerinə yetirilməsinə
və intizamına görə daim fərqlənən Amil Hüseynov
2016-cı ildə Fəxri
fərmanla mükafatlandırılıb.
Vətən müharibəsinin fəal
iştirakçısı olan,
ən ön sıralarda döyüşən
Amil Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə
xüsusi şücaət
göstərib. Müharibə
zamanı ailəsi ilə sonuncu dəfə oktyabrın 5-də
telefon əlaqəsi saxlayan A.Hüseynov
döyüş əməliyyatı
zamanı piyada əleyhinə minaya düşərək şəhadətə
yüksəlib. Oktyabrın
10-da şəhidlik zirvəsinə
ucalan qəhrəmanımızın
nəşi 60 gündən
sonra Füzuli rayon Əbdürrəhmanlı kənd
istiqamətindən tapılıb
və 10 dekabrda öz doğma kəndində son mənzilə
yola salınıb.
Şəhidimizin tək övladı
Elcan Hüseynli vətənə əmanətdir.
Şəhadətindən sonra Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
sərəncamları ilə
Füzulinin, Xocavəndin,
Cəbrayılın, Şuşanın
azad olunmasına görə, "Vətən
uğrunda" "Cəsur
döyüşçü" medalları və
"3-cü dərəcəli vətənə xidmətə
görə" ordeni
ilə təltif edilib.
2022-ci ildə atası Rasim Hüseynov tərəfindən öz
doğma Əhmədalılar
kəndindəki orta məktəbin həyətində
Amilin xatirəsinə
bulaq abidəsi inşa edilib.
Bu gün Amil onu sevənlərin xatirələrində
və böyük bir xalqın qəlbində əbədi
yaşayır. Ailəsi
olaraq bu, bizim ən böyük
təsəllimizdir.
Anası
Nazənin Hüseynova:
"Amil gözümün ilk nuru, ailəmizin ilk sevinci idi. Təbii ki, analar övladlar arasında fərq qoymaz, amma Amil
elə oğul, elə bala idi
ki, ataya-anaya, bacı-qardaşına, ailəsinə
qarşı istiqanlı
münasibəti ilə,
qayğıkeşliyi, mərdliyi,
yüksək mənəvi
keyfiyyətləri ilə
o fərqi özü yaradırdı. 3 il keçməsinə baxmayaraq,
onun yoxluğunun ağrısı ilk günkü kimi ürəyimdədir. İndi
tək həmdəmim
onun şəkilləri,
xatirələridir. O həmişə
deyirdi: "Ana, mənim işim elədir ki, gedərəm bir gün ya ayaqsız,
ya əlsiz qayıdaram, siz hər şeyə hazır olmalısınız,
həyatın reallığını
qəbul etməlisiniz.
Bizim torpaqlarımız
işğal altındadır,
onu azad etmək bizim borcumuzdur. Bircə bu Qarabağ məsələsini həll
etsək, ondan sonra hər şey yaxşı olacaq". Balam arzusuna çatdı, dediyini etdi, vətəni azad etdi, amma zəhmətinin
bəhrəsini görmədi.
Kaş ki, bu zəfərin sevincini yaşamaq Amilimə də qismət olardı. Amma əminəm ki, ruhu şaddır.
Vətənin azadlığı
uğrunda canından keçmək, ömründən
pay vermək onun üçün yalnızca böyük şərəfdir. 16 avqust
Amilin doğum günüdür. Nə qədər illər keçsə də, o, yenə mənim ilk dəfə qoynuma aldığım, qoxusunu ürəyimə çəkdiyim, heç vaxt doymadığım körpə balamdır. O,
ən uca zirvədədir, şəhiddir,
indi mən onun doğum günlərini onsuz qeyd edirəm. Çox çətindir. Onsuz bu illəri
necə yaşamışam,
günüm-ayım necə
keçib, bilmirəm.
O gedən gündən
dünyam necə qaralıbsa, hələ də həmin qaranlığın içindəyəm.
Onun yoxluğunu heç nə əvəz etmir. Azərbaycan xalqına qələbə yaraşır.
Bu qələbəni canı ilə, qanı ilə xalqımıza yaşatdığı
üçün balamla,
onun uca məqamı ilə fəxr edir, qürur duyuram. Təki vətən sağ olsun! Allah bütün şəhid balaların məqamını uca etsin. Mənim də balamın ruhu şad olsun!"
Bacısı Aysel Süleymanova: "Qardaşım Amil haqqında danışmaq mənim üçün həm asandır, həm də çox çətindir. Ona görə asandır ki, o, bu dünyada ağlımıza gələn
ən xoş sözlərə layiq bir qardaşdır. Cəsur, igid, qorxmaz, mehriban, səmimi, saf, bir sözlə, oğul kimi əsl oğul, ata kimi qayğıkeş
ata, yoldaş kimi diqqətli, layiqli yoldaş, qardaş kimi tayı-bərabəri olmayan
əvəzsiz bir qardaş idi. Çətindir, ona görə ki, qardaşım bu gün yanımda deyil. Bu üç
il müddətində
bir an olsun
ağlımızdan, beynimizdən,
qəlbimizdən çıxmır
onun yoxluğu, sanki ruhumuza sarılıb. Mən bir an belə
onu yoxmuş kimi düşünmürəm.
Hər an gələ biləcəyi
ümidi çıxmır
qəlbimdən. Hər
axşam qapım döyüləndə ürəyim
səksənir, elə
bilirəm Amil gəldi. Adətən, o, bizə gecələr gələrdi. Bir qardaş bacını, bir bacı qardaşı
bu qədər sevərmiş, İlahi! Hər gün 2-3 dəfə zəng edər, nəyəsə ehtiyacım varmı, yoxmu maraqlanardı. Hər axşam bir zəngi vardı: "Səsini eşidim, yatım". Hər zaman mənə ikinci anam deyirdi, bütün
dərdini, sirrini mənimlə rahatlıqla
bölürdü. Məni
"Ası" deyə
çağırardı. İndi
deyirəm: "Ası
sənsiz çox darıxır, gözəl
gözlü qardaşım".
Bəlkə də yataqxana şəraitində, birotaqlı
evdə böyüdüyümüz
üçündür, ya
nədirsə bir-birimizə
çox bağlı idik, bir-birimizi həddindən çox sevirdik. Onun hər nailiyyətini xüsusi qeyd edirdik. Doğum günləri həmişə
təmtəraqlı keçərdi.
Allahdan qorxan, hər atdığı addımı ölçüb-biçən
bir xarakterə sahib idi. Bəlkə
də belə gözəl ürəyin sahibi olduğu üçün hər insana qismət olmayan şəhidlik zirvəsinə ucaldı. Ondan sonra, nə
mən, nə ailəmiz, nə də onu sevənlər
onun yoxluğu ilə barışa bilir. Amil döyüşə
Füzuli rayon Əbdürrəhmanlı kəndindən
40 metrlik deyilən postdan başladı. Onların qrupundan 9 nəfər kəşfiyyatçı
şəhid oldu. İlk keçilməz Ohanyan səddini yaran qrup məhz
Amilgil olub. Qardaşım şərəflə,
qəhrəmanlıqla bu
dünyadan köçsə
də, mənim üçün bu həyatda onsuz heç nəyin mənası qalmayıb. Sanki həmin gün məni də onunla dəfn etdilər. Tək təsəllim qardaşımın şəhid
olmasıdır. Allah bütün şəhidlərimizə
rəhmət eləsin!"
Biz Amillə
yenicə ailə qurmuşduq. Ailə həyatımız cəmi
2 ay çəkdi. Çox təəssüf
ki, artıq 3 ilə yaxındır onsuz bir həyata
davam etmək məcburiyyətindəyəm. Mən
hələ də o gündə qalmışam,
Onunla 2020-ci il avqust ayında keçirdiyimiz doğum günü birlikdə keçirdiyimiz tək əlamətdar günümüz
oldu.
Heyif ki,
ondan mənə övlad əmanət qalmadı. Ancaq əmanət nədir ki?! Əmanət ən güvəndiyimiz insana tapşırdığımız,
ən sevdiyimiz nəsnədir. Mənim üçün də onun sevgisi ən
dəyərli əmanətimdir,
ölənə qədər
ona olan sevgimi və onun sevgisini qəlbimin ən gözəl, ən dəyərli guşəsində
qoruyub saxlayacam. Ondan sonra çox
əziyyət çəkdim,
onun bu gedişinə
dözmək, bu ağrının altından
qalxmaq olduqca çətin oldu. Ondan sonra hər
gün Amilimə yazdığım sətirlərlə,
misralarla təsəlli
tapdım. Allah Amilin və bütün şəhidlərimizin
məqamını uca
etsin. Cənnətdəki
doğum günün mübarək, hər zaman gənc və yaraşıqlı qalan sevdiyim.
Xalisə MƏMMƏDOVA
525-ci
qəzet.- 2023.- 16 avqust.- S.15