Mədəni mühiti canlandıran təyinat
Yubileylər ili kimi dəyərləndirə biləcəyimiz
2023-cü ili xüsusən,
mədəniyyət sahəsində
uğurlu gələcəyə
böyük ümidlər
yaradan önəmli addımların atıldığı
il olaraq da qiymətləndirə
bilərik. Deyə bilərik ki, 150 yaşını
qeyd etdiyimiz Azərbaycan Milli Teatrı,
125 yaşlı Azərbaycan
kinosu məhz bu il layiq olduğu
diqqəti, ehtiyac duyduğu qayğını
görür. Neçə
illərdən bu yana ilk dəfədir, Azərbaycan teatrından və Azərbaycan kinosundan nəyə ehtiyacı olduğunu soruşanlar var.
Hələ ötən ilin
sonlarında mədəniyyət
nazirinin birinci müavini vəzifəsinə
təyin olunaraq nazirin səlahiyyətlərini
icra etməyə başlayan Adil Kərimli
ilk günlərdən mədəniyyətimizə,
incəsənətimizə xüsusi qayğısı,
hörmət və ehtiramı ilə diqqəti üzərinə
çəkdi. Yeni və
gənc nazirin bu istiqamətdə atmağa başladığı
addımlar mədəniyyət
xadimləri başda olmaqla, geniş ictimaiyyətin təqdirini
qazandı. Aprel ayından, yəni Prezidentin sərəncamı
ilə mədəniyyət
naziri təyin olunduğu gündən etibarən isə mədəniyyətimizdə bir
canlanma, hərəkətlilik
müşahidə edilir.
Nazirin son aylarda incəsənətimiz və
ictimaiyyətimiz üçün
əlamətdar günlərdə
mədəniyyət nümayəndələrinə
göstərdiyi xüsusi
diqqət rəğbətlə
qarşılanır.
Uzağa
getməyək, bir neçə gün öncə Mədəniyyət
Nazirliyi və Azərbaycan Respublikası
Kino Agentliyi (ARKA) tərəfindən
2 avqust Milli Kino Günü
münasibətilə, Azərbaycan
kinosunun 125 və
"Azərbaycanfilm" kinostudiyasının
100 illiyinə həsr
olunmuş tədbir geniş ictimaiyyətdə
böyük maraq doğurdu. Azərbaycan kinosunun və "Azərbaycanfilm" kinostudiyasının
yubileyləri xarici ölkələrdən dəvət
olunmuş rəsmi şəxslərin də qatıldığı mötəbər
tədbirlərlə, geniş
miqyasda qeyd edildi. Tədbirdə Azərbaycan iki böyük kino sənətkarı
- Xalq artistləri Şəfiqə Məmmədova
və Rasim Balayev Mədəniyyət
Nazirliyinin yenicə təsis olunmuş fəxri diplomu ilə təltif edildilər. Belə bir diplomun təsis
edilməsi, əlbəttə,
sevindirici haldır.
Nazir Adil Kərimlinin də
vurğuladığı kimi,
bu mükafatın təsis edilməsi mədəniyyət sahəsində
həm göstərdiyi
xidmətlər, həm
də pedaqoji fəaliyyətləri ilə
fərqlənən sənətkarlara
diqqət göstərilməsi
məqsədi daşıyır.
Sənət adamı,
incəsənət nümayəndəsinin
bu diqqətdən başqa istədiyi nədir ki?!
Eləcə də həmin tədbir başqa bir xüsusi olayla yadda qaldı. İllərdir aralarında
soyuq rüzgarlar əsən, demək olar, heç bir tədbirdə yan-yana görünməyən
sənətkarlarımız - Şəfiqə Məmmədova
və Rasim Balayev bir araya
gəldilər, aralarındakı
buzlar əridi. Hətta uzun illərdir eyni amala xidmət etməklərinə baxmayaraq,
qarşı cəbhələrdə
yer alan Azərbaycan Kinematoqrafçılar
İttifaqı ilə
Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının
birləşdirilməsi, bundan
sonra birlikdə və daha güclü,
daha səmərəli
fəaliyyətə cəlb
olunması haqqında
söhbətlər də
getdi, təkliflər irəli sürüldü.
Bu sadaladığımız tədbirlər,
eləcə də Mədəniyyət Nazirliyinin
yeni rəhbərliyi tərəfindən
atılan digər addımlar bu sahədə indiyə qədər dondurulmuş,
həllini tapmayan problemlərin çözüləcəyinə
ümidlər yaratmaqla
yanaşı, ictimai rəydə gənc nazirə qarşı böyük etimad və inam hissləri
də yaratdı. Mədəniyyət elə
bir sahədir ki, burada yalnız pozitivlikdən, barışdan,
sülhdən, aydın
və nikbin baxışlardan söhbət
gedə bilər. Küsülülük, inciklik,
soyuqluq adında da bir incəlik daşıyan incəsənət
üçün tamamilə
yad məfhumlardır. Görünür,
nazir Adil Kərimli də
mədəniyyətimizdəki, incəsənətimizdəki uğurlu
gələcəyin ilkin
təməlinin məhz
mehribanlıqda, sülhdə,
xoş rəftar və diqqətdə olduğunun yaxşı fərqindədir.
Nazir Adil Kərimlinin qısamüddətli
fəaliyyətinin ən
yaddaqalan addımlarından
biri hələ nazir müavini ikən başladığı və
sonrakı dövrdə
də davam etdirdiyi forumların keçirilməsidir, məncə.
Teatr Forumu, Kino Forumu kimi Azərbaycanda
hər iki sahənin qayğı və problemlərinə, keçmişinə, bugününə
və gələcəyinə
həsr olunmuş bu miqyasda böyük
tədbirlər ilk dəfə
idi keçirilirdi. Mədəniyyət Nazirliyi bu forumlarla hər iki sənət nümayəndələrini bir
araya yığaraq mədəniyyətimizdəki, incəsənətimizdəki
əsas problemləri,
qayğıları, boşluqları
və buraxılan səhvləri məhz onların öz dilindən dinlədi, təkliflərini eşitdi,
gələcəkdə atılacaq
strateji addımları
bu təkliflər sayəsində müəyyənləşdirdi.
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı,
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
tərəfdaşlığı ilə "Azərbaycan
teatrı-150: inkişaf perspektivləri"
mövzusunda, "Heydər
Əliyev İli" çərçivəsində
keçirilən Birinci
Teatr Forumunda mədəniyyət nazirinin
birinci müavini kimi çıxış edən Adil Kərimli çox önəmli mətləblərə toxunmuşdu:
"Teatr sahəsində
əsaslı inkişafın
təməli cari vəziyyətin düzgün
təhlil edilməsi, problemlərin üzə çıxarılaraq sistemləşdirilməsi
və bunların əsasında düzgün
həll yollarının
müəyyən edilməsidir.
Forumun da əsas məqsədi bu sahənin peşəkarlarını
bir araya gətirərək problemləri
birgə müzakirə
etmək və vahid platforma yaradılmasıdır".
Teatr Forumundan az sonra
"Azərbaycan Kinosu-125. Reallıq,
çağırışlar və hədəflər"
mövzusunda Kino Forumu
keçirildi. Mədəniyyət
naziri Adil Kərimli çıxışında Forumun
əhəmiyyətindən danışaraq dedi:
"Bu gün burada yığışmağımızın əsas məqsədi hazırda Azərbaycan kino
sənətinin üzləşdiyi
problemləri, eyni zamanda, perspektivləri müzakirə etmək, onların həll yollarını taparaq bunun əsasında yeni inkişaf istiqamətlərini
müəyyən etməkdir.
Teatr və Kino Forumundan əlavə bu il ərzində Ulu öndərimiz Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində
mədəniyyətimizin digər
sahələri ilə
də bağlı forumlar keçiriləcək
və nəticədə
Mədəniyyətimizin İnkişaf
Strategiyasını irəli
sürəcəyik".
Bu il, həmçinin, Ədəbiyyat
Forumunun və ilin sonunda isə
böyük Mədəniyyət
Forumunun keçirilməsi
planı da yeni nazirin ictimai fikrə açıqlığının nümunəsi olmaqla yanaşı, mədəniyyətimizi,
incəsənətimizi hərtərəfli
inkişaf etdirmək,
bütöv bir orqanizm halında uğura aparmaq cəhdlərinin davamı
kimi təqdirə və alqışalayiqdir.
Mədəniyyət Nazirliyinin növbəti uğurlu addımlarından biri
Milli Məclisin deputatı,
akademik, Əməkdar
elm xadimi Nizami Cəfərovun Mədəniyyət
Nazirliyi yanında İctimai Şuranın sədri seçilməsi oldu. İlk dəfədir
ki, bir akademikin hansısa qurumun İctimai Şurasında sədr kimi təmsil olunması cəmiyyətimiz tərəfindən
böyük rəğbətlə
qarşılandı, müsbət
hal kimi dəyərləndirildi.
Mədəniyyət naziri Adil Kərimli təkcə vəzifəsinin icrası
ilə deyil, həm də şəxsi keyfiyyətləri
ilə ilk gündən
böyük diqqət
və rəğbət
görən məmurlardan
oldu. Onun müxtəlif tədbir və görüşlərdə
qocaman sənətkarlarımıza,
incəsənət nümayəndələrinə
qarşı göstərdiyi
son dərəcə sayğı,
ehtiram və diqqət nəzərlərdən
yayınmır. Yeni təyin
olunduğu vəzifəsində
işlərinin çoxluğuna,
qarışıq qrafikinə
baxmayaraq, mədəniyyətimiz
üçün vacib
olan bütün tədbirlərdə, görüşlərdə
şəxsən iştirak
etməyi, dövlət
kino təsisatlarını ziyarəti,
bölgələrdə yerli
əhali ilə görüşlər keçirib
onları şəxsən
dinləməsi, regionlarda
fəaliyyət göstərən
mədəniyyət müəssisələrinin
iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində
öyrənilməsi məqsədilə
rayonlara səfəri,
gənc sənət nümayəndələrini qəbul
edib qayğıları
ilə maraqlanması
son illər bədbinliyə
qapılmış, hardan
baxsan, boz rəngdə görünən
incəsənət mühitini
canlandırıb, sənət
adamlarında yeni ruh,
yeni enerji, yaşamaq və yaratmaq həvəsi oyadıb. Əlbəttə, sənət
adamı sənətinə
diqqətdən başqa
nə istəyir ki?!
Adil Kərimlinin hələ mədəniyyət nazirinin
birinci müavini kimi nazir vəzifəsini icra etdiyi dövrdə
Azərbaycan Yazıçılar
Birliyində (AYB) qurumun
rəhbərliyi ilə
görüşü ədəbiyyatımıza
olan qayğısının
nümunəsi idi. Görüşdə Mədəniyyət
Nazirliyi ilə AYB arasında əməkdaşlığın
genişləndirilməsi, peşəkar
kadr hazırlığı,
kitab və kitabxana sahəsindəki çətinliklərin
aradan qaldırılması
və digər məsələlərlə bağlı
fikir mübadiləsi aparan Adil Kərimli mədəniyyətimizin dayanıqlı
inkişafı məqsədilə
həyata keçirilən
islahatlardan danışaraq,
bu görüşün
əsas məqsədinin
sahələr üzrə
qurum rəhbərliyinin
təkliflərini dinləmək
olduğunu bildirdi.
Həmin
ayda oxşar görüşlərdən biri
də Azərbaycan Bəstəkarlar İttifaqında
gerçəkləşdi. İttifaq kollektivi ilə görüşdə
qeyd olundu ki, milli-mənəvi dəyərlər,
mədəni irsimizə
münasibətdə müəyyən
boşluqlar var. Bu baxımdan
peşəkar, yaradıcı
sahələrə dəstək
verilməlidir və ölkədəki yaradıcı
birliklərin əməkdaşlığı
önəmlidir.
Eləcə də mədəniyyət
naziri Azərbaycanda yaradıcı sahələr
üzrə kadrlar hazırlayan əsas ali təhsil müəssisələrindən biri olan 100 yaşlı
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetini
ziyarət etdi, buradakı kadr hazırlığı ilə
maraqlandı, qayğılarını
dinlədi və tələbələrin ifasında
hazırlanmış tamaşanı
izləyərək təhsil
ocağının iş
fəaliyyətilə yaxından
tanış oldu.
Bundan əlavə, nazir Adil Kərimlinin
ayrı-ayrı teatrları
ziyarəti, sənət
nümayəndələri ilə
şəxsi görüşləri,
yubileyləri, ad günləri
olan sənətkarlarımızı
diqqətdən kənarda
qoymayıb onlara Nazirliyin fəxri diplomlarını təqdim
etməsi, Milli Mətbuat
Günü münasibəti
ilə mətbuat nümayəndələri və
nazirliyin mətbu nəşrləri - "Mədəniyyət"
qəzeti və "Mədəniyyət/Culture" jurnalının
kollektivləri ilə
görüşləri, hər
iki redaksiyanın əməkdaşlarını nazirliyin
Fəxri fərmanları
ilə təltif etməsi, gənc kinematoqrafçılarla görüşü
onun dinamik və çağdaş iş üslubundan, sənətə, sənətkara
xüsusi ehtiramından
xəbər verir.
İnanırıq ki, nazir Adil Kərimli başda olmaqla, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi və bütün kollektiv ən yaxın gələcəkdə Azərbaycan mədəniyyətinin, incəsənətinin bütün sahələrində nəzərəçarpacaq uğurlara nail olacaq, bu sahədəki gözləntiləri, ümidləri doğrultmaqla ciddi irəliləyişə təkan verəcəklər. Biz isə bu çətin və məsuliyyətli yolda onlara sonsuz dözüm və böyük uğurlar diləyirik.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2023.- 16 avqust.- S.12.