Müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən
ödəniləcək
Xəbər verdiyimiz kimi,
yeni tədris ilindən
müharibə veteranlarının
təhsil haqqı dövlət tərəfindən
ödəniləcək. Bununla
bağlı Prezident
İlham Əliyev sərəncam
imzalayıb. Sərəncama
əsasən, ölkənin
ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb
təhsili və rezidentura) təhsil səviyyələrində və
orta ixtisas təhsili müəssisələrində
ödənişli əsaslarla
təhsil alan Azərbaycanın ərazi
bütövlüyü uğrunda
döyüş əməliyyatlarında
iştirak etdiyinə görə "Müharibə
veteranı" adı
alan şəxslərin
təhsil müddəti
ərzində təhsil
haqqı 2023-2024-cü tədris
ilindən etibarən Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.
Müharibə veteranı Kamran Əzimov
2016-cı ildə 657 balla
Azərbaycan Dövlət
İqtisad Universitetinə
(UNEC) qəbul olunub.
2020-ci ildə bakalavriatura
təhsilini başa vurub. Həmin il hərbi xidmətə yollanıb və İkinci Qarabağ müharibəsində iştirak
edib. Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyevin
müvafiq sərəncamı
ilə "Suqovuşanın
azad olunmasına görə" medalına
layiq görülüb.
Həm də "Vətən müharibəsi
iştirakçısı" medalı ilə təltif olunub: "İkinci Qarabağ müharibəsindən sonra
təhsilimi davam etdirmək qərarına gəldim. 2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistraturasına qəbul
oldum. Ödənişli
əsaslarla təhsil
alıram və mənim üçün bu, kifayət qədər böyük məbləğdir. Prezidentin
sərəncamı artıq bizlərin təhsillə bağlı
maddi problemlərini tamamilə aradan qaldıracaq. Prezidentimizin müharibə
veteranlarına, şəhid
ailələrinə, qazilərə
olan diqqət və qayğısı ən yüksək səviyyədədir. Bizim
təhsil haqqından azad olunmağımız təhsilə əlçatanlığı
təmin edir, vətənə layiqli mütəxəssis kimi öz töhfəmizi verməyə imkan yaradacaq. İlham Əliyevə
dərin minnətdarlığımı
bildirirəm. Düşünürəm
ki, təhsil sahəsində
həm maddi, həm də mənəvi sıxıntılarımız
artıq aradan qalxdı. Bu Sərəncam
bütövlükdə müharibə
veteranlarımıza imkan
verəcək ki, onlar
sosial vəziyyətlərindən
asılı olmayaraq ali təhsil ala, özlərini bu müstəvidə inkişaf
etdirə bilsinlər.
Prezidentimizin imzaladığı
Sərəncam dövlətimizin
həm veteranlara, həm də təhsilə göstərdiyi
diqqət və qayğının növbəti
təzahürüdür".
Digər müharibə
veteran Pərvin Abasquliyev 2009-2013-cü illərdə
Azərbaycan Dövlət
Pedaqoji Universitetində
"Biologiya" ixtisası
üzrə bakalavr təhsili alıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Biznesin
təşkili və idarə edilməsi (menecment)" ixtisası üzrə magistraturada ödənişli əsaslarla
təhsil alır. II kurs tələbəsidir:
"Hər bir azərbaycanlının uzun
illər sağalmayan
yarası var idi. Biz bir
məqsəd, bir amalla yaşayırdıq.
İşğal altında
olan torpaqlarımızı
mənfur düşməndən
azad, Azərbaycanın
ərazi bütövlüyünü
bərpa etmək, tökülən qanların
qisasını almaq. Mən Kəlbəcər istiqamətində gedən
döyüş əməliyyatlarında
iştirak etmişəm.
Dövlət başçısının
sərəncamı ilə
"Kəlbəcərin azad
olunmasına görə"
medalına layiq görülmüşəm. Prezident
İlham Əliyevin müvafiq sərəncamı
məni bir Vətən müharibəsinin
veteranı olaraq çox sevindirdi. Belə ki, qeyd
etdiyim kimi, hazırda Azərbaycan Dövlət İqtisad Universitetində magistraturada
ödənişli əsaslarla
təhsil alıram. Təhsil haqqından azad
olunmağımız dövlətin
bizə necə yüksək dəyər verdiyini göstərir. Bu imkanı yaratdığına
görə cənab Prezidentə sonsuz təşəkkürümü bildirirəm. Sərəncamı
biz müharibə veteranlarına, şəhid
ailələrinə, qazilərə
göstərilən qayğı,
eyni zamanda bizim şəxsi inkişafımıza dəstək
kimi qiymətləndiririk.
Və hesab edirəm ki, gələcək karyera imkanlarımızda misilsiz
rol oynayacaqdır".
Müharibə veteranı Vəliəhəd
Vəliyev Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin "Maşın
mühəndisliyi" ixtisasi
üzrə III kurs tələbəsidir. İkinci
Qarabağ müharibəsi
zamanı Zəngilan rayonunun azad olunması uğrunda gedən döyüşlərdə
iştirak edib. Əsir götürülüb.
Prezident İlham Əliyevin "Dəmir Yumruq" siyasəti nəticəsində
14 dekabr 2020-ci ildə əsirlikdən
azad olunaraq Vətənə
geri qaytarılıb:
"Ali təhsil almaq, arzu etdiyim
ixtisasa yiyələnmək mənim ən böyük istəyim idi. Sevinirəm ki, arzuma çatmışam.
Təhsilim ödənişli
əsaslarla olduğu üçün bu maddi vəsaiti ödəməkdə çətinlik
çəkirdim. "Mən
hər zaman qazilərin yanında olacağam", - söyləyən
Prezident İlham Əliyev, əslində, cəmiyyətimizdə bütün
müharibə iştirakçılarına
olan münasibətini
bildirmiş oldu. Dövlət başçısının
şəhid ailələrinə,
qazilərə, müharibə
iştirakçılarına yüksək diqqəti, qayğısı və imzalanmış bu Sərəncam biz müharibə veteranlarına
necə həssaslıqla
yanaşılmasını göstərir.
Verilən qərar ali təhsil almaq istəyən, bunun üçün müvafiq bazası olan, ancaq təhsil
haqqı ödəməyə
maddi çətinlik çəkən müharibə
iştirakçıları üçün gözəl
fürsət və geniş imkanlar deməkdir. Ali təhsilimi bitirdikdən sonra da Vətənimə
layiqli mütəxəssis
kimi xidmət edəcəyimə əminəm".
Millət vəkili
Vahid Əhmədovun dediyinə görə, müharibə veteranlarının
təhsil haqqının
dövlət büdcəsi
hesabına ödənilməsi
təqdirəlayiqdir. Prezidentin
bununla bağlı müvafiq sərəncamı
dövlətimizin veteranlara
olan qayğıkeş
münasibətinin göstəricisidir:
"Azərbaycan Respublikasının
ərazi bütövlüyü
uğrunda döyüş
əməliyyatlarında iştirak
etdiyinə görə
"Müharibə veteranı"
adı almış və ödənişli əsaslarla təhsil alan şəxslərin təhsil haqqı
2023-2024-cü tədris ilindən
etibarən Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında
dövlət büdcəsi
vəsaiti hesabına ödəniləcək. Bu,
ölkəmizdə veteranlara,
onların təhsilinə,
elmi inkişafına yönələn çox
mühüm bir addımdır. Bu sərəncam veteranlarımıza
imkan verəcək ki, onlar sosial
vəziyyətlərindən asılı olmayaraq, ali təhsil ala, özlərini bu müstəvidə inkişaf etdirə bilsinlər. Prezidentimizin bu sərəncamı dövlətimizin həm veteranlara, həm də təhsilə verdiyi önəmi əks etdirir. Məlum sərəncamın
bütün cəmiyyət
tərəfindən alqışlanması
göstərir ki, bu sərəncam hər bir azərbaycanlının
ürəyincədir və
xalq dövlət başçısının bu
sərəncamını alqışlayır.
Veteranlarımıza, vətənimizin
müdafiəçilərinə yaratdığı bu imkana görə Prezidentimizə təşəkkür
edir, tələbə
adını qazanan hər bir veteranımıza
uğurlar arzulayıram".
Millət vəkili
Musa Qasımlı bildirib ki, Prezidentin
imzaladığı sərəncam
minlərlə vətəndaşın
təhsil almasına imkan yaradacaq: "Bu sərəncam imkan verəcək ki, bizim minlərlə
vətəndaşımız heç bir ödəniş olmadan təhsillərini davam etdirsinlər. Onu da nəzərə almaq lazımdır ki, bu insanların
bir qisminin maddi durumu elə
də yaxşı deyil. Onlar öz
təhsil haqlarını
ödəyə bilmirdilər.
Onların dövlətin
dəstəyinə ehtiyacı
var idi. Ona görə də, belə bir addımın atılması müsbət
təşəbbüsdür və yüksək səviyyədə qiymətləndirilməlidir.
Dövlət hər zaman vətəndaşının
yanındadır və
hər cür kömək göstərməyə
hazırdır. Son proses bunu bir
daha göstərdi".
Millət vəkilinin
dediyinə görə,
sözügedən sərəncam
veteran tələbələrin
ailələrinin maddi
durumunu yaxılaşdıracaq:
"Prezident İlham Əliyevin siyasətinin təməlində Azərbaycan
vətəndaşının daha rahat yaşaması
dayanır. Dövlətimiz
müharibə iştirakçılarına
və digər vətəndaşlara xüsusi
qayğı göstərir.
Torpaqlarımızın işğaldan
azad edilməsində tələbə gənclərimiz
də böyük rol oynayıblar. Onların bir qismi təhsillərini yarıda dayandıraraq cəbhəyə yollanıblar.
Prezidentin imzaladağı
sərəncam müharibə
iştirakçılarına qayğının göstəricisidir.
Eyni zamanda vətənpərvərlik duyğularının
aşılanmasında böyük
rol oynayacaq. Dövlət tərəfindən
təhsil haqlarının
ödənilməsi onların
ailələrinin maddi
vəziyyətinin yaxşılaşmasına
kömək edəcək.
Bu sərəncam bir daha göstərir
ki, Azərbaycan dövləti vətəndaşının
yanındadır".
Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının
sədr müavini, polkovnik Cəlil Xəlilov qeyd edib ki, ödənişli
əsaslarla təhsil alan müharibə veteranlarının təhsil
haqqının dövlət
hesabına ödənilməsi
ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamı veteranlarımızın
təhsili yolunda yeni üfüqlər açacaq: "Prezidentin sərəncamı sosial statusundan asılı olmayaraq, hər bir veterana imkan
verəcək ki, o, ali təhsil ala, özünü inkişaf etdirə, daha ciddi hədəflərə
nail ola bilsin. Çünki bundan sonra tələbə
adını qazanacaq veteranların təhsil haqqı kimi qayğısı olmayacaq.
Ödənişli əsaslarla
ali məktəbə qəbul olan müharibə veteranlarının
təhsil haqqı dövlət büdcəsi
hesabına ödəniləcək.
Şübhəsiz, Prezidentin
həmin sərəncamı
dövlətin veteranlarımıza,
onların təhsilinə
verdiyi önəmi göstərir. Eyni zamanda, bu sənəd
göstərir ki, Azərbaycan dövləti
daim veteranlarının
yanındadır və
onların sosial rifahının yaxşılaşması,
fərdi özünüinkişafı
üçün hər
bir resursundan istifadə edir. Bu Sərəncama görə bütün veteranlar adından Prezidentimizə minnətdarlığımı
bildirirəm. Əminəm
ki, bu sənəd
veteranlarımız üçün
mənəvi-psixoloji baxımdan
da böyük stimul olacaq. Eyni zamanda cəmiyyətdə
veteranların nüfuzunun
daha da artmasına,
vətənpərvərlik tərbiyəsinin inkişafına,
maarifçi gənclərimizin
sayının daha da yüksəlməsinə
səbəb olacaq".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2023.- 19 avqust.- S.15.