Müasir Vyanaya və
Avstriyanın zəngin
tarixinə səyahət
(Əvvəli ötən şənbə sayımızda)
Kralın
bir cəhəti isə reallığa məhəl qoymaması, müəyyən ölçüdə
idealizmə meyl etməsi idi. Görünür, o, böyük
ingilis alimi Tomas Morun təsiri altına da düşmüşdü.
Mor iki əsr
əvvəl yazdığı
"Utopiya" əsərində
qeyd edirdi ki, cəmiyyət qanunları
təbiət qanunları
kimi fəaliyyət göstərməlidir. İosif
də bu iki varlıq arasında belə korrelyasiyaya bel bağlamaq,
ondan mümkün olduğu qədər istifadə etmək istəyirdi.
Həm də cəmiyyəti sağlamlaşdırmaq yollarını
tapmağa çalışırdı.
Dini qardaşlıqlar buraxılmışdı,
mərasimlər, ziyafətlər,
bayramların çoxu
qadağan olunmuşdu.
XVIII əsrdə Vyana
iki dəfə böyümüşdü, hətta
qəbiristanlığa yer
çatışmırdı. Böyük xərcə səbəb olan matəm qaydasına həmçinin son qoyulmuşdu,
ölülər tabutda
deyil, kisədə dəfn edilirdi. Çünki bu, ucuz başa gəlirdi. Dini institutlar müvafiq dünyəvi, faydalı qaydalarla əvəz edildi. İosifin dövründə
dəfndə yeni bir qayda da icad edilmişdi.
Xüsusi tabuta qoyulan meyit, kəndiri çəkmək
vasitəsilə tabutun
altı açıldıqda,
içindəki cəsəd
avtomatik olaraq qəbirə düşürdü.
Beləliklə, həmin
tabutdan dəfələrlə
dəfndə istifadə
etmək olardı, bu, musiqiçilərin prokat götürdükləri
fraka bənzəyirdi.
Belə tabut xərclərin
azaldılmasına, həm
də ona sərf olunan ağac materialına qənaət etməyə
şərait yaradırdı.
Lakin kübarlar dəfələrlə
işlənən tabutu
bəyənmədilər və
ənənəvi olanına
üstünlük verdilər.
Vyanada
1784-cü ildə dünyada
ən iri və daha modern sayılan Baş Hospital açılmışdı. Buraxılmış
dini qardaşlıqların
və cəmiyyətlərin
pulları məktəblər
tikmək və istifadədə olanları
isə genişləndirməyə
sərf ediləcək
fondlara qoyulurdu.
Qanun sistemi də həmçinin islahata uğradıldı. Ədliyyə
və icra hakimiyyətləri bir-birindən
ayrıldı, məhkəmə
sistemi professsionallaşdırıldı.
Yeni Mülki Məcəllənin
birinci hissəsi
1786-cı ildə dərc
edildi, bir il sonra isə yeni Cinayət Məcəlləsi
qəbul edildi. Böyük italyan filosofu Çezare Bekkarianın ideyalarından
istifadə edilərək,
cəzanın törədilmiş
cinayətə uyğun
olması prinsipi işlənib hazırlanmışdı.
Bu məcəllələr təkcə
daha humanitar yaxşılaşmanı əks
etdirmirdi, onlar həmçinin radikal qaydada qanun qarşısında
bərabərliyi - həm
kübarlar, həm də kommonerlər üçün olan bərabərliyi bəyan edirdi.
İosifin möhkəm dəstəyi
ilə onun torpaqlarında İllyuminat
və Frimason geniş yayıldı, kiçik, lakin nüfuzlu maariflənmiş
gizli qardaşlıq icmaları bu vaxt çox sayda qüdrətli və görkəmli üzvlər qazandılar.
Motsartın və Haydnın hər ikisi mason lojasına məxsus idi. Motsart hələ əvvəllər də operalarında bu mövzuya toxunmuşdu.
II İosif təkcə öz təbəələrinin
idarə edilməsini mülayimləşdirməyə çalışmırdı, həm
də onların davranışını formaya
salmaq istəyirdi. Bu Konfutsinin mərasimlərin
rolunu yüksəltmək
ideyasına bənzəyirdi.
Mariya Terezanın krallığının axırıncı
dekadasında hər
il 100-ə yaxın dekret
buraxılmışdı, 1780-ci ildə anasının ölümündən sonra
kral olan İosifin bilavasitə başçılığı altında isə orta hesabla ildə,
demək olar ki, 700 dekret dərc olunurdu.
O, hökuməti Avstriya, Bohemiya torpaqlarının üzərində və Qalisiyada Birləşmiş
saray ofisi altında mərkəzləşdirdi
və müxtəlif əyalət administrasiyalarını
birləşdirilmək göstərişini
verdi. II İosifin Macarıstana münasibəti
isə xüsusən radikal idi. Anası
vaxtilə macarlarla çox ehtiyatlı davrandığı halda, İosif qərara aldı ki, Macarıstanda geniş dövlət islahatı blokunu həyata keçirməklə
yanaşı, o, həm
də bu ölkədə inzibati dil kimi latını
alman dili ilə əvəz etsin. Bu məsələlərdə o, güzəştə
getmək istəmirdi və belə xarakteri ilə o, XVII əsrdə Fransa kralı olmuş XIII Luini yada salırdı.
1610-cu ildə atası
IV Henri öldükdən sonra
14 yaşında kral olmuş Lui sonralar ondan özləri üçün böyük
səlahiyyətlər tələb
edən huqenotlara sərt cavab vermişdi. Huqenotlar əsas üçün
III Henrinin və IV Henrinin krallar kimi onlara mərhəmətli
münasibətini misal
çəkmişdilər. XIII Luinin isə cavabı belə olmuşdu: "III Henri sizdən
qorxurdu, mənim atam isə sizi
sevirdi (Həqiqətən
də kral olana qədər Henri Navarralı huqenotların liderlərindən biri olmuşdu - müəllif).
İndi mən sizdən
nə qorxuram, nə sizi sevirəm".
II İosifin sələfləri
içində də macarlardan qorxanlar olmuşdu, anası Mariya Tereza isə çətin anda ona böyük kömək göstərən
macarlara borclu idi.
Onun Belçikanı, Avstriya Niderlandlarını ovucunun
içərisində saxlamaq
cəhdi də İosifin çox böyük səhv etdiyini göstərdi. Belçika qiyamına İosifin ilk cavabı nəzarəti gücləndirmək
oldu. İosif öz milli siyasətində
tabula rasa-təmiz lövhə
prinsipini tətbiq etmək istəyirdi, bu isə həmişə
yaxşı nəticə
vermir. Nə vaxtsa hansısa bir yolla işğal
edilmiş və ya ələ keçirilmiş torpaqları
idarə etmək də asan iş
deyildir. Vaxtilə kimlərsə buna nail olmuşdular,
lakin onların malik olduqlarını əbədiləşdirmək
arzusu və cəhdi ağılsızlıqdan
başqa bir şey deyildir. "Quod liset İovi
(Jovi), non liset bovi"
- "Yupiterə izn verilənlər, öküzə
heç də icazə verilmir". Yupiter (Zevs) öküzə
çevrilib, təəccübləndirməsi
nəticəsində öküzə
valeh olan Yevropanı belinə götürüb, dənizi
üzüb keçirməklə
Krit adsına aparmış, orada da onunla intim yaxınlıqdan
gələcək məşhur
Krit çarı Minos
doğulmuşdu. Öküz
bunu heç vaxt təkrar edə, bu fikrə
heç düşə
də bilməzdi. Siyasətə isə dəyişilən zaman öz
damğasını vurur
və bunları nəzərə almamaq pis nəticələrə
gətirib çıxarır.
II İosif Rusiya imperatriçəsi Böyük
Yekaterina ilə türklərə
qarşı müqavilə
bağladı, uzaq məqsəd
Konstantinopolu türklərin
əlindən almaq idi.
O, 1788-ci ildən vərəm xəstəliyindən əziyyət
çəkirdi, güclü
iradəsi hesabına özünü haqlamış
mərəzdən qurtarmağı,
ona qalib gəlməyi qərara aldı. Torpaq vergisi islahatı dərc edildi. Bu, əsl inqilabi tədbir olmaqla, onun əsasında kəndlilərin becərdikləri
torpaqlardan öz lordlarına - torpaq sahiblərinə ödədikləri
vergiləri əsaslı
qaydada azaltdı. Avstriya - Bohemiya kübarlığı yeni qanuna
etiraz etdi və yerli institutlara
hücum kübar qiyamı ilə müşayiət olundu. Kəndlilər onlara vergi verməkdən özləri imtina etdilər. Lakin qanun dəyişikliyə uğrasa
da, heç vaxt işləmədi və
II İosif hökmranlığının
fəlakətli finalının
qurbanlarından biri oldu. Qədim Roma şairi Horatsi demişkən: "Non uno luna
nitet vultu" - "Xoşbəxtlik heç də həmişə adama gülümsəmir".
İosif də öz nüfuzuna güvənib, problemi həll etməyə çalışsa da, uğursuzluğa
düçar oldu.
Belçika və Macarıstan
böhranının yüksəkliyində
kobud xarici siyasət Avstriyanı
1788-ci ildə türklərə
qarşı müharibəyə
cəlb etdi. Özünün vərəm
xəstəliyinə baxmayaraq,
II İosif cəbhədə
komandanlıq edirdi. O,
XVII əsrdə yaşamış
Fransa marşalı de
Monmoransinin sözünü
tam hüquqla təkrar
edə bilərdi. Marşala özünün igidlik göstərdiyi qalibiyyətli
Vallano döyüşündən
sonra, təhlükə
yarandığı halda
ölüm barədə
düşünməyin vacib
olduğunu bildirən
dostuna belə cavab verrmişdi: "Mən öz əcdalarımdan öyrənmişəm
ki, daha şərəfli həyat
odur ki, o, qalibiyyətli
döyüş meydanında
başa çatır".
Lakin ağciyərin fəsadı
II Losifi döyüşməkdən
də məhrum etdi və tezliklə
öldürdü.
1789-cu ildə müharibədə
vəziyyət Avstriyanın
xeyrinə dəyişdi,
lakin bu vaxt Prussiyanın yeni kralı II Fridrix Vilhelm, İosifin səhhəti ilə əlaqədar çətin
vəziyyətini görüb,
Türkiyə ilə ittifaq bağladı.
Belçika qiyamçıları və macar kübarları
Bohemiyaya müdaxilə
etməyə hazırlaşdılar.
Böhran böhranın
üstünə gələndə,
vərəmin son səhnəsində
İosif dramatik tam bir dönüş etdi, 1790-cı ilin yanvarında o, demək olar ki, bütün islahatları ləğv etdi, torpaq vergisi
dekretini dayandırdı.
1790-cı ilin fevralında
II İosif öldü.
Onun varisi II Leopold öz böyük qardaşından
daha mülayim adam idi. O, 1765-ci ildən Toskananın Böyük hersoqu olmuşdu, həmçinin
çalışırdı ki, maariflənmiş islahatlar
həyata keçirsin.
Lakin tədricən və
tam taktiki qaydada konstitusiyalı hökumətin
elementlərini tətbiq
etmək istədi.
Yeni vergi qanununu ləğv etdi. Leopold Prussiya ilə məsələləri həll
etdi və Müqəddəs Roma imperatoru
seçilməyə əminlik
qazandı. Bu, Leopolda imkan verdi ki, Belçika və Macarıstan qiyamlarını
yatırtsın.
Leopoldun
nailiyyətləri olduqca
yaxşı idi. Habsburq monarxiyasının
mövqeyi bərpa edildi və islahatların çoxu, xüsusən dinə və təhsilə aid olanlar qorunub saxlandı. O, mətbuatı
yenidən liberallaşdırdı.
Lakin bu vaxt Fransadakı hadisələr
hesabına daxili islahatlar sönməyə
düçar oldu, burada ailə bağlılığı da öz
rolunu oynayırdı.
Fransanın həbs olunmuş kraliçası
Mariya Antuanetta II Leopoldun bacısı idi, həm də
Habsburq ənənəsi
əsasında həmin
nikah yolu ilə iki dövlət arasında ittifaq möhkəmlənmişdi.
II İosif kral kimi çətin vəziyyətdə qaldığına
görə, 1789-cu ildə
əvvəlcədən fransız
inqilabını öz
prinsiplərinin təsdiqi
kimi təbrik etmişdi. II Leopold hətta
1792-ci ildə inqilabi Fransa hakimiyyəti ilə kompromissə getməyə hazırlaşmışdı.
Lakin həmin ilin martında gözlənilməyən
ölümü onun hökmranlıq müddətini
çox qısa etdi. Onun oğlu
II Frants ilə yeni era
başlandı, bu vaxt heç bir islahat həyata
keçirilməmişdi. Fransız
inqilabı tərəfindən
yüyəni buraxılmış
qüvvələrə cavab
vermək Habsburqların
imperativ vəzifəsinə
çevrilmişdi.
II İosif ölüm yatağında olanda o, öz epitafiyasının oxunması göstərişini
verdi: "Burada niyyətləri təmiz olan hökmdar yatır, lakin bədbəxtlikdən, o, özünün
bütün planlarının
süqut etdiyini gördü". Bu, əlbəttə
ki, olduqca radikal iddia idi. Öz
anasının hökmranlığının
nailiyyətləri üzərində
qurulmaqla, İosifin islahatları nəhəng
dəyişikliklərə yol açdı. İlk dəfə olaraq Habsburq monarxiyası fəaliyyət göstərən
bürokratiyaya malik oldu,
onun üzvlərinin sayı 1790-cı illərdə
14 min nəfərə yaxın
idi. Dövlətlə
vətəndaşlar/təbəələr
arasındakı əlaqə
dərin qaydada dəyişdi, dövlət
Monarxiya imicinə
malik olsa da, bu vaxt islahatların mənbəyi "xalqı"
müdafiə edən
kimi görünürdü.
II İosif Habsburq cəmiyyətindəki proqressiv
elementlərə görə
"yaxşı Habsburqa"
çevrildi. İosif
dövlət nəzarətini
və ratsionalizmi vurğulayaraq, həm bürokratiyasında, həm
də katolik ierarxiyasında öz möhkəm mövqeyini saxlayırdı.
II İosifin irsi Habsburq monarxiyasının
sərhədlərindən uzaqlara getdi. Bethovenin "Fidelio" operası
insan azadlığına
həsr olunan böyük həqiqətlərin
ifadəsi idi. O, görkəmli alman bəstəkarı
olsa da, öz ömründəki yaradıcılıq
həyatının çoxunu
Vyanada keçirmişdi.
Hətta onun Bonndakı cavanlığı
da Habsburqdan olan Kölndə elektor olmuş, II İosifin kiçik qardaşı Maksimilian Frantsın rəhbərliyi altında
keçmişdi. Bethoven
Vyanada 1792-ci ildən yaşamağa başlamışdı,
bir il əvvəl burada Motsart vəfat etmişdi. "Fidelio"nu o, 1805-ci ildə
yazmış və
ilk tamaşası Vyanada
göstərilmişdi.
II İosifin həyatı ilə Bethovenin bağlılığı çox
dərin idi. Bethoven hələ Bonnda olanda İllyuminat
Ordeninin varisi, bəstəkara II İosifin
ölümünə həsr
olunmuş kantatanı
yazmağı tapşırmışdı.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2023.- 19 avqust.- S.15.