Kəmalə Ağazadə: "Küçə uşaqları
mənə hücum etmişdilər...
...ONLARDAN BİRİNİN
ANASI ONKOLOJİ XƏSTƏYDİ, O BİRİNİN
İSƏ AİLƏSİ YOX İDİ"
Tanrı
dünyanı xəlq
edəndən bəri
bəşəriyyət adlı
bir varlıq böyüyüb, zamanı
adladıb, müxtəlif
quruluşlardan keçsə
də, inkişafın
zirvəsinə ucalsa
da, yeri-göyü fəth
etsə də, bu gün artıq
texnologiyanın ağıla
gəlməz sahələrini
kəşf etsə də, insanlığın
hər zaman bir həssas nöqtəsi dəyişməz
olaraq qalıb - uşaqlar. O uşaqlar ki, onları görəndə
əhvalımızın ən
pis ovqatında belə, üzümüzə
təbəssüm qonur,
özümüzdə bir
rahatlıq tapırıq.
O uşaqlar ki, həyatın
bütün gözəlliklərinə
layiqdilər. O uşaqlar
ki, ən saf, məsum varlıq olub biz böyüklərin
qayğısına, sevgisinə,
nəvazişinə möhtacdılar.
Amma nə yazıq ki,
bu, həmişə belə olmur. Doğulduğu gündən
arzulanmayan, iki vəhşi xislətin elə vəhşi ehtirasından yaranan, işgəncə görən,
orqan mafiyasının
gəlir mənbəyinə
çevrilən, dilənçiliyə
sövq edilən, ağılları belə
kəsmədən zorlanan,
sığınacaqlarda rahatlıq
tapan, uşaq evlərində böyüyən,
bəlli bir yaşdan sonra çox vaxt taleyin ümidinə buraxılan uşaqlar. Çox incə məqama toxundum, deyilmi? Çünki bu mövzu demək
olar ki, peşə fəaliyyətimin hər
zaman mərkəzində olan
ən ağrılı
nöqtə kimi bu gün də
qalmaqdadır. Bu, tək
bizim deyil, bütün bəşəriyyətin
qaysaq bağlamayan bir yarası olaraq elə qan ağlayacaq. Mövzuya elə belədən qayıtmadım.
Bir müddət öncə
sosial şəbəkələrdə
bir kamera görüntüsü yayıldı.
Bir qadın bir körpəni zibil qutusuna sanki bir tullantı kimi atıb getdi. Neçə gün gündəmi zəbt edən bu görüntülər
araşdırılandan sonra
məlum oldu ki, uşağı dünyaya
gətirən məxluqun
15 yaşı var. Belə
xəbərlər bəlkə
də artıq adiləşib, amma buna adi baxmağı bacarmamışam heç
zaman. Hər dəfə
sosial şəbəkələr
"15 yaşlı ana" yazarkən, özlüyümdə
düşündüm ki, bəs
bu 15 yaşlı
"ana"nın "ana"sı 9 ay hara baxıb?
Faktı diqqətimdə
saxladığımdan izləməkdə
davam edirdim. Və bu əsnada
rastıma kiçik bir müsahibə çıxdı. "Zibil
qutusu beşik ola bilməz" deyən müsahib Kəmalə Ağazadə idi. Onun uşaq və qadın problemləri ilə məşğul olduğunu,
bir sığınacaq
yaradaraq cəmiyyətin
bu ağrılı sahəsində böyük
işlər gördüyünü
bilirdim. Çox düşünmədən onunla
həmsöhbət olmaq
qərarına gəldim.
Beləcə, budəfəki müsahibimiz
"Azərbaycan uşaqları"
İctimai Birliyinin sədri Kəmalə Ağazadədir.
- Narahat dünyanın çox narahat bir yolundasız...
- Mən çox yaxşıyam, işimi çox sevirəm, bu iş mənim
həyat tərzim, yaşam tərzimdir.
- Bu yaşam tərzinə qədər gələn bir başlanğıc...
- Ziyalı bir ailənin ilk övladıyam.
Valideynlərimin hər
ikisi neft mühəndisi olaraq həmişə Vətənə
xidmət ediblər. Daha çox xarici ölkələrdə
işlədikləri üçün
mən ziyalı nənə-baba himayəsində
böyümüşəm. Müəllim ailəsində
yetişdiyimdən gözümü
açandan ətrafımda
gördüyüm kitab-dəftər
olub. Musiqiyə, sənətə ədəbiyyata
olan sevgim böyüdüyüm mühitdən
formalaşıb. Dünyanı
sevməyi babamdan öyrənmişəm, coğrafiya
müəllimi kimi. Onun söhbətlərindən
daha çox kitab üzərindən coğrafi
səyahətlər edərdim
və özlüyümdə
deyərdim ki, böyüyəndən
sonra mütləq ölkələri gəzəcəyəm.
Təbiəti, heyvanları
çox sevmişəm
və mənə həmişə maraqlı
olub ki, görəsən,
başqa ölkələrdə
olan heyvanların rəngi necədir? Bəlkə də bu sevgidi mən
regionları, müxtəlif
ölkələri gəzməyə
aparıb çıxardı.
Bu, təbii ki, mənim
vətəndaş cəmiyyətindəki
fəaliyyətimlə, ixtisasca
rejissor olmağımla
da bağlı olub. Uşaqlıqdan mənim müsbət yönlü bir ortamda böyümüşəm.
Dostlarıma bağlılıq,
ailədə uşaqlara
göstərilən sevgiyə
münasibət, haqsızlığa
qarşı etiraz bu ortamda öz
əksini tapıb. Və yetişdiyim bu mühit mənim
gələcək fəaliyyətimin
təməlini qoyub deyə bilərəm.
- Aildən sonra gələn məktəb...
- Valideynlərimin işi ilə bağlı mən bir neçə
dəfə məktəb
dəyişməli olmuşam.
Onlar hər hansısa bir ölkəyə işləməyə
gedəndə mən də nənə-babama yaxın məktəblərdə
təhsil almalı olurdum. Lakin buna baxmayaraq, həmişə məktəbin
ən fəal şagirdi olmuşam.
İndi düşünürəm ki, bu fəallıq, haqsızlığa qarşı
sözünü deyə
bilmək, əziləni
müdafiə etmək,
ayrı-seçkiliyə yol
verməmək kimi prinsiplərim elə o vaxtlardan başlayıb. Mən o qədər pislikdən uzaq böyümüşdüm ki, heç
kəs də bu xüsusiyyəti görmürdüm. Ta ki bir
hadisə ilə üzləşməyənə qədər.
- Təxmin etmək olar...
- Bəli, olar, çünki onlar həmişə aramıza
daxil olmağı bacarıb. 8-ci sinifdə oxuyurdum. Şərəf lövhəsi üçün
məktəbin bir neçə nümunəvi
şagirdinin şəklini
istəmişdilər. Onların
arasında mən də vardım. Şəklimi verdim, lakin üstündən bir müddət keçəndən sonra şəklimi o lövhədə
görmədim. Dərs
hissə müdiri düşmən tərəfin
nümayəndələrindən idi. Onun otağına
gəlib masanın üstündə öz şəklimi gördüm.
Dedim ki, şərəf
lovhəsində şəklim
yoxdusa, olar onu götürüm? Cavabında dedi ki, yox, bu şəkil
mənim masamın bəzəyi olacaq və bununla da, mənə olan münasibəti dolayısı
yolla bildirə
bildi. Və həyatımda ilk dəfə
olaraq haqsızlıqla
üzləşdim. Şəkli
masanın üstündən
götürərək cırdım
və otaqdan çıxdım. Xırdalıqlara
getmək istəmirəm.
Bircə onu deyə bilərəm ki, bu hərəkətim haqsız, uydurma söz-söhbətlərə gətirib
çıxararaq, nəticədə
məktəbdən getməyimə
və böyük bir travma yaşamağıma
səbəb oldu. Və bu gün
daha çox qız uşaqlarının
müdafiəsində dayanmağımın
səbəbi bəlkə
də elə başlanğıcını ordan
alıb. Mən uşaqları həmişə
sevmişəm və həmişə də onların uğruna çalışmışam.
- Bu sevgiyə baxmayaraq, müəllimə
olmadız...
- Peşə seçimimdə
fərqli istiqamətlər
vardı. Anam deyirdi tibb sahəsinə
gedim. Babam deyirdi ki, coğrafiyanı
mükəmməl bilirsən,
onun yolunu davam edim. Nənəm
istəyirdi ibtidai sinif müəllimi olum. Mən isə incəsənət
universitetini seçdim.
Gözəl müəllimlərdən
dərs aldım. Tələbə yoldaşlarımın
əksəriyyəti bu
gün respublikada fəxri adlar daşıyan tanınmış
mədəniyyət və
incəsənət xadimləridir.
Mən isə yaradıcılığımı uşaqlara həsr etdim. Bu gün əldə etdiyin uğurların çoxu həmin universitetdə formalaşıb. Uşaqlara
sevgimin sərhədi heç vaxt olmayıb. Arzuladım ki, uşaq teatrı yaradım - yaratdım. Bir
rəqs kollektivi istədim, onu da yaratdım. Get-gedə pedaqogikaya olan güclü marağım
ikinci təhsil almağımla nəticələndi.
İbtidai təhsilin metodikası ixtisasına yiyələndim, çünki
qarşıma mütləq
uşaqlarla işləmək
kimi bir vəzifə qoymuşdum.
- Amma bugünkü işinizdən
fərqli bir vəzifə...
- Ağır 90-cı illəri
yaşayırdıq. Rejissor
işləyirdim, yaratdığımız
teatrda tamaşalar qoyurduq, tamaşalarda özüm də rollarda oynayırdım, uşaqlar üçün
Yeni İl şənlikləri, Novruz bayramı tədbirləri düşünürdüm
ki, bizim də bir qatqımız olsun, eyni zamanda
da dolanışığımızı təmin edək. Lakin məni
bugünkü işə,
uşaq təşkilatına
gətirən səbəblərdən
biri məcburi köçkünlər oldu.
İlk dəfə çadır
şəhərciyinə tamaşa
aparmışdım. Tamaşanın
aktyorları hamısı
uşaqlar idi və mən bu tamaşanı izləyən əlindən
uşaqlığı alınan,
üzündən-gözündən ağrı-acı, iztirab dolu bir məsumluq
yağan uşaqları
görəndə, artıq
gözümdə heç
bir tamaşa, tədbir qalmadı. Artıq qayıdanda yolboyu ancaq bir
sual ətrafında düşünürdüm. Mən
bu uşaqlar üçün nə edə bilərəm?
1997-ci ildə indiki təşkilata sədr seçildim. Bu uşaqların
intellektini, dünyagörüşünü
artırmaq, onları faciənin qurbanlarına çevrilməkdən qorumaq
lazım idi. Müxtəlif inşa müsabiqələri təşkil
etdik, onları yarışlara cəlb etmək kimi işlərə başladıq.
Və mən təcrübəmə əsasən
deyə bilərəm
ki, bu ailələrin içində çətin
tərbiyə olunan uşaqlara çox az rast gəldim.
Hansı ki, bu uşaqların həyatı
qaralmış, uşaqlıqları
qorxulu bir yuxu kimi onları
izləmiş, faciələr
yaşamışdılar. Ona görə də bu ailələrin ayaqda qalması üçün əlimdən
gələn hər şeyi etdim. Təxminən 2000-ci ilə
qədər.
- Və istiqamət dəyişdi...
- Bəli, dəyişdi, çünki artıq çadır şəhərcikləri
yox idi. Məcburi köçkünlər
və qaçqınlar
mənzillərlə təmin
olunurdu, dövlət onların qayğısına
kifayət qədər
diqqət göstərirdi.
Mən də istiqamətimi böyük
şəhərlərdə formalaşan küçə
uşaqlarına yönəltdim.
Bilirsiniz, o zaman təşkilatın
nəyi vardı? Birotaqlı balaca ofisi, iki kompüteri
və iki işçisi. Bax, bu tərkibdə böyük orduya çevrilmiş küçə
uşaqları ilə
işləməyə başladıq.
Bu işə qoşulmağımım
bir səbəbi də vardı: həmin bu küçə
uşaqları məni
döymüşdülər.
- Maraqlı etiraf...
- Bunu heç vaxt gizlətməmişəm.
O zaman rejissor işləyirdim
və kütləvi tədbirləri əsasən
mən hazırlayırdım.
Həmin tədbirlər
də atəşfəşanlığa
qədər davam etdiyindən gec bitirdi. Belə tədbirlərin birindən
yorğun-arğın qayıdırdım.
Çox gec idi və evə
təxminən 600 metr
qalmış arxadan çantamı almaq üçün mənə
iki nəfər hücum etdi. Çantamda da təşkilatın
möhürü, iki manat pul və
balaca bir telefon vardı. Məni möhkəm döydülər. Çantamı
bərk qucaqladığımdan
məndən əl çəkmirdilər. Xeyli
müddət xəstəxanada
yatdım, xəsarətim
çox idi. Həmin o iki uşağı tapmışdılar.
Xəstəxanada mənim
ifadəmi almaq istəyəndə dedim
ki, onları görməyincə
izahat verməyəcəyəm,
çünki hiss etmişdim
ki, aldığım zərbələr
böyük adamın
gücündə deyil.
Qarşıma 16-17 yaşlarında
iki yeniyetmə gətirdilər. Onları
araşdırmağa başladım.
Evlərinə getdim. Birinin anası onkoloji xəstə, digərinin ümumiyyətlə
ailəsi yox idi. Ailəsini soruşanda dedi ki, gözümü açandan
boruların üstündə
böyümüşəm. Məhz bu iki
uşaq bizim ilk benefitsarlarımız oldu və işə belə başladıq. O iki yeniyetmə yüzlərlə
küçə uşağını
bizim təşkilata gətirdi. Onların tibbi, hüquqi, sosial, psixoloji problemlərinin araşdırılması
istiqamətində iş
apardıq, UNİCEF-in küçə
uşaqları ilə
bağlı hesabatını
hazırladıq və
dövlətə təqdim
etdik. Bizim databeysdə onların sayı 7000 nəfərə
çıxdı, əksəriyyəti
də oğlanlar. Bu gün isə bu say 200-300 arasındadır.
Dövlət bu istiqamətdə çox böyük işlər gördü. Aşkar etdiyimiz uşaqların sənədlərinin bərpası,
psixoloji yardımlar, ailələrinə qaytarılması,
təhsilə cəlb
edilməsində ciddi
işlər həyata
keçirildi. Amma böyük
problem onda idi ki, gələn uşaqla saat 8-9-a qədər məşğul olmaq imkanımız vardı. Ondan sonra isə
uşağı yenə
də küçəyə
göndərirdik. Bu baxımdan
2006-cı ildə günərzi
mərkəzi yaratdıq,
onun ardınca da sığınacaq. Əvvəl
iki, daha sonra üçotaqlı sığınacaqda ən
ağır, ən çətin, 16-17 yaşlı
yeniyetmələri idarə
etmək özlərindən
də çətin idi. Lakin biz bunu bacardıq. Və bu gün böyük
nüfuzu olan bir sığınacaq kimi bizi hamı
tanıyır. Gördüyümüz
işlər, uşaq və qadınların müdafiəsinə xidmət
edir. Ən böyük arzum bu uşaqlar üçün tam təminatlı
bir sığınacaq
binasının olmasıdır.
Çünki bura pənah gətirən uşaqlar həyatımın
bir parçasıdır.
Əslində onlar mənə yox, mən onlara sığınmışam.
SÖZARDI:
Kəmalə xanımla
xeyli söhbət etdik. Eşitdiklərimin əksəriyyətini qələmə
ala bilmədim. İstədim
ki, duyduqlarım elə
orada da qalsın. Çoxuşaqlı bir ailə təsiri bağışlayan bu sığınacaqda isti yemək də var, əyləncə də
var, gəzintiyə getmək
də. Hər səhər nəzarət
altında dərsə
gedən uşaqlar da
var, çox erkən yaşından həyatı
qaralsa da, gələcəyə
ümidlə baxan da
var. Və onlar hamısı tək bir insana sığınıb.
O insana ki, ən çətin məqamda onlara sahib çıxaraq,
qoynunda hər birinə yer ayıra bilib. Arzu edək ki, hər dünyaya gələn uşaq öz isti ocağında,
öz isti ana qucağında hüzur taparaq xoşbəxt böyüsün.
Tamilla M-zadə
525-ci qəzet.- 2023.- 19 avqust.- S.13.