Qələmsiz yazılanlar

status-esselər

 

Sərhədçilərimizin Meşəli qatili Vaqif Çerkezoviç Xaçaturyanı həbs etməsi insanlarımızın ilahi ədalətə inamının bərpasının növbəti təzahürüdür.

Cənab Prezidentin "Xocalı qatilləri biz sizi məğlub etmişik" sözləri bu inamın ilk işartılarıydı.

"Allah bu zülmü yerdə qoymaz" - deyən xocalılıların, meşəlililərin, soyqırıma məruz qalmış bütün həmvətənlərimizin ahının yerdə qalmadığının təskinliyidi Xaçaturyanın həbsi.

19 tır "humanitar yardım"ın üzü, mahiyyətidir!

Bütün qatil cinayətkarları belə bir günün gözlədiyinə əminlikdir Xaçaturyanın həbsi!

 

lll

 

Sosial şəbəkələrdə "Qarabağ" futbol klubunun rəhbərliyinə, baş məşqçi Qurban Qurbanova futbolçulara qarşı səslənən bəzi fikirlər qəbuledilməzdir. Komandanın məğlubiyyətindən doğan məyusluğu başa düşürəm, ancaq görürsən ki, media rəhbərləri, daha məsuliyyətli olmalı adamlar belə həddən artıq emosional, bəzən təhqirə yol verəcək ifadələr işlədirlər. Bu, cəmiyyətdə əlavə məyusluq yaradır. Çox arzulayardım ki, sosial şəbəkə istifadəçiləri, eyni zamanda bu müstəvidə aktivlik göstərən jurnalistlər soyuqqanlı, səbrli ədalətli olsunlar, ani hisslərini hirslərini o dəqiqə statusa çevirib yaymasınlar, məsuliyyət hiss etsinlər.

 

lll

 

Media savadlılığı həm hər yazılana, deyilənə skeptik yanaşmaq, o dəqiqə emosional reaksiya verməmək, təmkinli soyuqqanlı davranmaqdır. Nəzərə almaq lazımdır ki, indi sosial mediada bizi hövsələdən çıxarmaq istəyən, yanlış yönləndirmək məqsədi güdən qüvvələr mövcuddur biz heç bir halda onlara "yem olmalı" deyilik.

lll

 

Havanın hədsiz istiliyindənmi, ya nədəndirsə, son günlər sosial şəbəkələr, elə onların ən təmkinlisi feysbuk da çox qəddar amansız olub. Bir damcı məsuliyyət, soyuq ağıl, normal düşüncə, həssaslıq, mərhəmət, empati duyğusu qalmayıb.

Hamı ancaq kin, nifrət üstə köklənib ölkənin dəyərli adamlarını aşağılamağa, təhqir etməyə fürsət gəzir.

Aşağılıq duyğusudurmu, kompleksdirmi, uğursuzluqdan doğan hikkədirmi bu?! Bir belə xılt, qərəz, qəzəb hardandır?

Qurban Qurbanov, Məleykə Abbaszadə, Rasim Balayev, Ramiz Rövşən... Yalnız son bir neçə gündə sosial şəbəkə xurafatına hədəf olan, aqressiyaya tuş gələn insanlarımızdır bunlar. Bu insanların hər biri öz sahəsində böyük xidmətlər göstərən, ehtirama hətta təzimə layiq şəxsiyyətlərdir. Belə dəyərləri aşağılamaqdan necə zövq almaq olar?! Necə özünə rəva görüb, haqqın çatdı-çatmadı, ünvanlarına hərzə-hədyan demək olar?!

Hansı mənəvi keyfiyyətlərə sahib olmalısan ki, belə dəyərləri aşağılayasan?!

Obyektiv mövqeli, ağıllı insanların haqlı etirazları bu axının içində sısqa zəif təsir bağışlayır.

Sosial medianın, burada hər an içinin xıltını tökən insanların durulmağa, təmizlənməyə, normal düşüncə məcrasına dönməyə ehtiyacı var.

Sosial media ictimai məkandır, burda fəaliyyət mənəvi ölçülər, məsuliyyət ən azı elementar mədəniyyət tələb edir. Gərək bunu unutmayaq!

 

lll

 

Videogörüntüsünü izlədiyim bir səhnədə ən ibrətamiz, ən təsirləndirən məqam Günelin xəstəhal, fiziki cəhətdən zəif ustadının - İbrahim Tatlısəsin başının üstündə dayanıb, ona baxaraq, ruh verərək ürəkdən, içdən oxuması idi. Bir daha əmin oldum, dünyada minnətdarlıq, vəfa, etibar duyğusunu əvəzləyəcək, üstələyəcək hisslər azdır, çox azdır.

Ötən əsrin məşum 90-cı illərini xatırladım. İşğal olunan doğma yurd, viran qalan evlər, didərgin düşən ailələr. Belə ailələrdən birini - Zeynalovlar ailəsini Ağdamda hamı musiqiçilər ailəsi kimi tanıyırdı. Ailənin başçısı Yelmar kişi qarmonçalan idi. Neçə oğlu vardı, hamısı da bir aləti mənimsəmişdi. Onlardan biri ilə - Azərlə bir sinifdə oxuyurduq, buna görə ailəni , qardaşlarını da yaxşı tanıyırdım. Vaxtilə bu ailənin üzvlərinin Ağdamın "Şur", "Qarabağ bülbülləri" kimi məşhur ansamblları ilə SSRİ-nin ən müxtəlif şəhərlərində, paytaxt Moskvada - Kremlin Qurultaylar Sarayında iştirakını görmüşdük.

O illər arxada qalmış, o ölkə dağılmış, o doğma şəhər viran edilmiş, əhalisi köçkün düşmüşdü.

birdən... İbrahim Tatlısəsin məşhur şousunda duyğulandıran, kövrəldən, təsirləndirən bir səhnə. İbrahim Tatlısəs öz şousunda balaca Güneli tamaşaçılara təqdim edir, ifasını tərifləyib haqqında xoş fikirlər söyləyir, zalda əyləşən ata-anasından danışır, hətta Günelin atası Rəhmanın necə gözəl xaş - kəllə-paça bişirdiyini deyir, bu musiqiçi ailəsindən söz açır, Ağdamı yada salır. Elə o gündən Günel - Azəri qızı Günel məşhurlaşmağa başlayır.

İndi telejurnalist Rövşanə Ağasəfqızının İstanbuldakı konsertdən feysbuk səhifəsində paylaşdığı videonu görəndə həm təsirləndim, həm minnətdarlıq duyğusuna, vəfa etibarına görə Günelə rəğbətim bir xeyli artdı. bu izaholunmaz hisslərin təsiri ilə gözlərimin önündə yenidən qurulan modern Ağdamı, orada tikiləcək dəbdəbəli musiqi salonlarını, gözəl ənənələrin bərpasını, zəngin muğam-musiqi ənənələrinə malik o möhtəşəm şəhərdə beynəlxalq musiqi festivallarının keçiriləcəyi günləri canlandırdım.

lll

Naxçıvanda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi şərəfinə Diaspor gənclərinin IV Yay düşərgəsinin təşkili çox mühüm bir hadisədir. Bu münasibətlə Naxçıvana dünyanın 50 ölkəsindən 117 nəfər diaspor gəncinin gəlməsi, onların burada bir həftə müxtəlif müzakirələrdə iştirak edərək, Ümummilli liderin doğulub-böyüdüyü qədim diyarın görməli yerləri, tarixi abidələri, fərqli aurası, ab-havası ilə tanış olmaları böyük məna kəsb edir.

Düşərgənin ilk paneli Heydər Əliyevin keçdiyi qeyri-adi ömür yolu haqqında Azərbaycanın dövlət xadimlərinin, tanınmış ziyalıların çıxışları ilə yadda qaldı. Görkəmli dövlət adamı Həsən Həsənovun mühüm faktlarla, səmimi sistemli şəkildə Heydər Əliyevin sovet dövründəki fəaliyyətinə nəzər salması dərindən düşünmək baxımından tədbirdə iştirak edən gənclər üçün böyük ustad dərsi oldu. Eyni zamanda görkəmli alimlərimiz - professor Vilayət Quliyev akademik Rafael Hüseynov Ümummilli liderin fəaliyyətinin müxtəlif istiqamətləri barədə çıxışlar etdilər. Gənclərin onları çox diqqətlə dinləmələri həm mövzuya, həm bu dəyərli insanların xatirələrinə ciddi maraqdan xəbər verirdi.

Növbəti paneldə media rəhbərlərinin gənclərlə debatı, indi Azərbaycan diasporunun qarşısında duran məsələlər, medianın öhdəsinə düşən vəzifələr barədə müzakirələr qaynar maraqlı keçdi. Sosial medianın geniş vüsət aldığı indiki şəraitdə diaspor gənclərinin informasiya müharibəsini necə görmələri, yaşadıqları ölkələrdə Azərbaycanın təbliği, öz sahələrində peşəkarlığı artırmalarının vacibliyi barədə fikir mübadilələri ilə, faydalı polemikalarla yadda qaldı.

İnanıram ki, yeni panellər maraqlı ekskursiyalarla bir həftə davam edəcək Düşərgə unudulmaz, təkrarsız səhifəyə çevriləcək, diaspor gənclərinin gələcək həyat yollarında düşüncə aləmində parlaq izlər buraxacaq.

Bizim birgünlük Naxçıvan səfərimiz zəngin təəssüratlarla dolu oldu. Diasporla üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun diasporumuzun real vəziyyəti, gənclərin Yay düşərgələrinin əhəmiyyəti nəticələri, həmçinin digər məsələlər barədə fikirləri, sadaladığı faktlar nikbinliklə bədbinliyin vəhdətindən ibarət bir ovqat yaratdı, ancaq ümumən ümid aşıladı xoş duyğularla yaddaşımıza həkk olundu.

Həsən Həsənovun debatda debatdan kənarda söylədiyi xatirələr isə heç yaddan çıxası deyil. Bu birgünlük, amma dopdolu səfərin, o debatın, bütövlükdə belə bir Yay düşərgəsinin təşkilinə görə minnətdarlıq, zənnimcə, təşkilatçıların halal haqqıdır.

lll

Dəqiq deyilib: acgözlük hərislik çox bəlaların baiskarıdır...

lll

Xunta rejiminin girovundakı sağlam düşüncəli etnik erməniləri - Azərbaycan qanunları ilə yaşamaq istəyən sadə vətəndaşlarımızı necə xilas etməli?

BMT Təhlükəsizlik Şurasının iclasından sonra bu sual daha da aktuallaşıb.

 

Rəşad MƏCİD

"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

525-ci qəzet.- 2023.- 19 avqust.- S.11.