KİMSƏNİN CAVAB VERƏ
BİLMƏYƏCƏYİ SUALLAR
Tale ona tarixinki olmaq
qismətini yazıbmış.
Vətən tarixinin hadisələrlə, tarixüstü
və tarixaltı cərəyanlarla dolu mürəkkəb bir dövründə yaşadı.
İlk gəncliyindən ömrünün
sonunadək alnına tarixdə qalmaq yazılmış neçə
qiymətli insanla təmasda oldu. Daha vacibi - tarix
həm də onu seçmişdi. O, sadəcə içərisindən
böyük insanların
keçdiyi və əslində tarix üçün qısa bir zaman kəsiyindən ötrü dramatik hadisələrlə həddən
çox zəngin onillərin milyonlarla iştirakçısından biri
olmadı. Özü də həmin tarixin qurucularından, yönəldicilərindən birinə
çevrildi.
Bu ömrə və bu yola adamından,
qiymətvericisindən asılı
olaraq zaman ötdükcə
münasibət dəyişə,
tam fərqli ola bilər.
Heç gələcəyi
gözləmədən, bugünün
özündə də
bu, müşahidə
edilməkdədir. Ancaq
bir danılmaz həqiqət var. O, daha heç vaxt unudulmayacaq, həmişə
anılacaq, həm də sadəcə hərdən-hərdən uzaq
xatirə kimi yada düşməyəcək. Tarixin
bir ayrılmaz parçasına çevrildiyindən,
dünənə qayıdıldıqca
həmişə hafizənin
üst qatında görünəcək. Heydər
Əliyev bu qismətini özü də öncədən görürdü, ona görə də "Mən Azərbaycanda həmişə olacağam"
deyirdi.
Tarix dəyişmişləri tarixdən
silmək sadə insanların gücündə
deyil. Heydər Əliyev öz ömrü içərisində
bunun sübutlarına
dəfələrlə şahid
kəsilmişdi. Ömrün
üçdəbirinə qədərini
dövlətin məxfi
xidmət şəbəkəsində
çalışdı. Həyatının
növbəti üçdəbirinə
yaxın hissəsini də dövlətin birincisi, ya birinciləri
cərgəsində oldu.
Bunu da lap yaxın məsafədən gördü
ki, hətta dövlət
kimi, qüdrət də nəsibində tarixdə qalmaq olanı tarixdən silmək gücündə
deyil. Cəhd edə bilər, amma geci-tezi var, tarixinki olan, qalmalı olan hökmən qayıdır.
Sovet siyasi repressiyalarının qanlı
səhifələrinə başqa
sadəömürlülərdən
qat-qat artıq agah idi. Onminlərlə, yüzminlərlə insan yalnız məhv edilmədi, onları birdəfəlik yaddaşlardan
yox etmək qəsdinə də düşüldü. Alınmadı,
məhv edənlər
özləri getdi, onlar qayıtdılar. Şahidi oldu ki, xidmət etdiyi dövlətin bütə
çevrilmiş öndərlərini
də, elə onların özlərinin bir vaxtlar etdiyi
kimi, yox etmək istəyirlər. Heykəllərini uçururlar,
hətta onları məzardan çıxarırlar.
Onlara qarşı adamların edə biləcəyi qədər
edirlər. Lakin tarix bunlara məhəl qoymur. Onunku olanları özüylə
birgə yaşadır.
XXI yüzilin başlanğıcında,
böyük Heydər
Əliyevlə əbədi
ayrılıqdan 3 il keçərkən
hərəsi elə sağkən tarixləşmiş
dörd tanınmış
Azərbaycan alimi ilə milyonlarla insanın qarşısında
- Azərbaycan televiziyasında
bu mətləblər
barədə düşüncə
bölüşürdük. Heydər Əliyevi anırdıq, ancaq istər-istəməz sözümüzün
əvvəlində tarixin
özü dayanmışdı
və Heydər Əliyev də bizə "qoşulmuşdu",
o da elə həmin yüksək mətləblərdən
bəhs edirdi, görünüşü ilə,
səsi ilə, elə hər birimiz kimi, yanımızdaydı,
tarixin olanların tarixlə daimilik qaldıqlarını ən
azı bununla növbəti dəfə isbat edirdi. Həmin
sözləri vaxtilə
Azərbaycanın əksər
tanınmış alimlərinin
qatıldığı bir
müşavirədə söyləmişdi,
sanki indi qayıdıb bizə təkrarən deyirdi. Gileylənirdi ki, tariximiz hələ gərəyincə
yazılmayıb. Əlbəttə
ki, düz deyirdi. Nə bütöv Vətən tariximiz, nə də onun seçkin insanlarının tarixi indiyədək dolğunluğu,
bütövlüyü ilə
yazılıb. Bunlar yazılmadıqca isə dünən həmişə
əslində olduğundan
daha uzaq, daha dumanlı görünür. Tarixin olan, tarix qurucusu
bir insan tarixin dəyərini söz yox ki, sadə insanlardan daha çox bilər: "Bizim tariximiz istənilən səviyyədə yazılmayıb.
Həm qədim tariximiz, həm orta əsrlər tarixi, həm son dövr, yəni XVIII, XIX,
XX əsrlər tarixi.
Tarixçilərin yadındadır,
mən dəfələrlə
onlarla görüşlərimdə
bununla bağlı narahatlığımı bildirirdim.
O vaxt Sovetlər İttifaqı çərçivəsində
olan başqa respublikalarla öz işimizi müqayisə edirdik ki, filan respublika hansı işi nə cür gördülər,
biz onlardan yaxşımı
etdik, yaxud da geridə qalırıq. Və başqa respublikaların tarixçilərinin
işləri ilə tanış olarkən mən daha da narahat olurdum ki, nə üçün onlar öz tarixlərini
yaxşı yaza biliblər, biz yaza bilmirik. Ola bilər bir tərəfdən Sovetlər İttifaqında
olan rejim buna imkan vermirdi. Ancaq eyni zamanda
bizim özümüzün
sərəncamımızda olan mənbələrdən
də biz lazımi qədər istifadə edə bilmirdik. Əgər biz istəyiriksə
Azərbaycanı bir müstəqil dövlət
kimi dünyaya yaxşı tanıdaq, Azərbaycanın qədim
tarixini, Azərbaycanın
əsrlər boyu keçdiyi yolu gərək biz həm öz vətəndaşlarımıza,
həm də bütün başqa ölkələrdə olan
elm adamlarına, bizim respublikaya maraq göstərən insanlara
tanıdaq. Bunun üçün
də bizim tarixçilərimiz üzərinə
çox böyük vəzifə, böyük
məsuliyyət düşür.
Tarixçilərimiz üçün
bütün şəraitləri
yaratmağa mən hazıram, ancaq bir şərtlə ki, bu şəraitlərin əvəzində biz tarixçilərimizdən,
Azərbaycan tarixini bu gün gələcək
nəsillərdən ötrü
və bütün gələcək üçün
yaxşı əks etdirən əsərlər
alaq. Bu, bizə çox lazımdır".
Tarix yaddaşdır - torpağın,
torpağın üstündəki
abidələrin, bu torpağın üzərində
yaşayan millətin,
o millətin sahibi olduğu ölkənin yaddaşı. Tarixin hafizəsində həmişə
yaşayacaq böyük
tarix adamı Heydər Əliyevin bir əli həmişə
uzaq tariximizdə oldu, nəzərləri həmişə sabahlara, gələcəyimizə dikildi.
XIII yüzilin dahi Azərbaycan alimi Xacə Nəsirəddin Tusi söyləyirdi ki, yer üstündə rahat yaşamaq üçün göy üzünü yaxşı
bilmək lazımdır.
Böyük alimin o sözlərini ayrı bir səslənişdə
də işlətmək
mümkündür: Gələcək
içərisində rahat
yaşamaq üçün
keçmişi yaxşı
bilmək lazımdır.
Tarixi sevən, özü də bir tarix
qurucusu olan Heydər Əliyev ən əvvəl millətinin sabahlar içində, gələcək
qoynunda xoşbəxt,
rahat, rifah içərisində yaşamasına
çalışdı. Ona görə tarixi sevdi, ona görə
tarixi qorudu, ona görə yeni bir tarix qurmağa
müvəffəq oldu.
Millət
özünü tanıyanda
güclü olur. Xalq özünü dərk edəndə qüdrət qazanır. Böyük dövlət adamı Heydər Əliyev bu həqiqəti hər zaman
duyurdu və ömrü boyu da çalışdı ki, millətimiz
özünü daha yaxşı tanısın,
ömrü boyu çalışdı ki, xalqımız
özünü daha artıq dərk etsin. Millətin özünü yaxşı
tanıması və bununla güc qazanması, xalqın özünü daha artıq dərk etməsi və bununla daha artıq
inam qazanması isə bilgidən - öz keçmişinə,
əslinə, kökünə
gərəyincə aşina
olmaqdan, tarixi yolunun təfərrüatlarına
bələd olmaqdan keçir. Tarixçilik Heydər Əliyevin cövhərində idi. Bütün yaxşı-yamanı,
ağı-qarası ilə
sadə insanlardan daha yaxşı tanıdığı tarixi
o sevirdi və millətin tarixi yolunu dərindən bildiyindən ölkəni
də rahat idarə eləyə, millətin və yurdun gələcəyini də öncədən görə bilirdi. Millətin və ölkənin gələcəyini
görə bilməksə,
mütləq tarix içərisində keçilən
yolun təfərrüatlarına
aydınlığıyla bələd
olmaqdan başlanır.
Heydər Əliyev çox oxumağı, bol məlumat almağı sevən, öyrəndiyi hadisələrin
dərininə nüfuz
etməyi bacaran bir şəxsiyyət idi. Və onun
düşüncələrindəki Azərbaycan, yəqin ki, tarix kitablarımızda əks olunandan daha möhtəşəm
idi. Heydər Əliyevin ömür boyu da istəyi bundan ibarət idi ki, tariximiz dərsliklərimizdə, elmi
araşdırmalarımızda olduğu möhtəşəmlikdə
əksini tapsın.
2006-cı ilin dekabrında
üz-üzə əyləşərək
bir-birinin sözünə
qüvvət verə-verə
Heydər Əliyev haqda düşünən
dörd alimimizin heç biri bu gün həyatda
deyil. Tarix elmləri doktoru, Milli Elmlər Akademiyasının
müxbir üzvü Məşədixanım Nemət
ömrünü epiqrafikaya
həsr etmiş nadir bir alim idi. İlk gənclik illərindən
əski daşlarımız
üzərindəki tarixçələrimizi
aşkarlayaraq gələcəyə
ötürmək səmtində
hansı şövqlə
çalışmışdısa, eyni səriştə və həvəslə həmin sevimli işini sonacan davam etdirdi. Məşədixanım Nemət
sadəcə yaxşı
yox, fədakar bir alim idi. Həmingünkü
digər həmsöhbətimiz
elmlər doktoru, müxbir üzv Vəli Əliyev Azərbaycan tarixinin daha qədim çağlarını araşdıran
arxeoloq idi. Onlar kimi Milli Elmlər Akademiyasının
müxbir üzvü,
tarix elmləri doktoru, professor olan Oqtay Əfəndiyevsə hələ sovet dönəmində, lap yumşaq
ifadə edilərsə,
bu məsələlərin
söylənməsinin kifayət
qədər məsləhət
olmadığı əyyamlarda
Azərbaycan milli tarixinin
çox vacib bir parçasını - Səfəvilər dövrünü
araşdırmış, Azərbaycan
Səfəvi dövlətinin
tarixi ilə bağlı çox qiymətli araşdırmalar
aparmış, dəyərli
monoqrafiyalar ortaya qoymuşdu. Yazıçı
Anar bibisi oğlu Oqtay Əfəndiyev haqqında
yarızarafat-yarıciddi, amma
bir doğrunun ifadəsi olan söz deyirdi ki, mən tariximizin 100 ilindən arxayınam. Çünki Oqtayın Səfəvilər dövrünü
əvvəldən-sonacan ömrü
boyu vicdanla, peşəkarlıqla və
sevgiylə araşdırdığını
bilirəm.
Ogünkü Heydər Əliyev
axşamımızın digə
r bir qonağı həyatını öndərin
də yaxşı bildiyi və sevdiyi arxiv işinə
həsr etmiş, tarix elmləri doktoru, professor, o çağlar
artıq 15 ildən çox Azərbaycan Milli Arxiv İdarəsinə rəhbərlik edən Ataxan Paşayev idi.
Aramızda Heydər Əliyevi
hamıdan daha əvvəldən tanıyan,
tarixin də daha qədim dövrləri ilə məşğul olan Vəli müəllim sözü ilk başlayaraq
diqqəti Heydər Əliyevin mühüm bir tarixçilik məziyyətinə, tarixin
siyasəti və fəlsəfəsini başqalarından,
hətta bu sahənin alimlərindən
daha həssaslıqla duymasına yönəltmişdi.
Söyləmişdi ki, Heydər
Əliyev milli keçmişimizin
elə həssas nöqtələrindən yapışırdı,
mütəxəssisləri elə önəmli məqamlara yönəldirdi
ki, bəzən alimlərimiz
bu mövzulara müraciət etməyə
ya tərəddüd keçirər, ya da sadəcə belə ümdə məsələlərin
olduğunu bilsələr
də, işə girişməyi unudardılar.
Heydər Əliyev tarixçilərin bir çox tarixi gerçəklərə gözünü
açmağı bacarırdı.
Vəli
müəllim Heydər
Əliyevi tələbəlik
illərindən tanıyırdı,
deyirdi ki, Azərbaycan
Dövlət Universitetinin
Tarix fakültəsində
paralel təhsil alıblar: "Bizimlə oxuyan, müharibə illərində həyat yolu keçmiş bir nəfər vardı. O, Heydər Əliyevi yaxşı tanıyırdı. Bizə
də o söyləmişdi
ki, bu cavan oğlan Heydər Əliyevdir, təhlükəsizlik
sistemində işləyir,
iti zəkası var.
Belə
uzaqdan-uzağa tanıyırdıq,
salamlaşırdıq, ancaq
şəxsi tanışlığımız
yox idi. Universiteti 1959-cu ildə bitirdikdən sonra elm yolu ilə getməyə
qərar verdim. 1969-cu ildə Heydər Əliyev Azərbaycan Mərkəzi Komitəsinin
katibi seçiləndən
az sonra "Azərbaycan maddi-mədəniyyət
abidələrinin yenidən
siyahıya alınması,
tədqiqi, bərpası
və təbliği"
adlı xüsusi bir sərəncam imzaladı. Mən gənc idim, xalqımın tarixini sevən bir övlad kimi belə bir qərarın
verilməsinə çox
sevindim. Axı Sovetlər dövründə
biz SSRİ tarixi oxuyurduq,
əsasən rus tarixi idi. Azərbaycan
tarixinə bir o qədər də yer verilməzdi. Ali məktəbdə də, orta məktəbdə də cüzi saatlar ayırılardı.
Dünya, Avropa xalqlarının tarixini öyrənirdik, amma öz xalqımızın
tarixinin nə dərinliklərini, nə
ortasını, nə
də müasirini bilirdik. Bu baxımdan Heydər Əliyevin həmin addımı oyadıcı, təkanverici
kimi həmin dövrdə elə bil hamını silkələdi".
Görkəmli alimin bu müşahidəsinin izi ilə dünənlərə
qayıdaraq artıq elə 1970-1980-ci illərdə
milli tariximizə aid yazılıb
nəşr edilmiş
əsərləri arasanız,
daha köhnə illərlə müqayisə
aparsanız, görəcəksiniz
ki, sıra birdən-birə
necə sürətlə
sıxlaşmağa başlayıb.
Heydər Əliyev tarixi sevirdi, ixtisasca tarixçi idi, bu, öz
yerində. Ancaq o, ən əvvəl dövlət başçısı,
siyasət adamı idi. Dövlətə rəhbərlik edən şəxs, güclü siyasət adamı isə hər hansı məsələyə
müdaxilə edəndə
lap başdan burada siyasət aramaq, sual qoymaq lazımdır:
niyə, nə məqsədlə belə
edir?
Heydər
Əliyev respublikaya rəhbərliyə başlayarkən
Azərbaycan bir çox iqtisadi göstəricilər üzrə
Sovet İttifaqında
aşağı yerlərdəydi,
təxirsiz həllini gözləyən yüz cür sıxıntı vardı və həmin darmacalda bəlkə də maddi-mədəniyyət abidələrinə
xüsusi diqqət ayırmaq ən sonda yada düşə bilən işlərdən
olmalı idi. Ancaq Azərbaycan rəhbərliyinə DTK-dan gəlmiş
Heydər Əliyev o idarənin sirburaxmaz divarları arxasında hələ 1950-ci illərdən
xəbərdar olmuşdu
ki, erməniçilik onun
Vətəninə və
millətinə qarşı
hansı uzağınişanalan
məkrlərə əl
atır, həmin sırada isə maddi-mədəniyyət abidələrimiz
heç də qarı düşmənin
son hədəflərindən deyil.
Mərhum
Vəli müəllim
o axşam bir daha bu suala
cavab gəzirdi ki, belə bir sərəncam
hazırlamaq fikri haradan doğdu, bunca cəsarət haradan gəldi? Axı o vaxt bunu başqa respublikalar edə bilmirdi". Və sualına da cavabı elə özü verirdi: "Heydər Əliyev hakimiyyətə
gələndə bütün
sahələrə diqqət
yetirdiyi kimi, Azərbaycanda maddi mədəniyyət abidələrinə
baxışın ona qədər necə olması ilə maraqlanır. Baxır ki, Nazirlər Sovetinin təsdiqi ilə tərtib olunmuş balaca bir kitabça
var, çox olsa, 20-30
səhifəlik broşür.
Orada Azərbaycanın
bir neçə yüz abidəsinin adı vardı. Hamısı da yerüstü
abidələr. Təsəvvürə
gətirin ki, Naxçıvan
kimi bir yerdə cəmi otuz neçə abidənin adı qeyd olunmuşdu. Təbii ki, millətini sevən, tarixini sevən, maddi-mənəvi
mədəniyyətinə dəyər
verən şəxsiyyət
bu hala dözə
bilməzdi. Digər tərəfdən, Heydər
Əliyevə də, elə elmi dairələrdə
bizə də bəlli idi ki, Azərbaycanın müxtəlif
yerlərindən ermənilər
ayrı-ayrı abidələrimizi,
daş heykəlləri,
yazılı daşları
oğurlayıb aparırlar.
Şübhəsiz ki, bütün
abidələrin qeydiyyatda
olmadığı bir
şəraitdə belə
çırpışdırmalar erməni kimi peşəkar tarix oğrularının əlində
su içmək qədər asan iş idi. O vaxt həmin sərəncamdan sonra Heydər Əliyevin tapşırığı ilə
bölgələr üzrə
komissiyalar yaradıldı.
Qarabağ zonası bir, Böyük Qafqaz iki, Naxçıvan
üç və digər regionlar. Xalq Nəzarət Komitəsinə də ayrıca göstəriş
verilmişdi ki, işlərin
necə aparılmasını
diqqətdə saxlasın.
Heydər Əliyev dedi, qurtardı, məsələ dəqiq olmalıdır, çünki
yoxlayacaqdı, doğrudan
da belə oldu. Mənim də daxil olduğum üç nəfərlik
qrupa maddi-mədəniyyət
abidələrini araşdırmağa
Şəkidən başlamaq
həvalə edilmişdi.
Mən idim, Qurban müəllim vardı - geoloq, o idi, bir də
Xalq Nəzarət Komitəsində işləyən
bir dilçi. Üçümüz getdik.
Şəkidə ilk baş
çəkdiyimiz yer karvansara oldu. Azərbaycanda belə karvansaralar tarixən çox olub, amma əksəri dağılıb gedib. Şəkidəki isə hələ salamat idi. Mən onu ilk gənclik illərimdə də görmüşdüm,
o vaxt vəziyyəti babat idi. Amma bu dəfə görəndə dəhşətə
gəldim. Karvansaranı
neçə yerə bölmüşdülər, hərə
özünə bir köşk düzəldib
taxtalamışdı, arakəsmələrdəki,
divarlardakı daşları
söküb çıxarmışdılar,
döndərmişdilər bu gözəl yeri ayrı-ayrı adamların alverxanasına.
Təsəvvür edin
ki, o vaxt o sərəncam
olmaya, belə möcüzəli bir abidə qısa müddətdə yox olub itəcəkdi. Yoldaşlara dedim ki, gəlin işimizi davam etdirməzdən əvvəl gedək raykoma, bu məsələdən
danışaq. Biləndə
ki, Heydər Əliyevin
qərarına əsasən
gəlmişik, tez özlərini yığışdırdılar,
ciddiliklə qulaq asdılar. Dedim ki, mən hələ yoxlamazdan əvvəl sizə bir şey
deyəcəyəm. Şəkidəki
bu karvansara Azərbaycandakı nadir tarixi
tikilidir, Füzulidə
də beləsi vardı, ancaq uçulub. Bəzi başqa yerlərdə də olmuşdu, onlar da artıq yoxdur. İndi bu da ömrünü başa vurmaq üzrədir, yarımcandır. Katib cavan oğlan idi, mən abidənin
miskin vəziyyətindən danışdıqca o da düşdü
bizi müşayiət
edən rayon mədəniyyət
şöbəsinin müdiri
rəhmətlik Kərim
müəllimin üstünə.
Qayıtdım ki, xahiş
edirəm, o kişi ilə işin yoxdur. Bunun günahı buradakı rəhbər yoldaşlardadır. Xəbərdarlıq
da elədim ki, işinizə
baxın, bu abidələrin hər biri artıq Heydər Əliyevin nəzarətindədir, indi
buradan Zaqatala, Balakən, Qax rayonlarına gedirik, sentyabrda qayıdacağıq
ki, karvansara ilə bağlı neylədiniz.
Bu vəziyyət davam
etsə, məcburuq
ki, rəhbərə məlumat
verək. Heydər Əliyev iş başına təzəcə
gəlsə də, qətiyyətli hərəkətlərinin
sədası respublikaya
yayılmışdı. Artıq
adının çəkilməsi
çox adamı dərhal özünü yığışdırmağa səfərbər edirdi. Söz verdilər ki, sabahdan başlayacağıq
oranı boşaldıb
təmizləməyə. Həqiqətən
də biz sentyabrda Şəkiyə qayıdanda
artıq karvansara abıra salınmışdı.
Bu hadisədən görün
nə qədər vaxt keçir. İndi həmin karvansara Şəkinin ən gözəl məkanlarından
birinə çevrilib.
Həm tarixi yaşadır, həm də hər gün dünyanın neçə ölkəsindən
turistlər gəlib görür, yurdumuzun gözəlliyinə, tariximizin
cazibəsinə məftun
olurlar. Ancaq çox adam bilirmi ki, həmin abidə Heydər Əliyevin vaxtında imzaladığı sərəncam,
verdiyi qəti tapşırıqlar olmasaydı,
indi yerli-dibli yox idi?! Necə
ki o çağacan digər
bölgələrimizdə olanlar xarabazara çevrilmişdi".
Bu isə artıq Heydər Əliyevin dünənimizdən gələn,
tariximizdən bəhs
edən və hər birimizə öyüd verən doğma səsidir: "Tariximizi indi biz yenidən vərəqləyərək,
tariximizə doğru,
düzgün, obyektiv,
ədalətli qiymət
verərək keçmişimizi
bərpa etməyə
çalışırıq. Millətimizin taleyi elə gətirib ki, tariximizi keçmiş zamanlarda təhrif edənlər olub. O cümlədən, XX əsrdə
də tariximiz təhrif olunubdur. Biz türk köklərimizi, türk millətinə, qədim türk tarixinə bağlı olduğumuzu da XX əsrdə
ya deməmişik, ya da buna cəsarət tapmamışıq. Burada
da yenə heç kəsin günahı yoxdur. Sadəcə tarixi təhrif edənlər insanları bu tarixi köklərdən
də məhrum ediblər. İkinci tərəfdən də, uzun illər, hətta onillərlə bizim xalqımızı pantürkist ideologiyası
ilə qorxudanlar bizi bu türk
kökü, türk temasından həmişə
uzaqlaşdırıblar. Və
mənim yaxşı xatirimdədir ki, 1930-cu illərdə
repressiyaya uğrayanların
əksəriyyətini günahlandırmaq
üçün üstünə
"pantürkist" damğası
qoymaq kifayət idi. Ona görə də türk millətinin köklərini
araşdırmaq, böyük
Türk xaqanlığının
tarixini araşdırmaq
və onu doğru-düzgün nəinki
bizim ölkəmizin ictimaiyyətinə, bütün
dünyaya çatdırmaq
çox böyük bir işdir. Və bu, şübhəsiz
ki, bir-iki adamın işi deyil. Bunu çoxları görməlidir".
O dövrdə - 1970-lərdə Heydər
Əliyevin yüz cür təcili təsərrüfat, sənaye
problemlərinin tıxacında
unudulmamış, sonraya
saxlanmadan önə çıxarılmış sərəncamı
və həmin qərarın icrasıyla bağlı mütəşəkkil
tədbirlərin həyata
keçirilməsi Şəki
karvansarası kimi neçə abidəmizə
təzə həyat verdi, bizi keçmişimizə,
əslimizə, kökümüzə
bənd edən neçə tarix incisini qorudu, diriltdi, yaşatdı.
Göyçək dilimizdə güzəranı
çətin olanlar haqqında söylənmiş
"Çörəyi daşdan
çıxır" deyimi
var. Ancaq tarix elminin bir sahəsi
var ki, elə sözün
birbaşa anlamında
orada gerçəklər
daşdan çıxır.
Məşədixanım Nemət
həqiqəti daşdan
çıxaran misilsiz
alimlərimizdən idi.
Epiqrafika sahəsində
onun yadigar əsərləri həmişə
sahibinə minnətdarlıq
oyadacaq, rəhmətlər
oxudacaq. Çünki
onun Ermənistanın
tarixən azərbaycanlıların
yaşadığı ərazilərdə
XX əsrin ortalarından
apardığı epiqrafika
tədqiqləri daim canlı qalacaq, sözü daşdan keçən şahidlərdir.
Şəkillərini çəkib
kitablarına saldığı,
üzərindəki yazıları
oxuduğu daşları
haylar ya çoxdan məhv, ya da qəsb ediblər. Ancaq bu şərəfli Azərbaycan qadınının,
bu yorulmaz alimin vaxtında görmüş olduğu
millətəxeyir işlər
tarixi pozaraq öz arzuladığı
kimi yazmağa cəhd edən ermənilərin qarşısında
bir dağ kimi dikələcək, həmişə onları
ifşa edəcək,
imkan verməyəcək
ki, tariximizə tamah dişlərini qıcayanlar
saxtakarlıq edərək
rəzil niyyətlərinə
yetişsinlər.
Zəngi
tayfalarının yurdunda,
sovet hakimiyyəti qurulurkən elə zorla Azərbaycandan alınaraq ermənilərə
verilmiş Zəngəzur
mahalındakı torpaqlarımızda
Azərbaycanın maddi
mədəniyyətinə aid saysız-hesabsız nümunələr
vardı. İndi Ermənistana
aid olan ərazilərdə
bircə nəfər soydaşımız qalmadığı
kimi, tarix yadigarı həmin izlərimiz da oralardan qeybə çəkilib. Həmin şanlı və bilinməli tarixə əllərinizlə
toxunmaq istəyəndə
həmişə unudulmaz
Məşədixanım Nemətin
kitablarını açın.
İndiki Ermənistan
ərazisində olmuş,
Məşədixanım müəllimənim araşdırmaqçün
ömür sərf etdiyi maddi-mədəniyyət
nümunələrinə ilkin
nəzər yetirib onların elmi şəkildə öyrənilməsi
istiqamətində ilk təşəbbüsçülərdən
biri də Heydər Əliyev olmuşdu.
2006-cı
ilin dekabrında, Azərbaycan televiziyasının
"Qarabağ" studiyasında
Heydər Əliyevi andığımız saatlarda
Məşədixanım Nemət
elə bu haqda danışırdı:
"Heydər Əliyev
çox uzaqgörən
siyasətçi olmaqla
bərabər, həm
də çox müdrik bir tarixçi idi. 1999-cu ildə Naxçıvanın
75 illik yubileyi ilə əlaqədar yığıncaqda tarixçilərə
böyük bir tövsiyə elədi. Dedi ki, elə fundamental əsərlər yaratmalısınız,
bütün dünya ictimaiyyətinə və gələcək nəsillərə
çatdırmalısınız ki, indi Ermənistan Respublikasının qərar
tutduğu ərazi Azərbaycanın tarixi torpağıdır. Mən
Ermənistan ərazisində,
oradakı bizə məxsus Urud qəbiristanlığında 1961-ci ildə işləmişdim.
O vaxt Ermənistan və Azərbaycan respublikaları arasında
qarşılıqlı olaraq
belə ekspedisiyalar təşkil edilirdi. Ermənilərin dərdi bu idi ki, Qarabağda
olan alban tarixi abidələrinin üstündə onlar tədqiqat aparsınlar. O vaxt fürsət düşdü ki, mən
də Zəngəzurun
Urud kəndində araşdırmalar apardım
və bir çox mühüm məsələləri açdım.
Heydər Əliyev cavanlığını elə
Urud kəndində keçirərdi. Onun bu tədqiqlərimdən çox xoşu gəldi, kəşflərimə
də böyük qiymət verdi. Nə idi mənim
əsas tapıntım
ki, Heydər Əliyev
də çox bəyənmişdi? Xilafət
işğalından sonra
26 alban tayfası bir dildə danışırdı. Onlar
hamısı xaçpərəst
idi. İslamı qəbul etməsinlər deyə bir qismi
erməni, digər hissəsi isə gürcü xaçını
qəbul etdilər və tədricən onlar erməniləşdilər,
bunlar gürcüləşdilər.
Amma bəs bunların
türkləşəni, islamı
qəbul eləyəni
olmadımı? Bax, bu gizlinci Urud
qəbiristanlığı açdı. Urud qəbiristanlığında qoç
heykəlləri, cürbəcür
abidələr, sənduqə
şəkilli məzar
daşları vardı.
İkisinin üstündə
yazılmışdı: "Aulade ağvan". Deməli, bunlar alban övladlarıdır,
amma türkləşiblər.
Həmin Urud qəbiristanlığındakı daşların üstündə
"Quran" ayələrini, neçə-neçə Azərbaycan
adlarını, türkcə
yazılmış şeirləri
oxudum. Daşlar əsl həqiqətləri
sübut edirdi".
Məşədixanım müəllimə
verilişin yazılışı
bitəndən sonra, ikilikdə qalanda mənə bir sirr açımışdı.
Yada salmışdı ki, 1997-ci ilin əvvəllərində
akademiyada söz gəzirdi ki, bu yaxınlarda ölkə Prezidentinin sərəncamı
çıxacaq (həqiqətən
də 1998-ci ilin martında belə sərəncam imzalandı),
həqiqi və müxbir üzv yerlərini tutmaq üçün seçki
elan ediləcək. Mən
də seçkilərə
qatılmaq istəyirdim,
amma nigaran idim ki, bədxahlar tapılar, mane olarlar, heç sənədlərimi
namizədlər sırasına
qatmazlar. Götürüb
cavanlığından tanıdığım
Heydər Əliyevə
təzə kitabımı,
arasında da bir məktub göndərdim
ki, diqqətini əsirgəməsin.
Nəsə cavab olmadı. İş elə gətirdi ki, həmin il yanvarın sonunda Heydər Əliyevin akademiya alimləri ilə görüşü idi, həmişəki kimi gözəl çıxış
etdi, sonda, iclas bitəndə o qədər adamın arasında heç gözləmədiyim halda
məni gördü, dedi ki, niyə narahat olursunuz, siz Urudda tariximiz
üçün elə
daş pasportlar yaradıbsınız ki, vicdanı
olan hər alim sizi müdafiə etməlidir.
Tərifli sözü, qədir-qiymət
ifadəsini kimin dilindən eşitməyin
dadı büsbütün ayrıdır.
Bir müddət keçirilən
seçkilərdə Məşədixanım
Nemət akademiyanın
müxbir üzvü də seçildi, yeni kitablarının sevincini də yaşadı. Amma etiraf edirdi ki, ömrü boyu aldığı bütün
mükafatlardan, qazandığı
bütün elmi rütbələrdən, eşitdiyi
bütün yazılı
və şifahi rəylərdən onun üçün ən əzizi vaxtilə Zəngəzurda apardığı
tədqiqlərə görə
ona həmin tapıntıların mənasını
bütün böyüklüyü
ilə duyan aqil şəxsiyyətin -
Heydər Əliyevin dilindən səslənən
bircə cümlə,
tapıntılarına verilən
"Daş pasport"
dəyərləndirməsi olub.
Bu da tariximiz haqda fikrə dalan, milli tarixşünaslığımızın gələcəyi
ilə bağlı qayğılanan unudulmaz Heydər Əliyevin səsidir: "Vaxt gəlib çatıbdır
ki, gərək biz Azərbaycanın
tarixini indiyə qədər bildiyimizdən
də çox bilək. Bəlkə də hələ bir neçə onillər bu işlə məşğul
olmaq lazımdır. Ancaq biz bunun əsasını qoymalıyıq.
Mən heç də hesab etmirəm
ki, bir ilə, iki ilə, üç
ilə biz çox şey yarada bilərik. Ancaq bunun bir əsasını
qoymalıyıq. Burada
bir sistem yaratmalıyıq. Elə bir sistem ki, bugünkü nəsil, gələcək nəsil
bu sistemlə getsin və Azərbaycanın tarixi yaxşı yazılsın,
həm Azərbaycana, həm dünyaya təqdim olunsun".
Heydər
Əliyev nədən
tariximizin yeni konsepsiyalarla
təzədən, daha
mükəmməl şəkildə
yazılmasında təkid
edir, alimlərimiz qarşısında bu məsələni dönə-dönə
qaldırırdı?
Çünki varlığında peşəkar
siyasətçi, dövlətçi
ilə tarixçi qovuşmuş Heydər Əliyevin fəaliyyətlərində
də, istənilən
nitqində də daim siyasətlə tarix vəhdətdə idi.
O bilirdi ki, tarix elmimizdə həm bir tərəfdən sovet dövrünün siyasətindən irəli
gələn, digər
yandan da alimlər arasındakı fikir, mövqe ikitirəliyindən
törənmiş fəsadlar
nəticəsində heç
də həmişə
milli maraqlarımıza cavab
verən əsərlər
yaranmayıb, "ağ
ləkələr" bollucadır.
Ona görə də milləti bu gün və sabah tam təmin edə biləcək tarixi əsərlərin yaranması üçün
o, ilkin şərti vacib sayır, öncə sağlam mövqe, dürüst yol müəyyənləşdirməyə
səsləyirdi.
Heydər
Əliyevin məxsusi diqqət ayırdığı,
incəliklərinə qədər
dərindən araşdırılmasını
hər zaman istədiyi
vacib mərhələlərdən
biri orta əsrlər tariximiz idi. Orta çağ
dövlətçilik tariximizlə
bağlı yaranan hər yeni araşdırma
onu çəkirdi. Ziya Bünyadovun "Azərbaycan Atabəylər
dövləti" kitabı
onu xeyli məmnun etmişdi, bu əsəri diqqətlə oxumuşdu,
dəmir hafizəsinə
köçürmüşdü, müxtəlif toplantılarda,
görüşlərdə fikrini əsaslandırmaqçün
oradan iqtibaslar da gətirərdi və kitabın elmimizlə yanaşı, elə dövlət işimizə
də xidmət etməsini nəzərə
alaraq müəllifi mükafatlandırdı da. Ancaq
həmin araşdırmaya
verilən respublika Dövlət mükafatı
böyük ölçüdə
yalnız elə sırf bir əsərə
verilən ödül
deyildi. Həm də ilhamlandırmaq, digər tarixçiləri
də bu qəbil əsərlər
yaratmağa, orta əsrlər tariximizi araşdırmağa səmtləndirmək
təşəbbüsü idi. Bu hələ sovet dövrü idi. Artıq müstəqillik çağlarında
tarixçiliyimizlə bağlı
eyni siyasəti daha geniş miqyaslarda aparan Heydər Əliyev bu xəttə daha bir ümdə
qanadı da əlavə
etmişdi: tariximiz həm kamil şəkildə öyrənilsin,
yazılsın, amma həm yaxşı öyrədilsin. Çox istəyirdi ki, bizim orta məktəblərdə,
universitetlərdə Azərbaycan
gəncliyi tariximizi yaxşı mənimsəsin,
tarix haqqında təsəvvürləri, düşüncələri
geniş olsun.
Atatürkün türk gəncliyinə
öyüdü var. Mən
də bir vaxtlar Heydər Əliyevin müxtəlif vaxtlarda söylədiklərindən
seçərək yarım
səhifədən bir
az çox mətn tərtib etdim: "Heydər Əliyevin Azərbaycan gəncliyinə vəsiyyəti".
Ancaq bu böyük azərbaycanlının
yadda daim saxlanmalı və hər gəncimiz üçün
edilməli vəsiyyət
və nəsihətləri
bircə səhifəyə
sığandırmı? Elə
bu sözləri də hər gəncimiz bir ata öyüdü kimi qavrayaraq ona riayət etsəydi, nə xoşbəxt, sabahımızdan
nə qədər əmin olardıq: "Müstəqil Azərbaycanın
hər bir gənci məktəbdə
təhsil alaraq gərək öz xalqının, öz millətinin qədim zamanlardan indiyə qədər tarixini yaxşı bilsin. Əgər o bunu bilməsə, o, həqiqi
vətənpərvər ola bilməz. Əgər o bunu bilməsə, o, millətini qiymətləndirə
bilməz. Əgər
o bunu bilməsə, öz millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr
edə bilməz".
İndi uzaqda qalmış, içtirakçılarının hamısı xatirəyə
çevrilmiş Heydər
Əliyevli axşamımızda
görkəmli alimimiz,
mənə çox doğma olan Oqtay Əfəndiyev də söhbətə qoşulmuşdu və sanki sözün yönünü "Kitab-i
Dədə Qorqud"
dastanlarına sarı
çevirməklə bizi
tarixdən ədəbiyyat
tərəfə çəkmişdi.
Amma Oqtay müəllim
nə etdiyini yaxşı anlayırdı
və Ana Kitabımızın
bizimçün bir ədəbi abidədən
daha əvvəl elə Kimlik Kitabımız olmasına
qəlbən inanırdı,
bu oğuznamələr
toplusunu başdan-sonacan
tarix abidəsi sayırdı. Oqtay müəllimin yaşı
elə idi ki, o, 1950-ci
illərin əvvəllərində
Dastanımızın uğradığı
təqibləri də
görmüşdü, Dədə
Qorqudçulara dövlət
səviyyəsində tutulan
divandan da agah idi. Ona görə indi tutuşdura bilirdi və istəyirdi ki, onun bu sözlərini bütün millət eşitsin: "Heydər Əliyevin tarix elminə ən qiymətli, ən unudulmaz, bənzəri olmayan xidməti odur ki, Dədə Qorqudu Azərbaycan abidəsi kimi dünya miqyasında təsdiq elədi. Bununçünsə tək
böyük vətənpərvər
olmaq kifayət deyil. Hamımız vətənpərvərik, milləti
sevdiyini deyənlər
çoxdur. Lakin o bacarıq,
o millətlər və
dövlətlərarası hörmət gərək hansı səviyyədə
ola, hansı ən yüksək siyasətçi
mərtəbəsinə ucalasan
ki, əslində sənin
olan, ancaq başqa türk xalqlarının da özününkü
hesab etdiyi, səndən qoparılması
üçün də
zamanında xeyli zərərli işlər
görmüş abidəni
bu qədər yüksəldəsən, bütün
dünyanın gözü
qarşısında "Bu mənimdir" möhürünü
vurasan! Həm
"Kitab-i Dədə
Qorqud" bütün
dünyaya rəsmən
1300 yaşlı Azərbaycan
abidəsi, Azərbaycan
xalqının doğma
irsi kimi təqdim edildi, bu vəsilə ilə də həm ədəbi dilimizin, həm xalqımızın, həm
də dövlətçiliyimizin
azı 1300 yaşı
olduğu aləmə
car çəkildi. Məncə,
bu, Heydər Əliyevin ictimai vicdanımız, milli tariximiz,
dilimiz, xalqımız
qarşısında ən
ali xidmətidir!"
Dədəmiz Qorqud demiş, gəlimli-gedimli dünyanın
bir ucu ölümlüdür,
hər doğulan bir gün gedəsidir.
Ancaq Heydər Əliyev kimi şəxsiyyətləri düşünürkən,
indi yaddaşda onun Azərbaycan insanı qarşısındakı
ən son çıxışlarını
xatırlayarkən bunun
da fikrini edirsən ki,
hər nitqində sözünün bir başı gedib dünənlərə, tarixə
çıxan, varlığıyla
Azərbaycanın ən
nadir arxivi olan bu müstəsna insan gör gedişiylə nə qədər xatirələri,
bilgiləri, sirləri
apardı. Aylardır
ki, onun haqqında yazdıqca, arxivləri vərəqlədikcə o qədər
suallarım yaranır
ki! Nə acı ki, suallara daha heç
kim cavab verə bilməz!
Heydər
Əliyevi "Əbədiyyət"
işığında xatırladığımız
həmin yaddançıxmaz
axşamda bütün
ömrünü arxiv
işinə həsr etmiş Ataxan Paşayev öndərin bir keyfiyyətindən də söz açdı. Dedi ki, dövlət, siyasət adamlarımız arasında
Heydər Əliyev qədər arxivlə maraqlanan, arxivlə işləyən ikinci adama rast gəlmədim.
Sovet dönəmində
belə idi, müstəqillik dönəmində
də o cür qaldı. Əlbəttə,
gərək elə belə də olaydı.
Özü tarix olanın, tarixi yaşaya-yaşaya həm də yaradanın bir əli həmişə gərək elə tarixin nəbzində ola. Sənədlər, dünənlərdən
qalan yadigar kağızlarsa elə tarixin nəbzidir ki, var!
20 avqust 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci
qəzet.- 2023.- 23 avqust.- S.8-9.