Mətbuat da hansısa bir dağ kimidir, İlqar Həsənov...
Bilirsən bu fikir hardan ağlıma gəldi? Sənin haqqında sonuncu yazını (İraq olsun!) qələmə
almaq istəyəndə
( sənin ad günlərində on
il ardıcıl olaraq
nə isə yazan mərhum qardaşımız Məmməd
Nazimoğlu rəhmətə
gedəndə razılaşmışdıq
ki, həmin yazıları
növbəti on ildə
İttifaq Mirzəbəyli
davam etdirsin. Razılaşdıq, yazdım
və dünən məlum oldu ki, Məmmədin vəfatından
artıq 15 il keçir,
Mirzəbəyli isə
hələ də yazır. Yəni, kifayətdir. Yetər!) Jurnalistikamız haqqında
xəyalən qurduğum
bir piramidanı hansısa dağla müqayisə etmək istədim. Niyə?
Çünki dağın önü
tarlalar, əkin-biçin
yerləri, yalı otlaqlar, yaylaqlar, yamacı meşələr,
bir az yuxarısı
alp çəmənlikləri, sonra qayalıqlar, daha sonra daş-çınqıl,
ovulan süxurlar, lap yuxarıda isə küləklərin, tufanların
min illər boyu sındıra bilmədiyi əlçatmaz zirvələrdir.
( Milli mətbuatımızdakı zirvələrin
cəmi 150 yaşı
olsa da...). Mən hələ canavarlar ulaşan dərələri, daşqınlar
törədən, evlər
yıxan çayları,
dağ "anadan olandan bəri" yaxasından axıb gələn, hərənin
bir ovuc da olsa içmək istədiyi bulaqları, zirvələrdən əskik
olmayan qarı, buzu, gündə bir istiqamətə gedən buludu, dumanı, çəni demirəm... Təbii ki, bu böyük sistemdə hər jurnalistin öz yeri var və nə yaxşı ki, həmin yeri heç kəs müəyyən etmir, Allah necə yazıbsa, o da baş verir.
İndi mən müəyyən edə bilmirəm ki, İlqar Həsənov mətbuat
dağımızın hansı
relyefi, yaxud elementi, amili, faktorudur ki, onun söhbətlərinə, hazırcavablılığına,
nikbinliyinə, xoş
ovqat yaratmaq imkanlarına hamı şərik olmaq istəyir? Hardasa oxumuşdum. Ernest Heminquey deyibmiş ki, mütaliə
insanı bilikli, söhbətcil və hazırcavab edir. Diqqət et, savadlı demədi haaa! Amma mən elə bilirəm ki, burada gen və ailə tərbiyəsi də az rol oynamır.
Tarixdə o qədər
genişmütaliəli adamlar
olub ki. Biri oxuyub, oxuyub, sonra hansısa
müharibəni başlayıb,
biri geniş mütaliə nəticəsində
kütləvi qırğın
törədən silah
yaradıb. Biri də... məlumatlı, söhbətcil, hazırcavab
insan kimi tanınıb.
İndi oxucu
fikirləşir ki, bu müəllif öz həmkarı haqqında onbeşinci dəfə nə isə yazırsa, mütləq arqumentləri
tükənib və artıq nələrisə
təkrar edəcək.
Amma elə olmayacaq. Mən bu yazıda İlqar Həsənovun işdən və redaksiyadan kənarda şahidi olduğum bəzi keyfiyyətlərini
qələmə alacağam.
... Beynəlxalq təşkilatlardan biri bizi - 10-15 nəfər azərbaycanlı jurnalisti
öz vəsaiti hesabına kənd rayonlarımızdan birində
tikilmiş obyektin açılışına dəvət
etmişdi. Gedib gördük ki, İlqar Həsənov da oradadır. Tədbirin rəsmi hissəsindən sonra rayon rəhbərliyi Bakıdan gələn qonaqları nahar yeməyinə dəvət
etdi. Bizi aparan maşınlar iaşə obyektinə çatanda mənim tanımadığım, qara kostyumlu bir adam İlqar
Həsənovun qoluna girdi və söhbət
edə-edə onu jurnalistlərdən ayırdı.
Sonra məlum
oldu ki, hörmətli qonaqlar üçün açıq
havada, jurnalistlərə
isə restoranın anbarında süfrə açıblarmış. İlqarı
da həmin alçaldıcı məqamdan
uzaqlaşdırırlarmış. Anbarda əyləşdik və mən soğan kisələrinin yanında oturmağı özümə açıq
təhqir hesab etdim. Ona görə
də səhhətimi
bəhanə edərək
oradan çıxıb
xeyli aralıda, bir kölgədə dayandım.
Mənim həmin hərəkətimdən sonra
bütün jurnalistlər
çıxıb arxamca
gəldilər. İcra
başçısının müavini dərhal mənim başımın
üstünü kəsdirdi
ki, nə üçün təxribata
yol verirsiniz? Qayıdın mətbəxə.
Dedim, ora mətbəx yox, anbardır. Bu məqamda icra başçısı
ilə xarici qonaqların arasında əyləşmiş İlqar
Həsənov qalxıb
bizim yanımıza gəldi və… başçının müavininin
israrına baxmayaraq, biz ambara qayıtmnadıq, İlqar isə başçının
sol tərəfindəki
stuluna. Tək mən yox, bütün
jurnalistlər onun həmkar təəssübkeşliyini alqışladılar.
...Bilgəhə, Xalq
artisti, professor Ağaverdi Paşayevin atasının, ya da anasının dəfn mərasiminə getmişdik. Mən Ağaverdinin hər iki valideyninin hüznündə iştirak
etdiyimə görə
indi xatırladacağım
faktın hansı yasda olduğunu dəqiq bilmirəm. Qərəz, biz yas məclisinə girəndə Tofiq Bakıxanov dedi ki, xanəndə Tələt
Qasımov bir neçə dəfə mənə deyib ki, Abbasqulu Ağadan
yazan jurnalistlə tanış olmaq istəyirəm. Gedək, onu görək. Getdik, görüşdük
və sonra Sahib Paşazadə məni AZTV əməkdaşlarının
əyləşdiyi masaya
apardı. Bu məqamda İlqar Həsənov da öz dostları ilə yas yerinə
gəldi. Yenicə oturmuşdum ki, xidmətçi oğlan mənim bizdən xeyli aralıda olan bir stola
çağırıldığımı
dedi. Orada ən mötəbər musiqi təhsili ocaqlarından birini rəhbəri əyləşmişdi
və həmin adam məndən öz kitabına rəy yazmağı xahiş edirdi.
Yəni məni
iki adamın xahişi ilə başqa stola çağırdılar. İlqar
Həsənovu isə...
Orada olduğumuz saat yarımda beş, ya da
altı adam qalxıb bizim stola gəlib İlqarla görüşdü,
öpüşdü və
xahişini edib getdi. Məclisdə, demək olar ki, onu tanımayan
yox idi.
Yaxud, mərhum
həmkarımız Rafiq
Hacıyevin qırx məclisinə getmişdik.
Yas yerinə gələnlər Rafiqin övladları ilə yanaşı İlqara da başsağlığı
verirdilər. Mən sadəcə "Əstağfürullah!"-deməklə kifayətlənirdim.
Elə onun
dəvətiylə getdiyimiz
başqa bir tədbirdə - Yazıçılar Birliyinin
85 illiyi münasibətiylə
Opera və Balet Teatrında keçirilən
mərasimdə də olduqca mühüm məqamların
şahidi olmuşduq.
Qərəz, bir məclisdə demişdim ki, İlqar Həsənov ölkənin ən yaxşı beş-on qələm sahibindən və ən tənbəl iki-üç
jurnalistimizdən biridir.
Mənə dedilər
ki, İlqar inciyə bilər. Bir-iki saat sonra
hansısa rayondan zəng edərək dedi: Hacı, əhsən! Öz canım üçün sən həmişə düz danışmısan.
... Beləcə, həm Məmmədin, həm də İlqarın xatirinə üzərimə götürdüyüm
vəzifəni köhnə
"partkom" olaraq,
150 faiz yerinə yetirdim. Yeri gəlmişkən, iyulun altısı geridə qaldı və Məmmədin anım gününü qeyd edə bilmədik. Amma sentyabrın 28-də onun
doğum gününü
məhz "Sarı qaya" restoranında qeyd etməyi planlaşdırırıq. Allah
Məmmədə rəhmət
eləsin, İlqara isə cansağlığı
arzulayırıq. Deyəsən
ona, ...hələ çox ehtiyacımız var.
İttifaq
MİRZƏBƏYLİ,
Əməkdar jurnalist, kənd Xırdalan,
20 avqust, 2023-cü il.
525-ci
qəzet.- 2023.- 23 avqust.- S.11.