Rzaqulu kişinin xarabası və kəndimizdə gözü
yolda qalan evlər
Sevimli tələbəm Mürsəl Ağamirzəyevin həyat yoldaşı Həqiqət müəllimə
həyatı
çox tez tərk etmiş
tələbəmə həsr etdiyi
"Yarımçıq qalmış
arzular"
kitabının əlyazmasını oxuyub fikrimi bildirmək üçün mənə təqdim etmişdi. Mürsəl həm əla oxuduğuna, həm də adət-ənənələrimizə qəlbən bağlı olduğuna görə sevimli tələbəmə
çevrilmişdi. Çox
gənc olsa da, onda adət-ənənələrimizlə
bağlı ağsaqqal
dünyagörüşü formalaşmışdı. Bunu
Həqiqət müəllimənin
örnək olmaq baxımından xüsusi əhəmiyyət kəsb
edən kitabından
da görmək olur. Həqiqət xanım yazır: "Bir gün dedim, Mürsəl, evimiz geniş və rahatdır, anan da kənddə o boyda evdə təkdir, ananı da gətir bura. Hamımız birgə yaşayaq, sən də yollardan yığış, kənddəki
evi də sat getsin".
Mürsəl dinmədi. Mən
də susdum. Sonralar bu söhbəti
bir-iki dəfə təkrarladım. Axırıncı
dəfə bu söhbəti salanda Mürsəl həyət qapısından geri qayıtdı, sırğamdan
tutub dedi: "Həqiqət, sən bu söhbəti bir neçə dəfə açmısan,
indi mənə diqqətlə qulaq as və sırğa et as qulağından. Bildiyin kimi, mən kəndçi balasıyam,
rayon adamıyam, amma sən şəhərlisən.
Şəhərlilər üçün
yurd söhbəti yoxdur, bu evi
xoşlamırlar, satıb
gedib başqa ev alırlar. Amma bizim üçün yurdun böyük mənası var. Əgər
o yurda oğul qismətdirsə, o yurd yaşayır, içində
oğul yaşasa da, yaşamasa da, ona deyirlər, bura filankəsin atasının
yurdudur, yox, əgər o yurda oğul qismət deyilsə, yurdun daşları bir-bir tökülər, o tökülmüş
daşlara deyərlər,
bura filankəsin xarabasıdır, amma heç vaxt satılmaz".
Mürsəlin bu müdrik kəlamı ani olaraq qonşumuz Rzaqulu kişinin xaraba qalmış evini xatırlatdı, tez də unutdum.
Xətrini çox istədiyim
tələbəmin ruhu
şad olsun deyə Həqiqət xanımın kitabının
əlyazmasını redaktə
etdim, geniş ön söz yazaraq münasib tirajla çap etdirdim.
Bu yaxınlarda "525-ci qəzet"də
tanınmış tənqidçi
və şairə Bəsti Əlibəylinin
"Köhnə ev"
şeirini oxudum. Bir çox ailələr kimi, onların ailəsinə də Qarabağ müharibəsinin
vurduğu sağalmaz yaradan, iki qardaş
itkisindən xəbərim
vardı. Lakin Əlibəyli
kəndində, Ermənistanla
sərhəddə tikilən,
növrağı pozulan,
boş qalan evlərindən xəbərim
yox idi. Bəsti xanımın ata ocağına həsr etdiyi şeir məni haldan-hala saldı:
Köhnə xatirələr, köhnə
bir evin,
Aramsız mərmi tək
yağır üstünə,
İti caynağıyla bir qoca bayquş
Qanlı
yaraların basır üstünə.
Əlbət, o evin də memarı vardı,
Memarın alagöz bir yarı vardı.
Təzə doğulmuşdu eşq
adlı körpə
Onda xatirələr doğulmamışdı.
Balla dolu pətək dadında yuva,
Bilməm,
gözə gəldi, ya qarğış aldı.
Sevgi, əmək, hüzur dolu büsatdan
Geriyə
gözdağı, dərd,
ağrı qaldı.
Qınamağa dəyməz dostu,
tanışı,
Allah da
gen qaçar o xarabadan.
Təkcə xatirələr sadiq
dost kimi
Qovsa da,
çəkilmir böyür-başından...
Şeiri
oxuyandan sonra qəm, qüssə, kədərə qərq oldum. Göz önünə müharibədən
qayıtmayan Mikayıl
dayımın xarabası
gəldi. Yaxşı
yadımdadır, bir gün səs yayıldı ki, Mikayıl
müharibədən sağ-salamat
qayıdıb gəlir,
kimsə onu Bakıda görüb.
Bir gün, bir gecə
aşıqlar dayımın
evində çalıb-oxudular.
Dayımın yeganə
övladı Sarı vərəm xəstəliyinə
tutulub dünyasını
dəyişdi. Büsatı
pozulan yuva son vaxtlara qədər göz dağı kimi qalırdı.
Əslində Rzaqulu kişinin
evinin xarabaya çevrilməsinə də
müharibə bais olmuşdu. 1941-ci ildə İkinci Dünya müharibəsi başlayan
kimi onun böyük oğlu İbadı müharibəyə
apardılar. Bir müddətdən
sonra onun həlak olması barədə "qara kağız" gəldi.
Rzaqulu kişinin kiçik oğlu kolxozda çobanlıq edirdi. Yaşı az olduğuna görə ona kiçik çoban deyirdilər. Bir
gün xəbər yayıldı ki, Kamalı
öldürüblər. İki
çoban sürüdən
xeyli sayda toğlunu satanda Kamal deyib ki, kolxoz sədrinə xəbər
verəcək.
Bu, istintaq zamanı məlum olmuşdu. Bu hadisədən az sonra Rzaqulu kişinin
arvadı, sonra isə özü dünyasını dəyişdi.
Evi boş qaldı. Orada heç kim yaşamadı...
1955-ci ildə kəndimiz cərgəli formalı kəndə çevrildi. Küçələr salındı,
kəndə işıq,
evlərə radio və
telefon xətti çəkildi. Kənddə
"Radio qovşağı" yaradıldı. Bu, kəndlə
şəhərin yaxınlaşması
yolunda atılan inanılmaz addım idi. Kənddə filmlər göstərilməyə,
konsertlər verilməyə
başladı. Əvvəllər
gecələr zülmətə
qərq olan kəndimiz şəhər
kimi çıraqban oldu. Açığını
deyək ki, bunlar kənd həyatında görünməmiş tarixi
hadisə idi.
Yeridir deyim ki, o dövrdə
rayon adamlarının paytaxtda
qeydiyyata düşməsi
və şəhərdə
işlə təmin olunması, demək olar ki, qeyri-mümkün idi. Ali məktəbi bitirən rayonlu gənclər mütləq
doğma yerlərə
işə göndərilərdi.
Hətta ali məktəbi bitirən şəhərli gənclər
belə iki-üç
ilə məcburən
rayonlara işə göndərilirdi. Onların
bəzisi orada evlənir və ya ərə gedərək rayonlarda qalırdılar.
Mənə ingilis dilindən
dərs deyən, əslən Biləcəridən
olan Məryəm müəllimə Aydın
müəllimə ərə
getdi və gələcək həyatını
Qazax rayonu ilə bağladı. Paytaxtda qalmaq aşağıdakı hallarda
mümkün idi: ali məktəblərin elmi potensialını gücləndirmək üçün
ali məktəbi fərqlənmə diplomu ilə bitirən istedadlı gəncləri
Elmi Şuranın qərarı ilə aspiranturada saxlayırdılar.
Gələcəyin böyük alimləri,
akademik Ağamusa Axundov, akademik Tofiq Hacıyev, professor Nizaməddin Şəmsizadə
bu yolla şəhərdə qalıblar.
Bundan başqa, istedadlı gənclər rayonda işləyə-işləyə
aspiranturaya imtahan verib şəhərdə
qalmaq şansı qazanmışdılar. Gələcəyin
Əməkdar elm xadimləri
Qəzənfər Kazımov,
Məhərrəm Qasımlı,
professor Vilayət Quliyev,
Vaqif Yusifli belələrindən idi.
Keçən əsrin 90-cı illərinə
qədər şəhərə
axının qarşısı
alındığına görə
kəndlərdə evlərə
böyük tələbat
vardı. Qardaşlarım
və bacım bütün var-yoxlarını
qoyub fəxr etməyə layiq evlər tikdirmişdilər.
Lakin sonralar hər şey dəyişdi.
Sevimli şairimiz Səməd Vurğun necə də dəqiq deyib: "Cahanda hər hökmü bir zaman verər".
Təəssüflər olsun ki, ictimai formasiya dəyişdikdən sonra şəhərlərə axın
gücləndi və kəndlərdə evlər
boş qaldı. Zamanın hökmü beləymiş. Buna görə
kimisə qınamaq, günahlandırmaq ədalətdən
kənar olardı.
Bu il mart ayının 30-da Ulu öndərimizə
həsr olunan konfransda məruzə etmək üçün İcra başçısının
dəvəti ilə Tovuz rayonuna getmişdim. "Azərbaycan
reallığında Heydər
Əliyev epoxası"
adlı məruzə ilə çıxış
etdim. Konfransdan sonra xoş əhval-ruhiyyə ilə kəndimizə getdim. Yolüstü xeyli müddət kiçik qardaşım Ələsgər
müəllimin direktor
işlədiyi məktəbə
baş çəkdim.
Müəllimlərlə görüşdüm...
Təzə çıxan
kitablarımı məktəb
kitabxanasına bağışladım.
Bir qədər aralıda
məşhur kənd klubu yerləşir. Maşını klubun yanında saxlatdım. Gördüm ki, Ulu öndərimiz
Heydər Əliyevin iki dəfə Respublika Üzümçülərinin Zona Müşavirəsini keçirdiyi,
vaxtilə şahmat, musiqi, dram dərnəkləri
fəaliyyət göstərən, kitabxanası
olan, Mədəniyyət
sarayına bənzər
klub sükuta qərq olub.
Həmişəki kimi əvvəlcə
yaşı doxsanı
keçən, dayım
oğlu, hərbi polkovnik İsfəndiyar Xasıyevə baş çəkdim. Sonra kəndin
mollasını götürüb
qəbiristanlıqda qohum-əqrəbanı,
atamı, atamın yanında uyuyan beş yaşlı oğlum Pərvizi, bacım və üç qardaşımı,
müəllimlərimi, dostlarımı
ziyarət etdim.
Keçən əsrin 90-cı illərinə
qədər doğma yurda bağlılıq möhkəm idi.
Unudulmaz
şairimiz Zəlimxan
Yaqubun aşağıdakı
misralarında bu həqiqət tam dəqiqliyi
ilə əksini tapmışdır:
Qalxıb
şəhər könlüm,
meyli kəndədir.
Xəyalım yaylaqda, göy çəməndədir.
Özüm Göyçədə
yox, Göyçə
məndədir
Hər yanı
gəzməyə ömür
də çatmaz
Yaxşı ki, sən varsan
ay sədəfli saz.
Aşağıdakılar da yurda, doğma
torpağa bağlılıqdan
xəbər verirdi.
Bakıda böyük
nüfuz sahibi olan şəxslər: Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı
Kamal Hacıyev, "Azərnəşr"də dərsliklərə
görə məsul redaktor Zeynal Məmmədov, görkəmli
iqtisadçı alim,
professor Qara Sadıxov və başqaları vəsiyyətlərinə
əsasən kəndimizin
qəbiristanlığında dəfn olunublar.
Ürək ağrısı
ilə qeyd etmək istəyirəm ki, tanınmış şair, kəndimizin fəxri, şeirlərinə
yazılan mahnılar dillər əzbəri olan Rasim Kərimli
1996-cı ildə dünyasını
dəyişəndə bacılarının
istəyi ilə Bakıda dəfn olundu. Bu, artıq
ictimai formasiya baş verəndən sonrakı dövr idi.
Acılı-şirinli xatirələrlə qəbiristanlığı
tərk edərək əvvəlcə böyük
qardaşımın evinə
baş çəkmək
qərarına gəldim.
Darvazada yekə bir qıfıl asılmışdı. Kiçik
qardaşımın, bacımın,
bacımın dünyasını
vaxtsız dəyişmiş
böyük oğlunun
darvazalarında da eyni vəziyyəti gördüm.
İnanılası deyil, sadaladığım
boş qalmış evlərin hər birindən iki oğul pərvazlanaraq Bakıda ali məktəb bitirmiş, işlə təmin olunmuş, paytaxtda məskunlaşmışlar.
Təsəllini onda tapıram ki, sonbeşik qardaşımın oğlu
Həsən ata-baba yurdumuzda atasının iki mərtəbəli evində yaşayır. Oğluna atamızın adını verib - Məhəmməd. Atamızın
mən anadan olan 1937-ci ildə tikdirdiyi evini də olduğu kimi saxlayır. Bu ürəkaçan hadisə ilə bərabər, nə gizlədim, "Altı il Dəclə-Fərat sahillərində" kitabımda
fəxrlə vəsf etdiyim, boya-başa çatdığım, xeyir
işlərə uça-uça
getdiyim doğma kəndimiz mənə doğma görünmədi.
Darvazalarında qıfıl
asılmış evlər
mənə yad göründü.
Taleyin hökmü
ilə indi kəndimizdə belə evlər çoxdur. Görəsən, boş qalan belə evləri gələcəkdə
necə adlandıracaqlar?
22 avqust 2023-cü il
Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar
Şurası
İdarə
Heyətinin
üzvü,
Əməkdar elm xadimi, professor
525-ci
qəzet.- 2023.- 24 avqust.- S.6