Milli birliyimizin yeni təcəssümü:
Qərbi Azərbaycan amalı
Mən ilk dəfə xalqımızın möhtəşəm birliyini
1988-ci ilin Meydan hadisələrində gördüm. O zaman insan selini andıran Azadlıq meydanı dəniz kimi dalğalanırdı. Milləti
o meydana yığan Vətənin və xalqın düşdüyü
ağır vəziyyət
idi. Uzun illər şüurumuzu, iradəmizi buxovlayan çürük sovet ideologiyasına etirazın
vüsəti, Qarabağda
nankor ermənilərin
azərbaycanlılara qarşı
törətdiyi iğtişaşların
doğurduğu narahatlıqdı.
Eləcə də Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın
ictimai halından coşan qəzəbimizin tüğyanı, hər cür haqsızlığa,
mənəvi terrora qarşı millətin göylərə bülənd
olan harayı, milli oyanışın sədasıydı!
Ən ümdəsi, xalqımızın Vətən,
torpaq təəssübünün,
şər qüvvələrə
qarşı milli birliyinin
təcəssümü idi.
Birliyimiz sayəsində
toparlandıq, çətinliklərə
sinə gərib bir canda, bir
qəlbdə həyatımıza
davam etdik. Ulu öndər Heydər Əliyevin xalqın iradəsi ilə hakimiyyətə qayıdışı
Azərbaycanı qorxunc
bəlalardan xilas etdi. Xalqın özünəqayıdışı dövlət-xalq birliyini yaratdı. Vətən dirçəldi, ən ümdəsi müstəqilliyimizin
qorunması və nöhkəmlənməsi yolunda
inamlı, qətiyyətli
addımlar atıldı...
Böyük Vətən savaşında
yurd sevgisi, torpaqlarımızı erməni
işğalından azad
etmək istəyi, inamı bizi birləşdirdi. 44 günlük
Vətən savaşında
xalqın milli ruhu gücləndi. Həmin vaxtda biz hamımız mənəvi gücümüzlə
qarabağlı olduq. Mən bir daha
xalqın birliyini o
zaman - Ali Baş Komandan,
Prezident İlham Əliyevin
rəhbərliyi ilə
Şanlı Ordumuzun cəsur əsgərlərinin,
şəhidlərimizin qanı
bahasına qalib olduğumuz bu müharibədə gördüm.
Vətənin azad nəfəs aldığı
yaşayış məskənlərinə
vüqarlı dönüşümüzlə,
Qarabağa intəhasız
sevgimiz, fərəhimizlə
birliyimizin yeni bir istiqamətdən təməli
qoyuldu. Bu, milli ruhun gücü, xalq birliyinin təcəssümü
oldu.
44 günlük Vətən savaşında mənəvi
gücümüz, qüdrətimizlə
necə qarabağlı
olmuşduqsa, bu gün Qərbi azərbaycanlı olmağı
da bacarmalıyıq. Vətənin
və xalqın yüksəlişinə hesablanan
dövlət siyasətinə
vətəndaş mövqeyimizi
bu istiqamətdə də nümayiş etdirməliyik. Qayıdış
konsepsiyası təkcə
Qərbi Azərbaycan kökənli soydaşlarımızda
deyil, cümlə vətəndaşlarımızda ümumxalq marağı kəsb etməlidir.
lll
Ötən əsrdə Qərbi
Azərbaycandan son nəfərinədək
qovulan soydaşlarımız
dağlarının saf
havasından, buz kimi sərin bulaqlarından ayrılıb
düşdükləri isti,
quraq iqlimə uyğunlaşa bilmədilər.
Bomboz, quru düzəngahda yaşamağa
vərdiş etməyən,
Vətən həsrətinə
dözməyənlər dünyasını
dəyişdi. Böyük
nəsillərin, ailələrin
qol-qanadları, yeni doğulanlar
Azərbaycanın kəndlərində,
şəhərlərində özlərinə yurd-yuva
qurdular.
Ötən il dövlətin Qərbi
Azərbaycana Qayıdış
Konsepsiyası meydana çıxanda bu qədim torpağın camaatında bir ruh yüksəkliyi, dirçəliş yarandı.
Prezident İlham Əliyev
Qərbi Azərbaycana
qayıdışın fəaliyyət
strategiyasını beynəlxalq
müstəviyə çıxarmaqla
35 il el-obasının nisgili
ilə yaşayan məcburi köçkünlərə
sanki yeni nəfəs verdi. Zatən, Qərbi Azərbaycana qayıdış ideyası
özlüyündə ciddi,
həyati məsələləri
əhatə edir. Nəzəri aspektdən yanaşanda bu anlamın ilk növbədə
bəşəri mahiyyət
kəsb etdiyi aydın görünür.
Tarixən özgə
torpaqları hesabına
öz ərazilərini
genişləndirən, yerli
insanları ev-eşiyindən
didərgin salan o qədər qəddar, qaniçən acgöz məmləkət başçıları
olub ki. Bu üzdən
ata-baba məskənlərindən
qovularaq, yad yerlərə
pənah aparanların,
qəlblərində vətən
həsrəti, yurd itkisinin ağrıları
ilə yaşamağa
məhkum olanların sayı, hesabı yoxdur. Qaçqınlığın,
məcburi köçkünlüyün
acısını bütün
xalqlar eyni ağrılarla yaşayır...
Prezident
İlham Əliyevin 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycanın
bir qrup ziyalıları ilə görüşdə səsləndirdiyi
fikirlərin ictimai-siyasi
əhəmiyyəti, mənəvi
dəyəri, qayıdışa
inamı böyük ruh yüksəkliyi ilə qarşılandı.
Prezident son bir əsrdə əzəli torpağımızla bağlı
həqiqətlərə, ermənilərin
törətdiyi vəhşiliklərə
- kəndlərin, şəhərlərin,
dini, mədəni abidələrin dağıdılması,
yerlə-yeksan olunması
hadisələrinə ürək
ağrısı ilə
tarixi ekskurs etdi. Və bir
çox məqamları
xüsusi vurğulayaraq:
"Qərbi Azərbaycan
bizim tarixi torpağımızdır, bunu
bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir,
bizim tariximiz təsdiqləyir... Qərbi
Azərbaycanda ermənilər
tərəfindən törədilmiş
dağıntılar mütləq
dünya ictimaiyyətinə
çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin
dəstəyi ilə bunu edəcək" - dedi.
Son bir əsrdə Azərbaycan xalqının
başına gətirilən
müsibətlər, deportasiyalar,
didərginlik, qaçqınlıq
faciələrinə, İrəvanla
bağlı bir sıra hadisələrə
nəzər salan
İlham Əliyev buraxılmış
səhvlərdən dərs
almağı da tövsiyə
etdi. Bu istiqamətdə
görüləcək işlərə
gəlincə, Qərbi
azərbaycanlıların öz
dədə-baba torpaqlarına
qayıdışını səciyyələndirən mühüm
vəzifələrə diqqət
yönəltdi. Prezident
qeyd etdi ki: "İcma bir neçə
istiqamət üzrə
öz işini davam etdirməlidir. Əlbəttə ki, ölkə
daxilində bu İcmanın fəaliyyəti
daha da gözəgörünən
olmalıdır. Hər
halda Azərbaycan çərçivəsində bu İcmanın fəallığı çox
önəmli ola bilər".
Mən də bir Azərbaycan vətəndaşı olaraq
düşünürəm ki, daha çox gözə çarpmağımız
ilk növbədə hamılıqla
Qərbi Azərbaycan sevdalısı olmağımızdan
keçir...
Prezidentin
bu çıxışı
İcmanın qarşısında
yeni üfüqlər açdı.
Bu işə haradan, nədən və necə başlamalıyıq,
hansı istiqamətlərə
diqqət etməliyik,
geniş və aydın şəkildə
izah olundu, yollar göstərildi. Qərbi Azərbaycana qayıdış qayəsinin
fəaliyyət istiqamətlərinə
dövlətin dəstəyi
ilə yol açılması, beynəlxalq
müstəviyə çıxarılması
bəllidir ki, xalqımızın
yeni anlamda birliyinin təcəssümüdür. Bu mənada düşünürəm
ki, Prezidentin tövsiyələri,
göstərdiyi yol, işgüzarlığımızı şərtləndirən amillər
Qərbi Azərbaycan İcmasının fəaliyyətini
nizamlayan təlimat olmaqla, həm də mükəmməl hüquqi sənəd statusundadır.
lll
Uzun ayrılıqdan sonra doğma yurda qayıtmaq indiki halda asan olmasa
da, hüquqi, mənəvi
haqqımızla qayıdışa
iddialıyıq. Lakin bundan
ötrü yaşam tariximizlə bağlı hüquqlarımızın bərpası,
qaçqınlara dəymiş
ziyanların ödənilməsi
və digər halları tarixi faktların, sənədlərin
əsasında beynəlxalq
müstəviyə çıxarmalıyıq.
Bizimlə ortaq faciələr yaşayan ölkələrin xalqları,
birlikləri, cəmiyyətləri
ilə əlaqələr
qurmalıyıq. Qərbi
Azərbaycana qayıdış
konsepsiyası kimi həssas məsələdə
amalımızı birləşdirməli,
onların dəstəyini
almalıyıq. Məsələnin
beynəlxalq müstəvidə
hərəkətdə olmasının,
yeriməsinin bir yolu da məhz bu istiqamətdə görüləcək işlərdən,
ağıllı tədbirlərdən
keçir...
Mövzu
ilə səsləşən
bir məqama da diqqət edək. Bəllidir ki, qadın təkcə öz ailəsinin deyil, həm də bəşəriyyətin anası,
mənsub olduğu cəmiyyətin tərbiyəçisidir.
Qadın dünyaya səs salaraq müharibələrə, qaçqınlığa,
didərginliyə yox deyən, cümlə aləmdə sülh istəyən qüdrət
sahibidir. Unutmayaq, vaxtilə Qərbi Azərbaycanın ictimai, mədəni həyatında
böyük xidmətləri
ilə tanınmış
ziyalı, maarifçi,
xeyriyyəçi xanımlarımız
az olmayıb. Belə qadınlarımızın
şəxsiyyət və
fəaliyyətlərini araşdırmalı,
Qərbi Azərbaycanın
ictimai, mədəni, mənəvi həyatına
verdikləri töhfələri
gözə almalıyıq.
Onlara qarşı törədilən cinayətləri
konkret faktlar əsasında bir neçə dildə hazırlayıb xarici ölkələrin mətbuatında,
nüfuzlu telekanallarında
və saytlarında yerləşdirməkdə israrlı
olmalıyıq. Didərginlik,
qaçqınlıq taleyini
yaşayan başqa xalqların qadın təşkilatları, cəmiyyətləri
ilə də əlaqələr yaratmalıyıq.
Biz bu birliklərin dəstəyindən, gücündən
bəhrələndikcə məqsədimizə
nail olacağıq.
lll
Bəllidir ki, hər hansı
bir məmləkəti,
yurdu tanıdan ilk olaraq onun toponimiyası,
abidələri, qədim
tikililəri, mahalları,
tayfaları tarixi şəxsiyyətləri, görkəmli
ziyalıları, köklü
nəsilləridir. Bu mənada
düşünürəm ki, Qərbi Azərbaycanın
qədim dövrü,
ələlxüsus da XX əsrdə
yaşam tariximizlə
bağlı mənbələri
araşdırmaqdan ötrü
dünyanın bir çox arxiv və kitabxanalarında olmalıyıq. Əldə
olunan materiallar əsasında yeni tədqiqat
əsərləri, kitablar
nəşr etdirməliyik.
Bu gün siyasi müstəvidə Qərbi
Azərbaycana qayıdış
konsepsiyası varsa, demək, üzərimizə
daha məsul vəzifələr düşür.
Biz bu sahədə
yeni istiqamətdə görüləcək
işlərə rəvac
verməliyik. Eyni zamanda Qərbi Azərbaycan kökənli
soydaşlarımızı, onların varislərini dədə-baba torpaqlarımıza
qayıdışa həvəsləndirməliyik.
XIX əsrin sonu XX əsrin əvvəllərində
İrəvanda yaşamış,
lakin hələ də bir çoxunun
fəaliyyəti, neçə
ziyalı, maarifçi
İrəvanilər nəsli
haqqında yetərincə
bilgimiz yoxdur. Xətmi-kəlam, XX əsr
Qərbi Azərbaycanda
yaşam tariximiz elmi, mədəni, mənəvi varidatla zəngin olan qiymətli xəzinədir.
Bu xəzinəyə sahib olmaq
mənəvi, hüquqi
haqqımızdır. Yaxşı
olardı ki, İrəvanda
1881-1918-ci illərdə fəaliyyət
göstərmiş İrəvan
Gimnaziyası və İrəvan Müəllimlər
Seminariyasını bitirmiş,
eyni zamanda həmin məbədlərdə
dərs demiş İrəvanın maarifçi
ziyalılarının, şair
və ədiblərinin
fəaliyyətlərini daha
dərindən araşdıraq,
bilinməyən əsərlərini
üzə çıxaraq.
Yenə həmin dövrdə İrəvanda
Nəşri maarif, Xeyriyyə cəmiyyətləri,
İrəvanın bəzi
maarifçilərinin evində
açdıqları məktəblər
haqqında mümkün
qədər bilgiyə
malik olmalıyıq.
Bu gün meydanda Qərbi Azərbaycanla bağlı genişmiqyaslı, əhatəli bir mövzu var. Ona hansı istiqamətdən yanaşılsa, hər biri yeni tarixi araşdırmaların aparılmasına, mükəmməl tədqiqatların, bədii əsərlərin, cildlərlə kitabların, xatirə-memuar, etüd, esselərin yazılmasına rəvac verir. Bütün bunlar Qərbi Azərbaycanda yaşam tariximizin keçmişinə istiqamət olan kompasdır. Eyni zamanda rişələri dərinə işləmiş kökümüzə saçılan işıqdır. O kompasın göstərdiyi yolda inamla addımlamaq, işığını təcəssüm etdirmək, heç şübhəsiz, Qərbi Azərbaycan kökənli soydaşlarımızın doğma yurdlarına qayıdışını reallaşdıracaq...
Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru
525-ci
qəzet.- 2023.- 25 avqust.- S.7.