Qədim tarixə malik qardaşlıq əlaqələri
Bu il avqustun 22-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycana rəsmi səfərə gəldi. Bu səfər Azərbaycan-Özbəkistan qardaşlığının
və dostluğunun bariz göstəricisi idi.
Azərbaycanın xarici siyasətində
Mərkəzi Asiya ölkələri, həmçinin
Özbəkistan ilə
münasibətlərin inkişafı
mühüm yer tutur. Azərbaycan-Özbəkistan
münasibətləri qədim
tarixə malikdir. Hələ ötən əsrin 30-cu illərində
kütləvi repressiyalar
zamanı on minlərlə azərbaycanlı
Özbəkistana sığınıb.
Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan
cəmiyyətinin sosial,
ictimai, iqtisadi və digər sahələrində fəal
iştirak edir.
1966-cı ilin aprelində
dağıdıcı zəlzələdən
sonra Daşkəndin bərpasında azərbaycanlılar
yaxından iştirak ediblər. Ölkələrimiz
arasında diplomatik münasibətlər 1995-ci il
oktyabrın 2-də qurulub.
1996-cı ilin avqustunda
Azərbaycanın Özbəkistanda,
1998-ci ilin iyulunda isə Özbəkistanın
Bakıda səfirlikləri
fəaliyyətə başlayıb.
İndiyədək iki
ölkə arasında
154 sənəd imzalanıb.
Hazırda iki
ölkə arasında
hərtərəfli və
strateji tərəfdaşlıq
münasibətləri mövcuddur.
Ulu öndər Heydər Əliyev hər zaman özbək xalqına böyük sevgi ilə yanaşıb. Müstəqillik illərində
iki qardaş ölkə arasında əlaqələrin inkişafında
və dövlətlərarası
münasibətlərin formalaşmasında
Ulu öndər Heydər Əliyevin və Özbəkistanın
sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri
olub. Prezident İslam Kərimovun
1996-cı ildə Azərbaycana,
Ümummilli lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri
zamanı ölkələrimiz
arasında münasibətlərin
strateji istiqamətləri
müəyyən edilib.
Ölkələrimizin tarixində oxşar faciələr də var. Ötən əsrin əvvəllərində
həm azərbaycanlılar,
həm də özbəklər erməni
vəhşiliyinin qurbanı
olublar. 1918-ci ilin fevralında bolşeviklərin
dəstəyi ilə
"Daşnaksütyun" partiyasının hərbi
qanadı tərəfindən
Kokand vilayətində
özbəklərə qarşı
soyqırımı törədilib,
nəticədə 35 min
insan öldürülüb.
Təkcə üç
gün ərzində Kokand şəhərində
10 minə yaxın dinc sakin vəhşicəsinə
qətlə yetirilib.
Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq əlaqələri yüksələn
xətlə inkişaf
edir. İqtisadi sahədə də əlaqələr inkişafdadır.
Bu il avqustun
1-də Azərbaycan və
Özbəkistan arasında
əməkdaşlıq üzrə
Birgə hökumətlərarası
komissiyanın iclası
da keçirilib. İki ölkə arasında bu vaxtadək imzalanmış
160-dan çox sənəd,
o cümlədən, strateji
tərəfdaşlığın dərinləşdirilməsi və
hərtərəfli əməkdaşlığın
inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün
möhkəm hüquqi
baza yaradıb. Həmçinin
üçtərəfli əməkdaşlıq
çərçivəsində bu ilin avqustunda
Daşkənddə Azərbaycan,
Türkiyə və Özbəkistanın xarici
işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli
görüşü baş
tutub. İyunda isə Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin Bakıda ilk üçtərəfli görüşü
təşkil olunub.
Dünyada cərəyan
edən son hadisələr fonunda bu gün Azərbaycanın
da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti
artmaqdadır. Prezident
İlham Əliyevin uzaqgörən siyasətinin
nəticəsi olaraq ölkəmizdə mühüm
nəqliyyat-logistika infrastrukturu
yaradılıb və
Azərbaycan beynəlxalq
nəqliyyat şəbəkələrinə
inteqrasiya olunub. Dövlətimizin başçısının
Özbəkistana son səfəri zamanı imzalanan "Azərbaycan Respublikası Hökuməti
ilə Özbəkistan
Respublikası Hökuməti
arasında beynəlxalq
avtomobil əlaqələri
haqqında Saziş"
Azərbaycan vasitəsilə
Özbəkistan məhsullarının
daşımalarının həcminin
daha da artmasına
təkan verəcək.
Özbəkistan Qarabağ münaqişəsi
ilə bağlı məsələdə daim
Azərbaycanın ədalətli
mövqeyini dəstəkləyib.
Vətən müharibəsi
dövründə Özbəkistan
Xarici İşlər
Nazirliyi tərəfləri
hərbi əməliyyatları
dayandırmağa, suverenlik
və ərazi bütövlüyü prinsiplərinə
riayət etməklə,
münaqişəni sülh
yolu ilə həll etmək üçün diplomatik danışıqlara başlamağa
çağırıb. Özbəkistan
Prezidentinin işğaldan
azad edilən ərazilərə səfəri
qardaş ölkənin
Azərbaycanın həyata
keçirdiyi bərpa-quruculuq
işlərinə töhfə
və dəstəyinin
daha bir göstəricisidir.
Qeyd edək
ki, Özbəkistan hələ 2008-ci ilin martında BMT Baş Assambleyasında səsverməyə
çıxarılmış "Azərbaycanın işğal
olunmuş ərazilərindəki
vəziyyət" adlı
qətnamənin lehinə
səs verən yeganə Mərkəzi Asiya öləsi olub
Ölkələrimiz arasında tarixən sıx mədəni əlaqələr mövcud
olub. Hər iki xalq bir-birinin
mədəniyyətindən bəhrələnib, bir-birinin
mədəniyyətinə və
onun inkişafına özünəməxsus təsir
göstərib. Sovet İttifaqı dönəmində
hər iki xalq arasında mədəni əlaqələr
daha da inkişaf
edib. Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan mahnıları Özbəkistanda
olduqca məşhurdur.
Özbəkistanda yaşayan
bir sıra azərbaycanlılar bu ölkənin elminə və mədəniyyətinə
töhfələrini verməkdə
davam edirlər. Təsadüfi deyil ki, 2022-ci ilin 30 avqustunda mədəni əlaqələrin inkişafında
xidmətlərinə görə
məşhur Azərbaycan
əsilli özbək
müğənnisi Nəsibə
Abdullayevaya Azərbaycanın
"Xalq artisti" fəxri adı, eləcə də Haşimjon İsmayılov,
Əli Heydər Nəsirli və Kamoliddin Urinbayevə "Dostluq" ordeni verilib. Habelə Özbəkistan Prezidentinin
müvafiq sərəncamı
ilə Gülyanaq Məmmədova Özbəkistanın
"Xalq artisti" fəxri adı, Şahin Mustafayev, Ramiz Əskərov və Almas Binnətova
isə "Dostlik"
ordeni ilə təltif ediliblər.
Etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək.
Təranə PAŞAYEVA
Psixologiya üzrə fəlsəfə doktoru
525-ci
qəzet.- 2023.- 25 avqust.- S.6.