Yaddaşımdakı portret cizgiləri:
Xalq şairi Qabil
Qabilin
"Yağışlı havalarda, küləkli havalarda"
məşhur şeirini xatırlaya-xatırlaya onun digər bir
şeirini də yada salıram, öz-özümə
pıçıldayıram: "Gedən yerim olaydı..."
Bir vaxtlar hər dəfə bu şeiri oxuyanda həm də
hardasa bir ünvan həsrəti ilə kövrələr, nisgillənərdim.
Qabil bu arzu-istəyini hərçənd
ki, yağışlı, küləkli
havalarda dilə gətirməyib.
Yaşımın yetmişini tamamlayandan
sonra mən daha gedən yerimi bilirəm...
Bəlkə də elə
buna görə "ötən
günlər, ötən
çağlar" və
o "ötən günlərdə,
ötən çağlarda"
bir vaxt oturub durduğum, indi gözlərimin axtara-axtara qaldığı
dostlar, o dostlarla bağlı neçə-neçə
xatirələr, əhvalatlar,
epizodlar yada düşür.
...Qərəz, sözü uzatmayıb mətləb üstünə gələk.
Ötən əsrin səksəninci
illəri idi. Yazıçılar İttifaqının
nəzdində Bədii
Ədəbiyyatı Təbliğ
Bürosu deyilən bir qurum var idi.
Bu qurumun fəaliyyəti
yazıçı və
şairləri, bir sözlə, qələm adamlarını respublikamızın
müxtəlif bölgələrinə
göndərmək, onlar
da yerlərdə ayrı-ayrı
müəssisə və
təşkilatlarda "zəhmətkeşlər"
(adamın yadına Anarın "Molla Nəsrəddin-66"sı
düşür: "zəhləmgetmişlər")
qarşısında bədii
ədəbiyyatı təbliğ
etməli idi və bunun müqabilində
olduqları müəssisə
və təşkilatlarda
onların "ezamiyyə
vəsiqələri"nə möhür vurulur, qol çəkilir, təbliğ bürosunun hesabına pul köçürülürdü ki, o puldan da "putyovka" yiyələri qonorar alırdılar.
Deyim ki,
o illərdə bu qurumun sayəsində əldə etdikləri müəyyən pul məbləği yazı-pozu
adamlarının az-para
əlindən tutur, işinə yarayırdı.Ancaq
qələm adamlarının
çörəyi nə
vaxt daşdan çıxmayıb ki? Bəzən
belə putyovkalarla gələnlər yerlərdə
soyuq da qarşılanırdı,
illah ki, yay aylarında,
yerlərdə mövsümü
işlərin başdan
aşıb daşdığı
qızğın çağlarında
zəhmətkeşlər (yenə
də zəhmətkeşlər!)
qarşısında bədii
ədəbiyyatın təbliği
"qayğısına qalmaq"
kimin yadına düşürdü ki? Belədə
ümid qalırdı
yerlərdəki sözü
keçən nüfuzlu
dost, tanışın himayədarlığına.
Belə
putyovkalarla dəfələrlə
görkəmli sənətkarımız
Qabillə səfərdə
olmuş gözəl şairimiz, unudulmaz dostum İsa İsmayılzadə
"Qabilli, Qabilsiz günlər" adlı topluda (Şirvannəşr,
2008) yer tutan "Yollar, sizə minnətdaram" adlı xatirələrində bu haqda ətraflı yazır.
Qabil müəllimlə bağlı
o unudulmaz xatirələrində
İsa İsmayılzadə elə özü də kövrələ-kövrələ
qeyd edir ki, ötənləri yada salanda
Qabil müəllim yamanca kövrədi:
- Biz o rayonlarda böyük hörmət, məhəbbət
gördük, - dedi.
...O yerdə ki, sənin yolunu gözləyirlər,
gəlişinə sevinirlər
ora getməyə nə var..."
Sonra
İsa İsmayılzadə Qabilin yolunu gözləyən dostlarının
ünvanlarını, ad-soyadlarını
sadalayır. Kimlər,
kimlər... Və... Dəvəçidə (indi
Şabran) yazıçı-jurnalist
Aydın Tağıyev.
Sözümün bu yerində mən təkcə yağışlı, küləkli
havalarda yox, həmişə yadıma
düşən iki yarpaq xatirəni oxuculara çatdırıram.
Dayımla Qabil necə barışdı
Ötən əsrin səksəninci
illəri idi. Qabil müəllim elə İsa İsmayılzadə
ilə bizim Şabrana (keçmiş Dəvəçi) təbliğ
bürosunun putyovkaları
ilə gəlmişdilər.Mən
də qonaqlarımla, direktoru "dayı" dediyim qohumum olan, böyük bir sovxoza yollandıq.
Dayımla gen-geniş, uzun
kabinetində görüşdük.
Məsələ işgüzarcasına
az qala sayılı
dəqiqələr ərzində
həll olundu. Nahar fasiləsinə az qalırdı. Qabil müəllim işin-gücün
bu vaxtında daha direktorun vaxtını almamaq üçün xudahafizləşmək
məqsədi ilə əlini irəli uzatdı. Dayım: - Əziz qonaqlarımsınız,
- dedi, - nahara da az qalır. Sonra da təkidlə: - Əşi,
bir tikə çörək yeməmiş
sizi hara buraxıram.
Sonra da sürücüsünü kabinetinə
çağırtdırıb o illərdə rayonda ən bərkdə gedən, adlı-sanlı bir iaşə ocağının müdirinin
adını çəkib:
- Get ona de ki, yaxşı
bir süfrə hazırlasın. Nahar fasiləsində
ordayıq.
Vaxtın
tamamını gözləyənəcən
ortaya mürəbbəli,
limonlu pürrəngi çay gəldi. Ünsiyyətcil dayımla
Qabil müəllimin söhbəti tutmuşdu.
Dayım
əyləşdiyi kreslodan
arabir uzun kabinetinin qapısına tərəf hiss etdirmədən
boylanırdı. Elə
bil kiminsə içəri keçəcəyini
gözləyirdi.
Qapı
birdən yarımçıq
aralandı və qapıda elə dayım yaşda yaşlı bir kişi göründü.
Əyin-başından məlum
idi ki, sovxozun fəhlələrindəndir. Dayım
ona məhəl qoymayıb Qabil müəllimlə şirin
söhbətini davam etdirirdi.
Qapı
necə səssiz aralanmışdısa, eləcə
də ustufca örtüldü. Ancaq aradan heç beşcə dəqiqə keçməmişdi ki, yenidən
ehtiyatla açıldı.
Direktor azca aralanmış qapıda fağır-fağır duran
kişiyə bu dəfə gözlərini
ağartdı.
Görünür, gələn adam
da səbirsiz, hövsələsiz
imiş.
Üçüncü dəfə qapı aralananda dayım coşdu, nə coşdu.
- Ay kişi, bir yaxın gəl görüm, - deyə qəzəblə səsini
qaldırdı.
Kişi
direktorun uzun kabinetində çəkinə-çəkinə
onun masasına tərəf addımladı.
Dayım:
- Ay kişi, sən nə üzlü adamsan, - deyə bozardı.
Kişi
əyilə-əyilə, az
qala tutulmuş ayaqlarını sürüyə-sürüyə
geri addımladı.
Hamımız bir anda pərt olub tutulduq.
Qabil dərhal ayağa qalxdı, elə İsa müəllim də, mən də...
Məsələni əlbəəl duyan
dayım qapıya yaxınlaşmaqda olan kişini təzədən
səslədi: - Bir bəri
gəl görüm, -
deyə bu dəfə həlim, mehriban bir səslə
dilləndi. - Ay kişi,
mən səni arif bir adam
bilirdim, - dedi, - sən nə dilbilməzmişsən...
Kişi
duruxdu. Biz qonaqlar da dayımın sözünün
axırını gözləyirdik.
Dayım
kişiyə canyananlıqla:
- Ay kişi, görmürsən
qonaqlarım var. Nahara
da az qalıb. Bayaqdan fikir-xəyaldayam
ki, onları hara aparım,
necə aparım?
İndi sən öz ayağınla təşrif
buyurmusan. Bayaqdan neçə dəfə göz-qaş etmişəm.
Elə dirənib durmusan. İndi durub düşək qabağına,
gedək sizə, sən də 5-10 çolpandan keçəsən...
Hələ bunun başqa dəm-dəsgahı
da öz yerində...
Bir anda kişinin beli dikəldi, üzü güldü. Dil-dodağı əsə-əsə:
- Direktor, sənə də qurban olum, belə qonaqlarına da. O nə sözdü, 5-10 çolpa...
Ayağınız altda
qoç kəsməsəm,
heç kişi deyiləm.
Elə bil üstümüzdən
ağır bir yük götürüldü.
Dayım yerindən qalxdı.
Ustad şair, həssas insan dayımla beləcə barışdı
və mənim də çiynimdən ağır bir yük götürdü.
"Dilbər, huy..."
Unudulmaz
şairimiz, həssas,
kövrək, genişqəlbli,
ürəyindəki dilində
olan Qabil müəllimlə bağlı
bir xatirəmi də yada salıram. Hərçənd ki, o xatirəni
dostum, tanınmış
yazıçı-publisist Novruz
Nəcəfoğlu hələ
neçə il bundan qabaq mənim haqqımda yazıb çap etdirdiyi "Nağıl adam" (Bakı, "ATV"-2016) adlı
avtobioqrafik romanda yerli-yataqlı, təfsilatı
ilə qələmə
alıb.
lll
"...Elə həmin yaradıcılıq səfəri
vaxtı Aydın qonaqlarını şam yeməyinə rayon mərkəzindəki
atalı-analı evinə
dəvət edir.
Sərin
yay gecəsində, açıq
şüşəbənddə, əsl hal əhli
olan Qabil müəllimlə Aydın
bir-biri ilə bəhsə giriblərmiş
kimi, təmiz spirt qarışdırılmış "saf su"dan nuş edirlər. Bəlkə işin bu yerində Qabili dilləndirmək üçün Aydın hələ Xəyyamvari bir rübai də deyib:
Kaşı kuzələrin şöhrəti
şərab,Nuş üçün könlümə
eylədi xitab.
Könlümü şövq ilə
sövq etdim meyə,
Arzum təlqin oldu, əhvalım bitab...
Yay gecəsinin sərin havası, göydə bədirlənmiş ay. Bir-birinə
göz vuran ulduzlar, gecənin lal sükutu... Bəh-bəh-bəh... Əsl
poetik bir gecə, romantik duyğuların coşub daşdığı saatlar...
Birdən
bu lal sükutu
Aydıngillə qonşu
olan qadının hay-harayı pozur:
- Ay Dilbər, huuyyy!.. Dilbər, huuyyy!..
O an Qabil müəllim yerindən sıçrayır,
məhəccərə sarı,
pilləkən olan tərəfə az qala quş kimi
qanadlanıb uçur.
Hörmətli sənətkarın bu
qəfil hərəkətini
görən Aydın bir ev yiyəsi
kimi əlbəəl ayağa qalxır.
Dostlarının onun ardınca gəldiyini görən Qabil müəllim əllərini dodaqlarına
aparıb işarə
edir ki, səsinizi çıxartmayın...
Çağırışına qızından
cavab almayan qonşu qadınsa hələ də hay-huyundaymış...
- Ay Dilbər, huuyyy!.. Dilbər, huuyyy!..
Axır
ki, qonşu qadının
hay-huyu kəsilir. Qabil müəllim bundan sonra məhəccərdən
aralanır, qayıdıb
yerində oturur. Bu dəfə sağlıqsız-filansız qədəhini
təkbaşına boşaldıb
kövrək səslə:
- Bilirsiniz, bu
"huy" sədasını
axırıncı dəfə
Yardımlıda, kənddə
müəllim işlədiyim
cavanlıq çağlarımda
eşitmişəm, - deyə
qəfil yerindən qalxmağının, o "huy"u
daha yaxşı eşitmək üçün
səda gələn tərəfə daha yaxın getməyimin səbəbini hələ
də narahat-nigaran qalmış dostlarına izah edir. - O vaxtdan iyirmi ildən çox keçir. Ancaq elə bil dünən
idi. - Şair bir də köks
ötürür: - Hə,
ömür keçdi,
gün keçdi..."
lll
O da yadımdadır
ki, qonaqlarım təkidimə baxmayıb gecədən xeyli keçmiş ertədən
nömrə tutduqları
mehmanxanaya qayıtdılar.
Mehmanxananın mənimlə
haqq-salamı olan direktoru məni mehmanxanasının müsafirləri
ilə görüb əvvəlcə təəccübləndi.
Mehmanxananın qonaqlarının
kimliyi ilə onu tanış etdim. Direktor əl-ayağa düşdü.
Qonaqları ikinci mərtəbədə qaldıqları
otağa qalxmağa qoymayıb stolunun üstü qonaq-qara üçün həmişə
hazır olan kabinetinə dəvət etdi.
Nə isə direktorun otağına keçdik. Qonaqpərvər direktor nə qədər təkid edib üz vursa da, "məclisi" davam etdirməyə Qabil müəllim qəti etiraz etdi, soyuducudakı
mineral su ilə kifayətləndi.
O vaxtlar mobil telefondan
xəbərsiz idik. Direktorun stolunun üstündəki telefona
baxıb Qabil müəllim Bakı ilə, evi ilə
danışmaq istədiyini
bildirdi.
Əlbəttə, mehmanxana direktorunu
yaxşı tanıyan
telefonçu qız dəstəkdə onun səsini eşidən kimi: - Xətdə gözləyin, - dedi, - bu dəqiqə qoşuram.
Saniyələr keçmişdi ki, qız:
- Buyurun, danışın,
- dedi, - direktor dəstəyi Qabil müəllimə uzatdı.
Hamımız dərhal
kabinetdən çıxdıq.
Kabinetdən çıxa-çıxda
Qabil müəllimin səsini eşitdim.
- Bəyim, hələ yatmamısan...
Demə,
o başda da Qabil müəllimin səsini eşitmək üçün
oyaq qalan varmış. Sonra da pıçıltılı
səs: - Mahiri oyatma...
Qabil müəllimin sonrakı kəlmələrindən xəbər
tutmadıq. Koridorun o başında idik. Yəqin Qabil müəllim o gecəni rahat yatdı.
lll
Gözəl sənətkarımız, unudulmaz insan, şair Qabil haqqında bu xatirə yarpaqları ilə söhbətimi burdaca tamamlayıram.
Yəqin
ki, yağışlı havalarda,
küləkli havalarda
yeniləri yenə də yada düşər...
Mart, 2023
Aydın TAĞIYEV
AYB
Şabran bölməsinin rəhbəri
525-ci qəzet.- 2023.- 26 avqust.- S.15.