HƏR DƏFƏ TƏZƏDƏN QAYITMAQ
XOŞBƏXTLİYİ
O, insan oğlunun indiyədək ixtira edə bildiyi və insanın özündən də qüvvətli olmağı
bacarmış güc
daşıyıcılarının ən möhtəşəmidir.
Ancaq o süst, taqətsiz də ola bilən, öz süstlüyü, taqətsizliyi
ilə ən qısa zaman içində
hesablanıb qurtarılmayacaq
qədər çox insanı heysizləşdirə,
lətləşdirə, acizliyə
də yoluxdurmağa qadir canlıdır. O, dəqiqələr ərzində
yüzminləri və
milyonları qovuşdurub
bir yumruğa çevirməyi bacaran qüdrətdir. Ancaq o, yüzminləri və milyonları elə dəqiqələr ərzində
də parça-parça
edə, dəstə-dəstə
bölə, bir-birinə
qarşı qaldıra
biləcək qədər
dağıdıcı ola bilən
qüvvədir. O, dünyanın
ən qabil kəşfiyyatçılarının hamısının bir yerdə görə bilməyəcəyi işi
ildırım sürəti
ilə yerinə yetirməyi bacaran, saysız-hesabsız insanın
qılığına girib
hisslərinə hakim kəsilən,
qəlbinə yol taparaq nəzərdə tutduqlarını onlara təlqin etməyə qadir fövqəliradədir.
Amma onun güvəyə
dönərək milyonların
zövqünü, mənəviyyatını,
düşüncəsini aşındıran,
didən, çürüdən
müdhiş mərəz
olmaq sifəti də var. Həm o, həm bu üzü
olan həmin müstəsna Güc Daşıyıcısının adı televiziyadır.
Və televiziyanı Heydər Əliyev qədər özünə yaxın bilən və televiziyaya onun kimi yaxın olan, televiziyanı dövlətin ən mötəbər dayağı
sayaraq onun hüdudsuz imkanlarından məharətlə yararlanan
və elə həmin yüksək məziyyətlərinə görə
də televiziyanın qədrini uca tutaraq daim ona
arxa duran rəhbər Azərbaycanda
olmayıb.
Heydər
Əliyevdə teleradionun,
mətbuatın gücü
haqqındakı qənaət
onun respublikaya rəhbərliyə gələndən
sonra il-il yığılan
təcrübə və
müşahidələrdən sonra yaranmamışdı.
Çox uzun çəkəcək ali
dövlətçilik səfərinin
ilk qədəmlərini atmağa
başlayarkən artıq
o, daxilən əmin idi ki, bu etibarlı
yoldaşlarla axıracan
birgə olacaq. Heydər Əliyevsə, təbiətinə bələd
olanlar agahdır ki, ona sədaqətli olanlara, ona yaxşılığı
keçmişlərə ikiqat
sədaqət və diqqətini heç zaman əsirgəmədi. Elə
televiziyaya münasibətdə
də belə oldu.
Səkkiz
sədr dönəmində
bu əziz məkanda yarım əsr boyunca can yandıraraq çalışmış,
32 il baş mühəndis
vəzifəsini tutmuş,
köhnə televiziyaçılardan
olan, çoxdan təqaüdçü ömrünü
yaşayan Rəhim Dərafərinin bu müşahidəsi dəqiqdir.
Deyir ki, Heydər Əliyevin bir gözü həmişə
televiziyada idi.
1969-cu ilin iyulunda respublika
rəhbəri kimi ilk yayını istirahətə
deyil, həmişəkindən
də gərgin işə həsr edən Heydər Əliyevin ilk tapşırıqlarından
biri Dövlət Televiziya və Radio Şirkətində mövcud
vəziyyətin hərtərəfli
araşdırılaraq geniş
arayışın hazırlanması
olmuşdu. Çətin
yola çıxırdı
və istəyirdi ki, bu mübarizəli yolda onunla hər
gün birgə olacaq silahdaşı - televiziya və aparacağı dövlətçi
xətt arasında bir həmahənglik bərqərar olsun. Bununçünsə televiziyanı
kənardan tanımaq az idi, gərək
içəridən hər
yaxşı-yamanına bələd
olaydı.
1968-ci ilin 7 mayında, ovaxtkı radio günündə
Azərbaycan televiziyasının
qurucularından olan, keçilmiş qısa yol ərzində sütül Azərbaycan ekranına qəlbəyatan
biçim verməyə
müvəffəq olmuş
Ənvər Əlibəylinin
vəfatından sonra sədr vəzifəsinə
"Vışka" qəzetinin
redaktoru işləyən
İmran Mirzəyev gətirilmişdi.
(Görkəmli şərqşünas
alimimiz, Ənvər Əlibəyli yadigarı Şəfəq xanım Əlibəyli yada salır
ki, Heydər Əliyev
1967-ci ildə Dövlət
Təhlükəsizlik Komitəsinin
sədri olandan sonra bir sıra
tədbirlərdə atamla
tez-tez görüşərdilər,
mehriban münasibətləri
vardı və ailə söhbətlərində
onun radioya, televiziyaya, ayrı-ayrı
verilişlərə, illah
da xaric üçün
hazırlanan proqramlara
xüsusi maraq göstərdiyini eşidərdim.
Heydər
Əliyev də illər sonra Ənvər Əlibəylini
anaraq belə deyirdi: "Onu çox böyük hörmətlə xatırlayıram.
Ənvər Əlibəyli
həm yaxşı jurnalist, həm yaxşı şair idi. Həm də
televiziyaya yaxşı
rəhbərlik edirdi").
Ənvər Əlibəylidən sonrakı müddətdə
Azərbaycan Dövlət
Radio və Televiziya Verilişləri Komitəsində
vəziyyətin necə
olması araşdırılmağa
başlayanda İmran Mirzəyev
1 ildən bir az çox idi
ki, sədr idi. Ancaq bu qısa
müddətdə həm
radioda, həm televiziyada irəliləyiş
yox, geriləmə müşahidə edilmişdi
və bir sıra arzuolunmaz hadisələr də baş vermişdi ki, onlar haqda heç
Heydər Əliyev hələ Birinci katib seçilməzdən
qabaq Mərkəzi Komitəyə məktublar
göndərilmişdi.
Qəzetdən gəldiyindən, efir
məkanı ilə bağlı təcrübəsi
olmadığından İmran Mirzəyevin burada dərhal baş tapa bilməməsi, əlbəttə,
anlaşılan idi. Qüsurların artmasına
digər səbəb isə bu imiş
ki, deyəsən, o, sağındakı-solundakı
peşəkarların, daha
püxtələrin rəyinə
də çox məhəl qoymurmuş.
Bu, ehtimal deyil, həm teleradionun içərisindən, həm
kənardan dəvət
edilmiş mütəxəssislərdən
təşkil edilmiş
20 nəfərlik komissiyanın
avqustun ikinci, sentyabrın birinci yarısında apardığı
müfəssəl araşdırmadan
çıxardığı başlıca nəticələrdən
biri idi.
Ancaq komissiya araşdırmalarını
aparmazdan əvvəl komitəyə müraciət
edilmişdi ki, özləri
geniş hesabat versinlər. Hesabat hazırlanmışdı, Mərkəzi
Komitəyə göndərilməzdən
qabaq sədrin yanında müzakirə edilmişdi və həmin toplantıda iştirak edənlərin biri daha cəsarətli
çıxaraq hesabatla
razılaşmamış, imzalamaqdan
imtina etmişdi. Bu, o çağlar komitədə
sədr müavini işləyən Nəbi Xəzri idi. Nəbi müəllim sözünü sadəcə
şifahi deməmişdi,
yazılı olaraq da təsdiqləmişdi. Həmin
tək vərəq də qalır: "Sentyabrın 4-də Dövlət
Komitəsi tərəfindən
Mərkəzi Komitəyə
təqdim olunacaq mətn müzakirə ediləndə bu hesabata səs vermədim. Ona görə
ki, həmin hesabat Dövlət Komitəsində
son ildə yaranmış
acınacaqlı mənzərəni
əks etdirmir və ciddi nöqsanları
açıb göstərmir.
Əgər hesabatı
Mərkəzi Komitəyə
teleradio adından təqdim ediriksə, biz
son dərəcə obyektiv
və prinsipial olmalı, işimizə qarşıya qoyulan yüksək tələblər
səviyyəsindən qiymət
verməli, idarəmizdəki
ciddi nöqsanları kommunistcəsinə açıb
göstərməliyik. Mən
bu qənaətdəyəm
ki, həmin hesabat bu tələblərə cavab vermir".
Mərkəzi Komitəyə göndərilən
hesabata görə isə, işlər yağ kimi gedirdi.
Göstərilirdi ki, hazırda
televiziya verilişlərinin
sutkalıq həcmi
20, radio verilişlərininkisə 32 saatdır. Ölkədə
700 minə yaxın radioqəbuledici, 450 min televizor
var. "Pravda" qəzeti 1968-ci ilin iyulunda dərc
etdiyi məqaləsində
Azərbaycan televiziyasının
yaxşı işindən
bəhs edib. 1968-ci ilin əvvəlindən televiziyada hər gün iki dəfə
verilən ondəqiqəlik
yeniliklər proqramı
gündəlik yarım
saatlıq "Günün
ekranı" verilişi
ilə əvəzlənib.
May ayından ilk dəfə
olaraq Azərbaycan televiziyasında "Qitələr,
hadisələr" beynəlxalq
proqram fəaliyyətə
başlayıb. Qeyd edilirdi ki, televiziyanın
"Ekran" Yaradıcılıq
Birliyində çəkilmiş
"Bu, Səttar Bəhlulzadədir"
filmi keçən il Moskvada
rəngli televiziya filmləri müsabiqəsində
ən yaxşılardan
biri sayılıb, digər bir neçə film Ümumittifaq
televiziyasında nümayişdən
ötrü qəbul edilib.
Bunlar hamısı, söz yox, sevindirici idi, uğurdan deyirdi. Ancaq bu fərəhli hadisələrin hamısı
Ənvər Əlibəylinin
sədrlik dövrünün
bəhrəsi idi, bəs İmran Mirzəyevin
sədrlik etdiyi 1 il 3 ayda hansı müvəffəqiyyətlərlə öyünə bilərdilər?
Əsas
bəla onda idi ki, sədr öz müavinləri ilə yola getmirdi,
televiziya işinin bilicisi olsalar da, onların sözünə
məhəl qoymurdu və nəticədə efirdə xoşagəlməz
hadisələr baş
verirdi. 1969-cu il yanvarın
28-də televiziyada "Qəhrəmanlar
haqda hekayətlər"
silsiləsindən keçmiş
partizan M.Xəlilov
haqda süjet getmişdi.
Televiziya
təzəydi, hamının
gözü ekranda idi, heç veriliş bitməmiş studiyaya zənglər, daha sonra isə
Mərkəzi Komitəyə
şikayət məktubları
getmişdi. Sən demə, qəhrəman kimi təqdim edilən bu şəxs əslində müharibə dövründə
faşistlərə işləyibmiş.
Tapşırmışdılar DTK-ya ki, izə düşsünlər. Məlum
olmuşdu ki, həqiqətən
belə imiş. Sədrin göstərişi
ilə Elmi-Tədqiqat
Əkinçilik İnstitutunda
yoxlamalar gedə-gedə,
institutun direktoru həbs olunduğu halda onları tərifləyən 1 yox,
2 veriliş hazırlanmışdı.
Sədrin birbaşa tapşırığı ilə
Nəsimi rayonundakı
bazarın müdiri haqqında dalbadal 2 mədhiyyə veriliş hazırlanmışdı, müavinlər,
baş redaktorlar narazılıqlarını bildirsələr
də, sədr dediyinin üstündə durmuşdu. Bütün bunlar 20 nəfər teleradio işçisinin, tanınmış alimlərin,
yazıçıların, jurnalistlərin, Mərkəzi
Komitədən də
onlara qoşulmuş ekspertlərin apardığı
araşdırmanın nəticəsi
olan sənəddə
əksini tapıb və orada bu
da yazılır ki, sədr
çox təkəbbürlüdür,
nəinki komitədə
vəzifəcə ondan
aşağı olanların,
bəzən Mərkəzi
Komitədən ona irad tutanların da sözünə laqeyd yanaşırmış.
Qəbuluna gəlib ona tənqidi fikir söyləyənlərə dediyi
"BB", yəni "Bas bayıra" ifadəsi isə, şahidlərin nağıl eləməsinə
görə, o vaxtlar lətifəyə çevrilibmiş.
Hətta adətən
səlahiyyətləri yüksək
olduğuna görə
çəkinilən Mərkəzi
Komitə əməkdaşlarına
münasibətdə də
sədrin rəsmi arayışda əksini tapmış saymazyana ədaları, yəqin, oradan gəlirmiş ki, bu vəzifə Kremlin nomenklaturasında idi və elə həmin səbəbdən
1969-cu il sentyabrın 30-da Azərbaycan
KP MK Bürosunun onu vəzifədən götürmək
haqqında qərarında
belə bir bənd də yer alır ki, Sov.İKP MK-dan xahiş olunsun ki, İmran Mirzəhüseyn
oğlu Mirzəyevin respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin sədri vəzifəsindən çıxarılması
haqda bu qərarı təsdiq etsin.
Mən
İmran Mirzəyevin özünü
heç görməmişəm,
təsəvvürüm, hələ
çox ayrıntılarını
açmağı lazım
bilmədiyim həmin arayışa, o arayışa
özünün yazmış
olduğu, elə həmin qovluqda qalan və mənfi
təəssüratı dəyişməyən
cavabına əsasən
yaranıb. Ancaq vaxtilə elə onun çalışdığı
"Vışka" qəzetində
redaktor müavini işləmiş, Azərbaycan
televiziyasında da 1980-lərin ortalarından başlanan aşkarlıq havasında
efirə gəlmiş
məşhur "Dalğa"
verilişinin yaradıcılarından
biri olmuş, həm yaxşı jurnalist, həm çevik elmi təfəkkürlü tədqiqatçı
(onun "Adlarımız"
ünvanlı araşdırma
kitabı 1980-ci illərdə
çox sevildi), həm də son dərəcə mədəni,
kübar insan olan qardaşı Osman Mirzəyevi tanıyırdım,
Qarabağ müharibəsindəki
ilk şəhidlərimizdən olan bu dəyərli
şəxsiyyətlə xoş
münasibətlərimiz vardı,
mən onun, o mənim kitabım haqqında müsbət rəylər yazmışdıq.
İki qardaş və nə qədər fərqli xarakterlər!
Tünd
məzacına görəmi,
ya Kreml nomenklaturasına daxil olduğuna uyaraqmı özünü yekəxana
aparmağı bəlkə
də hansısa başqa rəhbərlə
etmək mümkün
idi, Heydər Əliyev kimi zabitəli liderləsə
belə ədalar keçərli deyildi. Xüsusən də ki, bu təhər mühüm dövlət və millət əhəmiyyətli bir məqamda.
Teleradionun sədri vəzifəsinə
partiya xadimi və fəlsəfə professory Qurban Yusifzadə təyin edilir. O, büllur kimi təmiz bir adam idi,
qızı ilə Elmlər Akademiyamızın
Fəlsəfə və
Hüquq İnstitutunda
birlikdə işlədiyimdən
yeni sədr haqqında
məlumatım genişdi.
Artıq həm də xeyli maliyyə
əyintiləri aşkarlanmış
bu idarəyə belə əqidəli, əli düz adamın gəlməsi müsbət bəhrəsini,
yəqin ki, verəcəkdi.
Ancaq o, televiziya adamı deyildi, axıracan da ola bilmədi,
ifrat mühafizəkar
baxışlıydı, amma
di gəl, idarənin işlərini belə sədrlə necə irəli aparmağın də həlli tapılmışdı. Sabiq
rəhbərlik dönəmindən
fərqli olaraq, artıq müxtəlif sahələr üzrə müavinlərin geniş səlahiyyətləri vardı,
hərəsinin öz
sahəsi üzrə sözü keçərli
idi.
Bütün bunları uzaqdan
müşahidəçi kimi
yox, artıq tələbə vaxtımdan,
1974-cü ildən etibarən
bugünədək Azərbaycan
teleradiosu ilə sıx bağlı olan, bütün gedişatı içəridən
izləyən insan kimi deyirəm.
O gün - 1969-cu ilin 30 sentyabrında əslində
Azərbaycan televiziyası
və radiosunda büsbütün yenu mərhələ - Heydər
Əliyev epoxası başlayırdı.
Radiomuzun
43, televiziyamızın 13 yaşı
vardı.
Həmin
gündən düz
27 il sonra, artıq radiomuzun 70, televiziyamızın
40 yaşına çatdığı
hündürlükdən arxaya
boylanan Heydər Əliyev Azərbaycan efirini ciddi millət
və dövlət quruculuğu, mühüm Azərbaycançılıq hadisəsi
adlandırırdı.
Və efirimizin o mübarək dərəcəyə gəlib
yetişməsində onun
özünün də
əvəzsiz xidmətləri
vardı, bunu həmin gün onu dinləyən peşəkarlar da yaxşı
dərk edirdilər, hər kəsdən əvvəl də özü bilirdi ki, geridəki illər ərzində radiomuz, televiziyamız üçün
nələr edib, ona görə də efirimizin həmin yubiley yaşında ürəyindən
keçənləri dilə
gətirirkən qəlbən
məmnun idi. Bu, bəsləyib böyüdüyü,
nəhayət ki, bəhrəsini
görüb sevinən
bağbanın fərəhi
kimi idi. Ancaq indi dilindən
qopan və keçmişə qiymət
kimi səslənən
sözləri artıq
yolunun lap əvvəlində
onu sabaha çağıran məqsəd
kimi düşüncəsində,
qəlbində nəqşə,
layihə, niyyət kimi var olmasaydı, belə könül sevindirən nəticəyə
də gəlib çıxılmazdı, indiki
zirvəyə də varılmazdı.
1996-cı
ilin 17 fevralı idi, Heydər Əliyev Azərbaycan televiziyasının bu millət üçün
hansı dəyər olduğunu xırdalayırdı:
"Azərbaycan televiziyası
xalqımızın milli sərvətidir,
Azərbaycan xalqının
tarixinin böyük bir hissəsidir, ayrılmaz bir hissəsidir. Televiziya hər kəsin nailiyyətidir. Televiziyamız
tariximizin səhifələrini
əyani surətdə
təbliğ edərək
hər bir vətəndaşın öz
keçmişini, tarixini,
millətinin aqibətini
daha yaxından bilməsinə kömək
edibdir".
Heydər
Əliyevin televiziya haqqında, bu dəyərin Ümumazərbaycan
mənası barədə
mülahizələrini belə
uzun iqtibas etməyi bihudə deyil. Üzdən sadə görünən bu sözləri, televiziyamız haqqında bu həqiqətləri bir başqası da deyə bilər. Ancaq heç vaxt o sözlərdə Heydər Əliyev sözündəki siqlət,
ağır çəki
olmayacaq. Çünki
bu sözlər həmin gedişatı onillər boyu gün-gün, il-il yaşamış
insanın çıxardığı
aqil və dürüst nəticələrdir.
Özünün bilavasitə
apardığı millət
və dövlət quruculuğu işinə televiziyanın necə dayaq durduğuna saysız sübutlar çəkə bilən Vətən rəhbərinin
müdrik qənaətləridir.
Sən də, mən də, məntiqlə düşünən istənilən
adam da deyər ki, televiziya bir silahdır və düz söyləmiş olar, haqlı olar, ancaq bu
sözü deyən sadə insan heç vaxt televiziyaya qüdrətli silah kimi baxan
Heydər Əliyev kimi haqlı, düz, hədəfə dəqiq vuran ola bilməz. Çünki o,
"televiziya silahdır"
deyəndə hər kəs kimi ümumi
mülahizələrə söykənmir,
öz ömründə,
öz taleyində televiziyanın doğrudan-doğruya
silahların ən güclüsünə çevrilməsinin
əyani sübutlarından
birini gətirir. Həm də elə dəlil ki, hadisələrin içərisində
olan insan tarixin müəyyən parçasını xəyalında
canlandırınca ikiəlli
təsdiqləməli olur
ki, Heydər Əliyevin
bu dedikləri heç kəsin dana bilməyəcəyi gün
kimi aydın gerçəkdir.
Televiziyanın silaha çevrildiyi,
məhz Heydər Əliyev kimi qüdrətin əlində
ən güclü silaha döndüyü həmin tarixi gecəni hər kəs xatırlayır. O gecəni şəxsən
görməmişlər üçünsə
xronikalar şahid olar: "1994-cü ilin oktyabr ayının əvvəlində Azərbaycanda
cinayətkar qruplar, dəstələr tərəfindən,
şübhəsiz, xaricdən
istiqamətləndirilən bu dəstələr tərəfindən Azərbaycanda
dövlət çevrilişinə
cəhd göstərildi.
Bu dövlət çevrilişinə
hazırlıq artıq
müəyyən bir müddət idi ki, gedirdi. Biz buna nəzarət
edirdik. Xatirimdədir,
o vaxt bir çox adamlar narahatlıq hissi keçirərək gəlib
mənə cürbəcür
məsləhətlər verirdilər
ki, əgər çevriliş
cəhdləri başlansa
nə etmək, nə kimi tədbirlər
görmək lazımdır,
hansı silahları işə salmaq, hansı silahlardan istifadə etmək lazımdır. Lakin mən
o oktyabr gecəsi dövlət çevrilişi
başlanan zaman məhz
bizim milli televiziyadan istifadə etdim. Bu, nə qədər güclü bir silah imiş! Bu, bütün silahlardan da güclü bir silah imiş! Gecə vaxtı mən televiziya vasitəsilə xalqa müraciət etdim, xalqı Azərbaycan dövlətçiliyinin qorunmasına
dəvət etdim. Məhz televiziya vasitəsilə biz buna nail ola bildik.
Mən buna nail ola bildim".
Çox
düz edir ki, yalnız "biz buna nail ola bildik"
demir, dəqiqləşdirərək
"Mən buna nail oldum!"
deyir.
Televiziya
mahiyyətcə silah olmağına silahdır,
ancaq baxır kimin əlində, kimin istifadəsindədir.
Gərək özün
də qüdrət olasan, televiziyadan onun əsl əzəməti
ilə yararlanmağı
bacarasan ki, o, silahların
ən güclüsünə
çevrilsin. Heydər
Əliyev özü möhtəşəm idi və iki qüdrət
birləşərək millət
taleyi və tarixinin həmin nigaran və şanlı gecəsində
bütün iblisləri
tar-mar edən SİLAHa
döndü. Azərbaycandan
kənarlardan yurdumuza uzanan qara əllər
və onlara nökərçilik edən
içəridəki şər
tör-töküntləri də silahlı idilər, qəsd etdikləri çevrilişdə
silah işlətməyi,
qan tökməyi də istisna etmirdilər. Ancaq haradan ağıllarına
gələrdi ki, qarşılarına
onların əldə
edə biləcəkləri
silahların hamısını
yenən belə bir silah da çıxa
bilər.
"Ən güclü silah" dediyi Azərbaycan televiziyasının
misilsiz faydasını
o gecə bütün
Azərbaycan da gördü,
həmin silahın - Azərbaycan televiziyasının
bu mərtəbəyə
yetişməsi yolunda
illərcə çox
zəhmətlərə qatlaşmış
Heydər Əliyev də
Və bu, millətin də, Heydər Əliyevin də halal haqqı idi. Çünki milli televiziyamızı
bütöv millətinki
etmək yolundakı usanmaz çalışmalarına
o elə Azərbaycan rəhbərliyinə gəlincə,
ürəyinin tələbi,
uzaqgörən zəkasının
hökmü ilə başlamışdı.
Yaşı 90-ı ötən İsmət
Gözəlov o vaxt -
1969-cu ilin sentyabrında,
Heydər Əliyevin gəlişi ilə televiziyamızın həyatında
yeni mərhələnin başlandığı
əsnada Teleradio Komitəsində vəzifədə
idi - texniki təchizat üzrə sədr müavini. Suallarımı verirəm,
cavablarımı alıram
və canlı tarix olan belə
qiymətli ağsaqqallarımızın
varlığına görə
şükürlər edirəm.
Köhnələrsiz keçinmək
olmur və dünənə biganə
qaldıqca, üstdən
aşağı baxdıqca
ayağımız tez-tez
daşlara dəyəcək,
bu etinasızlığın
ağırlığının və ağrısının
altını çəkəcəyik.
Köhnə kişilərin
xatirələri arxiv sənədləri ilə
qovuşanda həmin yaddaşlar daha artıq mötəbərlik,
sənədlər isə
daha artıq dirilik qazanır, nəfəs almağa başlayır. Ancaq arxivdəki yazılar hamısı durub yerində. 50 il, 100 il sonra
da qaldır, deyə bildiyi sözü deyəcək. Xatirə daşıyıcısı insanlarsa
gedəridir. Vaxtında
dindirmədin, yazılaşdırmadın,
neçə munis söhbət elə həmin xatirə mücrülərinin sinəsində
qalıb soluxacaq, günlərin birində onlarla da uçub yoxluğa gedəcək.
Həsən Həsənovun xatirəsidir,
deyir, bir müddət respublika Ali Soveti Rəyasət Heyətinin sədri
(1985-1989), daha sonralarsa
Ticarət və Sənaye Palatasının
prezidenti (1994-2014) işləmiş
Süleyman Tatlıyev
hərdən cavan həmkarlarına tövsiyə
edirmiş ki, gün gələcək, mən də dünyadan köçəcəyəm, aparıb
dəfn edəcəksiniz,
bilirəm, qəbrimə
telefon xətti də çəkdirəcəksiniz,
hələ gətirib
məzarımın yanına
telefon da qoyacaqsınız,
onu da bilirəm ki, sualınız olanda, söz soruşmaq istəyəndə zəng
də vuracaqsınız,
ancaq iş ondadır ki, mən dəstəyi götürə,
cavab verə bilməyəcəyəm. Odur
ki, nə soruşursunuz,
indi soruşun.
Azərbaycan televiziyasının özü
ilə danışıram.
Bunu nə məcazi bir deyiliş, nə mübaliğə sayın.
1929-cu il təvəllüdlü İsmət Gözəlovla
həmsöhbətəm. Danışır,
düşüncəsi elə
sərrastdır, 70 il uzaqdakı
olmuşları elə
dəqiqliklə xatırlayır,
nitqini elə səlis rəvan, yığcam qurur ki, həm
mat qalıram, həm çox senirəm ki, o
var, kaş həllə
illərcə də olsun. O ali texniki
təhsilini Leninqradda
(indi Sankt-Peterburq) alıb Bakıya gəlir, əvvəlcə
1953-cü ildə Bakı
Radiorabitə Mərkəzinin
3 saylı Ötürücü
Radio Mərkəzində mühəndis
vəzifəsində işə
başlayır. İsmət
artıq efir məkanındadır, televiziyamız
isə hələ 3
il sonra doğulacaq. O,
Azərbaycan televiziyasının
göbəyini kəsəndir.
Televiziyamızın efirə
ilk çıxışları onun əli ilə
olub. Bu gün İsmət Gözəlov
Azərbaycan televiziyaçılarının
ən qocamanıdır.
Onu bu yaşında
da belə ayaqda saxlayan, düşüncəsini
qıvraq edən ən əvvəl elə saat kimi
sərrast işləyən
beyin, bilikləridir.
94 yaşlı tarix-adam
- İsmət Gözəlov
yada salır ki, 1969-cu ilin
sentyabrında, Mərkəzi
Komitənin bizimlə
bağlı məsələni
Büro iclasına çıxarması ərəfəsində
bir neçə dəfə müxtəlif
müzakirələrə dəvət
edilmişdik. Heydər
Əliyev başlanğıcdan
hiss etmişdi ki, bizim
işin canı texniki təchizatdır. Odur ki, tapşırıq vermişdi ləngimədən
təxirəsalınmaz ehtiyaclarla
bağlı məktublar
hazırlayaq. Tərəddüddə
qalmışdıq. Şübhə
yox idi ki, İmran Mirzəyev gedəcək, ancaq hələ təzə sədr də gəlməmişdi,
komitə adından yazacağımız məktublara
bəs kim imza atmalıdır? Heydər Əliyev göstəriş vermişdi
ki, elə texniki sahəyə cavabdeh olan sədr müavini imzalasın. Mənə bu aralıq müddətdə
sədr səlahiyyətləri
verildi. Mən də illərdən bəri yığılıb
qalan, həllini tapmayan, irəliləməsi
üçün vəsait
ayrılmayan vacib məsələlərin hamısını
yazdım. Heydər Əliyev mənə tapşırmışdı ki, texniki təchizat məsələləri ilə
bağlı nə sözün olsa, indi də, gələcəkdə
də, birbaşa özümə de.
İsmət Gözəlov bunu
da ayrıca vurğulayır
ki, məəttəl qalası
iş idi, Heydər Əliyev respublika rəhbərliyinə
yenicə başlasa, işi başdan aşsa da, məni Mərkəzi Komitəyə
çağırtdırıb suallar vermək, məlumat almaqla kifayətlənmirdi, bir də onu görürdük
özü durub gəlib işimizlə yerində tanış olmağa.
Hələ ikicə ay idi
ki, Heydər Əliyev
respublika rəhbəri
idi. Sənayedə, kənd təsərrüfatında
çözülməsini göləyən
bir yığın məsələlər, qalaq-qalaq
açıq suallar vardı. Hamısı bir-birindən təcili, bir-birindən əhəmiyyətli.
Heydər Əliyev az sonra bütün
gücü və enerjisi ilə onların da həllinə
girişəcək. Ancaq
televiziyanın qayğılarını
önə çəkmişdi.
Çünki güclü
televiziyanın sabah digər məsələlərin
də həllinə yardımçı, respublika
idarəçiliyinin də
daha uğurlu aparılmasına vasitəçi
olacağı inamındaydı.
İsmət Gözəlov 1969-cu ilin
payızında imzaladığı
məktubda yazdıqlarını,
o günün televiziya
fədailərinin tezliklə
gerçəkləşməsinə az inandığı arzuları, baştutmaz kimi fərz etdikləri diləkləri
üstündən yarım
əsrdən də çox sovuşarkən gözəlcə xatırlayır.
Deyir, yazırdım
ki, respublikada rəngli
yayımı təşkil
etməkçün fransız
avadanlığı almağa
400 min rubl həcmində
xarici valyuta ayrılmalıdır, yazmışdım
ki, Azərbaycan televiziyasının
Mərkəzi televiziyaya
çıxışı və
rəngli verilişləri
tuta bilməsi üçün Ağstafa-Bakı
radiorele xəttinin yenidənqurulması ilə
Nazirlər Sovetinin qərarı 1 il əvvəldən
varsa da, kağız üzərində qalır,
icra edilsin, yazmışdım ki, layihə-smeta
sənədləri çoxdan
ortada olan və 1969-cu ildə tikintisi başlanmalı olan Radio Evinin vəsait ayrılmaması
ucbatından nə təməli tökülüb,
nə daşı daş üstünə qoyulub, bu tikintinin
maliyyə məsələləri
həll edilsin, iş hərəkətə
gəlsin.
Lap az keçəcək, hamı şahid kəsiləcək ki, iradə,
qətiyyət, əzm
olarsa, bu işlərə əncam çəkmək, sən
demə, çox da müşkül deyilmiş.
Azərbaycan televiziyası təzə
doğulanda ona hələ yalnız Bakıda, ən uzağı Sumqayıtda baxa bilirdilər. Dalğalar asta-asta daha geniş yayılmağa başladı.
Dalğaların yeni-yeni kəndlərə,
şəhərlərə yetə bilməsi isə texniki təminatla, ötürücü
qurğularla bağlı
məsələ idi.
Yalnız
1970-ci illərdə televiziyamız,
ən azı dalğalarının respublikanın,
nəhayət ki, dörd
bucağını əhatə
edə bilməsinə
görə əsl Azərbaycan televiziyası
adlanmaq mərhələsinə
gəlib çatdı.
Rəhim
Dərafərin söyləyir
ki, sovet dönəmində
biz ən yaxşı
texniki təminata görə Moskva, Leninqrad,
Kiyevdən sonra
SSRİ-də dördüncüydük.
Halbuki bütün Sovet İttifaqında 130 televiziya mərkəzi vardı. O qədər televiziya arasında buna
nail olmuşduqsa, bircə
səbəbkar vardı
- bizə lazım olanları Moskvadan qoparmağı bacaran Heydər Əliyev!
Heydər
Əliyev bütün
yolu boyu millətçi, Vətənçi
insan olub və bu ardıcıl
səyləri üz tutduğu hər sahədə içərisindəki
sabit yurdçuluq düsturunun diktəsi ilə, bəlkə də lap sövq-təbii edib. DTK-da çalışdı,
sıralarında tək-tük
azərbaycanlılar olan
bu qapalı qurumu azərbaycanlılaşdırmağı
bacardı.
Televiziyanın inkişafından ötrü
əməklər sərf
etdi, ən müasir teleavadanlıqları
alıb Bakıya gətizdirdi, lakin bu qurğuları ustaca işlədənlər
də lazım idi ki, tez sıradan
çıxmasınlar, efirdə
xətalar baş verməsin.
Yenə, həyatını
televiziya işinin ürəyi olan bu məsələlərə
həsr etmiş Rəhim Dərafərin xatırlayır ki, 1970-ci illərin əvvəllərində
bizdə texniki sahədə çalışanların
əksəri yəhudilər,
ruslar, ermənilər
idi. Özümüzdən
üç əsas aparıcı mütəxəssis
vardı ki, adla deyilirdilər: İsmət Gözəlov,
İsa Məmmədov,
Çingiz Əfəndiyev.
Televiziyanın texniki məsələlərini daimi
diqqətdə saxladığından
Heydər Əliyev bu üç mütəxəssisimizi də
yaxşı tanıyırdı,
bu sahədəki milli kadrlar kasadlığımızdan
da xəbərdar idi. Ona görə
respublikadan kənardakı
qabaqcıl ali məktəblərə hər
il sayı artıra-artıra televiziya
üzrə təhsil almaqçün də gəncləri göndərməyə
başladı, onların
bir çoxu qayıdıb gəldi, televiziyada işə başladı. Ardınca da Politexnik İnstitutunda
Televiziya kafedrasını
açdı, komitədə
texnika üzrə sədr müavini qalmaqla Çingiz Əfəndiyev getdi həmin kafedraya müdir. Çox keçmədi ki, ilk məzunlar da yetişdi, onların da xeylisi televiziyamıza cəlb olundu, beləcə, texniki kadrların milli tərkibi tam dəyişdi, keçmişdə
özümüzünkülər bir əlin barmaqları
qədər az saydaydılarsa, indi oldu əksinə.
2023-cü
ilin avqustunda nadir bir azərbaycanlının
100 yaşı tamam oldu. İlk gəncliyində
Nürnberq prosesində
tərcüməçi, kəşfiyyatçı,
diplomat kimi tanınan Ənvər Nazim oğlu sonra taleyini televiziya ilə bağladı və uzun illər SSRİ Mərkəzi televiziyasının
sədr müavini vəzifəsində çalışdı.
Adı müavin idi, əslində televiziyanın hər dərd-sərini həll edən o idi, Kreml səviyyəsində
də yüksək hörməti və nüfuzu vardı.
Həsən Həsənov danışır
ki, 1981-ci ildə, Azərbaycan
KP MK-nın ideologiya məsələləri üzrə
katibi olduğum dövrdə Heydər Əliyev məni göndərdi Moskvaya, həmin köhnə bakılımız Ənvər
Məmmədovla görüşə
ki, get danış, gör
bizə nə kimi dəstəyi mümkündür, Ümumittifaq
efirində Azərbaycana
daha artıq vaxt ayrılmasına hansı köməkləri
göstərə bilər.
Gedir, söhbətləşirlər və
Ənvər Məmmədov
da qayıdır ki, sədriniz
Elşad Quliyev mənə zəng vursun, texniki sahədə nə yardımlara ehtiyacları varsa, imkan daxilində
yardım edərik.
Yəni
Azərbaycanın o boyda
Sovet İttifaqında
texniki təchizat baxımından Belorusiyanı
(indi Belorus), Baltikyanı, eləcə də Qafqaz və Orta Asiya
respublikalarını geridə
buraxa bilməsi üç ayın, beş ilin işi
deyildi, dayanmadan aparılmış məqsədyönlü
siyasətin, hər istifadə girəvəsindən
ağılla səmər
götürmək cəhdlərinin
sayəsində mümkünləşmişdi.
"1970-ci
illərdə milli televiziya
Azərbaycanın bütün
ərazisini əhatə
etmiş və respublikamızın bütün
vətəndaşlarının istifadəsinə verilmişdir".
Bu sözləri televiziya tariximizi araşdıran bir alim də deyə bilər, elə keçilmiş yoldan xəbərdar olan istənilən başqa adam da. Amma bu sözlər Heydər Əliyevin dilindən səslənəndə
artıq anlamı tamam fərqli idi. Bunu işi
görmüş, həmin
uğurun memarı olmuş insan söyləyirdi.
...Televiziya haqqında düşünənin ilk nəzərində
canlanan ekranda görünən kadr, o kadrın içindəkilər
olur. Ancaq kadr arxasındakılar olmasa, o kadrlar bizə heç görünərdimi?
Televiziyanın növbəti bayramıdır,
Heydər Əliyev səhnədədir və
onun üçün ən əvvəl kadr arxasından başlanan televiziyadan, o təsviri təsvir edib bizə çatıdıranlardan söz
açır. Axı onun özü də televiziyamızın
boynunda çox haqqı olan, televiziya naminə gördüyü işlərin
yüzdədoxsanı kadr
arxasında qalaraq insanlara görünməyəndi:
"Televiziyanın əməkdaşlarının
bir hissəsi onun maddi-texniki təminatı ilə məşğul olan mütəxəssislər - mühəndislər,
texniklər və başqa sahədə fəaliyyət göstərən
insanlardır. Bu texnikasız,
bu cihazlar olmadan və onları istifadə edə bilən mütəxəssislər olmadan
televiziya fəaliyyət
göstərə bilməz".
Çox
sahələri dərindən
bildiyi kimi, Heydər Əliyev televiziyanın da əlifbasına
bələd idi. Öndər yaxşı anlayırdı ki, televiziyanın
hər hansı bir yeri ağrısa,
o, silah olmaqdan qala, zəifləyə bilər. Ona görə əlini heç vaxt televiziyanın nəbzindən çəkmirdi.
Azərbaycan televiziyası 40 yaşına
çatanda 1996-cı il idi,
hələ bərpa edilmiş müstəqilliyin
ilk sıxıntılı, çalxantılı, ancaq
gələcəyə ümidlər
dolu günlərini yaşayırdıq, Heydər
Əliyev siyasi hakimiyyətə təzədən
qayıtmışdı, Azərbaycanın
daha zəngin, daha azad, daha
sabit sabahlarını
qurmaq yolunda mübarizələrdəydi. Yenə
televiziyaya ümid verirdi, 1969-cu ildə respublikaya rəhbərliyə
təzəcə gələrkən
televiziya ilk yadına düşənlərdən olduğu
kimi, indi, 90-ların ortalarında da, müstəqillik
yolunun əvvəlində
də üzü televiziyaya sarı idi, o, yeniləşən dünyada texniki baxımdan televiziyamızın
əyalətçi durumda
qalmasına dözən
deyildi, televiziyamızı
bu dönəmdə də ən yüksək dünya imkanları səviyyəsinə
qaldırmağa səfərbər
idi: "Dünya televiziyasının böyük
nailiyyətlərini Azərbaycan
televiziyası hələ
tamamilə mənimsəyə
bilməyib, tətbiq edə bilməyibdir. Bunları həyata keçirmək üçün
televiziyanın maddi-texniki
bazasını daha da gücləndirmək lazımdır.
Bizim iqtisadi vəziyyətimiz nə qədər çətin
olsa da, biz bu sahəyə vəsait əsirgəməyib son zamanlar
televiziyanın maddi-texniki
bazasını inkişaf
etdirmək üçün
lazımi tədbirlər
görmüşük. Biz başqa
tədbirlər də
görürük və
görəcəyik".
Xalq artisti, həmişəşux
diktorumuz Roza xanım Tağıyeva söyləyir ki, Heydər
Əliyev hər dəfə televiziyaya gələndə, bizimlə
görüşəndə elə bil ki, getmək istəmirdi, bizimlə birgə olduğu dəqiqələrin
uzanmasına çalşırdı,
sanki özü də cavanlaşırdı,
biz də ilk gəncliyimizə
qayıdırdıq, köhnə
nəsil diktorlarımızın
da hamısını birbəbir
adbaad tanıyırdı.
Çox təsirli mənzərə alınırdı.
Heydər Əliyevi
yada salırkən həmin
an hər dəfə gəlib durur gözümün qarşısında.
Növbəti dəfə
studiyanın qonağı
idi, görüş bitdi, bizdən ayrılıb gedirdi, birdən ayaq saxladı, xeyli də getmişdi, sizinlə heç yaxşı sağollaşmadım
deyib geri döndü, məni, Ofeliya Sənanini, Şərqiyyə Hüseynovanı
qucaqladı öpdü,
ata nəvazişi ilə başımızı
sığalladı getdi.
Bu xatirədəki
o unudulmaz an mənə rəmz kimi gəlir. Heydər Əliyev Azərbaycan televiziyasına,
Azərbaycan ekranına
daim qayıdacaq. Bu gün də,
bütün sabahlarda da! O, Azərbaycan televiziyasına elə bütöv Azərbaycan kimi baxırdı. Deməmişdimi mən Azərbaycanda həmişə
olacağam?! Qarış-qarış
bütün Vətənə
də, Vətənin güzgüsü olan televiziyamıza da, illərcə sevgi ilə çəkdiyi zəhmətlərə görə
hər gün yenidən qayıtmaq, müdam insanlarla birgə olmaq onun alın yazısındakı bir başqa xoşbəxtlikdir!
23 avqust 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci
qəzet.- 2023.- 26 avqust.- S.10-11.