Avropa bir
az da kiçildi...
Türkoloq və diplomat Yanoş Hovarinin ölümünə
Diplomat həyatımın on bir ildən çoxu Macarıstanda keçib.
Bir igidin ömrü sayılmasa da, kifayət qədər böyük müddətdir. Bu illərin
ən böyük üstünlüklərindən biri də heç
şübhəsiz, ölkəmizə
və şəxsimə
dostlar qazanmaq olub. Yəqin ki, ətalət qüvvəsinin
təsirindən daha çox Macarıstana, macar xalqına məhəbbətin nəticəsidir
ki, indi də macar yenilikləri ilə yaxından maraqlanıram. Azərbaycanla,
ölkəmizi təmsil
etdiyim Bosniya və Herseqovina ilə bir sırada
hər gün dost Macarıstanda da nələr
baş verdiyini öyrənməyə çalışıram.
Budapeştdəki səfirimiz
Tahir Tağızadə ilə
telefon söhbətlərimizdə
də tez-tez son yenilikləri müzakirə
edir, ümumi tanış və həmkarlardan danışırıq. Macar yenilikləri ilə Azərbaycan qədər intensiv maraqlandığımı,
uğurlara sevinib itkilərə kədərləndiyimi desəm,
yəqin ki, mübaliğə
etmiş olmaram.
Avqustun
7-də Hungarian news - macar yenilikləri saytı acı xəbərlə açıldı - çoxdan
tanıdığım, Budapeştdə
çalışdığım dövrdə dostluq əlaqələri saxladığım
türkoloq-alim, diplomat, Türk
Dövlətləri Şurasının
Budapeşt Ofisinin icraçı direktoru Yanoş Hovarinin (1955-2023) haqqın dərgahına qovuşduğunu
öyrəndim.
Orta əsrlər ingilis şairi Con Donnun Heminqueyin məşhur romanına epiqraf seçilmiş
"For whom the bell tolls" - "Zəng
kimin üçün
çalınır" misrasını
xatırladım. Çox
təəssüf ki, heç
gözləmədiyimiz halda
daha bir əcəl zəngini dinləməli olduq. Yaxşı adamların çevrəsi bir az da daraldı. Dünyadan yeri daim görünəcək
bir ləyaqətli insan da köçdü. Yanoş Hovarinin ölümü ilə insanlara və hadisələrə obyektiv
münasibət sərgiləyən,
həqiqətin keşiyində
dayanan Avropa bir az da kiçildi...
O, həqiqi türk dostu idi. Budapeştdəki
Türkiyə Böyük
Elçiliyinin, Azərbaycan
Səfirliyinin, Şimali
Kipr Türk Respublikası Nümayəndəliyinin,
Yunis Əmrə İnstitutunun
tədbirlərində imkanı
daxilində iştirak
etməyə çalışırdı.
Çox vaxt tək gəlmirdi. Xanımı Sesiliya Xazaini də özü ilə gətirirdi. Gözlərindəki
xeyirxah işıq, sifətindən bir an da olsun çəkilməyən
xoş təbəssüm,
eynən əsilzadə
istanbullular kimi söylədiyi "Əfəndim!"
müraciəti ilə
bu tədbirlərə
ayrıca bir rəng qatırdı. Məclislərdə tək
dayandığını görmək
olmurdu. Həmişə
başına adamlar toplaşırdı. Sanki hər
kəs ondan yeni, maraqlı məlumatlar, müsbət enerji, xoş əhval-ruhiyyə almaq istəyirdi.
Yanoş
alim və diplomat kimi yüksək intellekt və bacarığı, diqqətəlayiq şəxsi
keyfiyyətləri ilə
seçilirdi. Həqiqi
macar vətənpərvər,
dürüst insan idi.
1979-cu ildə Budapeştdəki Eötvöş Lorand Universitetini (ELTE) türk tarixi ixtisası ilə bitirmişdi. Türk dilini mükəmməl bilirdi. Ən başlıcası isə sevirdi. Bu dildə danışmaqdan zövq
alırdı. Ali təhsilini
başa vurandan sonra uzun müddət
Macarıstan EA Tarix İnstitutunda çalışmışdı.
Eyni zamanda pedaqoq kimi də
fəaliyyət göstərmişdi
- Pannoniya Universitetində
türk tarixindən mühazirələr oxumuşdu.
Macarıstanda sosializm sisteminin
süqut etdiyi 1992-ci ildə diplomatiya sahəsinə keçmişdi.
Əvvəlcə Xarici
İşlər Nazirliyinin
Mərkəzi Asiya və Transqafqaz idarəsində işləmişdi.
1997-ci ildə ölkənin
ən qədim ali məktəbi sayılan Peç Universitetindən tarix üzrə fəlsəfə
doktoru alimlik dərəcəsi almışdı.
2008-ci ildən İsrail
dövləti, Küveyt,
Bəhreyn və Türkiyədə Macarıstanın
fövqəladə və
səlahiyyətli səfiri
olmuşdu. 2019-cu ildən
Türk Dövlətləri
Şurasının Budapeştdəki
Nümayəndəliyinin icraçı
direktoru vəzifəsində
çalışırdı. Həm də bu işi sadəcə
bir məmur kimi görmürdü. Ürəyinin bütün
məhəbbətini, bütün
diplomatik bacarıq və səriştəsini Avropada
türklüyün səsi
və sözü olmağa sərf edirdi. Tam əminliklə demək olar ki, qurucusu olduğu Nümayəndəlik
onun rəhbərliyi dövündə məşhur
Gül Baba türbəsindən sonra Budapeştə yolu düşən türk əsilli aydınların ziyarət
etdiyi ikinci məbədə çevrilmişdi.
Bakıda
dəfələrlə olmuşdu.2018-ci ilin mayında - Cümhuriyyətin 100-cü ildönümünün
qeyd edildiyi ərəfədə birlikdə
ADA universitetində türk
ölkələrinin gənc
diplomatları üçün
təşkil olunan kurslarda silsilə mühazirələr oxumuşduq.
Türksoyun baş katibi, Qazaxıstanın keçmiş mədəniyyət
naziri Dusen Kaseinov eyni gündə
Budapeştdə hər
ikimizə türkoloji
araşdırmaları sahəsində
səmərəli fəaliyyətimizə
görə Abay Kunanbayev xatirə medalı təqdim etmişdi.
"Avropa türkologiyasının son mogikanı" akademik
Georq Xazai şəxsi kitabxanasından
2000-ə yaxın kitabı
Səfirliyimiz vasitəsi
ilə Azərbaycan
MEA Əsaslı kitabxanasına
bağışlamaq qərarına
gələndə məni
məxsusi arayıb təbrik etmişdi. Eyni zamanda incə
zarafatından da qalmayaraq
"Əfəndim, boyle
ahbablık olurmu? Yeniçeri qoşunu kibi Budapeşti yağmaladınız"-demişdi.
Macar türkoloji məktəbinin
yetirməsi olan Bəkir Çobanzadənin
(1893-1937) həyat və
yaradıcılığının Budapeşt dövrü haqda kitab üzərində
işlədiyimi bilirdi.
Odur ki, macar dilli mənbələrdə
mövzu ilə bağlı rastına çıxan maraq doğura biləcək məlumatların
qaynağını xüsusi
diqqətlə qeyd edib mənə çatdırırdı.
Səfirliyimizin Məhəmməd Əmin
Rəsulzadənin "Azərbaycan
şairi Nizami" kitabını macar dilində nəşrə
hazırladığını bilirdi. Təqdimatını
mütləq Türk Dövlətləri Şurasının
Budapeştdəki Nümaəndəliyində
keçirilməsini istəyirdi.
Ümidvaram ki, çapı
müəyyən obyektiv
səbəblər üzündən
ləngiyən bu mühüm əsərin təqdimatı tezliklə
keçiriləcək. Amma təəssüf
ki, Yanoşsuz...
Sonuncu dəfə düz on ay əvvəl - ötən
il oktyabrın 16-da, Sarayevodan
bir neçə günlüyə gəldiyim
Budapeştdə görüşmüşdük.
Masasının üstündən
əskik olmayan ətirli türk qəhvəsi içə-içə
xeyli söhbət etmişdik. Bir neçə
gündən sonra Səmərqəndə, Türk
Dövlətləri Şurası
xətt ilə keçiriləcək toplantıya
gedəcəkdi. Bu səfərin
həyəcanı ilə
yaşayırdı. Gələcək
planlardan danışırdı.
Budapeştin İkinci rayonunda
XIX əsrin memarlıq
abidəsi olan Ybl-villa adlı yaraşıqlı bir
imarət var. Türk
Dövlətləri Şurasının
Təmsilçilik Ofisi
bu binada yerləşir. 19 sentyabr
2019-cu ildə Şuraya
üzv olan türk dövlətlərinin
və müşahidəçi
statusuna malik Macarıstan
xarici işlər nazirinin iştirakı ilə Ofisin təntənəli açılış
günü Yanoş Hovarinin necə sevindiyi indi də gözlərim önündən çəkilmir.
Macarıstandakı diplomatik
fəaliyyətimin son iki
il ərzində Ofisdə
bir-birindən maraqlı
tədbirlərin iştirakçısı
olmuşdum. Bu il avqustun
14-18 isə Ybl-villada Yanoş Hovarinin vəfatı münasibəti
ilə matəm kitabı açılmışdı...
Ofisin təşəbbüsü ilə
həm də onlayn matəm kitabı yaradılıb. Yanoşun dünyanın müxtəlif ölkələrindəki
çoxsaylı dostları
virtual olaraq ora ürək sözlərini
yaza, kədərlərini
bölüşə bilərlər.
İnanıram ki, Ofis qurucu statusuna malik ilk icraçı
direktorunun xatirəsini
daim əziz tutacaq. "525-ci qəzet"in
bu yazının çap edildiyi sayının da Azərbaycan
diplomatiyasının vida
sözü kimi
diplomat və türkoloq
Yanoş Hovarinin xatirəsinə həsr edilmiş sənəd və materiallar arasında yer almasını istərdim.
Sarayevo, 16 avqust 2023-cü il
Vilayət QULİYEV
525-ci qəzet.- 2023.- 26 avqust.- S.9.