Fotogenom
Esse
HƏYATIN BİZDƏKİ ŞƏKLİ
VƏ YA FOTOGENETİK YADDAŞIN SİRLƏRİ
Özümüzü qoymağa yer tapmadığımız yerdə üzümüzü qoymağa... yer var, çox şükür!
...Bir-birinin dərdini çəkən azdır,
az! Hamı bir-birinin şəklini çəkir.
Özünün, özgənin fotosunu,
videosunu paylaşır
hər kəs. Ya baxıb xatırlamaq
üçün, ya
da xatırlayıb baxmaq
üçün.
Ancaq bəzən də, bilirsiniz, biz bir-birimizdə
şəklimizin olmasını
niyə istəyirik?! Hərdən baxıb lap yaxından və daha da dərindən... unutmaq üçün! Ayrıldığı, hətta
nifrət etdiyi insanı da hərdən görmək ehtiyacı
var təhtəlşüurun. Üz döndərdiyinin -
həyatda üzünə
baxmaq istəmədiyinin
üzünün şəklinə
baxmaq istəyir insan. Üz vermədiyi xatirələrlə
bir daha və bir daha
fotolarda üzləşmək
üçün.
İstəyir ki, unutduğu, ya
da unutmaq istədiyi insanın kim olduğunu xatırlasın.
Görmək istəmədiyi
sifəti yaddaşında
tutsun. Həyatda bizə hər cür əzab çəkdirənlərlə birlikdə çəkdirdiyimiz
o fotoları bir şəkildə həyatımıza
sığışdırıb beləcə yaşayırıq.
Təkcə sevinclərimizin
deyil, dərdlərimizin
də şəkilləndirdiyi
zaman axınına Həyat
deyilirmiş.
Qəribədir, deyilmi? Unutmaq istədiyimizi xatırlamaq
ehtiyacı!
Bəlkə həm də o üzdən bu qədər şəkil çəkirik və çəkdiklərimizin üstündə
əsirik. Bir növ əsir düşürük
fotolara. Həm də könüllü. O
qədər könül
veririk ki, itirəndə
çox üzülürük.
Üstündə əsdiyimiz
şəklin altını
çəkirik sonra.
Həyatımıza verdiyimiz illüstrasiyaların, qurduğumuz
dekorasiyaların dağıntıları
altında qalıb əzilirik də. Ancaq geri çəkilmirik.
Bax, belə bir "ifrat vizuallaşma" sindromu!
Nədir
axı bu fotodan, videodan "çəkdiklərimiz", İlahi?!
Bəlkə elə Sənin iradənin şəklidir bu; düşüb Yer üzünə. Dünyanın
hər iki üzünə.
Nə sirdir, görəsən: bu dünyadan doxsanında köçən
qocanın da yas məclisinin divarından bizə baxan o sima mərhumun cavanlıq şəkli olur! Bəlkə insan bu dünyada qocalana qədər yaşasa da, yaşlansa da,
o biri dünyaya cavan şəklində getmək istər! Cavan şəkildə... Ya da yaddaşlarda cavan qalmaq arzusudur
bəlkə. Son arzu! Özündən sonrakı
arzu...
Bəs ifrat vizuallaşaraq necə yaşayır bu insan?! Bəlkə
elə həmin o ifrat vizuallıq xəstəliyi səbəbindəndir
ki, ölüm bu qədər cavanlaşıb.
Öz sağlığında
elə özünün
qaçılmaz yoxluğuna
indidən rəngli xatirələr toplayır
insan. Öz ölümünə sağlığında
bəzək-düzək verir.
Bütün bunlara başı o qədər qarışır ki, yaşamağa
vaxtı qalmır.
Yadınızdadırmı, əvvəllər
albomlara yapışdırdığımız
fotolarımız özümüz
üçündü. Bir də
uzaqbaşı uzaqdan-yaxından
"çovuyub" evimizə
düşən doğma
qohum-qardaşın, məhrəm
qonaq-qaranın gözləri
üçün. Yad gözdən
gizlədər, qoruyardılar,
saxlayar-sakınardılar o albomları.
Fotoşəkillər tipik ailələrin yarımgizli
sirriydi; bir azca, ya da az
qala intimiydi. Hələ ərgən oğlanın əlinə
bir ərlik qızın şəkli keçəydi! Paho, aləm dəyərdi bir-birinə. İllah da kənd-kəsəkdə bir
qızın şəkli
bir oğlanın cibində göründüsə,
adına söz çıxardı o biçarə
zərif xeylağının.
Əgər həmin o
şəklin necəsə
düşdüyü cibin
yiyəsinə verməsəydilər,
o qız qarıyıb
evdə də qala bilərdi...
Bəs indi?!
İndi hamıda hamının fotosu var. Hamıda hamının videosu
var. Feysbuku demirəm, instaqramda, Tik-Tokda hesabı olmayana camaat belə birtəhər baxır e.
Bəli,
qardaş, indi hər kəsin şəkli hər kəsin üzünə düşüb. Ya işıq kimi, ya kölgə kimi, ya da lap ləkə kimi...
Vay o gündən o şəkilli
xatirə "boğçasını"
"əlindən salıb"
itirəsən! Dünya
qopur, nə qopur!
...Bir dostum telefonunu çox pis sındırmışdı. Telefonun
yaddaşlndakı bütün
fotolar, videolar itmişdi. Buna görə
bir müddətlik dərin depressiyaya da qapılmışdı.
Bu arada o fotolardakıların,
videolardakıların çoxu
həyatda olan, dostumun yanındakı, gözünün qarşısındakı
real insanlardı. Onları
yenidən çəkə
bilər. Amma yox!
Dostum o sınan telefonun
yaddaşındakı zamanı
və məkanı -
"o anı" itirmişdi.
Ona elə gəlirdi
ki, bundan sonra çəkdiklərinin heç
biri əvvəlki qədər mükəmməl
və fotogenik olmayacaq.
Dostumu üzən, qüssələndirən
nöqtə əslində
təkcə o ankı
şəkil - o zamanın
şəkli deyildi. O şəklin içindəki
zamanı itirmişdi axı. Ömründən
ötüb keçməkdə
olan bir anın şəklini çəkmişdi və
indi şəkillə
birlkdə ömrünün
bir parçasını
itirmişdi. Hər halda özü elə düşünürdü.
Bir yanlış suala doğru cavab axtarıram bəlkə də: "İnsanlar şəkil çəkməyə,
çəkdirməyə niyə
bu qədər önəm verir görəsən?!"
Amma bax! Bu sualın da şəkli varmış!
Həm də elə bu oxuduğunuz
cızmaqaradır o "foto"!
...Bakı Heyvanat Parkının yanındakı
kafenin divar boyu şüşə pəncərəsindən tutuquşunun
qəfəsi görünür.
Bir xeyli baxdım və düşündüm.
Düşündüm və
üzüldüm.
Qəfəsin qarşısında çoxlu
uşaq, bir neçə böyük toplaşıb. Böyüklərdən
ikisi tutuquşunun şəklini çəkir.
O şəkilləri tanışlarına,
dostlarına göstərəcəklər.
Bəlkə sosial şəbəkələrdə paylaşacaqlar. Amma... yoğun
məftillərdən, metal çubuqlardan hörülmüş
həmin o "asosial şəbəkə"nin, yəni
qəfəsin içindəki
tutuquşuna bu məşhurluq lazımdırmı?!
Yox!
O "azadlıqda məhbus" tutuquşu üçün
tanınmış olmaq
heç nə ifadə etmir, varlığına, yaşamına
heç bir yeni anlam vermir, həyat
ukladına ekstra dəyər qatmır. Əksinə, tutuquşunun
bu "məşhurluğu"
o fağırı öz
dəmir məhbəsinə
daha çox məhkum edib. Çünki tutuquşuna
baxmağa gələnlər
zooparkın xəzinəsinin
"doğanağından" keçirlər. Anladığınız
kimi: "mani-mani"...
O tutuquşu qəfəsinin
içində "məşhurlaşdıqca",
heyvanat parkı (ya da parkın direktoru) daha da varlanır. İnsan varlandıqca, tutuquşu öz qəfəsində daha çox... yox olur. Uçuş
məsafəsi qısalmış,
həyat eşqi azalmış, azadlıq ümidi sozalmış, yaşam arealı daralmış... Daha doğrusu, heç qalmamış! Quş da hər gün bu durumdan daha
da sıxılmış, darıxmış,
darılmış. Qazandığı
isə, sadəcə,
fantom "tanınmışlıq"!
Qəfəsdə oturmaq və məşhur olmaq...
İndi bunu başqa hara yazaq, daha necə
yozaq?!
...Yetkili qurumlardan izn ala bilsən, get, ömürlük məhbusun
da şəklini çək,
lap elə ömürlük
bəxtsizin həmin o
gün üzü görməyən təkadamlıq
qapalı kamerasında
sən öz kameranı aç və canlı yayım et, nə olsun ki?! Bununla sən "ölümünə
məhkum" olunmuşa
bir fayda verə biləcəksənmi?!
Onu hay-küylü populyarlıqmı çox
düşündürür, yoxsa ...səssiz-səmirsiz
azadlıq havasımı?!
Amma nisbi fiziki azadlıqdakı
biz, deyəsən, "azadlıq"
sözünün "kökü"nü
buraxıb da, "şəkilçisi"ndən
yapışmışıq; ruhun fəlsəfəsindən
qopub, zahirin əyləncəsinə qapılmışıq,
beləcə sürüklənib
gedirik. Bəlkə də həyatımızı
istədiyimiz kimi şəkilləndirə bilmək
ehtiyacımız bizi vizuallığa, üstəlik
virtuallığa doğru
çəkir. İstədiyimiz
kimi bir həyat qurub yaşaya bilməyəndə
o həyata dair xəyalın şəklini
çəkib, paylaşıb
yaşayırıq. Həyatı
paylaşa bilmədiklərimizlə
təkcə elə fotoları paylaşırıq.
Off, nə acı!
...Kreditə girib Braziliya sahillərinin ekzotikasına, Ağdəniz
kurortlarının qumsalına,
ya da lap elə İsveçrə Alplarının
sürüşkən ətəklərindəki
adrenalin "partlayışına" qonaq gedən adam bu keçici
bəxtəvərliyin aldadıcı
şəkillərinə sığınacaq
əlbət. Başqa
nə edəcək
ki?! Bankdan o borcu nahaq yerə almadığını, məmləkətimizin
bu ağır, soyğunçu faiz yükünü ürəyində-kürəyində
boş yerə daşımadığını özünə isbatlamaq üçün adama
"dəlil" lazımdır.
Ya da, nə bilim, bəlkə özünü ovutmaqdan ötrü çırpınırsa!
Həyatın acı gerçəklərindən qaçıb
da şəkilli, şirin
bir yalanın qaranlığında daldalanacaq
axtarırsa! Və mən buna "fotogenik təsəlli" desəm...
Anlıq
xoşbəxtliyə çəkilən
xərcin xəcalətini
xəfiflətmək istəyər
bəlkə insan. O halda fotodan və
videodan daha inandırıcı "sübut"
nə ola bilər?!
Bir növ özünəbəraət
qəbzi kimi bir şey...
Hə, bu arada onu
da deyim: əslində
öz ömrümüzü
özümüz üçün
deyil, başqaları üçün yaşamağa
alışdığımıza görə üzümüzə
gülümsəyən, xoşbəxt
fotolar lazımdır axı bizə, elə deyilmi?! Hələ bir azca da irəliyə gedirik; başqalarının
gözündən baxanda
qüsursuz, hətta üstün görünmək
çabalaması da var. Xroniki
narsisizmdən əziyyət
çəkən binəvaların
ifrat özünüsevmişliyinə
heç fəlsəfə
cavab tapa bilməyib, tibb hardan əlac
tapacaq ki?
Hərçənd bu cavabı tapacaq olanın Allah dərgahında bir ayrı savabı var! O ayrı...
Fəqət! Elmin də, dinin də cavabını
bilmədiyi, ya da cavab verə bilmədiyi suallar varsa, deməli, hə, o zaman ortaya çıxan bir gerçəkdən qaçış
yox!
Atelofobiyə ümidsizcəsinə yoluxmuşuq sanki; mükəmməl olmamaq, ya da mükəmməl ola
bilməmək qorxusu ruhumuzu əsir alır. Toyda kameranı görən kimi mədəmizdən gələn siqnalları susdurub özümüzü
yığışdırırıq; yeyəcəyimiz loxmadan üz çevirib, "ikinci" üzümüzü
fotoqrafa tərəf çeviririk. Boğazımızdan
keçəcək o loxma
bizimlə birlikdə tarixə keçməsin deyə belə edirik. O bir tikə
nemətin bizimlə şəkli olmasın deyə.
Niyə
də, niyə?!
Yaxud çöldə-bayırda külək
saçımızı dağıdıbsa,
fotoqraf da bizi o cür çəkibsə,
heç kim görməsin deyə dərhal şəkli silirik. Əslində isə həmin andakı adam elə biz özümüz
idik. Özümüzü
sildik, getdi. Və o foto həm də təbiətin şəkliydi;
bizimlə yanaşı,
küləyin də fotosu çəkilmişdi.
Şəklimizə külək
düşmüşdü, ya da küləyə şəklimiz düşmüşdü...
Beləcə, biz küləkdən qaçıb fotoda gizlənmək qəflətinə
də düşürük.
İstəyirik ki, şəkildə
qüsursiz düşək.
Həyatımızı qüsurlarla
yaşayıb da, fotoda
mükəmməl "oluruq".
Heç kimin görmədiyi yerdə özümüz kimiyik, hamının baxdığı
yerdə başqasıyıq.
Bəlkə də doğrusu budur, bəlkə yox! Bəlkə külək bizi pis göstərir
deyə saçımızın
dağınıq şəklini
silirik. Hə, şəkli sildik. Bəs küləyin özünü də həyatımızdan silə
bildikmi?!
Məsələ küləkdə də
deyil; demirəm ki, saçın dağılıbsa,
elə də gəzməlisən. Mətləb
başqadır. Ayrı
vaxt yüz kilometrlərlə yol gedirik ki, təbiətin gözəllikləri fonunda
şəkil çəkdirək,
paylaşaq, dost-tanışa
"hava ataq". Təbiətin fonunda bu qədər şəklimiz varkən, təbiət bircə dəfə bizim fonumuzda şəkil çəkdirmişdi, onu
da həyatımızdan pozduq.
O külək saçımızı
dağıtmaqla şəkildə
öz önəmini qabartmaq, ya da yalnız və yalnız varlığını
vurğulamaq istəmişdi.
Təkcə şəkildə
də yox! Həyatımızda!
Di gəl ki biz... Allahın havasının bizimlə birlikdə "hava atmağına" imkan vermədik. Amma nahaq! Həm də çox nahaq! Deyəsən, hələ
də anlamadıq! Fərqinə varmadıq
ki, insan özü bir gün ağızdan
çıxan son nəfəs
olur, sadəcə. Son
hava. Uçur, qarışır sonsuz-sınırsız
havaya. Son nəfəsimizi
verib, əvəzində
son mənzilin qapısına
düşən açarı
alırıq. O an ruhumuz bədənimizdən
çıxıb küləyə
dönür. Kim bilir,
bəlkə o fotomuzdan
qovduğumuz külək
də bir zaman insan olub. Kiminsə
ruhlar dünyasındakı
ikinci ömrüdür
bəlkə. "Ya
da günü sabah o külək elə mən özüm olacam" deyə düşünə bilən
neçə nəfərik?!
Və son! Bu dünyadakı ömür onsuz da getməklə qalmaq arasındakı vurnuxmaların zaman ölçüsüdür. Qalmaq üçün adamın heç bir səbəbi qalmayanda getməkdən ötrü ürəyi gedir. Çünki getməmək üçün yol qalmır. "Getməyə bir yerim varsa, daha qalmağın yeri yoxdur", - deyə düşünür ruhumuz. Axır bu həyatda özümüzü qoymağa bir yer tapa bilməyəndə, üzümüzü qoymağa bir yer var, çox şükür! Beləcə insan üzünün sonuncu şəkli torpağa düşür...
Bahəddin HƏZİ
525-ci qəzet.- 2023.- 30 avqust.- S.11.