Teleqüllə boyda şahid
"Dalğa" gözəl sözlərimizdəndir, eşidilincə
göz önünə
ləpələnən dənizi
gətirir. Rəngdən-rəngə
düşən dəniz
kimi, elə "dalğa" kəlməsinin
də neçə çaları var. Ancaq dalğa yalnız sularda olanla bitmir. Göydə süzən, gözə görünməyən, dənizdəkindən
fərqli olaraq sahillərə sığmayan,
uçaraq lap uzaqlara gedib çatan dalğalar da var.
1919-cu ilin noyabrında 1 yaşını təzəcə
başa vurub ömrünün 2-ci ilini
başlayan Azərbaycan
Cümhuriyyətinin parlament
sədri - Məclis-i məbusanın rəisi Əlimərdan bəy Topçubaşov Parisin
7-ci dairəsində, 300 metrlik
Eyfel qülləsinin ən yuxarı nöqtəsində idi. O yerdə ki, indi orada bu füsunkar
qüllənin "atası"
Qustav Eyfelin və məşhur ixtiraçı Tomas Edisonun
elə canlı kimi görünən qoşa mum heykəli dayanır. XX yüzilin təzəcə başladığı
həmin çağlardasa
Eyfel qülləsinin zirvəsində Avropa radiostansiyası yerləşmişdi
və Əlimərdan
bəyi də ora qaldıran sadəcə baxmaq, görmək, Parisi o ucalıqdan seyr etmək marağı deyildi. 1919-cu ilin oktyabrında Fransa hərbi missiyası ilə bərabər Bakıya gəlmiş Ticarət və Sənaye Nazirliyinin təmsilçiləri rəsmi
görüşlərin ardınca
Gəncədə qurulan
ilk Azərbaycan radiosunu
və poçt-teleqraf
sistemini oçağkı
dünya meyarlarına
uyğunlaşdırmaqçün Gəncəyə xüsusi
fransız şirkəti
göndərmişdilər ki, gətirdiyi avadanlıqları
quraşdırsın. Artıq
həftələr idi
ki, Fransa hökuməti
ilə yazışmalar
aparılırdı (bugünümüzə
çatmış o tarixi
məktubların hamısı
efir tariximizin təməl kərpicləri
kimidir), ölkənin
Müdafiə və Xarici İşlər nazirliklərinə Azərbaycan
dövləti adından
müraciətlər edilirdi
və məqsəd də Gəncə radiostansiyasının Eyfelin
təpəsindəki Avropa
radiostansiyasına qoşulmasına
razılıq almaqdı.
Rüsxət verilmişdi
və indi xoşbəxt Əlimərdan
bəy Topçubaşov
buradan - Parisdən birbaşa Azərbaycana - Gəncəyə xətlə
səslənirdi: "Əziz
Vətənimizin iqtisadi
və mədəni tərəqqisində böyük
rol oynayacaq ilk Azərbaycan radiostansiyasının
fəaliyyətə başlaması
münasibətilə sizi
təbrik edirəm!"
Və həmin gündən 77 il
ötərkən, müstəqilliyini
70 illik həsrətdən
sonra yenidən bərpa etmiş və istiqlalın çətin yolları ilə irəliləyən
Azərbaycan Respublikasının
rəhbəri yenə
qüllədə idi.
Eyfel qülləsindən
də uca qüllədə. Bakıda
dəniz səviyyəsindən
408 metr yüksəklikdə
310 metr hündürlüklü
Teleqüllənin açılışı
idi və Prezident Heydər Əliyev danışırdı,
o da təzə qüllənin
zirvəsindən millətə
səslənirdi, xalqı
təbrik edirdi:
"Bu gün ölkəmizin
- Azərbaycanın həyatında
əlamətdar bir hadisə baş verir. Ölkəmiz, respublikamız, xalqımız
üçün çox
böyük əhəmiyyəti
olan, Azərbaycan ictimai-siyasi həyatında
böyük rol oynaya biləcək, uzun illər ərzində inşa olunan radio-teleötürücü,
radio-teleqüllə, nəhayət,
xalqımızın, millətimizin
istifadəsinə verilir.
Bu hadisə münasibətilə
mən bütün Azərbaycan xalqını,
Azərbaycan vətəndaşlarını
ürəkdən təbrik
edirəm".
Niyə
o vaxt - XX yüzilin əvvəllərində müstəqilliyimiz
yenicə ayaq üstə durub ilk addımlarını atarkən
və XX əsrin sonlarında müstəqilliyimiz
qayıdışdan sonra
daha heç vaxt qırılmamaq əzmi ilə sabaha doğru irəliləyərkən hər
iki Azərbaycan rəhbəri bir efir qülləsindən Vətənə üz tuta bilməyi bəxtiyarlıq sayır və bunu ümumxalq
bayramı hesab edərək bütün ölkə əhalisini qutlayırdı?
1996-cı
ilin 6 iyulunda Heydər Əliyev bunun niyəsini də izah edirdi:
"Ölkədə elə
tikintilər, qurğular,
obyektlər olur ki, onlar müəyyən bir sahəyə xidmət edirlər. Ancaq dünyanın hər yerində, o cümlədən, bizim Azərbaycanda da elə tikintilər, elə abidələr var ki, onlar bütün xalqa, ölkəyə xidmət
edir. Bunlardan biri, ola bilər, ən əhəmiyyətlisi
də Azərbaycanın
bu gün istifadəyə verilən
ilk nəhəng radio-televiziya
qülləsi, radio-televiziya
ötürücüsüdür. Bunun mahiyyətini bəlkə də hamı olduğu kimi dərk edə bilmir".
Bu sözləri o adam söyləyirdi ki, həmin
günədək Azərbaycanda
yüzlərlə mühüm
tikintinin təşəbbüskarı,
yönəldicisi, hamisi
olmuşdu, həmin yüzlərin içərisində
neçələri Azərbaycan
tarixində qalacaq əhəmiyyətə malik olan
möhtəşəm sənaye
müəssisələri idi
və biri elə məşhur məişət kondisionerləri
zavodu ki, məhsulları
1970-80-ci illərdə yalnız
Azərbaycana və Sovet İttifaqının dörd bucağına deyil, bir sıra
xarici ölkələrə
də yayılırdı.
Dediyi hər sözün çəkisini
bilən, bircə kəlməni belə boşuna işlətməyən
müdrik Heydər Əliyev respublika rəhbəri kimi sadəcə sərəncamverən
kimi deyil, həm də bünövrəsinin qoyulmasından
tutmuş istehsalata buraxılanadək hər addımını izlədiyi
bütün tikintilərdən
həmin radio-teleqülləni
üstün tuturdusa, bu, ilk növbədə onun radioya, televiziyaya
verdiyi fövqəladə
mənaya görə idi. O, ali peşəkarlıqlı
dövlət və siyasət adamı millət qurucusu olduğundan bəlkə də hamıdan daha yaxşı dərk edirdi ki, bir xalq və
yurd üçün
radio və televiziya hansı məktəbdir, hansı gücə sahib olan gur mayakdır.
Azərbaycan boyu minlərlə
məktəb var. Keçmişlərdən
üzü bu yana o məktəblərdə
nəsil-nəsil insanlarımız
oxuyub, savad qazanıb, yalnız biliklər deyil, həm də yaxşı insan və vətəndaş olmağın dərslərini
alıb. Oxuduğumuz məktəblər müxtəlifdir.
Ancaq bütün azərbaycanlıların 2 ortaq
məktəbi də
var: Azərbaycan radiosu,
Azərbaycan televiziyası.
1926-cı ildə daimi
yayımlarına başlayaraq
noyabrın 6-da birinci dəfə xalqa "Danışır Bakı"
deyən radiomuz,
1956-cı ilin 14 fevralında
ekranı ilk dəfə
işıqlanaraq insanlarımızı
"Göstərir Bakı"
müjdəsi ilə sevindirən televiziyamız
var olduğu müddətcə
hər gün hər azərbaycanlı evinə girdi, hər ailənin üzvünə çevrildi,
hər birimizlə həmsöhbət oldu. Heç bir ailənin, heç bir vətəndaşımızın
bu qədər sürəkli və yaxın təmasda olduğu heç bir ən yaxın
qohumu, qonşusu, dostu, simsarı, müəllimi olmayıb.
1969-cu ildə Azərbaycan Respublikasına rəhbərliyə
başlayarkən Heydər
Əliyev fitrətən
cəmiyyətşünas, insan bilicisi olduğundan bu həqiqətə vaqifdi, ona görə də böyük yolunu radio-televiziya işini sahmanlı qurmaqdan başlayırdı.
O, efirin Azərbaycan insanı üçün
torpağın üstündəkindən
də həssas ərazi olduğunu gözəl dərk etdiyindən lap başlanğıcda
diqqətini yalnız rəsmi radio-televiziyaya ayırmamışdı. Nə
qədər sərhədsiz
kimi təsəvvür
edilsə də, Heydər Əliyevin baxışına görə,
hər halda efirin də öz bəlli sərhədləri vardı
və o, respublikaya rəhbərliyə başlayırdısa,
təsərrüfatındakı irili-xırdalı nə varsa hamısı nəzarətində olmalıydı,
efirə alaq səslər yol tapmamalı idi. Həmin səbəbdən
də Birinci katib olaraq ilk göstərişlərindən biri Radio və Televiziya Verilişləri Komitəsindəki mövcud
vəziyyət barədə
dəqiq və dolğun məlumat almaqla bağlı idisə, ikincisi, 1970-ci il iyulun 10-da imzaladığı
və "Radioötürücülərdən
qanunsuz istifadənin qarşısının alınması
ilə bağlı mübarizənin gücləndirilməsi
ilə əlaqədar
tədbirlər haqqında"
qərar idi. Araşdırma aparmışdılar
və 1969-un iyulundan
1970-in iyulunadək olan
müddətdə efirə
qanunsuz çıxan
111 radioötürücü aşkarlamış, hamısını
susdurmuşdular. Etməyə
də bilməzdilər.
Çünki bir tərəfdən bunlar istədikləri saatda efirə çıxaraq heç bir məhdudiyyətsiz ağıllarına
və ağızlarına
gələn istənilən
(və istənilməyən!)
məsələdən danışa
bilərdilər (xeyli
materiallar da toplanmışdı
ki, danışıblar da), digər tərəfdən
isə bu gizli radioların dalğaları aviasiya, dəmiryol nəqliyyatı,
ratsiya ilə işləyən təcili
yardım xidmətinin
dalğalarına qarışaraq
əngəllər, bəzənsə
lap təhlükələr törədirdi.
Heydər
Əliyev sistemli düşünən insan
idi. Hansı mövzunun ardınca gedirdisə, məsələnin
bütün ayrıntılarını
əsas sayırdı,
hər xırdalığa
diqqət yönəldirdi,
bu isə, təbii olaraq, aldığı nəticələrdəki
xəta faizini yox dərəcəsinə
qədər endirirdi. Həm Dövlət Təhlükəsizlik Komitəsinə,
həm Daxili İşlər Nazirliyinə,
həm Prokurorluğa,
həm də ruscadakı DOSAAF deyilişi
ilə o vaxtlar daha çox tanınan - Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım
Cəmiyyətinə qəti
tapşırıq verilmişdi
ki, nə qədər
qanunsuz radiostansiya varsa, hamısı 2 ay müddətində ən
sonuncusunadək ləngimədən
aşkarlanaraq yığışdırsınlar.
Radioxuliqanlıqla mübarizənin
tam səmərəli olması
üçün eyni göstəriş bütün
rayon, şəhər, vilayət
partiya komitələrinə
də ünvanlanmışdı.
Bəlli
olmuşdu ki, efir cığallığı edənlərin
əksəri yuxarı
sinif şagirdləri,
texniki təmayüllü
texnikum və ali məktəblərin tələbələridir. Bu da müəyyən edilmişdi
ki, həmin radioqurğuları
əksər hallarda uşaqlar özləri düzəldiblər. Bütün
qanunsuz radioötürücüləri
müsadirə etmişdilər
də, günahkarlar
da ya danlanmaqla, ya uzaqbaşı 50 rubl cərimə ilə canlarını qurtarmışdılar. Amma bu
işlə məşğul
olan yeniyetmə və gənclərin qabiliyyəti, istedadı nəzərdən qaçmamışdı.
Çalışmışdılar ki, onların bacarığı
daha faydalı səmtə döndərilsin,
bir halda ki, radio işinə həvəs
var, bu istək boğulmasın, elə həmin 1970-ci ildəcə
4 kollektiv, 27 fərdi həvəskar radiostansiya açılmışdı və
respublikadakı belə
radiostansiyaların sayı
çatmışdı 137-yə. Mərkəzi Komitəyə
göndərilən hesabatda
bu da yer alırdı ki, sabiq radioxuliqan, Bakıdakı
61 saylı məktəbin
şagirdi V.Şerbakov
respublika radioklubunun ən fəal üzvünə çevrilib,
oxuduğu məktəbdə
onun təşəbbüsüylə
düzəldilmiş həvəskar
radiostansiyasının rəisi
təyin edilib.
Beləcə, Azərbaycan efir
məkanının tör-töküntülərdən
təmizlənməsindən ta Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin işlərinin
günün və tutulmuş siyasi xəttin tələblərinə
uyğun qurulmasınadək
bütün məsələləri
gündəlik fəaliyyətinin
ayrılmaz parçasına
çevirən Heydər
Əliyev televiziya və radionun gücündən öz dövlətçi məqsədlərinin
daha təsirli və sürətli həyata keçirilməsində
ən münasib vasitə kimi yararlanmağa başladı.
Ona qədər respublika
rəhbərliyi televiziya
və radionu öz fəaliyyətinə
heç vaxt belə yaxın çəkməmişdi. Tədricən
televiziya və radio Heydər Əliyevin iş üslubunun mühüm tərkib hissəsinə, respublikanı
idarə etmək və xalqla işləməkdə başlıca
körpüsünə çevrildi,
dönüb oldu respublika boyda bir iclas, müzakirə,
məşvərət məkanı.
Heydər
Əliyev gəlişiylə
Azərbaycan televiziyasına
yeni bir janr da gətirdi. Ona qədər
respublika rəhbərinin,
mühüm siyasi tədbirlərin televiziya ilə birbaşa translyasiyası, yaxud tədbirin elə əvvəldən sona yazılaraq bütöv də göstərilməsi
adəti yox idi. Bu ənənə Heydər Əliyevlə başlandı və apardığı dövlətçi
xətti televiziya ilə birləşdirib bütövləşdirməyin özülünü də
elə bu addımı ilə 1969-cu
il avqustun 7-də qoydu.
Artıq qəzetlərdən
hamı bilirdi ki, respublikanın yeni başçısı
Heydər Əliyevdir.
Ancaq DTK-da işləmiş
olduğundan onu yaxın ətrafdan başqa üzdən tanıyanlar az idi. Televiziya ilə canlı veriləcək həmin partiya və təsərrüfat fəalları
yığıncağı əslində benefis idi, xalq onu
ilk dəfə yaxından
görüb tanıyacaqdı.
Həmin gün rejissor pultu arxasında dayanan sonralar Azərbaycan televiziyasının ən
tanınan rejissorlarından
birinə çevriləcək,
ömrünün 45 ilini
burada çalışacaq,
o vaxtsa hələ yolunu təzəcə başlayan gənc Nazim Zeynalov idi. 1937-ci il təvəllüdlü Nazim müəllimdən
həmin ilk translyasiya
barədə soruşuram,
danışdıqca çevrilib
olur yenə oçağkı cavan oğlan. Söyləyir
ki, tədbir Dzerjinski adına klubda (indiki Şəhriyar klubu) keçiriləcəkdi.
O vaxt bizim öz aramızda qısaca "PTS" (Peredvijnaə
Televizionnaə Stanüiə
- Səyyar Televiziya Stansiyası) dediyimiz balaca bir maşınımız
vardı. Köhnə
idi, o qədər də etibarlı deyildi. Ona görə hərtərəfli yoxladıq,
yenə də nigaran idik. 3 kameranı quraşdırmışdıq,
mən artıq maşında, pult arxasında oturmuşdum. Gündüz saat 11-də tədbir başlanmalı idi. Xəbər gəldi ki, cəld ol, Heydər Əliyev səni çağırır. Bir tərəfdən
çəkilişin, obiri
yandan respublikanın birinci şəxsi ilə ilk dəfə görüşməyin həyəcanından
çox gərgin idim. Ancaq Heydər
Əliyevə yaxınlaşanda
sifətində elə
mehriban təbəssüm
vardı ki, istər-istəməz
rahatlandım. Soruşdu
ki, hazırsınızmı, heç bir probleminiz yoxdur?
Mən də bir sual
verdim ki, məruzənizin
müddəti nə qədər olacaq? Çünki bizim PTS-in təqribən 1 saat çəkmək imkanı
vardı. Ani fikrə getdi, qayıtdı ki, təxminən 45 dəqiqə.
Nazim müəllim o gün, çəkilişdən qabaq
Heydər Əliyevin verdiyi başqa sualı da xatırlayır.
Xəbər alıbmış
ki, məni necə çəkəcəksiniz? Bu, artıq
televiziyanı, ekranı
duyan adamın peşəkar sualı idi. Yəni mənimlə hansı kamera işləyəcək,
hansı kameraya baxmalıyam?
Gənc
rejissor operatorlara işarə edir ki, bir-bir kameraları işə salsınlar. Deyir ki, hansı kamerada o gördüyünüz
xırda qırmızı
işıq yanacaqsa, həmin anda canlı yayımda görünən o kameranın
çəkdiyi olaca.
Bu minvalla Azərbaycan televiziyasında ilk dəfə
olaraq mühüm dövlət toplantısı
canlı yayımla efirə verilir, gedişatda da hər hansı texniki nasazlıq ortaya çıxmır. Ancaq istənilən halda çox nigaranmışlar.
Nazim Zeynalov yada salır
ki, o vaxtlar baş redaktor olan, sonralar sədr müavini vəzifəsini
tutacaq Elşad Quliyevlə studiyada oturub gözləyirdik görək Mərkəzi
Komitədən nə
xəbər gələcək.
Axşam zəng vurdular ki, bəs Heydər Əliyev razı qalıb, dərindən nəfəs
aldıq, elə bil üstümüzdən
dağ götürülmüşdü.
O günəcən belə tədbirlərdən televiziyada
ancaq operativ reportajlar verilərdi. Elə mən özüm 1970-ci illərdə
tələbəlik dövrümdə
neçə o cür
süjet hazırlamışam.
Hələ videokameralar
yox idi. 16 millimetrlik kinolentlə işləyən kamera ilə hadisə yerindən çəkiliş
aparılırdı, Telefilmdə
lent aşkarlanırdı, qurudulurdu,
montaj edilərək axşam efirə verilirdi. Hələ ki, televiziyada operativliyin son həddi o qədərdi.
Bu canlı yayımlarla televiziya insanımıza vaxtca bir az
da yaxınlaşdı. Daha
yalnız futbol matçları deyil, ölkə həyatının
önəmli məsələlərinin
müzakirə edildiyi
məclislər də
qapısını Azərbaycan
insanına anındaca
açdı, artıq
o tədbirlərin iştirakçıları
yalnız toplantının
keçirildiyi klubamı,
zalamı yığışan
insanlar deyildilər, bütün xalq idi. Bu, Heydər Əliyevin məsələləri
ustacasına ictimailəşdirmək
və çıxarılan
qərarlara hamını
məsuliyyət şəriki
edə bilmək istedadının əyani ifadəsi idi.
(Əməkdar incəsənət
xadimi Nazim Zeynalov bunu da unutmayıb ki, Heydər Əliyev çox keçmədən,
1971-ci ildəcə studiyaya
canlı yayımları
daha effektli təşkil edə bilməkçün rəngli
Səyyar Televiziya Stansiyası alınması
məsələsini də
həll etdi).
Heydər
Əliyevin müşavirədəki
çıxışının birbaşa translyasiyasından
10 gün keçincə
Mərkəzi Komitədən
təzə sifariş
gəlir: yenə Dzerjinski adına klubda müşavirə olacaq, Birinci çıxış edəcək.
Nazim müəllim xatırlayır
ki, artıq keçən
dəfəyə nisbətən
təcrübəliydik. Kameralar
quraşdırıldı, iclas
başlandı. Heydər
Əliyev keçdi tribunaya, danışır,
mən də pult arxasında, hər şey qaydasınca gedir. Lakin təqribən 40-45 dəqiqə
sonra Heydər Əliyev özü fasilə elan etdi. Təəccübləndik ki, görən
niyə? Bir də gördüm hövlnak məni Heydər Əliyevin yanına çağırırlar. Hirsli
idi. Dedi ki, bu nədir, işığı elə
qoymusunuz ki, üzümü
yandırır.
Doğrudan da minlik işıqlar
çox güclü olurdu, onları çıxışçıdan aralı qoymaq lazım idi, ancaq operatorla işıqçı bunu
nəzərə almayıblar,
işıqçı da lampanı
yandıraraq mane olmamaqçün gedib zalın axırında əyləşib. Daha onları ayağa vermədim, söylədim
ki, bağışlayın, texniki səhv olub, düzəldərik bu dəqiqə. Fikirləşdim ki, mənimki
buracanmış, yəqin,
daha məni Heydər Əliyevlə olan çəkilişlərə
dəvət etməzlər.
Ancaq əksinə oldu, biz Birincinin çəkiliş komandasının
daimi üzvlərinə
çevrildik, Vasif Babayevlə mən o vaxtdan etibarən ta 1982-ci ildə Heydər Əliyevin Moskvaya gedişinəcən onun bütün tədbirlərinin
çəkilişlərini apardıq. O günlərin,
o saatların hər biri isə unudulmaz
xatirələrlə dolu
idi.
Bu, artıq mənim öz müşahidəmdir
ki, Heydər Əliyev
mütəmadi onunla birgə olan çəkiliş heyətinə
və mətbuat nümayəndələri qrupuna
xüsusi nəvazişli
münasibət göstərirdi.
Bakıda, Azərbaycan
rayonlarına səfərlərdə,
xarici ölkələrə
ezamiyyətlərdə bunu
dəfələrlə görmüşəm.
Nazirlər, komitə sədrləri, ətrafındakı
müxtəlif vəzifəli
icraçı məmurlar
onun həmkarları idilər, amma sanki jurnalist və çəkiliş heyətinə Heydər Əliyev daha yaxın həmkar, bir az da simsar
kimi yanaşırdı.
Həmin köhnə dəstədən qalanlardan
rejissor Vasif Babayev,
operator Fazil Hadıyev,
fotoqraf Rafiq Bağırov,
jurnalistlər Elmira Axundova,
Aslan Aslanov sözümü
təsdiqləyərlər: Heydər Əliyev içəridən gələn
hansısa doğma bir hisslə sanki sabit müşayiətçisi
olan televiziyaçıları,
mətbuat işçilərini
özünə digərlərindən
bir köynək yaxın tuturdu.
Televiziya
işçilərinə - texniki personaldan tutmuş rejissoruna, diktorunacan onun qayğıkeş, istiqanlı,
köhnə tanış
münasibəti həm
də televiziyaya olan istəyindən qaynaqlanırdı.
Televiziya
tariximizin ən uzunstajlı baş mühəndisi olmuş Rəhim Dərafərin nağıl edir ki, 1970-ci illərin əvvəllərində
sovet televizorları hələ çox da təkmil deyildi, tez-tez xarab olurdu.
Düz deyir, heç özümüz də uşaqlıq illərimizdə
televizorun kanallarını
kəlbətinlə dəyişməyimizi,
görüntü itəndə
televizora qapaz ilişdirib təsvir və səsi bərpa etməyi hələ yaddan çıxarmamışıq.
Rəhim
müəllim deyir ki,
Heydər Əliyev keçmiş göz xəstəxanasının yaxınlığındakı
iqamətgahda yaşayırdı.
Hərdən televiziya
rəhbərliyi tapşırırdı
ki, get, Heydər Əliyeviçgilin
mənzilindəki televizorda
təsvir aydın deyil, ya başqa
texniki nasazlıq var. Tək ora yox,
elə dəfələrlə
DTK sədri Krasilnikovun
da, Mərkəzi Komitə
katiblərinin də evlərinə gedib televizorları tənzimləmişəm.
Mən Heydər Əliyevgilin evlərinə
əvvəlinci dəfələr
gedəndə 1970-71-ci illər
idi. Olurdu ki, Zərifə xanıma xəbər verirdilər, xəstəxanadan, işdən
gəlirdi evə, gözləyirdi, televizoru qaydaya salırdım, qayıdırdı işə.
Çox sadə, səmimi insanlar idilər. Bir dəfə də olmadı ki, o mənzilə gedim, Zərifə xanım qarşıma çay qoymadan məni buraxsın. Bu da qəribədir
ki, bir dəfə olsun mən o evdə qulluqçu görmədim. Bəlkə
də mən az adamlardan idim
ki, Heydər Əliyevi,
Zərifə xanımı,
o vaxt 10-11 yaşında
olan gələcək
Prezidentimiz İlham Əliyevi,
bacısı Sevili ev şəraitində görürdüm.
Üstündən illər keçdi,
sonralar daha əvvəlki kimi televizorlara o cür vaxtaşırı əl gəzdirməyə ehtiyac
qalmadı. Neçə
illər sonra Heydər Əliyevlə bir də rastlaşdıq.
1980-ci il idi, Azərbaycanın sovetləşməsinin 60 illiyi
qeyd ediləcəkdi. Ancaq həmin ilin yayında keçirilən Olimpiadaya
görə bizim yubiley mərasimini oktyabr ayına saxlamışdılar. Bir səhər
sədr məni çağırdı ki, təcili
özünü çatdır
aeroporta, Heydər Əliyev Zərifə xanımla birgə bütün günü yüksək qonaqları qarşılamaqçün hava
limanında olacaq. Onlarçün ayrılmış
otağa televizor quraşdırmaq lazımdır,
get, qaydaya sal, yaxşı göstərdiyinə
əmin ol, qayıt gəl. Mən gedib çatanda Heydər Əliyevgil hələ aeroporta gəlməmişdilər.
Qutunun içində təzə televizor hazır idi. Tez çıxartdıq, düzəltdik.
Ancaq otaq antennası ilə televizor burada yaxşı göstərəsi
deyildi. Çünki hava limanı ərazicə çökəkdə
olduğundan ora dalğalar zəif çatır. Çıxdım
ətrafa baxdım, aeroportun qurğularından
biri kifayət qədər hündür idi, antennanı ora bənd eləmək
olardı. Studiyaya zəng çaldım ki,
30-40 metrlik kabel göndərin. Kabel gəldi,
qalxdım həmin hündür yerə, antennanı quraşdırdım,
enib aşağıdakı
işləri görə-görə
artıq televiziyanın
olduğu otağa yaxınlaşırdım. Beşcə
dəqiqəlik işim
qalmışdı. Bu ara
gördüm hamı düşdü əlhaya,
ora-bura qaçmağa
ki, Heydər Əliyev
gəlir. Ha yalvardım
ki, mənə 5 dəqiqə
vaxt verin, quraşdırıb qurtarıram.
Mühafizə mənə
heç qulaq asmaq istəmirdi. Dedim ki, yaxşı, heç olmazsa onda Heydər Əliyevə xəbər
verin ki, televiziyadan mühəndis Rəhim buradadır, yenə sözümə məhəl
qoymayıb məni kənarlaşdırdılar. Heydər
Əliyevlə Zərifə
xanım onlarçün
ayrılmış otaqda
bir qədər əyləşdikdən sonra
getdilər eniş meydanına, təyyarəsi
gələn Gürcüstanınmı,
Özbəkistanınmı birinci katibini qarşılamağa. Qonaqları
qarşıladılar, şəhərə
yola saldılar, növbəti birinci katiblərin gəlişini
gözləməkçün həmin otağa doğru addımlamağa başladılar. Mən elə yerə keçdim ki, Heydər Əliyev gendən məni görsün. Arif adam idi,
təbii ki, hiss elədi
özümü göstərirəm,
elə gendən səsləndi ki, Rəhim,
sən burada neynirsən, yaxına gəl görüm. Yaxınlaşdım, dedim
ki, sizin otağa televizor quraşdırmağa
gəlmişəm, hər
şey hazırdır,
bircə xətti televizora birləşdirmək
qalıb, ancaq mühafizə məni yaxına buraxmır. Mühafizəyə çımxırdı
ki, Rəhimi tanımırsız,
bilmirsiz özümüzünküdür,
niyə imkan vermirsiz işini görsün? Keçdim otağa, birləşdirdim
kabeli, narahatlıqla televizoru açdım və sevindim, qəşəng göstərirdi.
Sağollaşıb getmək
istədim, yenə evlərində olan sayaq buraxmadılar, çay gəldi, qarşıma şirniyyat qoydular, yalnız ondan sonra getməyimə
icazə verdilər.
Azərbaycan televiziyasının çöhrəsi
olan insanlarasa Heydər Əliyevin münasibəti xüsusən
seçilirdi. Söz yox, həmişə işi çox, vaxtı az, hər gününün saatları öncədən
dəqiq bölünmüş
olurdu. Ancaq köhnə televiziyaçılarla,
özünün cavanlıq
illərinin artıq televiziya veteranları cərgəsinə qoşulan
dünənki gəncləriylə
görüşəndə sanki onlardan ayrılmağa heç tələsmirdi. Şərqiyyə
xanım Hüseynova xatırlayır ki, gəlişlərindən
birində telestudiyanın
foyesində qarşıladıq
onu. Adam çox idi, Roza ilə
mən bir qədər aralıda, sütunun arxasında idik, dedik bizi
görməz. Amma nəzərləri
bizi tutdu, dərhal səslədi ki,
niyə uzaqda dayanmısınız, yaxına
gəlin.
Roza xanım Tağıyeva isə danışır
ki, hər il Teleteatrda
YUNİSEF xətti ilə
Uşaqların Beynəlxalq
Televiziya və Radio Günü münasibətilə
"Uşaqlar dünyanın
sevincidir" devizi ilə tədbir keçirilirdi, mən də aparıcı olurdum. 1997-ci il dekabrın 14-də tədbirdən
sonra Heydər Əliyev mənimlə xeyli söhbət etdi, axırda da dedi ki,
nə sözün olsa, gəl de, köməkçim Dilarə xanımla əlaqə saxla, o mənə çatdırar.
1998-ci il dekabrın
13-ü idi. Sabah növbəti dəfə Teleteatrda uşaqların iştirakı ilə həmin tədbir keçiriləcəkdi, bilirdik
ki, yenə Heydər Əliyev gələcək. Ancaq daha həmin verilişi mən aparmayacaqdım. Çünki
biz köhnə nəsil diktorlara, ümumən diktor işinə studiyada münasibət dəyişmişdi,
bizim hərəmizi də bir redaksiyaya
atmışdılar, hərdən
kadrarxası mətnlər
oxuyurduq. Cib telefonuma zəng gəldi. Prezidentin köməkçisi Dilarə
xanım Seyidzadə idi danışan. Soruşdu ki, haradasınız, Prezident sizinlə görüşmək
istəyir, maşın
göndərək? Özümü
itirdim, nə hala düşdüm! Bir qədər toxtayıb dedim ki, zəhmət çəkməyin, özüm
taksi ilə gələrəm. Getdim Heydər Əliyevin görüşünə. Məni
çox mehriban qarşıladı. Dedi ki, sabah sizə
gəlirəm, birdən
yadıma düşdü
ki, axı mən Rozaya söz vermişdim, onu qəbul edəcəyəm, sabah görəndə üzünə
necə baxacağam, ona görə dəvət etdim ki, hal-əhval tutaq. Çox təşəkkür elədim,
dedim ki, onsuz da sabah
məni görməyəcəkdiniz.
Təəccübləndi, soruşdu
ki, niyə? Dedim, daha o verilişi
mən aparmıram, indi yolu cavanlara
verirlər. Gülümsündü
ki, məgər sən cavan deyilsən? Dəstəyi götürdü, sədrlə
danışdı. Sabahkı
gəlişinə hazırlığın
vəziyyətini öyrənəndən
sonra soruşdu ki, verilişi Roza Tağıyeva aparacaq də? Dəstəyin o başından
gələn cavabın
ardınca dedi ki, axı niyə
sən aparıcını
yalnız öz zövqünə uyğun
seçirsən, bizim
zövqümüzü nəzərə
almırsan?
Mənim həyatda
sarsıntılarım da,
çətin günlərim
də olub. Ancaq o anlarda xoşbəxtliyimdən kövrəlirdim
və fərəhlənirdim
ki, arxamda mənə qiymət verən belə dağ var.
Ertəsi gün
köhnə diktorların
hamısına Azərbaycan
televiziyasındakı soyuyan
münasibət kökündən
dəyişir. Roza xanımı isə Kinoproqram redaksiyasına baş redaktor təyin edirlər.
Televiziyanın Heydər Əliyevi, televiziyaçıların Heydər
Əliyevi belə Heydər Əliyev idi!
Həyatının iri parçasını Azərbaycan efirinə həsr etmiş, sonralar Heydər Əliyev Ali Sovetin sədri olarkən orada mətbuat katibi vəzifəsində işləmiş
unudulmaz Aqşin Babayev bir dəfə
mənimlə söhbətində
Heydər Əliyevlə
əlaqədar bir incə müşahidəsini
bölüşdü. Dedi
ki, Heydər Əliyev bir sıra hallarda özündən gələn
ideyaları sanki hiss olunmadan ətrafına ötürür,
sonra onlardan gələn təklif kimi qəbul edib icrasına başlayırd.
Vaxtilə Azərbaycan
radiosunda xarici ölkələr üçün
verilişlər hazırlayan
redaksiyaların genişləndirilib
baş redaksiyalara çevrilməsi, bu istiqamətin efirimizdə qüvvətləndirilməsinin qığılcımı da
Heydər Əliyevin özündən gəlmişdi.
Teleradio Komitəsi
elə onun özünün ötürməsi
ilə Mərkəzi Komitəyə məktub yazır. Xarici ölkələr üçün
verilişlərə rəhbərliyin
qüvvətləndirilməsi, bu işin həcminin
böyüklüyünü nəzərə alaraq Teleradioda, MK nomenklaturasına
daxil olacaq "xaricə verilən proqramlar üzrə sədr müavini" ştatının təsis
edilməsi, oradakı
redaksiyaların baş
redaksiyalara çevrilməsi
haqda qərar layihəsi növbəti Büro iclasına daxil edilməkdən ötrü 1975-ci il martın 27-də Heydər
Əliyevin masası üzərinə qoyulur. Ancaq aprelin 23-də Heydər Əliyev həmin sənədə belə bir dərkənar
qoyur: "Bu təklif Nazirlər Sovetindən gəlməlidir".
Başqa sözlə,
bu, bizdən - Mərkəzi Komitədən
gələn siyasi mahiyyətli bir qərar kimi yox, hökumətdən gələn, iş prosesinin özünün doğurduğu zərurət
kimi həll edilsin. Verilən qərara görə Heydər Əliyevdən cavab soran olmayacaqdı.
Ancaq istənilən məsələnin həllində
bütün gələcəklərdə
ortaya çıxa biləcək suallara cavablar bəri başdan hazır olsun deyə imzasını qoyduğu hər sənəddə bu təhər yüz ölçüb bir biçməklik Heydər Əliyevin iş dəsti-xəttinə
daim xas oldu.
Və o vaxt
həmin vəzifəyə
də elə Aqşin Babayev təyin edilmişdi.
...İndi çatdırmaq
istədiyim mətləbi
sizə bu müqayisə rahatca anladacaq - mən əl yazısından kompüterlə işləməyə
1994-cü ildən keçmişəm,
o vaxt üçün
irəligetmiş sayılan
"Toshiba Satellite" noutbukum vardı və yaddaşı 100 meqabayt idi, indi, 2023-cü ildə həmin əl bilgisayarlarının
yaddaşı 1 terabaytdır,
yəni 10 min dəfə çox.
1970-ci ildəki televiziyamızın
texniki imkanları ilə bugünkü imkanlarının fərqi
də təqbirən bu cürdür.
Telerejissor kimi
Xalq artisti adına ilk layiq görülmüş
Vasif Babayev 1969-cu ildə Heydər Əliyevlə əlaqədar
çəkilişlərə rəhbərlik etməyə
başlayanda 29 yaşı
vardı və 1982-ci ildə Heydər Əliyev Kremldə işləməyə yola
düşərkən hava
limanındakı axırıncı
çəkilişi yenə
o, idarə edirdi. Düz 13 il kameraçıları ilə
bərabər daim Birincinin yanında oldu və əlbəttə
ki, Azərbaycan televiziyası bu illər ərzində Heydər Əliyevdən hansı qayğılar gördü, Vasifdən yaxşı bilən olmaz.
Vasif müəllimlə
dayanmışdıq indi
"Balaca studiya" dediyimiz, uzaq 1970-ci illərdə isə bizə xeyli böyük görünən,
o çağlar hələ
tələbəykən mənim
də verilişlər
apardığım pavilyonda
və rejissor dostum keçmişləri
andıqca, milli televiziyamızın uğurlar
salnaməsini vərəqlədikcə
vəcdə gəlirdi.
Deyir ki,
1970-ci ildə bu 50-60 kvadratmetrlik pavilyonda Fransadan olan mütəxəssislərin iştirakı
ilə "Sekam" adlı rəngli studiya quruldu, "Tompson" adlı ilk rəngli televiziya kamerası quraşdırıldı. Moskvaya,
Mərkəzi televiziyaya
fəxrlə xəbər
verdik ki, artıq bizim də rəngli studiyamız var. Bu, SSRİ-dəki ilklərdən idi. 1972-ci ilin dekabrında isə Heydər Əliyevin Mərkəzi Televiziyada Azərbaycanın
qazandığı nailiyyətlərlə
bağlı çıxışı
olmalı idi.
Heydər Əliyevin
həmin studiyadakı
danışığı Mərkəzi
Televiziya ilə verilir, Moskva da, bütün Sovet İttifaqı da görür ki, artıq Bakının öz rəngli studiyası var.
Bu gün
bu fəxretmə adama sadəlövhlük kimi gəlir. Ancaq o vaxt Azərbaycan
rəhbərinin respublikanın
yüksəlişləri barədə,
onlarda da olmasını digər sovet respublikalarının
hələ arzuladığı
rəngli studiyadan danışması bəhs
edilən tərəqqi
və uğurların
göz önündəki
daha bir təsdiqi və sübutu idi.
Heydər Əliyev
sevdiyi, yüksək dəyər verdiyi televiziyaya səxavət qapısını ona görə ürəklə
açırdı ki,
vaxtın nəbzini həssaslıqla tutmağı
bacaran idi. Vasif Babayev yada
salır ki, Heydər Əliyev
1974-cü ildə komitəmizə
Amerika istehsalı olan "Arriflex" kamerası, səs yazıları üçün
"Naqra" avadanlığı,
Avstriya istehsalı olan mikrofonlar, 1975-ci ildə isə "Tompson" kinoproyektoru alınmasına kömək
etdi. Çox öyünürdük, SSRİ-nin ən aparıcı
televiziyaları bizdə
o dövr üçün
belə ultramüasir avadanlığın olmasına
heyrətlənir, həsəd
aparırdılar.
...1996-cı il iyulun 6-sı idi, uca Heydər Əliyev Bakının uca nöqtəsindən danışırdı, onun
səyləri ilə dikəlmiş və millətə qalacaq daha bir əsərinin
açılış bayramı
günündə tək
bu qüllə ilə bağlı yox, əslində milli sərvətimiz olan radio-televiziyamızla bağlı nəsihətini,
gələcəkdəkilərə vəsiyyətini edirdi:
"Elə hesab etməsinlər ki, bu gün buraya
yığışdıq, təntənə ilə mərasim keçdi, bir-birimizi təbrik etdik, bununla da qurtardı, radio-televiziya verilişləri
əvvəlki keyfiyyətdə
qalacaqdır. Və bilirsiniz, siz cavabdeh olacaqsınız. Cavabdehliyin də məsuliyyəti çox yüksəkdir, onu bilin!"
Bu gün
Bakının rəmzlərindən
birinə çevrilmiş
Teleqülləmiz 1981-ci ildə
tikilməyə başlamışdı.
Heydər Əliyev 1 il sonra Azərbaycandan
Moskvaya işləməyə
getdi və yavaş-yavaş tikinti də söndü.
1993-cü ildə Heydər
Əliyev təzədən
qayıtdı və 1
il sonra bütün təlatümlü
gedişata baxmayaraq, yenə qülləyə sarı çevrildi, illərcə yarımçıq
qalmış tikinti dirçəldi və ikicə ilə tamamlandı. 15 illik bir yol. Heydər
Əliyevin başladığı
və bitirdiyi bu işin yarımçıq
qaldığı aralıqdakı
uzun üzücü müddətdə Azərbaycan
Respublikasının rəhbəri
kürsüsündə 4 nəfər
oturdu. Teleqüllə
qüssəli-qüssəli yol gözləyirdi. Qüllənin 15 illik tikilmə tarixi bu müddətdəki Azərbaycan rəhbərlərinin
yalnız bir tikintiyə deyil, milli radio-televiziyamıza münasibətinin də tarixçəsidir. Tarix tutuşdura bilir və Tarix heç
nəyi unutmur.
Heydər Əliyev
Azərbaycan teleradiosunun
həyətinə başlanğıcda
mədənlərdən qüllə
əvəzinə gətirilmiş
qara neft buruğunu da görmüşdü, Azərbaycanın
da, onun televiziyasının da nələrə layiq olduğunu da ömrü boyu əsla unutmadı. Heydər Əliyevin bütün millətinki saydığı, xalqın
sərvəti hesab etdiyi radio-televiziyamıza rəğbətlərinin, qayğılarının,
diqqətlərinin böyüklüyünü
bir daha duymaqçün nə müfəssəl hekayətə,
nə hansısa müqayisələrə ehtiyac
duyulur. Bu sevginin və sədaqətin o Teleqüllə
boyda şahidi var!
26 avqust 2023
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2023.- 30 avqust.- S.8-9.