Xankəndidə Qarabağ Universiteti: təhsil tariximizin parlaq səhifəsi
Noyabrın 28-də Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ
Universitetinin yaradılması
ilə bağlı Sərəncam imzaladı.
Sərəncamda qeyd olunub ki, regionun sosial-iqtisadi ehtiyaclarına
uyğun yüksəkixtisaslı
kadr tələbatının
ödənilməsi və
tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması
məqsədilə Xankəndi
şəhərində yerləşən
ali təhsil müəssisəsinin əsasında
Elm və Təhsil Nazirliyinin tabeliyində
"Qarabağ Universiteti"
publik hüquqi şəxs yaradılır.
Elm və təhsil naziri Emin Əmrullayevin
fikrincə, Qarabağ
Universitetinin yaradılması
çox önəmli
addım və çoxdan gözlədiyimiz
fürsətdir. Çünki
orada hər şeyi yenidən və düzgün qurmaq imkanımız olacaq. Həmin universitetin timsalında elm və ali
təhsilin inteqrasiyası
daha yaxşı qurulacaq: "Ancaq şəxsi maraqların böyük elmi maraqları üstələməməsinə
çalışmaq lazımdır.
Əminəm ki, bunu edə biləcəyik.
Bir günə universitet yaratmaq mümkün deyil. Ancaq inanmaq istəyirik
ki, 2024-cü ilin sentyabr ayında tələbələri, tədqiqatçıları,
gənc alimləri orada görmək imkanımız olacaq. Ümumilikdə həmin universitetdə bütün
mümkün resurslardan
istifadə edəcəyik.
Elm sahəsi üzrə fəaliyyətin
dürüstlük prinsipi
əsasında izlənilməsi
üçün əlimizdən
gələni edəcəyik".
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
professor Bəxtiyar Əliyev deyib ki, Prezident İlham
Əliyev Qarabağ Universitetini Xankəndi şəhərində yaratmaqla
tarixi ədaləti bərpa etdi: "Düz 50 il bundan əvvəl - 28 noyabr 1973-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
Xankəndi şəhərində
Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun filialı yaradılıb.
O zaman Xankəndi şəhərində müstəqil
ali təhsil müəssisəsinin yaradılmasında
məqsəd Qarabağ
və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində
yaşayan vətəndaşlarımızın
ali təhsil alması, ümumtəhsil
məktəblərimizin müəllimlərlə
təmin edilməsi idi. Bu, həm
də rayonlarımızda
ziyalı potensialının
gücləndirilməsinə, əhalinin maarifləndirilməsinə
və erməni separatizminin qarşısının
alınmasına xidmət
edirdi".
Millət vəkili
bildirib ki, təəssüf, Ermənistanın
təhriki və ovaxtkı sovet rəhbərliyinin fəaliyyətsizliyi
nəticəsində erməni
daşnaklar, separatçılar
Qarabağda azərbaycanlılara
qarşı böyük
faciələr - soyqırımı
və etnik təmizləmə törətdilər.
Bunun qarşısını
almaq əvəzinə
SSRİ Nazirlər Soveti
16 oktyabr 1988-ci ildə
Xankəndi Pedaqoji İnstitutunun bağlanması
haqqında qərar qəbul etdi. Bütün azərbaycanlı
professor-müəllim heyəti
və tələbələr
Xankəndi şəhərindən
bu yolla çıxarıldılar. Bu
da azərbaycanlılara
qarşı həyata
keçirilən etnik
təmizləmə planının
bir tərkib hissəsi idi.
Onun sözlərinə
əsasən, Prezident
İlham Əliyev Qarabağ Universitetini yaratmaqla bir tərəfdən tarixi ədaləti bərpa etdi, digər tərəfdən isə doğma diyarı yenidən qurmaq üçün həmin bölgədən olan gənclərin bu universitetdə təhsil alaraq yüksəkixtisaslı
kadrlara çevrilməsinə,
bölgənin sürətlə
inkişaf etdirilməsinə
imkan yaratdı: "Əminəm ki, Qarabağ Universiteti dünyanın ən müasir təhsil müəssisəsi olacaq və Azərbaycanın inkişafına böyük
töhfələr verəcək".
Millət vəkili Ceyhun Məmmədovun sözlərinə
görə, Qarabağ
regionunda ilk ali təhsil ocağı 1969-cu ildə
Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub: "Təəssüf ki, ali təhsil müəssisəsi 1988-ci ilədək
fəaliyyət göstərib.
Artıq Qarabağ azaddır. Bu gün qarşımıza
mühüm hədəf
və məqsədlər
qoymuşuq. Hesab edirəm ki, bölgələrdə yeni
universitetlərin yaradılması
Bakıda sıxlığın
qarşısını nisbətən
almağa köməklik
edə biləcək.
Qarabağ Universitetində
bütün sahələr
üzrə mütəxəssislərin
yetişdirilməsinə önəm
verməliyik. Geniş
kampuslu müasir təhsil müəssisəsinin
yaradılmasına ehtiyac
var. Beynəlxalq universitetin yaradılması
yaxşı olardı.
Bir neçə dildə universtitetin yaradılması, xarici ölkələrdən tələbələrin
cəlb edilməsi üçün addımlar
atılmalıdır".
Millət vəkili
hesab edir ki, Azərbaycan gəncləri Qarabağ Universitetinə maraq göstərəcəklər: "Bu gün hər
bir azərbaycanlının
ürəyi Qarabağla
döyünür. Əminəm
ki, gənclər Qarabağ Universitetində
təhsil almaq istəyəcəklər, çünki
hər birimizin istəyi Qarabağın azad edilməsi idi. Arzumuza çatmışıq
və çox önəmli mərhələyə
daxil olmuşuq. Bu, yeni imkanlar
və fürsətlər
yaradacaq. Müasir təhsil müəssisəsi
yaradacağımıza inanıram".
Təhsil eksperti Nadir İsrafilov bildirib ki, Qarabağda şəhərcikləri olan
universitet yaradılır
ki, tələbələr
orada həm oxusunlar, həm də rahat yaşasınlar.
Qarabağın sosial-iqtisadi
inkişaf perspektivləri
ilə bağlı vahid strategiya çərçivəsində çoxsahəli bir universitet nəzərdə
tutulur. Bundan başqa, Qarabağda həmişə əkinçilik
və maldarlıq inkişaf edib. Bu sahələrdə də kadr hazırlamaq
lazımdır: "Qarabağda
universitetin açılması
ixtisaslı kadrlar hazırlığını paytaxtdan
bölgələrə yönəltmək
işinə də ciddi dəstək olacaq. Orada təkcə
ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Texniki məktəblərdə
və kolleclərdə
kənd təsərrüfatı,
inşaat və iqtisadi peşələrə
tələbat olacaq, gələcəkdə turizm
xidmətləri, tibb və s. sahələrdə
kadrlara ehtiyac duyulacaq. Ümumiyyətlə,
regionun coğrafi mövqeyi, digər regional xüsusiyyətlər
nəzərə alınmalıdır".
Təhsil eksperti Kamran Əsədov qeyd edib ki, Xankəndidə
fəaliyyətə başlayacaq
Qarabağ Universiteti təhsilin brendi olacaq. Qarabağda ayrıca bir dövlət universitetinin yaradılması və onun Qarabağ Universiteti adlandırılması
çox böyük hadisədir: "Təhsil
dövlətçilik siyasətinin
əsas vuran qolu, təməl nöqtələrindən biri
olub. Məsələnin
bir neçə rakursdan faydaları var: dövlətçiliyə
dəstək, azad olunmuş Qarabağ adının təhsil seqmentində də var olduğunu göstərmək, tədrisin
keyfiyyəti. Qarabağ
Universiteti bəlkə
də, Azərbaycanın
xüsusi təhsil göstəricilərinə malik
olan ən böyük ali təhsil müəssisəsi
olacaq".
K.Əsədovun dediyinə görə, orada tibb təhsili
ilə yanaşı, dövrün əsas ixtisaslarından olan İT
istiqaməti, mühəndislik,
digər kriteriyalar da tədris olunacaq: "İşğaldan
azad edilmiş ərazilərin quruculuğunda
təhsil müəssisələrinin
tikintisi, bərpası
və tədrisin təşkili vacib amildir. Çünki təhsil insanların işğaldan azad edilmiş ərazilərdə
sürətlə məskunlaşmasına,
eyni zamanda həmin ərazilərdə
xidməti vəzifələrini
yerinə yetirən əməkdaşların övladlarını
təhsil almaq şəraitinin yaxşılaşdırılması
üçün bu, vacib amildir".
Ekspert xatırladıb
ki, İlham Əliyevin hazırda qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri
işğaldan azad olunmuş ərazilərin
bərpasıdır: "Hesab
edirəm ki, bu prosesdə Azərbaycan təhsili də fəal iştirak etməlidir. İşğaldan azad edilmiş ərazilərdə
xidmət keçən
şəxslərin məktəbyaşlı
övladlarının təhsil
hüququnun təmin edilməsi, onlar üçün təhsilin
əlçatanlığının təmin edilməsi zəruridir. Buna görə işğaldan
azad edilmiş ərazilərdə təhsilin
inkişafı ilə
bağlı tədbirlər
xüsusi əhəmiyyət
kəsb edir".
K.Əsədov vurğulayıb ki, Qarabağ Universitetində,
ilk növbədə,
Qarabağ regionunun inkişafı üçün
kadr potensialı yetişdirilməli, ixtisaslar
bölgənin spesifikasına
uyğun formada müəyyənləşməlidir: "Eyni zamanda, universitetdə
Qarabağın tarixinin
tədris olunmasına
xüsusi diqqət yetirilməlidir. Həmçinin
düşünürəm ki, universitetə xarici ölkələrdən
də təhsil almaq üçün tələbələr cəlb
olunmalıdır. Üçüncüsü
isə, buradakı universitetlərdə hüquq
fakültələri açılmalıdır.
Çünki şahidi
olduq ki, Dağlıq Qarabağ münaqişəsi zamanı
ən böyük problemlərimizdən biri həmin ərazilərdə
hüquq-mühafizə orqanlarında
azərbaycanlı kadrların
azlıq təşkil
etməsi idi. Hətta orada Polis Akademiyası da açmaq olar. Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Qarabağda şəhərcikləri olan
universitetlər tikmək
lazımdır ki, tələbələr orada
həm oxusunlar, həm də yola vaxt itirmədən
yaşasınlar".
Millət vəkili Arzu Nağıyev deyib ki, Qarabağ Universiteti gələcəkdə
perspektivli ali təhsil müəssisələri
sırasında olacaq.
44 günlük Vətən
müharibəsində qazanılmış
böyük qələbədən
sonra əsas məsələ işğaldan
azad edilmiş ərazilərə böyük
qayıdışın təmin
olunmasıdır: "Məlumdur
ki, "Böyük Qayıdış" dövlət
proqramı çərçivəsində
işğaldan azad edilmiş ərazilərə
qayıdacaq sakinlərin
evlərlə, həmçinin
işlə və bunlara paralel olaraq onların təhsil almaq hüququnun təmin edilməsinə ciddi fikir verilir. Ona görə də Qarabağ və işğaldan azad olunmuş digər ərazilərdə
universitetlərin, müxtəlif
təhsil ocaqlarının
yaradılması mühüm
əhəmiyyət kəsb
edən məsələlərdən
biri hesab olunur".
Millət vəkilinin
söylədiyinə görə,
tarixən Qarabağda
elmə-təhsilə xüsusi
qayğı göstərilib
və daimi bu məsələ diqqətdə saxlanılıb:
"Bu baxımdan ali təhsil müəssisəsinin ilk olaraq məhz Xankəndidə yaradılması
xüsusilə vacibdir.
Bu addım həm də regionda yüksək ixtisaslı kadrların hazırlanması baxımından
olduqca əhəmiyyətlidir.
Hesab edirəm ki, Qarabağ Universiteti gələcəkdə
perspektivli ali təhsil müəssisələri
sırasında olacaq.
Bu təhsil ocağı 1969-cu ildə
Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi
zaman Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən
1988-ci ilədək ali
təhsil müəssisəsi
kimi fəaliyyət göstərib, ərazilərimizin
işğalı dövründə
isə ümumiyyətlə,
fəaliyyətini dayandırıb".
Sevinc QARAYEVA
525-
ci qəzet.- 2023- cü il.- 1 dekabr.- № 218.- S. 13.