"Azərbaycan" deyiləndə..."

 

Şeir yaddaşımla öyünə bilmərəm. Heç öz cızma-qaralarımı əməlli-başlı əzbərləyib ortalığa çıxarmaq bacarığım da yoxdur. Ancaq qəribədir, elə şeirlər var ki, onlar birbaşa insanın özündən asılı olmayaraq onun şüurunda yer edir, əbədi həkk olur. Belə poetik nümunələrdən biri mərhum Xalq şairimiz Məmməd Arazın "Mənim dünyam" şeiridir.

Mən bu şeiri əzbərləyəndə, daha doğrusu, bu sətirlər yaddaşıma həkk olunanda hələ bütün sovet xalqlarının ümumi vətəni sayılan bir dövlətdə yaşayırdıq. Uşaq bağçasından tutmuş ali məktəbədək, beşikdən qəbrədək o dövlətin tərənnümü bizi bihuş eləmişdi. Sovet şairi B.Mayakovskinin pasportunu cibindən çıxarıb özgələrinə yandıq verdiyi böyük bir şeiri tam əzbər deyib ədəbiyyatdan kök "5" qiyməti aldığım müəllimimin gözündə bir az da ucaldığım vaxta düşür bu şeirlə ilk tanışlığım. "Mənim dünyam" şeiri o vaxt dərslikdə yox idi, ilk dəfə milli radioda "Poeziya buketi, nəğmə çələngi" verilişindən dinləmişdim. Sonra Zəngilanın məşhur kitab mağazasını işlədən Bəhram dayı (məkanı cənnət olsun) dəftərində qeyd aparıb Bakıdan alıb gətirmişdi mənim üçün. Bu gün "Sovet pasportu"ndan yadımda qalan bircə ilk oxuduğum sərbəst şeir olması, bir mərhum müəllimim Tofiq Hacıyevin şeirin Xalq şairi Rəsul Rza tərəfindən tərcümə edildiyini dəfələrlə təkrarlamasıdır. "Mənim dünyam" şeiri isə o vaxt məni necə öz ağuşuna alıbsa, heç bir zaman təkrarlamadığım halda bu gün əzbər deyə bilərəm.

 

Azərbaycan - qayalarda

                               bitən bir çiçək,

        Azərbaycan -

                çiçəklərin içində qaya.

Mənim könlüm bu torpağı

                               vəsf eləyərək,

Azərbaycan dünyasından

                               baxar dünyaya.

 

Mən onda əlaçı şagird kimi sovet təhsil sistemində uğurlarımla müəllimlərimi, ailəmi sevindirirdim. Azərbaycanın "çiçək kimi qayalarda" bitməsi, "çiçəklərin içində qaya" olması uşaq təfəkkürümdə ilk poetik mənzərə yaratmışdı. Azərbaycan dünyasından dünyaya baxmaq "oktyabryat" nişanından, qırmızı qalstukdan keçərək həsrətlə komsomola hazırlaşan (sözün əsl mənasında), kommunist olmaq arzusu ilə yaşayan məktəbli üçün bir az da qəribə səslənirdi. Ancaq səslənirdi! İlk növbədə poetik çalarları ilə ürəyimə yatmışdı:

 

Azərbaycan mayası nur,

                                     qayəsi nur ki...

Hər daşından alov dilli

                                         ox ola bilər.

"Azərbaycan!" deyiləndə

                                         ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər.

 

Gecə saat 23.00-da Azərbaycan radiosunda "lirika dəftərindən" qəzəllərini qəzəllərinə yazılan mahnıları, romansları heyranlıqla dinlədiyim Füzuli boyda şairin ürəyinə toxunmamaq üçün neçə dəfə ayağa durmuşam, onu bir Allah bilir!

Yaradıcı, eyni zamanda zəhmətkeş bir ailədə, müəllim məktəb, teatr (ucqar dağ rayonu Zəngilanda verilən konsertlər, tamaşalar indi xatirimdədir), evimizin daimi qonağı olan radio-televiziyamızın, kitabxanaların tərbiyəmdə, gələcək taleyimin müəyyənləşməsində oynadığı rol danılmazdır. Xalq şairi Məmməd Arazın "Mənim dünyam" şeiri isə həyatımda çox mühüm rolu olub. Hərbi xidmətimi başa vurub BDU-nun Jurnalistika fakültəsinə imtahan verirdim. 2 konkret 1 sərbəst mövzuda inşa yazmalı idik. Mənim vətənim mövzusunda sərbəst inşaya üstünlük verdim. Adətim üzrə qələmi kağızların üstünə qoyub beynimdə süjet xəttini cızmağa başladım. Qaralamaya "Mənim dünyam" şeirinin sonuncu bəndini yazıb yaddaşda ən zəif yerim olan nöqtə-vergülü məntiqlə düzdüm, yenidən mövzuya kökləndim. Ardınca nədənsə ən çox ürəyimə yatan aşağıdakı bəndi yazdım:

Ətrafdakılara nəzər yetirəndə abituriyentlərin qaralamadan ağlamaya köçürdüklərini gördüm. Başa düşdüm ki, gecikə bilərəm. Həyəcan məni bürüdü. Bu vaxt mərhum şairimiz Famil Mehdi (bunu sonra bizə dərs deyəndə biləcəkdim) çox nəvazişlə mənə tərəf əyilib:

- Oğlum, sən heç yazmamısan ki, çətinliyin var?" - soruşdu. Təşəkkür etsəm , nədən necə başlayacağımı bilmirdim. Bir müddətdən sonra o, yenidən mənə yaxınlaşdı:

- Niyə yazmırsan, oğlum, gecikirsən axı... Özünü pis hiss etmirsən ki? - sualını verdi. Dinmədim, dinib deyəcəkdim ki?!. Özüm bilmədən ağlıma bir sual gəldi:

- Müəllim, olar mən birbaşa ağlamaya yazım?-soruşdum. Diqqətlə üzümə baxıb qaralamada qaraladığım iki bənd şeirə nəzər yetirdi:

- , Məmməd Araz dünyasından başlamısansa, yaxşıdır. Olar, bala, yaz, sənə uğurlar!

Mərhum şairimizun mənə diləyi həv

əsimə həvəs, nəfəsimə nəfəs qatdı. Vaxt qıtlığından 3 səhifə yarım yaza bildim. Ancaq Məmməd Araz dünyasından aldığım ruh yüksəkliyi bitmək bilmirdi. Sonradan müəllimim olan şair Famil Mehdiyə minnətdarlığımı bildirəndə gülümsündü şair təbi ilə dedi:

- Var olsun Məmməd Arazı, böyük şairdir! Sən sağ ol ki, onun bu möhtəşəm şeirini seçmişdin.

nəhayət, Məmməd Arazın "Mənim dünyam" şeirinin uşaqlığıma düşən ilk təəssüratını xatırlayıb onda ağlıma sığışmayan iki misra üzərində dayanmaqla "şairlər peyğəmbərlərdən sonra gəlirlər" kəlamına "əsl şairlər elə peyğəmbərdirlər!" düzəlişini vermək cəsarəti tapıram özümdə:  

 

Azərbaycan qatarı da yollara çıxdı

Dağılanda Qoca şərqin duman dünyası.

 

 

Mahir CAVADLI

 

525- ci qəzet.- 2023- cü il.- 1 dekabr.- ¹ 218.- S. 12.