Qərbi Azərbaycana qayıdış naminə
daha bir addım
Qədim türk yurdu Naxçıvanda gerçəkləşən "Qərbi Azərbaycana qayıdış" festivalı və
"Qərbi Azərbaycana qayıdışa gedən yol" konqresində şanlı
tariximiz iki gün yenidən vərəqləndi.
Nidaların üstünə
işıq salındı,
"niyə, nə üçün, nə vaxt" kimi suallara cavablar axtarıldı. Təhrif olunan xəritəmizin, kiçildilmiş sərhədlərimizin
tarixi taleyinə nəzər salındı.
"Qərbi Azərbaycana
qayıdış" festivalının, "Qərbi
Azərbaycana qayıdışa
gedən yol" konqresinin bütün iştirakçıları özlərini
o iki gündə bütünlüklə Qərbi
azərbaycanlı hesab
etdilər desək, səhv etmiş olmarıq.
Tarix təkcə
möhürlü sənədlərdən,
arxiv faktlarından, saralmış xəritələrdən
ibarət deyil. Tarix həm də xalqın yaddaşıdır, o yaddaşı
özündə saxlayan
sənət əsərlərindədir
- xalçadadır, kilimdədir,
kəlağayıdadır, milli mətbəx nümunələrindədir, musiqi,
rəqs, folklor və xalq oyunlarındadır.
Bütün bu sadalananlar vəhdətdə
xalqın etnogenezesinin,
milli kimliyinin obrazıdır. Tarixlər
boyu xalça təkcə məişət
əşyası olmayıb,
hər bir ornamenti, detalı, çeşni və elementi ilə onu ərsəyə gətirən xalqın fəlsəfi dərinliyini,
təxəyyül zənginliyini
bəyan edib. Geyimlər sadəcə isinmək və örtünmək üçün
olmayıb həm də ismət, həya simvolu kimi xarakterizə olunub. Ləziz təamlar da təkcə damaq dadına xidmət etməyib, həm də ana və
nənələrimizin zəngin
fantaziyasından xəbər
verib. Laylası, ağısı, bayatısı
da xalqın mental yaddaşının,
genetik kodunun daşıyıcısı olub.
Bütün bunları
diqqətdə saxlayan
təşkilatçılar rəsmi açılışdan
sonra tədbirə məhz bu sadalananların
möhtəşəm kompozisiyasından
ibarət sərginin nümayişi ilə başladılar. Qədim Naxçıvan ondan çox da uzaq
olmayan Qərbi Azərbaycanın ab havasına büründü.
Həmişə dövlətçilik,
milli təəssübkeşlik
ənənələrinə sadiq qalan qədim
diyar bu dəfə də qonaqlarını yallı səfi kimi bir araya gətirdi.
AMEA-dan da
otuza yaxın alim və tədqiqatçının
qatıldığı konqresdə
dinlənilən və
müzakirə edilən
yüzdən çox
elmi məruzə isə bir daha
tarixi yada saldı. İrəvan, Zəngəzur, Dərələyəz,
Göyçə kimi
mahalların, qədim
türk yurdunun folkloru, bədii təfəkkürü, mədəniyyəti,
coğrafiyası, demoqrafiyası,
təbiəti, ərazisi,
tarixi, təhrif olunmuş toponimləri, incəsənəti, adət-ənənəsi
yada salındı. Gənc auditoriya öyrəndi ki, onun o torpaqlara, o yaşayış yurdlarına
nə qədər haqqı çatır, o, bir millət olaraq nə qədər haqsızlığa
uğrayıb. Azərbaycanın
sərhədləri 100 il,
200 il əvvəl hansı hüdudlarda idi, indi hardadır
və bu faciənin, qərəzli münasibətin əsl səbəbi nələrdir, itirdiklərimizin
miqyası nə qədərdir? Hansı siyasi məqsədlərin
qurbanı olmuşuq? Güclü və böyük olmağımız
kimləri və niyə qorxudub? Məhv olunan tarixi abidələrin, maddi və mənəvi
dəlillərin bugünkü
və sabahkı taleyi necə olacaq? Ərazi bütövlüyümüzü milli-etnik şüurda, yaddaşda nə qədər mühafizə
edə bilmişik? Bu kimi məsələ və problemlər müzakirə
olundu, dönə-dönə
vurğulandı ki, Azərbaycan öz tarixi torpaqlarına silahla, sursatla deyil, mədəniyyəti
ilə, hüququ ilə qayıdacaq, haqqı çatana sahib olacaq. Qarabağda
ilahi ədaləti bərpa etdiyi kimi.
Vətən həsrəti, yurd ağrısı kürsüdən
doğma yurdunun tarixi, ədəbiyyatı
haqqında bir çox tədqiqat və monaqrafiyalar yazsa da, danışmağa
çətinlik çəkən,
doğma yurdun nisgilini bütün varlığı ilə yaşayan ziyalılarımızın
simasında da görünürdü. Təyyarə
Göyçənin üzərindən
keçərkən kəndinə
sarı boylanıb doğma yurd yerinə nisgillə, qəlb ağrısı ilə baxan həmvətənlərimizi də
anlamaq çətin deyildi. Hələ ömrünü
bu ağrı ilə yaşayıb dünyadan köçən
soydaşlarımızın tapdanan haqqından danışmırıq.
Bir daha
vurğulayırıq ki,
Azərbaycan öz tarixi torpaqlarına yallısı, cəngisi ilə, mənəvi dəyərlərin qoruyucusu,
yüksək intellektin
və sivilizasiyanın
mühafizi kimi qayıdacaq. Hərbi qüvvəsi ilə yox, ziyalı ordusu ilə tarixi torpaqlarına geri dönəcək. Tarixi ərazilərində
mənəvi-intellektual tarazlığı
və ab havanı bərpa edəcək. İstər
Azərbaycan Milli Elmlər Akademiyasında Qərbi Azərbaycanın
bir çox istiqamətdən öyrənilməsi
məqsədi ilə yaranan "Qərbi Azərbaycan folkloru",
"Qərbi Azərbaycan
tarixi", "Toponomika"
kimi şöbələr,
istər bu sahədə aparılan tədqiqatlar, hazırlanmaqda
olan "Qərbi Azərbaycan Ensiklopediyası",
istər müxtəlif
universitetlərdə adıçəkilən
mövzuların seçmə
fənn kimi tədris olunması, istər haqqında danışdığımız festival-konqres Azərbaycan Prezidentinin Qərbi Azərbaycana qayıdış
konsepsiyasına dəstək
xarakteri daşımaqla
yanaşı, arzuolunan
günə doğru atılan addımlardır.
Bütün festival və konqres iştirakçıları o günün
uzaqda olmadığına
dərin inam və ümidlə, hər biri hədəfə
çatmaq üçün
öz üzərinə
düşən vəzifəni
yerinə yetirməkdə
məsul və müsəlləh əsgər
kimi ayrıldı. Bir daha böyük
hədəf və ali niyyətə yönəlmiş möhtəşəm
tədbirin təşkilatçılarına,
ideya müəlliflərinə
minnətdarlığımızı bildirir, qədim Naxçıvan elinin qonaqpərvərlik kimi adətini qoruyan əhalisinə təşəkkür
edirik.
Aygün BAĞIRLI
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
525- ci qəzet.- 2023- cü il.-
1 dekabr.- ¹ 218.- S. 12.