Yaşamağa haqqı olan
işıq
XALQ ŞAİRİ MƏMMƏD ARAZIN ANIM
GÜNÜNDƏN QEYDLƏR
Deyirlər, qış fəsli dekabrın 21-dən 22-ə keçən
gün başlayır. İnanmıram...
Qış elə dekabrın
1-dən başlayır. 19 il əvvəl dekabrın 1-də Xalq şairi Məmməd Araz əbədiyyətə
qovuşmaqla qışı
tələsdirdi, poeziyamızın
soyuq vədəsini yetişdirdi... 19 il sonra dekabrın 1-də çox tozanaq atlını təmkin atı ilə keçən kişinin adını tutub üzü Fəxri xiyabana gedəndə qışın məhz bu gün qədəm
qoyduğuna bir daha əmin oldum.
- Nadir, xoş gördük.
Qəhrəman atası qəhrəmanı
- Nofəl Qasımovu görəndə adam nədənsə
sevinir və onun gözəl aurası insanın ovqatını dəyişir.
Millət
vəkili, yazıçı
Aqil Abbas kanalların birinə müsahibə verirdi, jurnalistlər onu haqlamışdılar, şairin
yadigarları - "Ədalət"
qəzetinin baş redaktoru, publisist İradə Tuncay, Şəlalə xanım da orda idilər:
"Məmməd Araz
özünü yazırdı,
şeirlərində necə
idisə, həyatda da elə idi.
Şeirinin birində dediyi kimi, ölə-ölə
yazmırdı, yaza-yaza
ölürdü..."
Yaza-yaza
ölmək, xəstə
canda sağlam ruh saxlamaq ancaq
Məmməd Araz kimi sözün qədrini qanı-canı ilə bilən şairə qismət ola bilərdi.
Məmməd Araz yaza-yaza
yaşaya bildi. İndi Fəxri xiyabanda gözümüzü zillədiyimiz
əzəmətli heykəl
simvolik idi, onun hənirtisini bu ağacların arasında, danışılan
xatirələrin havasında
hiss etmək elə də çətin deyildi.
Azərbaycan Yazıçılar Birliyinin
sədr müavini Rəşad Məcid hər gələn adamı özünəxas
tərzdə xoş sözlər deyib qarşılayırdı. Məmməd Arazın ən çətin, mürəkkəb
şeirlərini sinədəftər
deyən Rəşad Məcidin şairə Araz boyda sevgisi
hər addımından,
davranışından, kəlməsindən
sezilirdi.
Çox
keçmədi, Xalq yazıçısı Anar,
Xalq şairi Sabir Rüstəmxanlı,
şairlərdən Zakir
Fəxri, Ağacəfər
Həsənli, Qardaşxan
Əzizxanlı, Sərvaz
Hüseynoğlu, "Şərq"
qəzetinin baş redaktoru Akif Aşırlı, "Olaylar"
qəzetinin baş redaktoru, yazıçı
Yunus Oğuz göründü...
Sabir müəllim məzarın
önünə çatan
kimi xatirələrini
dilə gətirdi, Məmməd Arazın
"İnsan ürəyi"
şeirindən bir parça dedi, ürəyi dolu idi, danışdıqca danışmaq, ürəyinin
odundan hamıya pay vermək istəyirdi.
Məmməd Arazın ömür-gün
yoldaşı Gülxanım
Fətəliqızı da
yad edildi. Rəşad
müəllim deyir ki, Məmməd Araz xəstələnəndən
sonra nitqi başa düşülmürdü,
həyat yoldaşı
onun qırıq-qırıq
dediklərini bizə izah edirdi, sonralar
bu missiyanı nəvələri də yerinə yetirdi... Gülxanım Fətəli
qızı Məmməd
Araz ruhunun tərcümanı idi və şairin özünün də dediyi kimi, Məmməd
Araz sel boğan dərələri
həmin mərd qadınla keçmişdi...
Xalq şairinin
anım tədbiri Azərbaycan Yazıçılar
Birliyinin "Natəvan"
klubunda davam etdi. İçəridə çilçıraqların fövqündə
qəribə bir işıq var idi, o işıq Məmməd Arazın nuru idi...
Qəribədir, son vaxtlar yoldaşlarla söhbət edəndə
deyirdim ki, daha Rəşad müəllim də ahıllaşır, 60-ı haqlayır. Amma bu tədbirdə Rəşad
Məcid cavanlaşmışdı,
Məmməd Arazı
canlı gördüyü
illərə qayıtmışdı,
çox qıvraq və şövqlü idi. Məmməd Arazın elə şeirlərini ard-arda əzbər deyirdi ki, adam
bir də həmin poeziyanın şəhdindən nəşələnirdi,
yenidən Məmməd
Araz sözünə vurulurdu. Tədbiri apararkən Rəşad
müəllim elə maraqlı keçidlər
edirdi ki, iki saatın necə ötdüyünü
bilmədik. Bütün çıxışlar
arasında situasiyaya uyğun bir şeir deyirdi. Sevinirdi, gözlərindəki işıqdan
bilirdim bunu. Sevinirdi ki, Məmməd
Arazın anım günü keçirilir, bu qədər insan yığılıb,
sevgilərini bildirirlər,
hamının əzbərində
bir Məmməd Araz yaşayır... Rəşad Məcid bildirdi ki, Şuşa
haqqında ən gözəl şeirlərdən
birini Məmməd Araz yazıb, ümumiyyətlə, onun poeziyasındakı Vətən
motivli şeirlər Böyük Zəfərdən
sonra tamam ayrı təəssürat
bağışlayır.
Əməkdar artist Ağalar Bayramovun səsində şeirlər
könül təranələri
kimi hər yanı bürüdü. Şairin müxtəlif
əsərlərindən sitatlar
gətirən qiraətçi
"Ana yurdum, hər daşına üz qoyum" misrası ilə başlayan şeiri deyib alovlu nitqini yekunlaşdırdı. Məmməd
Arazın "El üçün
ağlayan göz"
şeirini də dedi usta qiraətçi...
Şeirin mətnindən
bir Məmməd Araz obrazı boylanır; Məmməd Araz son nəfəsinə qədər el üçün
ağlayan göz oldu, canı, sağlamlığı bahasına
ağladı, bir gün hər şeyin yaxşı olacağına inanıb ağladı, Məmməd
Arazın göz yaşı yekəlib Araza çevrildi...
Xalq yazıçısı Anar
çıxışında vurğuladı ki, iki ümdə xüsusiyyət Məmməd
Arazı böyük şairə çevirib: ixtisasca coğrafiyaçı
olduğundan Azərbaycan
təbiətinə çox
yaxşı bələd
idi və Azərbaycan dilini çox yaxşı bilirdi, bu iki
amil onun bənzərsiz poeziya nümunələri yaratmağına
səbəb oldu.
İcitmai xadim Etibar Məmmədov
Məmməd Arazın
böyük şair olmağı ilə yanaşı, böyük
vətəndaş kimi
xatirələrdə yaşadığı
vurğuladı.
Professor Qəzənfər Paşayev
nitqinə bu cümlə ilə başladı: "Mənim
gördüyüm ilk canlı
şair Məmməd Araz olub!" Mənim də oxuduğum ilk şeirlər toplusu Məmməd Arazın kitabı olub. İnanıram ki, əgər insanın həyatında Məmməd
Arazla bağlı bir ilk varsa, deməli, uğurlu olmaq ehtimalı yüksəkdir: Məmməd
Arazın adı köməyimiz olsun. Qəzənfər müəllim sovet
dövründə Məmməd
Araza qarşı edilən haqsızlıqlardan
ürək yanğısı
ilə bəhs etdi.
Tanınmış tənqidçi Vaqif Yusifli Məmməd Araz yaradıcılığının
bədii məziyyətlərindən
ağızdolusu danışdı. Bildirdi ki,
Məmməd Araz ədalətli, özünü
ittiham etməyi bacaran, özünü ədalət məhkəməsinə
çəkə bilən
şair olub. Nitqinin ardınca "Özümdən şikayət
məktubu" şeirini
dedi. Elə bu dəm arxalarda
kiminsə telefonundan
azan səsi gəldi,
"Natəvan" klubunda
yeni nəfəs hiss elədim - Araz nəfəsi...
Azərbaycan Milli Kitabxanasının
direktoru, professor Kərim
Tahirov qeyd etdi ki, Qarabağ
işğaldan azad olunandan sonra Şuşaya gedəndə,
o sıldırım qayaları
görəndə, şəhidlərin
əziz xatirələrini
yad edəndə Məmməd Arazın o məşhur misraları yadına düşüb:
"Vətən mənə
oğul desə, nə dərdim?! Mamır olub qayasında bitərdim..."
O igidlərin qəhrəmanlığının
mayasında həmin misralar dayanır...
Şair Qardaşxan Əzizxanlı,
AYB-nin Lənkəran bölməsinin sədri Qafar Cəfərli çıxış edərək
Xalq şairinin könüllərə yol
tapan poetik nümunələrindən, yaradıcılıq
dünyasının zənginliyindən
söz açdılar.
Dosent Günay Qarayeva Ədəbiyyat İnstitutunda
Məmməd Araza həsr edilmiş bir tədbiri xatırladı: "Həmin
tədbirdə müxtəlif
sahədən alimlər
var idi: filosoflar, tarixçilər...
Maraqlıdır ki, hər biri Məmməd Arazın poeziyası barədə öz sahələrinə uyğun
danışdılar, bu
da görkəmli şairimizin çoxmotivli
yaradıcılığından irəli gəlir".
Məmməd Arazın qardaşı
oğlu Qorxmaz İbrahimov da xatirələrindən bəhs
etdi, ötən günləri yada saldı...
Tədbir boyu İradə Tuncayı diqqətlə müşahidə edirdim. Onu belə kövrək görməmişdim. Səsləndirilən şeirlərdə ona toxunan misraları eşitdikcə gözləri dolub-boşalırdı... "Torpağın üzü soyuqdur" deyiblər. Görünür, İradə xanım üçün o torpaq hələ də soyumayıb və soyumayacaq da...
Aqil Abbas
Məmməd Arazla ilk
tanışlığından bəhs etdi:
"Təbriz ağlayırdı dağlar
başında" şeirinə bir sürrealist rəsm çəkmişdim. O rəsmi
görəndə çox bəyəndi. Böyük şairlə belə tanış oldum... Sonradan o tanışlıq iki
övladıma, dörd nəvəmə çevrildi..."
Şair
Ağacəfər Həsənli Məmməd Arazın
"Salamat qal, salamat!"şeirini dedi. Tədbir yekunlaşanda həmin şeirin
havasıyla zaldakı Məmməd Araz
işığına ürəyimdə "Salamat
qal!" dedim. Pilləkənlərdən
enib havaya
çıxdım. Sahil bağının
içi ilə metroya
tələsirdim. Ayaq saxlayıb ətrafıma
ani nəzər yetirdim.
Həmin işıq mənimlə idi,
yanımca irəliləyirdi, vidalaşmamışdı. Yəqin,
ömrümün sonuna
qədər həmin işıq mənimlə olacaq.
Bu dünyada daim yaşamaq o işığın halal
haqqıdır: "Haqqın var yaşamağa, haqqın var,
Məmməd Araz!"
Nadir YALÇIN
525-ci qəzet .- 2023.- 2 dekabr, №
219.- S.16.