Müasir Vyanaya və
Avstriyanın zəngin tarixinə səyahət
Həmin dövrdə
Fransa prezidenti olmuş Jiskar d`Esten hökumət rəhbəri
kimi AFR kansleri Helmut Şmidtin özünün
razılığını aldıqdan sonra onun yəhudi
olduğunu açıb demişdi. Fransa
prezident onu da əlavə etmişdi ki, Hitlerin nasist məkanına
çevirdiyi iki alman dövlətinin eyni vaxtdakı kanslerləri
yəhudilər idi. Bunlardan biri
1970-83-cü illərdə Avstriyanın federal kansleri Bruno
Krayski, digəri isə Almaniya Federativ Respublikasının
1974-1982-ci illərdəki kansleri Helmut Şmidt idi. Hitlerin məğlubiyyətindən və Holokostdan
üç onillik sonra nasistlərin vaxtilə əksər
hüquqlardan məhrum etdiyi yəhudilərin nümayəndəsi
iki qonşu dövlətin hökumət
başçılığına yüksəlmişdi.
Hitlerin iyrənc əməlləri öz layiqli cavabını
aldığı kimi, təqib və məhv edilən yəhudi
mənşəli adamlar həm Almaniyada, həm də Avstriyada
ən ali siyasi zirvəyə qalxmağa
müvəffəq olmuşdular.
Valdhaym işi isə hər şeyi dəyişdi. 1985-ci ildə
Kurt Valdhaym Avstriya prezidentliyinə namizəd oldu və onun
müharibə dövründə Hitler ordusunda xidmət etməsi
üzə çıxdı. O, Avstriyanın xarici
işlər naziri və Birləşmiş Millətlərin
Baş katibi olmuşdu. O, Krayski ilə birgə işləmişdi,
lakin Valdhaymı amerikan sağları sevmirdilər, onun sovetlərin
və ərəblərin xeyrinə olan mövqeyini İsrail tərəfdarları
olan qruplar da bəyənmirdilər.
Sosialist strateqlərinə 1985-ci ildən Valdhaymın
"qəhvəyi keçmişi" məlum idi. Ciddi təhqiqat
başlandı. Bir il sonra mart
ayında Ümumdünya yəhudi Konqressi bəyanat verdi ki,
Kurt Valdhaym II Dünya müharibəsində Balkanlardakı hərbi
cinayətlərdə iştirak etmişdir. Bu,
onun rəsmi versiyası ilə kontrast təşkil edirdi.
Bu məsələyə həsr olunmuş
materiallarda göstərilirdi ki, Valdhaym öz keçmişi
barədə yalan danışmışdır və alman
müharibə cəhdlərinə, o, heç vaxt etiraf etmədiyi
halda, əslində olduqca çox yaxın cəlb
olunubmuş.
Ona olan hücumlara Avstriyada bircə cavab verildi ki,
"Biz avstriyalılar kimi istəyiriksə, onu seçirik. Valdhaym həmişə
olduğundan indi daha böyükdür". Avstriyalılar Valdhaymı həmin vəzifəyə
seçilməsi lehinə səs verdilər. 1986-cı
ilin iyulunda o, prezident seçildi, bir gün sonra isə buna
görə kansler, öz vəzifəsindən istefa verdi.
Valdhaym işinə görə onun özü isə vəzifədən
getməkdən imtina etdi, avstriyalılar anladılar ki, daxili qərarlar
nəticədə xarici siyasətə də təsir göstərir. Qərb hökumətləri
Valdhaymla qeyri-rəsmi görüşlərə qadağa
qoydular və onun altı illik prezidentliyi dövründə
dövlət başçısı kimi getdiyi ölkələr
Vatikan, Kipr və bir sıra ərəb dövlətləri
oldu. 1987-ci ildə müharibə caniliyində
şübhəli bilinənlər barədəki Birləşmiş
Ştatların Müşahidə siyahısına Valdhamın
da adı salındı və ona ABŞ ərazisinə girmək
qadağan edildi.
Avstriyada hərəkat davam edirdi. Valdhaymın prezident
seçilməsindən beş il sonra
parlamentin üzvü çıxış edərkən bunu qəbul
etməyi vacib saydı ki, avstriyalılar keçmişdə
yaxşı və pis olanlar üçün kollektiv məsuliyyətə
şərik olmalıdırlar.
Vaxtilə
Avstriyanı işğal etmiş, Avropanın çox sayda
dövlətlərinin ərazilərini tutmuş Hitler
Almaniyası ədalətin bərqərar
olması kimi, ağır məğlubiyyətə
düçar olmaqla, bu dəfə öz ərazilərinin
bütünlüklə işğal olunmasına "nail"
oldu. Səkkiz onilliyə yaxın dövrdə
birləşmiş vahid Almaniya, öz ərazisində Almaniya
Federativ Respublikasının və Almaniya Demokratik
Respublikasınin yaranması ilə əks mövqelərdə
dayanan iki dövlətin timsalında yenidən
parçalandı. Vaxtilə milli birlik
şüarı altında Hitler Avstriyanı anneksiya etmiş,
Çexoslavakiyanı parçalamışdı. II
Dünya müharibəsindən sonra isə almanların cəzalandırılmasının
bir növü kimi, dövlət təkcə öz birliyini itirmədi,
həm də az sonra bir-birinə yad münasibət bəsləyən
iki ölkəyə çevrildi. Bəlkə də
bu, onun tsiklop ambisiyalarına görə əlavə bir qisas
növü idi. Hitler nasizminin törətdiyi, həmçinin
özlərinin də əsasən kütləvi şəkildə
bilavasitə iştirak etdikləri vəhşilikləri sonralar
bütünlüklə məhkum edən almanlar bu yeni milli
ayrılma bədbəxtliyinə lap əvvəllərdən
dözə bilmirdilər və ADR-dəki hər cür təqiblərə
baxmayaraq, əhalinin müəyyən hissəsi öz evini tərk
edib, AFR-də nisbətən firavan və həm də insan
haqlarının məhdudlaşdırılmasına yol verilmədən,
sərbəst şəraitdə yaşamağa can
atırdı. Nəhayət, 1989- ci ildə onları ayıran
"Berlin səddi" uçuruldu (bu divar 1961-ci ildə
Xruşşovun təşəbbüsü ilə Şərqi
Berlin sakinlərinin Qərbə qaçmaq cəhdlərinin
qarşısını almaq üçün tikilmişdi və
fəth edilə bilməyən bir qaya hesab olunurdu) və iki
yad sayılan ölkələrin birləşməsi baş verdi. Alman xalqına yönəldilmiş bu
nisbi haqsızlıq, haqlı olaraq onun nasist rəhbərliyinin
cinayətlərinə görə cəza kimi meydana gəlsə
də, aradan qaldırılmalı oldu.
Əslində bu nəticə çar Solomonun mürəkkəb
işi mühakimə etmə təcrübəsinə bənzəyirdi. Solomon da uşağı
özününkü etməyə çalışan iki
qadının, onlardan biri tam haqlı idi, mübahisəsini müdrikliklə
həll etməyi bacarmışdı və körpənin iki
yerə parçalanmasına yol verməmişdi. Yaxşı ki, dörd onillik sonra əvvəlki
düşmənçilik yaddan çıxarıldı və
dünya da Almaniyanın birləşdirilməsinə etiraz etmədi.
Solomonun müdrikliyinə həsr olunmuş hekayəti Bibliyada
belə təsvir edilir:
"Bir gün iki fahişə qadın gəlib,
çar Solomonun qarşısında özlərini təqdim
etdilər.
Onlardan biri dedi: "Əlahəzrət, bu qadınla mən
eyni evdə yaşayırıq və mən o evdə bir
oğlan uşağı doğdum. Oğlum
doğulandan iki gün sonra, o da həmçinin oğlan
uşağı doğdu. Evdə yalnız
biz ikimiz idik, başqa heç kəs yox idi. Sonra bir gecə o, öz körpəsini təsadüfən
yanının altında qoyması nəticəsində,
uşaq boğulub ölübmüş. O, həmin gecə
ərzində, mən yatan vaxt oğlumu mənim yanımdan
götürüb, öz çarpayısına aparmış,
sonra isə ölü uşağı mənim
çarpayıma qoyubmuş. Sonrakı günün səhəri mən
oyananda körpəni əmizdirmək istədim və
gördüm ki, o ölmüşdür. Mən
ona daha yaxından baxdım və bildim ki, bu mənim
uşağım deyildir".
O biri
qadın isə dedi: "Yox! Diri uşaq mənimkidir,
ölən isə səninkidir".
Birinci
qadın cavab verdi: "Yox! Ölən
uşaq səninkidir, sağ olan isə mənimkidir".
Onlar bu qaydada çar qarşısında
mübahisə etdilər.
Sonra
çar Solomon dedi: "Hər ikiniz iddia edirsiniz ki, sağ
olan uşaq onunkudur və ölü uşaq isə digərinə
məxsusdur". O, qılınc gətirməyə adam göndərdi və qılınc gətiriləndə
dedi: "Diri uşağı iki yerə bölün və bədənin
kəsilmiş yarısını hər iki qadına verin".
Həqiqi ananın ürəyi öz oğluna məhəbbətlə
dolu olduğundan, çara dedi:
"Əlahəzrət, uşağı öldürməyin,
bu qadına verin". Lakin digər qadın dedi: "Onu
heç birimizə verməyin. İşinizi
görün və onu iki yerə bölün".
Bu vaxt
Solomon dedi: "Uşağı öldürməyin! Onu birinci qadına verin, uşağın həqiqi
anası odur" (Good Neüs Bible. The first
book of Kings. 3: 16-28).
Solomonun müdrikliyi ədalətin zəfər
çalmasına səbəb oldu və həm də onun
şöhrətini minillər ərzində yaşatdı.
Alman nasistləri, Hitler Bibliyada təsvir olunan həyasız
fahişə kimi təkcə bir uşağa haqsızlıqla
sahib olmağı deyil, çox saydakı xalqları və
yüz milyonlarla insanı öz əsarəti altına salmaq,
qul etmək istəyirdi. Müttəfiqlərin orduları öz qələbələri
ilə ədalətin bərpası və zəfəri
üçün buna imkan vermədilər, nasizmin vəhşiliklərinə
tam və birdəfəlik sədd çəkdilər. Nasizmin öz cəzası kimi Almaniya müharibədən
sonra parçalanmalı oldu. Dörd onillik
sonra alman xalqı özünün ayrı şəkildə
yaşamasına və doğma ölkəsinin bölünməsinə
dözməməsi nəticəsində, xalqın arzusuna və
iradəsinə müvafiq olaraq, Almaniya yenidən vahid dövlətdə
birləşdi. Çar Solomon bədbəxt ananın
günahsız körpə uşağının iki yerə
bölünməsinə razılıq vermədiyi kimi, iki dünya müharibəsindən,
xüsusilə ikincisindən artıq ibrət dərsi
götürən almanlar bölünmüş şəraitdə
yaşamağın sona çatdığını hiss edib,
ikinci dəfə və yenidən məhz dinc əsasda birləşməyi
vacib saydılar.
Almaniyanın qitədə
geniş təcavüzü ilə başlanan II Dünya
müharibəsi isə atalarını döyüşdə
itirmiş milyonlarla uşağın yetimlərə çevrilərək,
ağır və əzablı həyat sürməsinə səbəb
oldu. Çar Solomon bir uşağı anasına qaytarmaq
yolunda müdrikliyini nümayiş etdirdisə, Müttəfiqlər
isə birgə səyləri ilə dünya xalqlarının
əksəriyyətinin arzularını həyata keçirərək,
Hitler nasizminin
insanlığa zidd olan dəhşətlərinə
öz qələbələri ilə son qoydular.
Epiloq
Avstriya üzərinə tarix ağır çəkidə çökmüşdür. Bu, onun tarixi hakimiyyət axtarışı əhvalatları idi, həmin axtarışda Habsburq sülaləsi mərkəzi rol oynamalı idi. Habsburqlar feodal aqlomerasiyanı tutmaqda əsaslı qaydada uğur qazanmışdı və imperial hakimiyyət də yüksəliş üçün ölkəni bazaya çevirmişdi. İmperial Avstriyasının parlaq uğuru buna baxmayaraq, efemerial idi və imperial modeli artıq əldən gedəndə, modern milli dövlət kimi Avstriya yenə uğur qazandı. Yüksək milli sülalə hakimiyyəti kimi, Habsburq monarxiyası anormala çevrildi, onun "proqressin" səhv tərəfində olmasını avropalıların əksəriyyəti anladı.
Milli dövlət erasında Avstriya və avstriyalılar sonrakı problemlərin arasına düşdü. Avstriyanın alman kimliyi barədə XIX əsrdə Monarxiya qərara gəlməyəndə, bu, hiyləgər bir problemə çevrildi, monarxiya süqut etdi və Avstriya öz növbəsində Alman Avstriyasına və Avstriya Respublikasına çevrildi. Bu problemin həlli 1945-ci ildə ayrıca avstriyalı milli kimliyinin qurulması və ona uyğunlaşması ilə tanındı. Bununla Avstriya "normal" milli dövlətə çevriləndə, Avropanın müharibədən sonrakı tarixi əks istiqamətdə getməsi ilə, o da müstəqil dövlət kimi müasir Avropa İttifaqına doğru irəlilədi.
Avstriya tarixi mürəkkəb dialektik inkişaflarla xarakterizə olunurdu. Reformasiya ilə Kontr Reformasiya arasında XVI və XVII əsrlərdə gedən dramatik çəkişmə və ya XVIII və XIX əsrlərdə isə yeni meydana gələn rəqabət baş vermişdi.
Telman ORUCOV
(Ardı var)
525-ci qəzet .- 2023.- 2 dekabr, ¹219.-
S.22.