OVSUNLARIN ƏN DOĞRUSU

Bir vaxtlar Azərbaycan radiosunda xoş bir ənənə vardı. Hər ayın 26-da mütləq Bülbülün konserti verilirdi. Yəni başqa günlərdə də ayrı-ayrı verilişlərin içərisində, ya lap elə müstəqil konsertlər kimi Bülbülün oxuları səslənirdi. Ancaq hər ayın 26-da səhər onun konsertinin verilməsi mütləq idi. Bu, bir adətə çevrilmişdi və həmin məxsusi ənənənin öz tarixçəsi vardı. Bilmirəm, indi həmin ənənə Azərbaycan radiosunda davam etdirilir, ya yox, amma 1960-70-80-90-cı illərdə, bir az da 2000-ci illərin əvvəllərində həmin ənənəyə səliqə ilə riayət edilirdi, səbəbsiz də deyildi. 1940-1950-ci illərdən başlayaraq Azərbaycan Radiosunun Xalq musiqisi şöbəsi Azərbaycan ifaçıları üçün, bir növ, öz evləri kimi idi. Ora tez-tez gələrdilər. Bu gəlişlərin bir yadasalma tərəfi də vardı ki, məni unutmayın, ifalarımı vaxtaşırı səsləndirin, verilişlər hazırlayanda məni də nəzərə alın. Əlbəttə, bunu açıq deməzdilər, şirin söhbətlər açardılar, rastlaşdıqları maraqlı hadisələrdən, qastrol səfərlərindən bəhs edərdilər, qayğılarından, dərd-sərlərindən danışardılar. Bu redaksiyada onlar özlərinin vaxtaşırı toplaşdıqları Filarmoniya bağından da məhrəm idilər. Buna 1970-ci illərdə, hələ tələbə ikən Azərbaycan radiosunda ilk verilişlərimi hazırlayarkən, 1980-ci illərdə artıq musiqi redaksiyası ilə sıx əməkdaşlıq edərkən dönə-dönə şahid olmuşam. Azərbaycan radiosu müğənnilərimizin, xanəndələrimizin, tarzənlərimizin, kamançaçılarımızın, digər ifaçılarımızın xalqa tanıdılmasının əsas meydanı idi. Onların hamısının ifaları Azərbaycan radiosunun səs xəzinəsində qorunurdu.

Xalq musiqisi redaksiyası əməkdaşlarının köhnə nəsil ifaçılarla dost, simsar münasibətləri vardı. Sürəkli radioçu yaşı olan həmin əməkdaşların hər biri mənimçün qiymətli xatirələr mənbəyi idi. Böyük musiqiçilərimizlə bağlı elə xatirələrini bölüşərdilər ki, bunların əksərini ilk dəfə elə həmin balaca otağın içərisində məşhur musiqiçilərimiz o redaksiyanın əməkdaşlarına söyləmişdilər. Bu redaksiyada musiqi tariximizin insanlara görünməyən elə gizlin tərəfləri ilə bağlı əhvalatlarınağıl edərdilər ki, bunlarsız nə Azərbaycanın musiqi xalısı bütöv görünərdi, nə də sanki hamımıza çox yaxşı bəlli olan sənətkarları gərəyincə tanıyardıq. Elə Bülbülün özü də həmin redaksiyaya mütəmadi baş çəkənlərdənmiş. Böyük müğənninin o redaksiyanın əməkdaşlarıyla nə qədər yaxın olmasını ondan hiss edirdim ki, artıq 1970-ci illərdə -Bülbülün vəfatından xeyli vaxt ötəndən sonra da Bülbül haqqında elə məhəbbətlə, elə diqqətlə danışırdılar ki,sanki ondan dünən ayrılıblar. Elə hər ayın 26-da Azərbaycan radiosunda səhər Bülbülün ayrıca konsertinin verilməsi ənənəsini də bu redaksiyanın əməkdaşları böyük müğənninin xatirəsinə ehtiramlarının, sevgilərinin əlaməti kimi yaratmışdılar. Əməkdaşları yazanda ki, niyə mücərrədləşdirirəm? Həmin təşəbbüs 1960-cı illərdə, 70-lərin əvvəllərində musiqi redaksiyasına rəhbərlik etmiş, həyat yoldaşı, diktor Züleyxa Hacıyeva kimi Azərbaycan radiosuna qəlbən bağlı Kamil Məmmədovdan gəlmişdi.

...Bülbülün həmişə işi çox, vaxtı az idi. Gərək həmişə hər gününü, hər həftəsini, hər ayını irəlicədən planlaşdıra, dəqiqliklə yazaydı ki, nəzərdə tutduqlarının hamısını vaxtında çatdıra biləydi. 1961-ci il sentyabr ayının 25-i - Bülbülün həyatının növbəti günü başlanır. Təbii ki, o gün evdən çıxanda da ağlında yaxın və uzaq planları vardı. Ən yaxın planı o idi ki, bu səhər konservatoriyada olmalıdır. Nisbətən uzaq planı o idi ki, sentyabrın 30-da deputat olaraq seçicilərlə görüşə getməlidir. Bəri başdan ayın sonundakı həmin görüşdə hansı məsələləri qaldıracağını, görüşdən sonra seçicilərinə hansı nəğmələri oxuyacağını ayrıca qeyd etmişdi. Yəni Bülbül hər işində belə idi - sahmanlı, tədbirli və intizamlı. 1961-ci ilin sentyabrı idi, yeni dərs ili başlanırdı və Bülbül də konservatoriyanın müəllimi idi. Təbii ki, dərsləri vardı, amma dərslərindən savayı orada həm də elmi işlər aparırdı, ona görə də konservatoriyaya gedirdi ki, bu məsələlərlə əlaqədar cədvəlini müəyyənləşdirsin. Evdən oğlu Poladla çıxmışdı. Yaşadığı yerlə konservatoriyanın arasındakı məsafə də çox deyildi - piyada təxminən 10-15 dəqiqəlik yol. Amma evindən konservatoriyayadək 10-15, uzaqbaşı 20 dəqiqəlik yolu adətən Bülbül bir saatdan tez gedib çıxa bilmirdi. Bunu mənə Polad danışıb. Elə həminki günün təəssüratlarıyla deyirdi ki, getdik,konservatoriyadan çıxandan sonra da evə həmin yolla qayıtdıq. Yoldan keçənlərin çoxu - tanıyanlar da, tanımayanlar da onunla salamlaşırdı. Atamı hər dəqiqə saxlayırdılar.

Bir çoxları onu şəxsən tanımasalar da, Bülbül hamısının doğması idi. Kimisi gendən heyranlıqla baxırdı, kimisi Bülbüllə üç dəqiqə, beş dəqiqə söhbət edir, sonra yoluna davam edirdi. Polad da heyrətlənirmiş ki, atamın gör nə qədər tanışı var, gör onu nə çox istəyirlər.

1961-ci il sentyabrın 25-dir, Bülbül konservatoriyadadır, artıq dərs ilinin cədvəllərinin son variantı hazırdır. Bülbül öz dərslərinin ardıcıllığını köçürür ki, məşğələləri həftənin hansı günlərində, hansı saatda, hansı auditoriyada olacaq. Sonra, irəlicədən nəzərdə tutulduğu kimi, pianoçuların ifalarına qulaq asır və yollanır konservatoriya direktorunun kabinetinə. Bülbülün həmin gününü ayrıntıları ilə ona görə bilirik ki, bunların hamısınımasaüstü təqvimin vərəqində, ayrıca da qeyd dəftərində yaddaş kimi yazıbmış - neyləməlidir, kimlə görüşməlidir, nə söyləməlidir.

Konservatoriya direktoruna nisbətən uzaq planı ilə bağlı bir sənədi təqdim edir. Bu, Bülbülün 1961-1965-ci illərdə görəcəyi elmi işin mövzusu və müfəssəl təsviridir. Konservatoriya direktoru həmin plana baxınca çox sevinir. Sevindiyini də Bülbülə söyləyir və Bülbül də o təəssüratı elə həmin axşam dəftərçəsində əks etdirir. Sevinir, ona görə ki, bilir Bülbül hansı xəzinədir - birincisi, onun yaddaşında el təsniflərinin elə örnəkləri yaşayır ki, indi artıq heç kəsə bəlli deyil, amma digər tərəfdən, Bülbül həm də qüvvətli alimdir, bu beş il ərzində - 1961-65-ci illər arasında Azərbaycan təsniflərini incəliklə araşdıraraq elə bir əsər ortaya çıxaracaq ki, həm ifaçılarımız, həm də araşdırıcıların yeni nəsilləri üçün təzə yollar açacaq. Biz indi bu xəbəri alınca istər-istəməz məyus oluruq. Bu, məhz o itkilərimizdəndir ki, Bülbülün ömür möhləti onu da bizə təhvil verməsinə bəs etməyib. Azərbaycan təsnifləri ilə bağlı o çağdan indiyədək çox araşdırmalar aparılıb, vaxtilə Moskvada Ramiz Zöhrabovun tərtibi və notlaşdırmasında ayrıca sanballı kitab da nəşr edilib. Lakin Bülbülün yazacağını kiminsə doğura biləcəyini təsəvvür etmək çətindir. O həm Azərbaycan təsniflərinin bir sıra unudulan nümunələrinə həmin əsərindəki təhlilləri ilə yeni həyat verəcəkdi, həm də təsnifimizin inkişafına təkan verəcək yeni yolları nişan verəcəkdi. Bülbülün həmin yazılası tədqiqata illüstrasiya ola biləcək iki parlaq işi bunun aydın göstəricisidir. "Xalq mahnıları və təsniflər"dən ibarət popurri, bir də böyük müğənninin misilsiz ixtirası olan "Füzuli təsnifləri").

Bülbül konservatoriyadakı işlərini yekunlaşdıraraq dəhlizdə onu gözləyən Polada yaxınlaşır, başını sığallayır, soruşur ki, darıxmadın, bala?

Bunusa mənə Bülbülün həyat yoldaşı, unudulmaz Adilə xanım Məmmədova (əslində onun adı Adelaida idi, "Ada" çağırırdıq, amma mətbuatda elə "Adilə" kimi gedirdi) söyləyib. Deyirdi ki, 1959-60-61-ci illərdə Bülbül hara gedirdisə, xüsusən rayonlara səfərə çıxanda həmişə Poladı ona qoşurdum. Çünki axır illərdə Bülbüldə yüksək qan təzyiqi əmələ gəlmişdi. Ona görə istəyirdim ki, özünü narahat hiss eləyəndə yanında doğma adam olsun, vaxtlı-vaxtında dərmanını versin.

Və Poladın da bəxti çox gətirmişdi, atasının həyatının son parçasında daim onunla yanaşı idi. Haradan ağlına gələrdi ki, lap yaxın ərəfədə əbədi ayrılıq var?! Bu axır illərdə atasıyla bir yerdə çox olması ona Allahın töhfəsi, bir qənimət idi. Əvvəla ona görə ki, əbədilik itirəcəyi atasıyla daha çox təmas girəvəsi qazanırdı, digər tərəfdən də, atalıq bir yana, o, bütün varlığıyla məktəb olan Bülbülün yanında idi!

Polad deyir ki, uşaq vaxtı çox arzu edirdim böyüyəndə müğənni olum. İlk dəfə 1957-ci ildə Sumqayıtda hansısa tədbirdi, orada "Evləri var xana-xana" mahnısını oxudum, amma 1959-cu ildə Opera teatrında atamın yubileyi keçiriləndə mənə icazə verdi ki, həmin axşam mən də oxuyum. O gecə bir-iki romans, mahnı ifa elədim.

Və Bülbülün digər oğlu Çingiz mənə vaxtilə bir başqa lent yazısını vermişdi. Ağdama səfəri zamanı Bülbülün orada tamaşaçılar qarşısında çıxışını əks etdirən lent yazısını. İri ev maqnitofonunun iki böyük lent dolağı idi. Uyğun maqnitofonda səsləndirmək, köçürməkçün həmin lenti götürüb Çingizlə o zamanlar Kirov qəsəbəsi deyilən yerdəki Səsyazma arxivinə, "Yaqub" çağırdığımız Həsənxan Mədətovun yanına getmişdik. Lent köçürüldükcə elə ayaq üstə əvvəldən-sona dinləmişdik. Buna da fikir vermişdim ki, Bülbülün o lentdəki danışıqlarından, oxularından daha əvvəl elə sadəcə öskürməsi, boğazını arıtlamasını eşidəndə Çingizin gözləri ixtiyarsız yaşarmışdı, qəhərini udmuşdu. Çünki atasının oxularını da, danışığını da radiodan eşidə bilirdi və həmin səslənişlərə də, hamımız kimi, adətkərdə idi. Amma efir üçün təmizlənməmiş, bütün kənar küyləri yerində olan bu lentdən gələn öskürək səsində Bülbül diri idi, canlı idi, Çingiz sanki onu sağmış kimi elə iki-üç addımlıqdan eşidirdi...

Həmin lentdə də Polad atasının yanındadır, pianoda müşayiət eləyir, Bülbül oxuyur.

Amma bunlar artıq dünəndə qalmışdı, 1961-ci ilin sentyabrı idi, Bülbülün 64 yaşı vardı, ömrünün növbəti rahat, kefikök bir gününü yaşayırdı.

İşdən qayıdıb evə. Televizora baxacaqlar, şam edəcəklər, bir neçə saat ötəcək, təqvimin daha bir yarpağı çevriləcək, 1961-ci ilin 26 sentyabrı gələcək.

Səhərdir. O vaxtlar hamının qulaq asdığı Azərbaycan radiosunda xəbərlər gedir. Xəbərlərin ardınca konsert başlayır. Diktor elan edir: "Oxuyur Bülbül". Və Bülbülün lent yazılarını efirə verməyə başlayırlar. Bir mahnı gedir, iki mahnı gedir, üçüncü mahnıda qəfilcə konsert yarımçıq kəsilir. Uzun sürən saniyələr boyu efirə sükut çökür. Adətən belə olmur. Hərdən efirdə konsert gedirkən lent qırılanda da uzaqbaşı üç-dörd saniyəyə dərhal yapışdırırdılar, konsert davam edirdi. Amma o gün beş saniyə keçdi, on saniyə sovuşdu, otuz saniyə arxada qaldı. Bu saniyələr isə efirdə adama həddindən artıq uzun görünür, bir neçə dəqiqəlik sükut kimi gəlir.

O səhər yarımçıq qırılmış konsert davam etmir. Handan-hana diktorun həmişəki gümrahlığından uzaq yorğun səsi gəlir. Hüznlə elan edir: "Bu səhər SSRİ Xalq artisti, böyük Azərbaycan müğənnisi Bülbül vəfat etmişdir". Daha bundan sonra heç vaxt Azərbaycan radiosunda Bülbülün ifaları verilərkən "Oxuyur Bülbül" deyilməyəcək. Həmin gündən sonrakı günlərin hamısında yenə radiodan Bülbülün səsi gələcək, amma elan etməyəcəklər ki, "Bülbül oxuyur", deyəcəklər ki, "Bülbülün lent yazıları səslənir". 1961-ci il sentyabr ayının 26-sı idi, xalq Bülbülünü itirmişdi və Azərbaycan Radiosunda elə həmin gün qərara almışdılar ki, Bülbülün konserti daha heç vaxt yarımçıq qalmasın. Bundan sonra yalnız sentyabrın 26-da deyil, gərək hər ayın 26-da mütləq efirdə Bülbülün konserti olsun.

Və üstündən onillər keçəndə, həmin ənənəni yaradanlar özləri həyatda olmayanda da o adət davam etdirilirdi. Bülbülün səsi Azərbaycan xalqının elə sərvətidir ki, xalqın ürəyində, düşüncəsində, qulaqlarında, ruhunda bu avaz, o konsert nə qədər millət var, həmişə davam edəcək.

...O nəğmələri, o romansları, o ariyaları ilk dəfə o oxumuşdu. O nəğmələr, o romanslar, o ariyalar əslində elə onun gözəl səsi üçün yazılmışdı, hamısı bir-birindən gözəl. Ancaq həmin gözəllərin arasında ən gözəli də var. "Sənsiz"in yeri Bülbülün bütün oxuduqlarının içərisində büsbütün ayrıdır. 1941-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illiyi qeyd edilməli idi. O təntənə ərəfəsində Nizami ilə bağlı silsilə işlər görülürdü, əsərləri tərcümə və nəşr edilirdi, məsnəvilərinə sıra-sıra rəsmlər çəkilirdi, şeirlərinə də bir-birindən eşidimli bəstələr doğulurdu. Bu işin önündə gedən Üzeyir bəy Hacıbəyli idi. Ətrafındakı o çağın tanınmış bəstəçiləri və əlbəttə ki, həm də böyük yaradıcılığa cəlb etdiyi yetirmələri, tələbələri. O çağlarda - 1930-cu illərin sonları, 1940-cı illərin başlanğıcında Nizami ilə bağlı nələr yazılıbsa, hamısı bu gün də yaşayır və bütün gələcəklər içərisində təravətini itirmədən ömrünü davam etdirəcək. Ancaq hər halda ayrıca götürülmüş bir yaradıcılıqda da, bir çox istedadlı insanı qovuşduran yaradıcı axında da həmişə şah əsər deyə nişanlanası tək-tək ən seçmə incilərə rast gəlinir. O dövrdə Üzeyir bəyin özünün də, onun yönəldicisi olduğu, onlarca bəstəkarı əhatə edən axının da doğurduğu Nizami lövhələri arasında tərəddüdsüz seçiləsi şah əsər "Sənsiz" idi. "Sənsiz"də üç dahi qovuşmuşdu - Nizaminin sözü, Üzeyir bəyin bəstəsi, Bülbülün ipək avazı. Bülbül 1940-cı illərin əvvəllərindən başlayaraq ömrünün sonuna qədər "Sənsiz"i dönə-dönə ifa elədi. O, həyatdan gedəndən sonra da "Sənsiz"ini radiolardan, televiziyalardan, kinoekranlardan eşidirik, doymuruq. "Sənsiz"ə Bülbülün sağlığında da, Bülbülün həyatdan getdiyi zaman içərisində də ən böyük müğənnilərimiz də üz tutublar, yolunu təzə başlayanlar da bu romansın ifasında güclərini sınayıblar. Ancaq Bülbül elə möhür vurub ki, "Sənsiz"i ən məlahətli oxularda, ən yeni yozumlarda, ən təzə və uğurlu təqdimlərdə nə qədər dinləsək də, nə qədər bəyənsək, zövq alsaq da, ilk təsirin sehrindən qurtula bilmirik - Bülbül səsindəki "Sənsiz" sadəcə oxu deyil, rəmzdir və onun köhnəlməyən illət duası kimi hər bir azərbaycanlının içərisində ayrıca yeri var.

Bülbül "Sənsiz"i çox oxumuşdu, amma 1948-ci ilin payızında da oxudu. Bundan əvvəl də, ondan sonra da oxuduğu "Sənsiz"ində xəfif, zərif tül kimi bürüyənkədər qatı olmamış deyil. Çünki "Sənsiz" bir sevda ağrısının, hicranın, onsuzluğun nəğməsidir. Ancaq 1948-ci ilin noyabrında Bülbülün səsində eşidilən "Sənsiz" sağalmaz millət acısının ağısı idi. Bülbül o gün o nəğməni musiqinin müşayiəti olmadan oxuyurdu, bir məzar başında oxuyurdu. Müəllimi, məsləkdaşı, dostu, sirdaşı Üzeyir bəy həyatdan ayrılırdı, dahi insan vətən torpağına tapşırılırdı və 1948-ci ilin həmin üzüntülü payız günündə Bülbül yüzüncü, ya neçə yüzüncü dəfə ifa etdiyi Üzeyir "Sənsiz"ini indi Üzeyir bəyin özü üçün vida, ayrılıq nəğməsi kimi oxuyurdu. Fotolarda 1948-ci ilin o nisgilli noyabr gününün gerçək görüntüləri qalıb. Dəfn mərasimində çəkilmiş fotolar və oçağın kinoxronikası. Azərbaycan, Bakı Üzeyiri son mənzilə yola salır. Çox sular axıb keçib. Çox illər, onillər arxada qalıb. Ancaq hər dəfə 1948-ci ilin yadigarı həmin qəmli lentin səssiz kadrlarını seyr eləyəndə istər-istəməz yada Bülbülün "Sənsiz" deyən hüznlü sədası gəlir.

...Xeyli illər qabaq Azərbaycan radiosunun səs xəzinəsində çoxdan unudulmuş, istifadə edilməyən lentləri araşdıranda bir səs yazısına rast gəldim. Qulaq asdım və heyrətləndim. Təəccübləndim ki, nədən bunca qiymətli bir saxlancı illərlə eşidilmədən kənarda qalıb. 1958-ci ilin noyabrında Üzeyir bəylə ayrılığın 10 ili tamam olurdu. Üzeyir bəy həyatdan qocalıb getməmişdi, vur-tut 63 illik ömür. O boyda sənətkar, o cür dahi üçün 63 il nədir ki! Hələ illərlə yaşaya, nələr yarada bilərdi? (Allahın əcəli öz yerində, fəqət həm də bu ölümün belə erkən gəlməsinə iblislər səbəbkar oldu.) 1958-ci ildə və hələ sonrakı neçə illər və onillərdə də onun məsləkdaşlarının, bir yerdə çalışdıqlarının əksəriyyəti, sözsüz ki, özündən xeyli cavan tələbələri, yetirmələri də həyatdaydılar. 1958-ci ilin noyabrında Üzeyir bəylə ayrılığın 10-cu ildönümü münasibətilə böyük bəstəkara həsr edilmiş müxtəlif tədbirlər də keçirilmişdi. Ancaq haqqında bəhs etmək istədiyim lentin təşkilatçısı Bülbül olmuşdu. Üzeyir bəy haqda özü danışıb səsini lentə aldırmışdı, Əşrəf Abbasovu, Zəhra Rəhimovanı və daha bir neçə nəfəri dəvət etmişdi. Yazılan səslərdən Üzeyir bəyin vəfatının 10-cu ildönümünə həsr edilmiş bir radio vida axşamı yaranmışdı. O lent səslənmişdi və hamını 1958-ci ildən 10 il geriyə -48-ci ilin noyabrına aparmışdı.

"Aylar bir-birini qovur, illər ötüb keçir, fəsillər bir-birini əvəz edir. Bu fəsillərin ən gözəli, ürəkaçanı, fərəhlisi bahardır. Üzeyir yaradıcılığı, Üzeyir sənəti də baharın bənövşəsi, yasəməni, ətirli çiçəkləridir. Üzeyirin musiqisi həmişə bu çiçəklər kimi ürəkaçan olacaq. İnsanların ruhunu oxşayacaq, insanlarda yaşamağa, sevməyə, sevilməyə coşqun həvəs oyadacaqdır. Mən Üzeyir bəyin çiçəklərə qərq olmuş tabutu başında onun "Sənsiz" qəzəlini oxudum. Təkcə onu mən oxumurdum, bütün xalq oxuyurdu. Azərbaycan xalqı da ürəyinin ən dərin guşəsində Üzeyir bəyi, onun ölməz sənətini əsrlər boyu bəsləyəcəkdir".

Bu, Bülbülün həmin gündən gələn səsidir.

1958-ci ilin noyabrından qalan lent yazısında Bülbül Üzeyir bəylə ilk tanışlığını da yada salır. Xatırlayır ki, "Əsli və Kərəm" operasında baş rolda oynamasının ertəsi günü imiş.

O vaxtlar Azərbaycan Xalq Maarif Komissarlığında İncəsənət işləri idarəsinin rəisi olan görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyevlə Bülbülün arasında isti münasibətlər çoxdan varmış. Həmin tamaşanın ertəsi günü elə incəsənət işləri idarəsində Əbdürrəhim bəy Haqverdiyevin kabinetində görüşüblərmiş. Bu ara qapı açılır, Üzeyir bəy girir içəri. Üzeyir bəyi, təbii ki, Bülbül uzaqdan-uzağa tanıyırdı. Amma hələ şəxsi münasibətləri yox idi. Bülbül Üzeyir bəylə ilk görüşünün illər ötəndən sonra da həyəcanı soyumamış təəssüratı altında yada salırdı: "Əbdürrəhim Haqverdiyev "Əsli və Kərəm" operasında Kərəm rolundakı çıxışımın ikinci günü öz iş otağında məni Üzeyir bəylə tanış edib belə dedi ki, bu, bizim Bülbülümüzdür. Dünən Kərəm rolunda Bülbül kimi çaqqıldadı və camaata ləzzət verdi. O vaxt Üzeyir bəy musiqi şöbəsinin müdiri idi. Onun gözəl, cazibədar siması, iki tərəfə ayrılmış azca qıvrım saçları, sadə və mənalı baxışları məni elə heyran etdi ki, gözümü bir an da olsun belə onun simasından ayıra bilmədim. Üzeyir bəy mənim bu heyranlığımı duyaraq zarafatla dedi: "Hə, istəyirsən səni tərifləyim?" Günlər keçdi. Üzeyir bəyin əsərlərinin qəhrəmanı oldum. İkimiz də sənətə və elmə sarıldıq. Moskvada, Leninqradda olduq. Görkəmli sənət adamları ilə görüşdük. Sonra mən dörd il İtaliyada qaldım. Məktublaşdıq, Üzeyir bəy əsərlərini mənə mütaliə üçün İtaliyaya göndərdi".

...Bülbüllə bağlı bu əhvalatı heç unutmuram. Tələbə idim. Yay tətilində rayona getmişdim. O vaxtlarda hər evdə divardan asılı bir radio vardı ki, daim açıq olardı. Radioda konsert gedirdi. Bülbül oxuyurdu, eyvanda nənəmlə oturmuşduq. Nənəm savadsız, yaşlı bir qadın idi. Diqqətlə qulaq asdı və birdən qayıtdı ki, Bülbül nə yaxşı oxuyurmuş, biz bunu bəyənmirdik.

Və bu sözlərin heç də yalnız yaşlı bir qadının sadədil qənaəti olmadığını, arxasında xüsusi diqqət yetirilməli vacib həqiqətin dayandığını mən xeyli sonralar dərk etdim. Bülbül muğamatdan çıxmışdı, ancaq gedib Avropada təhsil aldı, italyan vokalının gizlinclərini mənimsədi, qayıdıb Azərbaycan xalq musiqisinin ruhu ilə italyan oxu qaydalarını qovuşdurdu, iki məlumdan yeni, sevimli naməlumu zühura gətirdi. Bülbülün "Şur"u qalır. "Şur"u sıra-sıra xanəndələrimiz oxuyub. XX əsrin əvvəllərində məşhur "Sport-rekord", "Qrammofon", "Ekstrafon" və digər səsyazma şirkətlərinin buraxdığı vallarda Keçəçioğlunun da, Məşədi Məmməd Fərzəliyevin də, Cabbar Qaryağdıoğlunun da "Şur"undan parçalar qalır. Amma "Şur"un daha mükəmməl yazılışları da var axı. 1930-40-50-ci illərdə də, daha sonrakı onilliklərdə də Azərbaycan xanəndələrinin müxtəlif nəsillərinin parlaq təmsilçiləri bir-birindən gözəl "Şur"lar yaradıblar. "Şur"u Seyid Şuşinski də oxuyub, Zülfü Adıgözəlov da, Xan Şuşinski də, Yaqub Məmmədov da. Və bunların yanında Yavər xanım Kələntərlinin də istisnasız olaraq hər anlayan dinləyəni hökmən duyğulandıran "Şur"u da qalır. O "Şur" ki, Yavər xanım Kələntərlidən daha əvvəl səs-səs, boğaz-boğaz, keçid-keçid bənzərsiz şamaxılı ustad Mirzə Məhəmmədhəsənin yadigarıdır. Sonrakı neçə müğənni, neçə xanəndə də "Şur"a üz tutub - ta bugünəcən. Hamısının "Şur"larının öz lətafəti, təkrarsız çalarları var. Eyni muğamdır, amma ifaların hamısı bir-birindən fərqlidir. Amma iri vaxt kəsiyində - Cabbar Qaryağdıoğludan Alim Qasımovacan yaranmış bütün "Şur"larımızı nə qədər seçilən olsalar da, hər halda birləşdirən mühüm müştərək cəhət var və bu şah damar da onların hamısının sırf saf ənənəvi öz muğamat dilimizdə danışan Azərbaycan "Şur"u olmasıdır. Ancaq Bülbülün də "Şur"u var, o da Azərbaycan xalq musiqisinin zərrəcə yad qatışığa bulaşmamış büllur kimi təmiz, duru dilində oxuyub, üstəlik, Azərbaycanın bir çox başqa xanəndələrinin heç yadına düşməyən, ağlına gəlməyən göyçək qoşquları da bu "Şur"a gətirib. Ancaq Bülbülün"Şur"unə əski "Şur"lara oxşayır, nə sonrakılara bənzəyir. Bu "Şur"da adamın içərisini lərzəyə gətirən bir ayrı hava, qəlbimizə, ruhumuza, qulağımıza tanış bəlli dalğa və koordinatlara tən gəlməyən bir fərqli dalğa da var - Bülbülün ifa tərzinə Avropa vokalından gələrək muğam dəst-xəttində əridilmiş üslub keyfiyyətləri, İtaliya oxuma məktəbindən qoparaq onun səs tellərinə qonmuş avaz bəzəkləri, qulaq yaddaşımızdakı bəlli zəngulələrdən seçilən ziləqalxmalar.

1931-ci ilin dekabrında Üzeyir bəyin Bülbülün məhz bu cür oxu tərzi haqqında çıxışı var. Həmin çıxış sonradan çap da edilib. Üzeyir bəy deyirdi ki, Bülbül Avropa üslubunda oxuyur, bizim Şərq musiqisini də, Şərq üslubunu da gözəl bilir. Amma oxusunun tərzi Avropa üslubudur. Davam edirdi ki, başqalarını bilmirəm, ancaq bu, mənim çox xoşuma gəlir. Bəyəndiyini söyləyərək "başqalarını bilmirəm"i də ona görə vurğulayırdı ki, arif adam idi. Anlayırdı ki, bir yığın insan var, hələ Bülbülün milli havacatı Avropa üslubunda canlandırmasına alışmayıb, bu vəhdət hələ onlarçün bir az yad, qulaqlarını dələnkimidir. Ancaq bəsirətli Üzeyir bəy sabahı da görürdü. Anlayırdı ki, bütün bunlar vaxt məsələsidir. Bir müddət keçəcək, insanlar asta-asta bu oxu tərzinə, bu üsluba da alışacaqlar. Üzeyir bəy inanırdı ki, gilə-gilə mütəmadi damcılayan su daşı dəlib keçən kimi, zaman ötüşü ilə Bülbülün bu oxu üslubu da ənənəvi xanəndəliyin qəlibləşdirdiyi, istənilən qıraqdangələnə qısqanc yanaşdığı milli dinləmə yaddaşına da təsir edəcək, gözəlimizə bir başqa gözəlin də elə bizə yaraşan zərifliklərinin ahəngdar qovuşması tədricən mühafizəkar hafizəni silkələyəcək, ona "bu da sənin doğmandır" gerçəyini təlqin edəcək, bu oxu yolu da dönüb olacaq milli ifaçılığımızın və milli eşidib-qavrama yaddaşımızın ayrılmaz hissəsi. Nənəmin etirafının cövhərində dayanan elə bu imiş. Həqiqətən şahidi olduğum hadisəyə əsaslansam da, böyük ölçüdə "Nənə" bir obrazdır, o cür düşünənlər az olmayıb axı. Bülbülün vokalla muğamı, milli oxu yolunu bir-birinə calaq edərək yaratdığı yeni Azərbaycan Oxuma Məktəbi hamınınkılaşmaq, millətin doğmasına çevrilmək, yeni ənənəyə çevrilməkçün məsafə qət etməliymiş. Nəhayət ki, "ah oxu daşları dəlmişdi", mətləb hasilə yetmişdi, Bülbülün umduğu, Üzeyir bəyin də öncədən gördüyü sevimli həqiqət yerini tutmuşdu.

Zamanın gərdişi ilə Bülbülün aşıladığı yeni ifa tərzi, qurucusu olduğu oxuməktəbi bütün Azərbaycanınkı olunca onu sevənlərin miqdarı da birdən-birə qat-qat artdı. Ancaq hələ bu arzulanan günün gəlişinə çox varkən Bülbülü həmlələrdən qorumaq məqsədi güdən çıxışında Üzeyir bəy digər əhəmiyyətli məqamlara da diqqət yönəldirdi. Deyirdi ki, məsələn, bizim filan oxuyanın (adını da çəkir), bir Azərbaycan müğənnisi ki, muğamatdan xəbəri yoxdur, xalq musiqisindən uzaq adamdır, elə Avropa ariyalarını, romansları oxuyur. O adamı da göndərək getsin, İtaliyada təhsil alıb qayıtsın. O, yalnız Avropa bəstəkarlarının əsərlərini elə Avropa üslubunda mükəmməl oxuyan bir müğənni olacaq, Bülbül olmayacaq. Bülbülün üstünlüyü ondan ibarətdir ki, o, yalnız Avropa üslubuna yiyələnməyib, içərisində muğamat var, Şərq var, fitrətində Şərqlə Qərbi, muğamatla Avropa oxu dəst-xəttini birləşdirmək qabiliyyəti var.

1934-cü ildə yenə böyük bir musiqi tədbiri idi, Üzeyir bəy kürsüyə qalxmışdı, üz tutmuşdu auditoriyaya, yenə söhbət gəlib çıxmışdı Bülbülün oxu tərzinə, yenə həmin mövzunu bir başqa görüm bucağından təhlil edirdi. Deyirdi ki, Bülbül Avropa mahnılarını, romanslarını, ariyalarını da oxuyur, Azərbaycan mahnılarını da, ariyalarını, romanslarını da. Bir italiyalı, İtaliyanın ən görkəmli ifaçısı bir Azərbaycan romansını oxusun, heç vaxt Bülbül kimi ifa edə bilməyəcək. Xəbər alırdı ki, bilirsiniz niyə? Yerdən səslər gəlirdi. Sağdan-soldan yüksələn səslər də elə sıradan olan dinləyici səsləri deyildi, toplaşanlar musiqi ilə bağlı, səriştəli insanlardı. Deyirdilər, ona görə ki, Bülbül türkdür. Üzeyir bəy qayıdırdı ki, yox, əsas olan bu deyil. Əsas olan odur ki, Bülbül həm də muğamatı bilir. Onun içərisində muğamat var, nəyi oxuyur-oxusun, muğamatın ruhu, ahəngi, əks-sədası onun ifasının içərisində öz izini qoyur, ona görə Bülbülün ifası təkrarsızdır, ona görə Bülbülün ifası bunca cazibədardır, ona görə də nə bizdə -Azərbaycanda, nə də Qərbdə o nəğmələri, romansları, ariyaları ki Bülbül oxuyur, bu gözəllikdə heç kəs ifa edə bilməz.

 

Bülbül - baharın rəmzi güllər açanda ötər,

Payız gələndə susar, qışda oxumaz Bülbül.

Nə qədər illər keçsə, dəyişsə də fəsillər,

Böyük Bülbül oxuyar, baharla dolar könül.

 

Bu bircə bəndlik Bülbül gözəlləməsini televiziyada böyük müğənni haqda verilişimizin quruluşunun tələbi ilə elə həmin verilişin montajı əsnasında yazdım, oxudum, verilişəlavə olundu və əslində Bülbül belə çaparaq yaranmış improvizələr deyil, qat-qat yüksək poeziya nümunələrinə layiqdir. Varmı belə şeirlər? Ya bəlkə sualın bir az daha dəqiq qoyuluşuna ehtiyac var? Bülbül haqqında şeirlər yetərincədirmi? Tək-tək şeirlər gözə dəyir, əksərən də ya onun sağlığında, ya da ayrılığından lap az sonra qələmə alınanlardır. Demirəm hamı qələmini siyirib, ya bilgisayarını qoşub Bülbülə şeirlər həsr etsin və o qənaətdə də deyiləm ki, Bülbülü yeni nəsillərin də sevib dəyərləndirməsi, yalnız dinləməyib, həm də oxuduqlarının dərin qatlarındakı gözəllikləri duya bilməsi üçün cəlbetmə, yönəltmə yolutək şeirdən keçir. Bülbül araşdırmaları da artsın, haqqında elmi əsərlər də yazılsın və o sahədə aşkar kasadlıq elə gözəyarı da görünür. Mən bir dəfə fransız mətbuatında fotoçuları ən gözəl gözlənilməz anı tutmağa dair müsabiqəyə dəvət edən yazıya, bir müddət sonra da həmin yarışmanın açıqcalara çevrilən nəticəsinə rast gəldim. Bu müsabiqədə baş qəhrəman Eyfel qülləsi idi. Kadrda Eyfel hökmən olmalı idi - fərqi yox, uazqda, yaxud yaxında. Əsas olan bu Eyfelli şəkilləri elə görüm bucaqlarından çəkmək idi ki, abidənin Paris həyatındakı daimi və yüksək məqamı duyulsun, şəklin çəkilmə nöqtəsinin qəfilliyinin Qülləyə bəxş etdiyi əlavə gözəllik kadrlarda əksini tapsın. Qarlı günün Eyfeli də vardı o fotolarda, küləkli günün Eyfeli də. Təbii ki, qalxmış şiddətli rüzgar Qüllənin sağa-sola əyilməsindən yox, həmin şəklin budaqlarını bərk küləyin şahə qaldırdığı bir şabalıd ağacının tuşundan çəkilməsindən bilinirdi. Bir ayrı şəkildə şəhərin Qüllədən xeyli uzaqdakı hansısa hündür guşəsində günün bathabatda olduğu saatda üz-üzə əyləşərək əl-ələ yapışmış iki sevgili öndə idi, kadrı doldururdu, xeyli aralıda isə onların bir-birinə yaxınlaşan, az sonra qovuşacaq dodaqlarının arasında Eyfel dikəlirdi - sanki onlar ikisi də elə bir-birini istədikləri qədər məhəbbət bəslədikləri Qülləni öpməyə hazrlaşırlar.

Bir başqa fotoda günəşin düppədüz Eyfelin zirvəsində bir tac kimi parladığı an tutulmuşdu.

Biri digərindən cazibəli, baxanları Parisin rəmzlərindən olan Eyfelə yenidən aşiq edən onlarca belə fotonu seyr edəndən sonra ürəyimdən keçmişdi və hətta yazmışdım da ki, belə bir foto-müsabiqəni Qız qalamızla bağlı da cavanlı-ahıllı fotoqraflarımız arasında biz də təşkil etsəydik, kimlərin qalib çıxmasından asılı olmayaraq necə gözəl, əsl hədiyyəlik bir "Qız qalası" albomu yaranardı!

Sözümün səmti Bülbülə sarıdır. Vokalçıların böyük müğənniyə həsr edilən beynəlxalq müsabiqələrinin keçirilməsi artıq ənənəviləşib. Gələcəkdə o yarışmanın çərçivəsini bir qədər də genişləndirib daha da maraqlı edən bir istiqaməti də həmin sıraya əlavə etmək olardı - Bülbül ədəbi improvizələri. O yarışmaya təqdim olunan şeirlər, esseler, hekayələrin... seçmələri sonralar ayrıca kitablara çevrilər, Bülbülü bizə daha yaxından, bir az da sevimli göstərərdi. Həmin bədii lövhələrdə həm Bülbülün ömür yolu, həm də ayrı-ayrı oxularının oyatdığı duyğular əksini tapar.

Bülbülə həsr edilmiş bir topa şeir var, əksəri də müğənninin vəfatı dönəmində yazılıb və açığı, layiqli Bülbül şeirlərinin yeri görünür.

Oxu, Bülbül! Uzaq, yaxın

Neçə eldən gəlsin səsin!

Oxu, Bülbül!

Bu, səs deyil, bir əfsundur,

Bu səsə dünya məftundur.

 

Bu şeiri Mirvarid Dilbazi yazıb və müğənni ilə ayrılıq günlərində ölümünə heyifsilənərək yox, elə Bülbülün mənəm-mənəm çağlarında oxusuna növbəti dəfə heyrətlənərək qələmə alıb.

Çoxları kimi, o da Bülbül avazına əfsanə deyib, bu səsi tilsim sayıb. Əfsun da, tilsim də xəyalat aləminə aid olan nəsnələrdir. Dünən və bugün var olan Bülbül isə bütün məlahətli oxumalarıyla birlikdə danılmaz gerçəkdir. Amma həm də o, doğrudan da, ovsundur axı! Ovsunların ən gerçəyi! Həmişə təsirində qalmağa can atdığımız sehr!

28 noyabr 2023

Rafael HÜSEYNOV

Akademik

525-ci qəzet .- 2023.- 2 dekabr, № 219.- S.10-11.