"Bu gün insanlar arasında daha çox qəddarlıq müşahidə olunur"

PSİXİATR, AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN REKTORU, PROFESSOR GƏRAY GƏRAYBƏYLİ: "İNSANLARDAN XAHİŞ EDƏRDİM  Kİ, BİR-BİRİNƏ QARŞI DAHA DİQQƏTLİ OLSUNLAR"

Tanrı yer üzünün əşrəfi insanı xəlq edəndə ilk olaraq palçıqdan yoğurduğu bir vücuda nəfəsilə üfürərək onu cana gətirib. Tanrının nəfəsindən çıxan ruh elə həmin vaxtdan bu günədək insanın varlğına bütün zamanlarda hakim kəsilərək, onu idarə edib. Gah güldürüb, gah ağladıb. Gah coşdurub, gah çaşdırıb. Gah qəzəbləndirib, gah sevindirib. Gah düşündürüb sonra da fikrindən daşındırıb. İnsanın bütün halına sirayət edərək, onunla addımbaaddım gəzib. Ruhun bu halına insan o qədər alışıb ki, həm səbrli olmağı bacarıb, həm də bağışlamağı... Bircə ruh sarsıntısından başqa. Təəssüf ki, bəşər övladı hələ də bu sarsıntıdan xilas ola bilməyib. Zamanında loğmanlar, təbiblər, alimlər bununla o qədər maraqlanıblar ki, sonda bu ruh sarsıntısı bir xəstəliyə çevrilərək, insanı bəlaya mübtəla edib.

Unuda bilmədiyim bir hadisədən sonra ruhi sarsıntıya qoyulan psixiatriya adını qəbul edə bilmirəm və bacardığım qədər bu kəlməni işlətməməyə çalışmışam. Amma həmişə bacarmaq olmur. İllər öncə şəhərin demək olar ki, mərkəzi hissəsində ağlaya-ağlaya bir qadın səsinin ucadan: "Mən dəli deyiləm, dəli deyiləm" fəryadını eşitdim. İki binanın arasına yaxınlaşanda qadını gördüm. Çılpaq halda yavaş addımlarla maşın yoluna tərəf getdiyini görəndə bilmədim hansı cəsarətlə tez ona yaxınlaşıb pencəyimi çiyninə salaraq çıxdığı binaların arasına doğru səmtini dəyişəndə, bizə tərəf iki gəncin qaça-qaça gəldiyini gördüm. Qadını əllərindəki örtüyə bürüyüb, təşəkkür edərək onu qucaqlarına alıb getdilər. Uzun müddət həmin səhnəni unuda bilmədim. Və təsadüfən ruh sarsıntısı yaşayan kimisə görəndə, bir təbəssümlə də olsa, onların ruhunu oxşamağa çalışıram.

...Beləcə, gəlib çatdıq ilin son ayına. İndi də son ayın ilk şənbə qonağını oxucularımıza təqdim etmək istərdik. Yazının əvvəlindən müsahibimizin hansı peşə sahibi olduğunu anlasanız da, kimliyini hələ ki, bilmirsiniz. Qonağımız psixiatr, Əməkdar müəllim, tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylidir.

- Bir nəvənin Xalq artisti olan babası Ağasadıq Gəraybəyli haqqında xatirələri təbii ki, var...

 - Bu barədə bir neçə dəfə babam haqqında olan verilişlərdə demişəm. O, mənim sevimli babam və dostum idi. Onun kimliyini, yəni məşhur aktyor olduğunu mən artıq 10-cu sinifdə dərk etmişəm. Kiçik yaşlarımda bağa gedəndə mütləq məni özü ilə aparardı. O, maşın sürməzdi   əvvəl metroya minərdik, sonra isə avtobusla gedərdik bağa. 2-3 saat bağda çalışar, nəsə işlər görəndən sonra qayıdardıq. Məktəbin aşağı siniflərində ikinci növbədə oxuyanda valideynlərim işdə olduğundan səhərlər məni özü ilə teatra məşqlərə aparardı. Ən sevimli yerim qrim otağı idi. Dərs vaxtına yaxın evə gətirib geyindirər və məktəbə gedərdik. Hətta belə bir epizod indiyə kimi yadımdadır. İkinci sinifdə oxuyurdum. Babam nə qədər axtardısa, məktəbli formamım qayışını tapa bilmədi. Dərsə gecikdiyimizi görüb bir iplə şalvarımı bağlayaraq məktəbə getdik. Axşam dərsdən qayıdanda anam bu halımı görəndə xeyli özünə gələ bilməmişdi. Onunla bağlı xatirələr bu gün də mənim üçün emosional olaraq qalıb. 6-7-ci siniflərdə oğlanlar idmanın müxtəlif növlərinə azarkeşlik edirlər. Mən hokkeyi çox sevirdim. O zaman dünya çempionatlarını izləməyən olmurdu. Valideynlərim mənə izləməyə icazə vermirdilər ki, səhər tez oyanıb məktəbə getməliydim. Babam mənim marağımı görürdü və deyirdi ki, hamı yatandan sonra gələrsən mənim otağıma. Onun otağında ayrıca balaca ağ-qara televizoru vardı. Məni otuzdurub deyərdi ki, bax, amma səsini al ki, anangili eşitməsin. Ona görə həmişə vurğulayıram ki, o, mənim təkcə babam yox, həm də dostum olub.

- Məktəbi qızıl medalla bitirmisiniz və istənilən ali məktəbə qəbul olunmaq şansınız yüksək olub. Siz həkim olmağı seçdiniz...

- Babam aktyor olmağımı istəyirdi. Bakı milyonçusu Hacı Ələsgər Dadaşovun qızı olan nənəm 132 saylı məktəbdə rus dili və ədəbiyyatı müəlliməsi idi, bizim tərbiyəmizlə xüsusi məşğul olub. Babamın istəyinə qarşı nənəm dedi ki, bizim bir aktyorumuz var, bu, bəs edər. Bir bibim erkən yaşında dünyasını dəyişdiyindən onun övladlarını atamla digər bibim himayəsinə götürmüşdü, lakin onların tərbiyəsilə yalnız nənəm məşğul olurdu. Mən 7, ya 8-ci sinifdə oxuyanda bizdə olan bibim qızı Tibb İnstitutuna daxil oldu, təəssüf ki, o da çox erkən rəhmətə getdi. Onun dərslikləri hər zaman stolun üstündə olardı, anatomiya, fiziologiya, cərrahlıqdan olan kitabları götürüb vərəqləyərdim və bu dərsliklərlə təmasdan sonra həkim olmaq qərarına gəldim. Məhz psixiatriyaya marağım isə artıq tələbə ikən mərhum Ağabəy Sultanovun mühazirələrini dinləyəndən, onunla tanış olandan sonra yarandı. Artıq dördüncü kursda onun rəhbərliyi altında Tələbə Elmi Cəmiyyətində elmi iş götürdüm və anladım ki, yolum ancaq budur.

Ali məktəbi fərqlənmə ilə bitirdikdən sonra təklif olundu ki, Tibb Universitetinin Psixiatriya kafedrasında baş laborant kimi fəaliyyətə başlayım. Təklifi qəbul etdim.

- Psixiatr...

- Psixiatr insanın daxili aləmini başa düşə biləcək şəxs, eyni zamanda da həkimdir. Psixiatriya çox çətin sahədir və buna sırf həkim kimi yanaşmaq mümkün deyil. Çünki ruhi xəstə həkimə hücum da edə, ona zərbə də yetirə bilər. Öz təcrübəmdən bir misal çəkim. Evdə müayinə etdiyim xəstə bir gün sonra hansı yollasa mənim iş yerimi öyrənərək dönərxanadan bir bıçaq oğurlayıb mənə hücum etməyə cəhd göstərmişdi. Lakin bunu bacarmadı, çünki sanitarlar onu dərhal tutdular. Demək istəyirəm ki, psixiatriyaya təsadüfi gələn həkimlər uzağı 1-2 ildən sonra sənətlərini dəyişməyə qərar verirlər. Bu sahədə qalıb işləyən yalnız daxilən insanları başa düşməyi bacaran və bunu istəmək arzusunda olanlardır. Bir məqamı da vurğulayım. Bu sahənin dünyada yazılmayan bir qanunu var. Psixiatrik diaqnoz həkimlə xəstə arasındakı ünsiyyətin ilk 45 saniyəsi ərzində qoyulur. Baxmayaraq ki, müayinə bir saat, xəstə ilə söhbət iki saat çəkə bilər. Xəstə haqqında fikir məhz ilk 45 saniyə ərzində həkimə aydın olur ki, qarşısındakı nevrozlu, depressiv, şəxsiyyət pozğuluğu, ya da psixoz xəstəsidir.

- Sənin dərdinə əlac yoxdur demək o qədər də asan deyil yəqin ki...

- Bu günlə müqayisədə biz fərqli zamanda yaşamışıq və həmin dövrün xüsusi qanunları olub. Bizə elə öyrədiblər ki, ağır diaqnozu xəstəyə dərhal demək olmaz, çünki bu xəbər onun üçün əlavə şokdur, əlavə psixotravmadır və sairə. Amma bu gün müxtəlif Qərb ölkələrində həkimin xəstədən diaqnozunu gizlətməsi cinayətə bərabərdir. Mənə görə bu, düzgün deyil. Psixiatriyada belə bir termin var - yatrogeniya. Bunu yeni nəsil həkimlərinin əksəriyyəri bilmir. Bu, həkimin səhv davranışı nəticəsində yaranan xəstəlikdir. Yenə bir nümunə çəkim. Çoxdanın hadisəsidir. Vaxtilə orta məktəblərdə şagirdlər rentgen müayinəsindən keçirdilər. 16 yaşlı bir yeniyetmə müayinədən keçən zaman rentgeleoq özündən asılı olmayaraq deyib ki, səndə sırf damla ürəyidir. İnsanın ürəyi bir qədər bucaq altında yerləşir. Lakin arıq insanlarda ürək damla kimi asılı olur. Bu, əsla patologiya deyil, normal konfiqurasiyanın bir variantıdır. Həkimin bu sözündən şagird kiçik bir şok keçirir. Heç kəsə bir söz demədən həmin yeniyetmə yatağa düşür, yerindən qalxmağa qorxur, deyir ki, mənim ürəyim damla vəziyyətindədir, hər hansı bir kəskin hərəkət ürəyimi qıra bilər. Valideynləri əl-ayağa düşüb və yalnız psixiatrın müdaxiləsindən sonra onu həmin vəziyyətdən çıxara biliblər. Bir  həkimin yersiz, təsadüfi kəlməsi nəticəsində travma yaranarsa, görün bilərəkdən xəstəyə üzücü bir diaqnozu deməyin sonu necə ola bilər.

- Həkim üçün bir xəstə həyatını xilas etmək...

- Bu, həkim üçün ən yüksək qonorardır. Bu gün bizim emosional həyatımızda, hesab edirəm ki, bir qədər məhdudlaşma var. Lakin insan emosiyasız yaşaya bilmir. Təsəvvür edin, axşam gəzintiyə çıxmısan, bir də görürsən ki, qarşıdakı səkidən biri sənə yaxınlaşıb deyir ki, 10 il əvvəl mənim oğlumu müalicə etmisiz. İndi sizi görüb bir daha təşəkkürümü bildirmək istədim. Bu kiçik ünsiyyətdən sonra keçirdiyin hissləri heç nə ilə əvəz etmək mümkün deyil. Hər dəfə həkim bir insan ömrünü xilas edə bilirsə, düzgün müalicəyə nail olursa, bunu kiçik xoşbəxtlik hesab edirəm. Kaş hər zaman buna nail olaq, çünki tibb sahəsi də əlacsız, çarəsiz qala bilir.

- İstərdim bir az da qorxu hissindən danışaq...

- İnsan hər hansı bir şəraitə düşəndə, onun həyatı və sağlamlığı üçün təhlükə yaradan situasiya olan halda orqanizmdə müxtəlif sistemlər buna reaksiya göstərir. Bu zaman təzyiqin qalxması, qanın laxtalanması, bəzilərində rəngin ağarması və ya qızarması kimi hallar baş verir. Qorxu təhlükəyə qarşı nəsə etmək reaksiyasıdır. Müəyyən yaşa qədər uşaqlarda qorxu hissi olmur. Yəqin ki eşitmisiniz, bizlərdə belə bir ifadə var - uşağın ilan boğan vaxtı. İki yaşında olan uşaq qorxusuz ilanı əlinə ala bilirsə, yeddi yaşında bunu etmir, çünki artıq dərketmə var. İnsan nə qədər dərindən şəraiti, təhlükəni, stresfaktorları dərk edirsə, bir o qədər də onun qorxu və həyəcan hazırlığı yüksək olur. Laqeyid insan isə rahatdır, çünki qorxu hissi keçirmir. Əslində qorxu normal bir hissdir, əgər əsaslıdırsa.

- Gəray Gəraybəyli bu günün gəncliyi haqqında...

- Bugünkü gənclikdən razıyam. Lakin bir müəllim və valideyn olaraq nələrinsə dəyişməsini, fərqli olmasını istəyərdim. Ümumilikdə isə gənclər motivasiya deməkdir. Gənclər kreativlik, yeni ideyalar deməkdir. Gənclər cəmiyyəti, bir ailəni irəli aparan qüvvədir. Onların çox istəyi var, lakin iş ondadır ki, onlar hər şeyin bu gün və dərhal olmasını istəyirlər. Çox halda tutduqları yol, istiqamət düz olur, lakin məhz bu səbirsizlik bəzən onlara mane ola bilir. Bir müəllim kimi onların arasında olduğum üçün özümü həm fərqli, həm də çox xoşbəxt insan hesab edirəm.

- Bir peşəkar psixiatrın insanlara demək istədiyi...

- İnsanlardan xahiş edərdim ki, bir-birinə qarşı daha diqqətli olsunlar. Bu gün insanlar arasında daha çox qəddarlıq müşahidə olunur. Bunu daima insanlar arasında olan biri kimi deyirəm. Kimliyindən, yaşından asılı olmayaraq insanlar arasında bu münasibət artıb, hətta ailə daxilində belə. Çox istəyərdim insanlar mehribançılığa daha yaxın olsunlar, bir-birini dinləməyi bacarsınlar, çünki bu gün insanın birilə bölüşməyə çox ehtiyacı var. Belə halda insan həm özü, həm də qarşısındakı sağlam olar.

SÖZARDI: Söhbətimizin sonunda müsahibə ərzində bizi dinləyən  mətbuat katibi Günel xanım onun da bir sualının olduğunu bildirdi. Bu məqamı ötürmək istəmədiyimdən qeyd etməyə üstünlük verdim. "Psixiatorlar özlərinə psixiatorluq edə bilirmi?" sualına rektorun cavabı belə oldu: "Psixiatr da insandır, o da gərginlik keçirə bilər. Həkim kimi hansısa bir narahatlığı dərmanla yoluna qoyar. Yox, əgər ona psixoterapiya yardımı lazımdırsa, bu, daha çox kiminləsə bölüşmək ehtiyacından yarana bilər ki, bu da təbiidir".

Tamilla M-zadə

525-ci qəzet  2023.- 2 dekabr, ¹ 219.- S.20.