Qarabağ
havası
Torpağın məhsulu təkcə meşələr,
çöllər, çiçəklər deyil, həm də
insanlardır.
İnsanlar da doğulduğu, boy
atdığı, yaşadığı torpağın rənginə,
ahənginə, ab-havasına köklənir. Doğma yerlərin küləkləri kimi əsir,
istiliyi vətən günəşinin şəfəqlərinin
təsirindən güc alır, coşub-daşan xisləti,
xüsusiyyəti, dəli-dolu, yaxud həlim, sakit xasiyyəti
doğma təbiətin ritminə uyğun olur. Yaradıcı insanlar da istisnalıq təşkil
etmir, deyərdim əksinə, daha çox adekvatlıq
nümayiş etdirirlər. Torpağın,
yerin-yurdun ahəngini təkcə şəxsiyyətlərində
deyil, həm də yaradıcılıqlarında,
yazdıqları əsərlərdə, qələmə
aldıqları bədii nümunələrdə
yaşadırlar. Əbülfət Mədətoğlu
da belə insanlardan biridir. Onun şeirləri
Qarabağ havasında köklənib, Qarabağ ruhundan maya
tutub. Bu şeirlərdə Qarabağın
əvəzsiz rəngarəng təbii gözəlliyindən
tutmuş başıbəlalı (lakin qəhrəman) tarixi
keçmişinə, mübarizəsinə, döyüşlərinə,
qələbə və məğlubiyyətlərinə qədər
hər şey öz boy-biçimində görünür.
Bədii obrazlar, bənzətmələr, təşbeh
və istiarələr, canlı insan xatirələri bu havada
köklənir, bu ruhda səslənir.
Əbülfətin şeirləri uzaq və qədim
xatirat kimi kövrək və şirindir. Eləcə,
şeirlərinin əksəriyyəti də xatirə və
xatırlamadan ibarətdir. Onun misraları
uzaq üfüqlərdən sayrışan köhnə xatirələr
fonunda adama təzə hisslər bəxş edir. Bu, şairin yerlə göy arasında əlləşmələrini,
vurnuxmalarını, bəzən də
özünüaxtarışını təlqin edir. Hər bir halda, bu xatirə dolu yaddaş şirindir.
Şirin olduğu qədər kədərli, kədərli
olduğu qədər doğma, doğma olduğu qədər
düşündürücüdür. İnsan,
adətən, ahıllığında ötənlərlə
daha çox yaşayır, xatirələrə cumur. Əbülfət isə əzəl gündən,
lap cavan çağlarından xatirələrlə boy
atıb, sanki xatirələrlə doğulub, xatirələrlə
nəfəs alıb, ətə-qana xatirələrlə dolub.
Xatirə onun ruhi vəziyyətidir, mənəvi
tarazlığını qoruyub saxlayan həsb-halıdır.
O, xatirələrlə yaxşı daşıyan olur, onlarla
dialoqa girir, əhval-pürsanlıq edir, uğurlu-uğursuz
günlərinin hesabını çəkir, bir sözlə,
doğma yaşantılara yeni bir doğmalıq qatır,
bütün bunları poetik örtük altından boylanan
müqəddəs hisslərə bələyir. Şair yuxusunda da xatirələrlə
yaşayır, yaddaşında daim xatirələr cücərdir.
Bu cücərtilər dünənlə bu
gün arasındakı dialoqa daha çox bənzəyir.
Yenə
dünənimə üz tutub gedim,
Gedim
dünənimin ilməsin söküm...
Özümü
özümlə mən məşğul edim -
Dərib
göz yaşımı üzümə töküm...
Yaxud:
Məndən
bezənəcən qalım dünəndə,
Sükut
da mən olum, elə dünən də!
Mənim
dodaq yerim sənin sinəndə -
Olsun
sevgimizə yazılmış hökm!
Onun təklik, tənhalıq, sevgi, həsrət şeirləri
etiraf üzərində qurulub. Şeir, eləcə,
özü də etiraf deyilmi? İnsanın
özünün özünə etirafı...
Duyğuların, bakir, müqəddəs hisslərin
etirafı... Kədərin, dərdin etirafı... Bu etiraflarda şair ömrü varaq-varaq çözələnir,
həyatının fəlsəfi məqamları canlanır,
hissi-emosional dünyası qabarır. Bu
etiraflarda insan-şair mübarizə aparır,
döyüşür, ruhunu əzablar içindən xilas
yollarını arayır, dünənin olaylarından sabaha, gələcəyə
boylanır və özünün mənəvi qurtuluşuna
can atır. Bu məqamlarda (misralarda)
şair paklanır, təmizlənir, dünyaya və
özünə yeni gözlə baxır. Bu
etiraflar qaçqınlıq ağrısını yaşayan,
vətəndə vətənsiz olan şairi ayaqda saxlayır,
dərdin əlindən alıb yeni bir dünyaya qovuşdurur,
yaşam tərzinə stimul yaradır. Bu
dünya nə qədər çətin, ağrılı
olsa da, sevgi ünvanlıdır, nikbinlik gətirən bir aləmdir.
Əbülfət Mədətoğlu bu
dünyanı sevir, onun ağrı-acısını etiraf etsə
də, sevincini də yaşamağa tələsir. Bu, onun sevgi şeirlərində daha çox üzə
çıxır, həyat eşqi, ömürdən gözləntilər,
ümidlər, arzular poetik sözün cövhərindən,
içindən, dərin qatlarından, mayasından
boylanır.
Məni
"ahı"na tapşır,
Son
günahına tapşır,
Uzaq uzaq
tutacaq
Sən
lap yaxına tapşır -
Üzünü görə bilim.
Əbülfətin şeirlərinin əksəriyyəti
kədərlə yoğrulub, qəmə-qüssəyə bələnib. Məgər,
şeir eləcə, insan qəmindən, kədərindən
su içib göyərmirmi? Dərddir,
insan içində çağlayıb şeir şəklində
üzə vuran. Kədərdir, insan qəlbindən
boy göstərib sətirlər üzərində kölgələnən.
Kefdən, damaqdan, çal-çağırdan
şeir yazan olubmu? M.Füzuli özü
boyda ah deyildirmi? "Toy-bayramdır bu
dünyanın əzabı" - deyən M.P.Vaqif eləcə
həmin şeirində dünyanın dərd-sərini
qabartmırmı? Misalları saydıqca
uzanar. Əbülfət Mədətoğlunun
şeirləri də qəmdən, kədərdən, ələmdən
su içib. Üstəlik, insan özü də dağ
boyda dərd daşıyıcısı ola
- Əbülfət Mədətoğlu kimi. O, illər boyunca vətən,
yurd, torpaq, Qarabağ deyib lələyib. Qarabağ
həsrəti, Tuğ kəndinin qövrü, illərdi onun
doğma, əziz kədəri kimi qəlbində
yaşayıb. Tuğun, o gözəl diyarın
çətirli meşələri, ətirli
çöl-çəməni, geniş düzləri,
ucu-bucağı görünməyən yaşıl
talaları bu illər boyunca Əbülfətin nigaran
yuxularına çevrilməyibmi? Çevrilib! Özü də necə? Poetik
vüsətlə, şeir şövqü, ədəbi istəklə.
Əbülfətin Qarabağsız günləri
onun poetik dünyasının baş abzası olub, əbədi
mübtədasına və xəbərinə çevrilib.
Qarabağ adı onun cümləsinin,
sözünün emosional cazibə mərkəzi kimi pərvaz
edib. Bu hiss Əbülfətin özünü də
xaraktercə çox dəyişib, kədər adamına
çevrilib, xasiyyətcə həlimləşdirib, daim
düşünən, dünyanı kədərli
baxışlarla süzən, ondan daim nicat uman bir insan kimi
yaşadıb. Əbülfətin kədərli
baxışları dünyadan da, insanlardan da daim nəsə
umub, nəsə gözləyib. Torpaqların,
Qarabağın qaytarılmasını təmənna edib (Bu
baxışlar, bu ruhi və mənəvi əndişələr,
məgər hər bir qaçqın üçün səciyyəvi
deyilmi?). Vətənin azadlığını diləyə
çevirən şair bunu böyük dərd və giley kimi
şeir diliyə belə söyləyib:
Tumurcuğu
çırtlamış -
Təzə
dərdim - tər dərdim!
Mən səni
şehli-şehli -
Təzə
dərdim - tər dərdim!
Sarıldın
sən də mənə...
Eşq
vardı səndə mənə
Titrəmə,
səndələmə -
Sən də
məni dər, dərdim!
Qarışaq,
sirdaş olaq
Bir divar -
bir daş olaq...
Dərdlərə
bir qaş olaq -
Sən
üstündə zər dərdim!
Göründüyü kimi şairin dərdi ötəri,
keçici hiss deyil, qlobal, dərin məzmunlu, ağır
yüklü bir kədərdir. Bu kədər,
heç şübhəsiz, vətən həsrəti, vətən
niskili, torpaq arzusundan qaynaqlanır. Bir gözəl
qızın alma yanağı, qara
qaş-gözü üçün bu qədər dərin kədər
sərgiləmək, bu qədər təsirli hissi həyəcan
keçirmək, bu qədər qüssə dolu "göz
yaşı axıtmaq" olmaz (üstəlik, indiki zamanda).
Belə qlobal, dərin və ağrılı kədərin
ünvanı, yalnız vətən, yalnız Qarabağ ola bilər. O, bunu publisistik düşüncələrində
də etiraf edir. Şair yazır: "Həyatda elə
yaşamlar var ki, onu sözlə ifadə etmək
mümkün deyil. Lap elə
qaçqınçılığı götürək.
Qaçqına bütün ürəyini də,
bütün maddi sərvətini də
bağışlaşan belə, onun içində
qırılıb çiliklənən, ölən,
yaddaşında ağrı-acı guşəsi kimi qalan nəsnələri
nə dəyişə bilərsən, nə də unutdura bilərsən.
Göstərilən qayğı, sadəcə, diqqətdir… Yaşamağa ipucudur. Bu mənada 30 il ancaq xəyal etdiyin, ancaq yuxuda
gördüyün kəndinə, evinə qayıtmaq bu
gündən keçmişə dönüş deməkdir.
Aradakı 30 il isə itirilən, əlindən
zorla alınan ömürdür. Ona görə
mən kəndimə səfər edəndə filmlərdəki
təki, yuxuda keçmişə getmiş kimi oldum və o
keçmiş mənə çox acıları təkrar
yaşatdı. Çünki kəndimin
yalnız coğrafi mənzərəsi yadımda
qalmışdı. Mənim
uşaqlığımın da, gəncliyimin də izləri,
xatirələri gülləlnmişdi. Evimin
yerində qaratikan bitmişdi. Mənimlə
orda danışan ancaq kədər idi, ağrı-acı idi.
Çünki məni qarşılayan onlar
idi".
Əbülfətin sevgi şeirləri də seçilən,
fərqlənən, qələm yoldaşlarının
yazdığı nümunələrə, müəyyən mənada,
paradoksal olan cəhətləri ilə yadda qalır. Bu nümunələrdə
də qəm, kədər, lirik qəhrəmanın
şübhə dolu təlaşları, əndişələri,
çabaları dominantlıq edir. O, bu şeirlərdə
ürəkdən sevən bir aşiqdir, məhəbbəti
yolunda bir fədakadır. Amma qarşı tərəfdən,
onun sevgi cavabından, reaksiyasından şübhəli və
nigarandır. Öz eşqinə böyük inam bəsləyən,
yenilməz məhəbbətinə güvənən, onu aləmə
car çəkən, dünyaya bəyan eləyən şair
- Əbülfət Mədətoğlu sevgisini zamana və
taleyə əmanət edir:
O, mənim
həyatımda,
Günümdə,
anımdadı...
Atdığım
hər addımda -
Damarda
qanımdadır...
İçimdəki
səsdi O,
Aldığım
nəfəsdi O...
Sabaha həvəsdi
O -
Ruhumda,
canımdadı!
Nəşəmdi,
ahımdı O...
Sevgim,
günahımdı O...
Yerdə
Allahımdı O -
Ölüncə
yanımdadı...
Yaxud:
Söylə
görüm, nə çin olub,
Olubsa, bəs neyçün olub?
Ürəyim
ki, elçin olub,
Özgə kimi göndərəydim?
Söz birbaşa deyilmir, fəlsəfi çərçivəsində,
dolayı və obrazlı söylənir. Obrazlı
düşüncə tərzi bu mücərrəd, gizli, sirli
ahəng içində öz müstəqimliyini tapır.
Əbülfət həm də ruh adamıdır. Bütün
şairlər kimi, o da ruhun sirli-soraqlı təcəllasından
yazır. Şairlik özü də
öz-özlüyündə bir ruh hadisəsidir, hissi-emosional
ovqatdır. Lakin ruhi həyəcanı
birbaşa poetik predmetə çevirmək, bu, artıq insan
hisslərinin qeyri-adi təzahürü, son dərəcə həssas,
duyğulu münasibətidir. Ruhi təbəddülatları
insan duyğularının sakral bir fenomeni kimi qələmə
almaq, poetik dillə canlandırmaq Əbülfətin
yaradıcılığında təbii tələbat kimi
qaynaqlanır. Bu ruh maddi bədəndən
xaric olmuş, mələklər aləmində qərar
tutmuş ruh deyil. Dünyada, əksinə,
təkcə bədənləri ilə qərar tutmuş
insanlar da yox deyil. Onların ruhları
çoxdan uçub getmişdir. "Filankəsin
ruhu ölmüşdür" - ifadəsi təsadüfən
yaranmamışdır. Əsl ruhi
oyanış, ayıq ruhi halət insanın yaşam tərzində,
onun həyata ayıq baxışlarında, fədakar,
mübariz fəaliyyətində özünü göstərir.
Ruh bədəni, bədən də ruhu kökləyir.
Əbülfətin şeirlərində bu iki
tandem bir-birini cilalayır, tamamlayır və rövnəqləndirir.
Onun Tanrıya müraciətləri bu mənada səciyyəvidir:
Allahım,
üzümdəki qan,
Quruyur
gözüm dibitək...
Sənindi
bu sevdalı can -
Alıb
götür, özünə çək!
Yaxud:
Pərdəsin
qaldırıb cismin
Ruhumun gözünə baxdım.
Kirpiyində
damla idim -
Yanağın
aşağı axdım...
Əbülfət Mədətoğlu eyni zamanda
istedadlı publisist, səriştəli qəzetçi kimi də
respublikanın ədəbi ictimaiyyətinə yaxşı
tanışdır. O, "Ədalət" qəzetinin baş redaktor
müavinidir. Redaksiyanın əsas
ağırlıq mərkəzlərindən biri kimi fəaliyyət
göstərir. Məhsuldar və operativ
jurnalist olaraq qəzetin hər nömrəsində onun ədəbi-tənqidi,
analitik və publisistik yazılarına rast gəlmək olar.
Lirik, duyğulu keyfiyyətlərlə zəngin
olan bu məqalələr Əbülfətin yeni təyinatı
kimi üzə çıxır. Mən
onun "Ədalət" qəzetində müntəzəm
işıq üzü görən tarixi keçmişimiz
haqqında, Azərbaycanın arxeologiyası və
toponimikasına dair yazılarını xüsusi qeyd etmək
istəyirəm. Bu yazılarda həm də
qeyrətli bir vətən oğlunun vətənpərvər
qəlbi döyünür.
Əbülfət Mədətoğlu
özünə oxşayan şairdir. Bir az sakit, bir az
mülayim, lakin daxilən coşğun, çılğın
və üsyankardır. Bu təzadlar onun həyat fəlsəfəsindən
süzülüb gəlir və
yaradıcılığının əsas aparıcı ideya
istiqaməti, bədii-estetik silqəti kimi üzə
çıxır. Bu gün şanlı ordumuz
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti,
qalib sərkərdə İlham Əliyevin rəhbərliyi ilə
Qarabağ torpaqlarını işğaldan azad etmiş, 30
illik yurd həsrətinə son qoymuşdur. İndi hər bir
qaçqın kimi Əbülfət Mədətoğlu da
öz doğma yurduna, Qarabağımızın dilbər
guşəsi olan Tuğ kəndinə alnıaçıq,
üzüağlıqla səfərlər edir. Sevindirici,
qürurverici hisslərlə doğma torpaqda
addımlayır... Ancaq o köhnə nisgilləri yenə də
yaşada-yaşada... Zamanın ömürdən
aldığı otuz ilin kədərini Əbülfət bu
gün də yaşadır, şeirlərində poetik lövhələrə,
publisistikasında tarixin yaddaşına çevirir. Bu da
keçib gedəcək. İllər yaraları sağaltmaqda
mahirdir. Sağlıq olsun. Gələcəyin nikbin ovqatı
bu kədər notlarını da silib aparacaq.
Kamal ABDULLA
ADU-nun rektoru, Xalq
yazıçısı
525-ci qəzet 2023.- 2 dekabr, ¹ 219.- S.18.