İngilis
kralının bacısı
Tibb
bacısı Züleyxa Saranı Xəstəxananın
qapısında qarşıladı:
-
Muştuluq - dedi.
Sara:
- Ola bilməz
- dedi.
-
İnanmırsan, kassaya get.
Üç ay idi ki maaşlarını gecikdirirdilər. Bu gün ala
bilməsə, Qulam kişiyə nə cavab verəcəkdi?
Sara tələsik ikinci mərtəbəyə, kassaya tərəf
getməyə başladı. Arxadan Züleyxanın səsi gəldi:
-
Muştuluğu unutma ha!
Züleyxa aldatmırmış, tibb bacısı Sara,
axır ki, üç aydan bəri gözlədiyi
maaşını aldı. Sevincindən yerə-göyə
sığmırdı, nəhayət, kirayədə
qaldığı otağın haqqını ödəyəcəkdi.
Üç aydan bəri hər səhər
işə gedəndə, hər axşam işdən
qayıdanda Ərəb Zəngi kimi qabağını kəsən
Qulam kişiylə haqq-hesabı çürüdəcəkdi.
Kassadan
iki addım aralanmamış başqa bir Ərəb Zəngi,
Baş tibb bacısı Tamara qabağını kəsdi:
-
Sadıxova - dedi - yenə səndən şikayət var.
Saranın
ürəyi düşdü:
- Yenə neyləmişəm ki?
- Bəstəkar Murad
Muradov səndən şikayət yazıb. Deyir, bu səfər də ona iynə vurduğun yerdə
gemotoma əmələ gəlib.
- Mən
neyləyim, onun damarları elədir ona görə də - deyə
sözə başlamışdı ki, Tamara sözünü
ağzında qoydu:
-
Özün bil - dedi. - Muradovun şikayəti məndədir, hələ
ki. Baş həkimə göstərməmişəm.
Sara
başa düşdü, ilk dəfə deyildi ki... İndicə aldığı maaşın azı
yarısını Tamaraya uzatdı. Tamara
gözücü məbləğə baxdı:
- O gün Baş həkim deyirdi ki,
Sadıxova niyə təqaüdə çıxmır,
yaşı çoxdan ötüb axı...
Sara
verdiyi məbləğə əlli manat da əlavə etdi və
dərhal Qulam kişinin saqqal basmış üzünü
xatırladı: bu səfər də kirayəni ödəməsə,
Qulam kişiyə nə deyəcəyini bilmirdi. Amma
Tamaranın da iştahı diş altındaymış.
Sara:
- Gələn
maaşımızı Allah bilir haçan verəcəklər,
- dedi - mən də birtəhər başımı girləməliyəm
axı.
Tamara: -
Yaxşı, yaxşı ağlama - dedi, sonra əlini Baş
həkimin kabineti səmtinə uzadıb: -
özümçün götürmürəm ki...
Dəhlizdən keçərkən Züleyxa
qabağını kəsdi - Bəs muştuluq?
Sara: Mən
nə hayda, sən nə hayda - dedi və barmağıyla həmin
səmti göstərdi.
Züleyxa:
- Allah bəlaların versin - dedi.
Saranın kefinə soğan doğramışdılar. İşdən
qayıdanda Qulam kişinin Əzrayıl kimi başının
üstünü alacağını düşünəndə,
heç evinə dönmək də istəmirdi. Amma gedəcək
ayrı yeri də yox idi ki...
Doğrudan da "deyilənlər gəldi başa". İşdən
sonra evə çatarkən Qulam kişinin əl-qolunu
ölçə-ölçə kiminləsə höcətləşdiyini
gördü. Yaxşı ki, arxası evin
çöl qapısına tərəf idi, Saranı görmədi.
Sara siçan kimi sivişib Qulam kişinin
arxasından içəri girdi, tələsik birinci mərtəbədəki
mənzilinin qapısın açıb içəri
dürtüldü. Şükür deyəsən, Qulam kişi onu görməmişdi. Sabah
səhərə qədər rahat yaşaya bilərdi, Piltəni
odlayıb dünənki xörəyi odun üstünə
qoyanda birdən onu ağlamaq tutdu. Hıçqırıb
ağladı. Sonra bir təhər
toxtayıb düşünməyə başladı.
Sabah sübh tezdən Qulam kişi
qapının ağzını kəsdirəcək. Nə cavab versin ona. Tamara, ya
Baş həkim Qulam kişinin nə vecinə, otağı
kirayə verir vaxtlı-vaxtında da ödənməsini istəyir.
Lap bir-iki ay güzəştə də gedir, amma day Əsli-Kərəm
neçə kərəm?
Bu gün
aldığı maaşın qalan hissəsini Qulam kişiyə
versəydi, borcunun yalnız üçdə biri ola bilərdi. Bəs bütün
ayı necə dolansın? Bir də Allah bilir haçan maaş alacaq. Evdə satmalı
bir şey də qalmamışdı.
Televizor?
Onu da satsa sata bilsə - kimdi alan?
Televizorsuz - axşamlar təklikdə lap bağrı
çatlardı ki...
Televizorda ingilis Kralının tacqoyma mərasimi göstərilirdi.
Bir daha otağına göz gəzdirdi. Doğrudan da,
anasından qalma çay servisini satandan sonra gözə dəyən
bir şey qalmamışdı. Gözləri
kitab rəfinə sataşdı. Bir
neçə toz basmış kitab vardı. Onlar da anasından qalmışdı. "Deyirlər indi bir çox restoranlar köhnə
kitabları alırlar, yemək salonlarını bəzəmək
üçün divarlarına düzürlər. Bəlkə
bu kitabları da alan oldu. Əlini
atıb bir neçə kitab götürdü. Kitablardan biri yazıçı Anarın hələ
kiril əlifbasıyla çap olunmuş "Mən, sən, o
və telefon" kitabı idi.
Həm divan, həm çarpayı olan yerdə əyləşib
kitabı vərəqləməyə, "Mən sən, o və
telefon" hekayəsini oxumağa başladı. İlk dəfə
oxuyurdu bu hekayəni. Arabir gözucu televizora da
baxırdı: Kralın başına axır ki, tac qoymuşdular.
Hekayənin də lap axır səhifələriydi.
Sara:
- "Bu yazıçılar da ağıllarına nə
gəldi yazırlar" - deyə düşündü. Heç belə də təsadüf
ola bilər ki, telefonla kiməsə zəng
edəsən, sonra da onunla tanış olub evlənəsən?
Elə bu an qapı döyülməyə
başladı.
Saranın ürəyi səksəndi. - Deməli, Qulam kişi hər halda onu görübmüş,
evdə olduğunu bilir və indi Əzrayıl kimi
canımı almağa gəlir. "Nə qədər
döyür döysün - açmayacam deyə qərara gəldi.
Qoy elə bilsin, əstağfürullah,
ölmüşəm. Qapı aramsız
döyülürdü. Səhərə qədər
döysə də, açmayacam. Birdən qapı
arxasından səs gəldi: - Missis Sadıxova evdə deyilsiz?
Mənasız sualdı. Əgər evdə
yoxdusa, necə deyəcəkdi ki, evdə yoxam. Qapı
ardından kişi səsi də gəldi. Özü də ingiliscə danışırdı.
"Aman Allah, yoxsa Qulam kişi məni
tutdurmaqçün İnterpola da müraciət edib?"
Nəhayət, maraq bütün qorxularına
üstün gəldi, qapını açdı. Qapıda əcnəbiyə
oxşayan orta yaşlı bir kişi və
qarabəniz bir qadın dayanmışdılar. Qadın: təmiz
Azərbaycan dilində - Xoş gördük Sara xanım, kişisə:
- Hello - dedi.
İçəri keçdilər. Kişi ingiliscə nə isə
dedi. Qadın tərcümə etdi: - Xahiş edirik bizimlə
ingilis səfirliyinə gedəsiniz.
Sara təəccüblə:
- Mənim ingilis səfirliyində nə işim var? - dedi.
Qadın
tərcümə etdi, kişinin sözlərini dinlədi və
dedi: - Sizə sürpriz xəbər veriləcək, səfir
sizi gözləyir.
Sara yarı təlaş, yarı maraq içində
onlara qoşulub evdən çıxdı. Rahat nəfəs aldı, həyətdə
Qulam kişi yox idi. Evlərinin
qabağında qəşəng əcnəbi avto
dayanmışdı, sürücü maşından
çıxıb qapını açdı. Sara və tərcüməçi qadın arxada,
ingilis qabaqda əyləşdilər. Yolda Sara tərcüməçi
qadından bu qəribə vaqeə haqqında nə qədər
soruşsa da, qadın xoş gülümsünüb cavab
vermirdi, yalnız: hər şey əladır, - razı qalacaqsınız
- deyirdi.
Nəhayət, maşın ingilis səfirliyinin
qarşısında dayandı, içəri keçdilər,
Saranı böyük bir salona gətirdilər. Kişi tərcüməçinin
vasitəsilə dedi ki, bir az gözləyin,
cənab səfir sizi qəbul edəcək.
Az sonra
boy buxunlu dümağ saçlı bir kişi həmin o tərcüməçi
qadınla birlikdə içəri girdilər. Səfir
nəzakətlə Sarayla salamlaşdıqdan sonra uzun uzadı
ingiliscə danışdı. Nəhayət,
sözünü bitirəndə tərcüməçi
çevirməyə başladı.
- Cənab səfir sizi salamlayır və
sizi gördüyündən çox məmnun olduğunu bildirir.
Cənab səfir deyir ki, bu, lap nağıla
oxşayır. Məsələ ondadır
ki, çox-çox illər bundan qabaq bizim mərhum
kraliçamızın əri Hersoq Filippin əlinə təsadüfən
bir Azərbaycan yazıçısının kitabı
düşür. Müəllifinin adı
yadında qalmayıb, amma hekayə gərək ki
"Telefon" adlanırmış. Hekayədə bir gənc
təsadüfi telefon zəngi vasitəsilə bir qadınla tanış olur və sonra onunla evlənir. Bu hadisə hersoqa o qədər maraqlı gəlib
ki, bir axşam, eləmə tənbəllik həmin telefonun
London variantıyla kiməsə zəng edir və... möcüzə
də bundadır, telefonda son dərəcə məlahətli
bir qadın səsi eşidir. Xoş beş,
on beş söhbətləri tutur beləliklə,
tanış olurlar. Demə, qadın o vaxt - sovet
səfirliyinin əməkdaşı imiş. Əlqərəz,
axır əyani tanış olurlar. Qadın qeyri-adi gözəl imiş, hersoqun
ağlını başından alır, gizlində tez-tez
görüşməyə başlayırlar. Nəhayət, sovet səfirliyi duyuq düşür
və dərhal xanımı geri, SSRİ-yə qaytarırlar.
Hersoq ingilis kəşfiyyət orqanları tərəfindən
agah olur ki, sevdiyi qadın vətənə qayıdan kimi Sibirə
sürgün olunub.
Sara diqqətlə qulaq asır və heç cür
anlaya bilmirdi ki, bu söhbətin ona nə dəxli var.
Səfir tərcümənin bitməsini gözləyib
sözünə davam etdi. Xeyli keçəndən
sonra tərcüməçi yenə çevirməyə
başladı.
Məsələ ondaymış ki, Londonda son
görüşlərindən birində qadın hersoqdan hamilə
olduğunu deyib.
Hersoq qadının Qafqazdan olduğunu bilirmiş və kəşfiyyat
vasitəsilə xəbər tutub ki, qadın Sibirdə bir
qız doğub. Hersoqsa ölümündən bir neçə
gün əvvəl oğluna, yəni bizim indiki
kralımıza qapalı bir zərf verib, yalnız mənim və
ananın ölümümüzdən sonra açarsan deyib.
Və budur, hər iki valideyninin vəfatından
sonra şahzadə, indiki kralımız zərfi açıb
və indicə sizə ərz olunanlardan xəbər tutub.
Hersoq oğluna bildirib ki, məxfi yolla olanlardan xəbər
tutub öyrənib. Deməli, o qız sənin
bacındır, - yazıb.
Tərcüməçi çevirdikcə Sara
bütün bu macaraların ona nə dəxli olduğu barədə
elə hey düşünürdü.
Nəhayət,
tərcüməçi sözünü bitirəndən
sonra səfir nitqinə davam etdi: - Əlahəzrət kəşfiyyat
orqanlarına tapşırıq verib. Nə yolla
olur olsun o qızı, - daha doğrusu, indi bir qədər
yaşa dolmuş xanımı tapsınlar, tərcüməçi
çevirdi.
Səfir
xüsusi diqqətlə Saraya baxdı bir neçə
anlıq sükutdan sonra gülümsəyərək azərbaycanca:
- O
xanım sizsiz - dedi, sonra ingiliscə dediyini tərcüməçi
də gülümsəyərək çevirdi:
- Əlahəzrət
Kralın bacısı.
Saranın dili-ağzı qurumuşdu, nə edəcəyini,
nə deyəcəyini bilmirdi. Səfir isə sözünə
davam edir, tərcüməçi çevirirdi:
- Əlahəzrət
kral sizin dalınızca təyyarə göndərib. Elə bu axşam Londona uçmalısınız.
- Sara: - Mən...
hara London hara... deyə kəkələməyə
başladı - Baş həkimə nə deyəcəm -
Tamara onsuz da əlimdən zəncir çeynəyir deyə
düşününrdü ki, səfir tərcüməçi
qadının vasitəsilə: - Heç nədən narahat
olmayın, dedi - hamıyla hər şey
danışılıb, viza hazır, sizinçün bu
neçə dəst paltar, ayaqqabı alınıb. Burdan elə birbaşa aeroporta gedə bilərsiniz.
Sara: - Bəs
Qulam kişi - deyə sözə
başlamaq istəyirdi ki, tərcüməçi qadın
artıq öz adından: bu məsələdən xəbərimiz
var - dedi - narahat olmayın bir illik kirayəniz ödənilib.
Səfirlə mehriban görüşdülər, səfir
Saranın əlini öpdü.
Bayaqki kişi və tərcüməçi qadın
Saranı aeroporta apardılar. Təyyarədə
də onunla bir yerdə uçdular.
Beş saatdan sonra artıq Londondaydılar.
Kral həzrətlərinin avtomobili onları aeroportdan
şəhərə gətirdi. Tərcüməçi qadın: -
İndi birbaşa kral sarayına gedirik dedi.
Londonun tacqoyma mərasiminə görə al-əlvan bəzənmiş
küçələrindən meydanlarından keçərək
Kral sarayının qarşısına gəldilər. Sarayın qapılarına
çatdılar, tərcüməçi qadın:
Qapını döyün indi açarlar - dedi, - özü
maşına qayıtdı.
Sara sarayın qapısını döyməyə
başladı.
Səs çıxmırdı. Bir az da döydü, yenə səs
çıxmadı, qanrılıb maşına tərəfə
baxdı.
Maşın yoxdu, Saranı vahimə basdı. Tanımadığı
böyük şəhərdə, onu müşayiət edənlər
də çıxıb gedəndən sonra, dil bilməyə-bilməyə,
maaşının da yarısını Tamara
almışdısa, neyləyəcəkdi? Gələn maaşa da, vaxtında versələr belə,
bir ay qalırdı. İşə
düşmədik. Bu da kralın
bacısı olmaq. Qapını daha da
şiddətlə döyməyə başladı.
Nəhayət,
qapının ardından Qulam kişinin
xırıltılı səsi gəldi:
- Aç
qapını, ləçər, bilirəm evdəsən.
Sara gözlərini açıb xeyli ovuşdurdu. Televizorda
İngilis kralı Üçüncü Karl and içdi.
Qapı daha da bərkdən döyülməyə
başladı.
- Aç qapını həyasızın
qızı, - bilirəm evdəsən, televizorun səsi aləmi
götürüb. Yaxşı, açma, sabah
polislə gəlib şələ küləni çölə
ataram. Onda ağlın başına gələr.
22 noyabr 2023
ANAR
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin sədri
525-ci qəzet 2023.- 2 dekabr, ¹ 219.- S.17.