Ağıl dişim ağrıyır, cənab polkovnik-leytenant!
ON İKİ ŞƏHİD HAQQINDA ELEGİYA
Hamı qarşıda idi, geridə qalmışdım. Üç-beş
pilləkəni güclə
çıxan adam üçün dağa dırmaşmaq elə də asan olmamalıydı. Bir yandan da
qarayanız ölümün
hənirtisi atlı
olub dalımca yüyürürdü. Arxamda
tək bir nəfərin addım səsini eşidirdim: bölüyümün baş
atıcısı – baş
əsgər Rzayev... O
bilirdi ki, mən astagələm, ləng yeriyənəm, heç bu dağı
dırmaşmağa gücüm-taqətim
də yoxdu, bilə-bilə arxada gəlirdi. Büdrəyən
kimi tez qolumdan tuturdu:
- Rzalı, addımını
bu tərəfə
at... Həə, ay sağ
ol, bax belə,
bu cığırla
get... Gicitkandan yapışma,
əllərin göynəyəcək,
bir az
diri ol!
Diri oldum və böyüdüm.
Mən qəhrəman
deyiləm, heç belə bir fikrim
də olmayıb. Fəqət məqam
yetişəndə, deyirsən,
vəziyyət belədir,
başqa yol yoxdur və mən qazanmalıyam.
Sonra bir nəfər – yüz nəfər qazanır, namın onların sırasında dayanır və bir ölkənin
olmasa da, özünün, taleyinin qəhrəmanına çevrilirsən...
Qayıdandan sonra soruşurdular, mən ölüm, heç olmasa bir erməni öldürə bildin?
Həmin “heç olmasa” adamın yaxasından ikiəlli yapışırdı,
istəyirdin bağırasan
ki, “öldürə bilmədim, mən sən deyən olmadım, bircə özümü diri saxlaya bildim”. Heç özüm
də yox, görünür, taleyim, qismətim məni diri saxladı.
Əsgərlikdə ağıl dişim ağrımağa başladı. Gün keçdikcə
ağrı şiddətlənirdi.
Heç
tibb məntəqəsindəki,
gözümü yeganə
zillədiyim, mədəd
umduğum xanım baş gizir də mənə çarə edə bilmirdi. Ağrıdan başımı divara vururdum. Gəldim dəstə komandirinin yanına. Qapını
döyüb içəri
girdim:
- Cənab polkovnik-leytenant! Əsgər Rzalı! İcazə verin, müraciət edim!
- Buyur...
- Mən ölürəm, hospitalda inanmıram ki, ağıl dişimi çəkə
bilsinlər. Tərslikdən də bu gün şənbədir.
Bəlkə, göndərəsiz mülkidə çəkdirim,
sonra qaytarsınlar geri.
- Səni başa düşürəm... Qəti elə
şey mümkün deyil. Birinci günü gözlə,
səni hospitala göndərəcəm.
Çox
müsibətlərdən sonra
bazar ertəsi hospitala getdim və qəssabaoxşar bir adam
ağlada-ağlada ağıl
dişimi çəkdi.
Briqadaya
qayıdandan sonra dəstə komandirim polkovnik-leytenant Hüseynov
Rəşad məni yanına çağırdı:
- Çəkdilər ağıl
dişini?
Razılıq əlaməti kimi başımı yellədim. Əlini
çiynimə qoyub gülə-gülə:
- Sən bilən, ağlın azalmayıb?
- Buna cavab verməkçün hələ çox tezdir, cənab polkovnik-leytenant...
O gündən məni hər görəndə soruşurdu: dişin ağrımır? Həkim dişimi
çox pis çəkmişdi, günlər
keçsə də, yeri ağrıyırdı.
Mülki həkimə
göndərmədi deyə
dəstə komandirimə
acıqlıydım və
hər dəfə soruşanda qəsdən bir az da fikirli-fikirli deyirdim: hələ də ağrıyır, cənab polkovnik-leytenant!
Antiterror tədbirləri vaxtı, Laçında – qaynar nöqtələrin bir addımlığında ağaca
söykənib bardaş
qurmuşdum. Uğultulu bir səs eşitdim:
- Polkovnik-leytenant Hüseynov
Rəşad şəhid
olub...
Həmin
dəqiqədən etibarən
dişimin yerini unutmuşam və indi də bilmirəm
ki, nə vaxtsa ağzımın həmin nöqtəsində
bir diş olub, ya yox...
Canımdan bir sızıltı
keçdi. Qarşıda məkrli düşmən
var idi, atəşkəsin elan olunması ilə bağlı xəbərlərin
doğru olub-olmaması
məlum deyildi və mənim dəstə komandirim şəhid olmuşdu.
Ölümün təlatümü
canıma həmin an cift oldu və
mən, baş əsgər Rzayevin sözü olmasın, bir az da diri oldum,
böyüdüm, ağıl
dişimin varlığını
unutdum.
Düşmən ağ bayraq qaldırdı. Bütün gecikmiş ağ bayraqlara
lənət olsun! Biz ona görə mərd qafqazlıyıq ki, o ağ
bayrağın qarşısında
qara rəngi ürəyimizə basıb
üç sayrışan
rəng dalğalandıra
bilirik: göy, qırmızı, yaşıl...
“Ağ”ı “qara”yla qarşılamadıq.
Qara rəng yanımızda gedib ürəyimizdə qayıdan on iki nəfərin qüssəsinə,
qəhərinə çevrilib
boğazımızda düyünləndi.
Antiterror tədbiri zamanı birlikdə ön cəbhəyə yollandığımız,
ürəyi gözündə,
sabahı xəyalında,
sübhün şəfəqləri
zülmətində qalan
on iki nəfər şəhid oldu. Döyüşdən tək qayıdan atlar qarğış yeyən kimi, mən də briqadaya qayıdanda pərt olmuşdum, atlar kimi qızarmışdım,
qoşa gedib tək gələn indi mən idim
– yoldaşlarım idi.
Elə bilirdim, kimsə gəlib yaxamızdan yapışacaq ki, niyə onlarsız gəlmisiniz?!
On iki nəfərin hamısı DİN-in Daxili
Qoşunlarının Gəncədə
yerləşən N saylı
hərbi hissəsində
eyni dəstədə
xidmət edirdi – II xüsusi vasitələrin
tətbiqi dəstəsində.
Hər səhər eyni sırada dayanırdıq, eyni təlimlərə cəlb
olunurduq, toplanış
veriləndə onlarla
birgə komandanı icra edirdik... Bircə fərqimiz var idi – biz müddətli idik, onlar müddətdən
artıq, ömürlərini
bu işə həsr eləmişdilər,
həyat tərzləri
peşə təyinatları
üzərində qurulmuşdu.
Yorulurdular? Əlbəttə... Amma sevirdilər və peşələrinin məsuliyyətini
bütün vücudları
ilə dərk edirdilər.
Dəstə komandirimiz polkovnik-leytenant
Hüseynov Rəşad,
özümüzə ağsaqqal
bildiyimiz, zəhmi, iri cüssəsi ilə dağ əzəmətli, kişiliyi
ilə örnək olan gizir Rəcəbov
Vaqif, zarafatları, qayğıkeşliyi, yardımsevərliyi
ilə əsgərlərin
dostuna çevrilən
çavuş Əliyev
Zahir, həlim, xətirədəyməz xasiyyəti,
ağıryanalığı ilə hörmət qazanan gizir Əhmədov
Elvin, xatirəmizdə gülər
çöhrəsi ilə
yaşayan baş çavuş Hüseynov Ramin, tay-tuş kimi deyib-güldüyümüz,
darıxanda rahatlıqla
ürəyimizi aça
bildiyimiz əsgər Sadıqov Samir, Nəbiyev Fərid, Vəlizadə Rəşad,
heç kimlə işi olmayan, əlindən pislik gəlməyən kiçik
çavuş Mehdiyev Süleyman, əsgər Məmmədov Azər, Babayev Sahil, Səmədov Camal... Hamısı
ilə irili-xırdalı
cürbəcür xatirələrimiz
var.
Briqadanın ən vüqarlı
və işini bilən hərbçilərindən
biri gizir Azayev Mehdi döyüşdən
sağ qayıdanlar içində idi, mən onlardan müəyyən bir məsafə geridə olan qrupun daxilində
idim. Maşından düşən kimi yaxınlaşıb təkidlə
soruşdum:
- Bəs niyə gizir Rəcəbovsuz gəlmisiniz? O boyda boy-buxun, o boyda cüssəni tabuta necə sığdıracaqlar?
İlk dəfə onu belə çarəsiz və cavabsız görürdüm... Onda başa düşdüm ki, ölüm nə qədər acıdırsa, o müsibətdən
sağ çıxıb
yaşamaq da bir o qədər çətindir...
Yazıda hamısını yazmağıma
baxmayın, həmin
on iki şəhidin adını şifahi sayanda həmişə birini unuduram. Sonra unutduğumu
yada salıb təzədən saymağa
başlayıram, yenə
kiminsə adı yadımdan çıxır.
Bu minvalla on iki
nəfərin adını
tam sayıb başa çıxa bilmirəm.
Onların hansısa biri sağdır!
Hər dəfə mənim nitqimdə o on iki nəfərin biri diri qalır, qeybə çəkilir!
İmam
xislətli, İlahidən
nur alan
igidlərin hər birini rəhmətlə anıram. Onlar da tapındıqları müqəddəslər kimi
haqqın yolunda rəhmətə qovuşdular,
hamısı da diridi, onlar məndən
və bütün sağ qalanlardan daha diri oldular,
baş əsgər Rzayevin mənə məzəmməti kimi: “Rzalı, diri ol!” Mən onlar
kimi diri ola, diri
qala bilmədim, cənab baş əsgər...
Bu şeir də Laçında yazıldı,
on iki nəfəri xatırlayanda:
On səkkiz yaşında,
hələ bığ
yeri təzə-tər
yoldaşım,
bəxti bəxtimə
tay soydaşım soruşur:
“Görən səhər
açılacaq?”
“Səhərə ümid sənsən” dedim,
“sən özün
nəfəssən” dedim,
“torpaq qaçmasın
ayağın altdan,
sabah da yüyürəcəksən” dedim.
Səhəri gözlədi sübhə
kimi,
istədi qol aça süzə meşədə,
bulud üstə gəzə,
ocaqdakı közə
dəyib dayandı,
alça ağacının
budağını əyib
dayandı.
gedib o dünyanı gəzib dayandı.
Döyüşdən on iki nəfər kəm gəldilər yanımıza,
Arxa cəbhə,
dərd cəbhə,
qara xəbərə
bənd cəbhə...
On səkkiz yaşında,
hələ bığ
yeri təzə-tər
yoldaşım
on iki dəfə dolandı başına alça ağacının,
dəli-dəli qol qaldırdı birdən...
içində ölüm
qorxusu,
içində qisas hikkəsi,
gözləyir anası.
dedi, çətin açıla səhər...
düz dedi, açılmadı,
sabah gülümsəmədi
on iki evdə,
üstümüzə od ələndi on iki yerdən.
on səkkiz yaşında,
hələ bığ
yeri təzə-tər
yoldaşım qayıtdı,
mən də qayıtdım,
on iki nəfər qayıtmadı...
***
Deyirəm, kaş indi də zəng edib deyə
biləydim: “Ağıl dişim
ağrıyır, cənab polkovnik-leytenant!”
Nadir YALÇIN
525-ci qəzet .- 2023.- 2 dekabr, ¹
219.- S.13.