Patronun ölümü
Hüsünün
oğlu atasına sillə vurduğu gün şəhərə əməlli-başlı
yaz gəlmişdi. Sökülməsi
çoxdan nəzərdə tutulmuş balaca köhnə evlərdən
ibarət "Zavağzalnı" küçəsində
qışdan çıxmış adamlar o tərəf-bu tərəfə
gəzişir, işi oldu-olmadı sıralanmış balaca
dükanlara girib-çıxır, bəhanəylə özlərini
günə verirdilər. Yaz allı-güllü çəmənlərdən,
nəhayətsiz düzənlərdən, günün
altında xumarlanan dağdöşü örüşlərdən keçib şəhərə
təşrif gətirmişdi. Hər tərəf
işığın içində üzürdü.
Həmin
gün Sürəyya nəfəsi tən-giyə-təngiyə
otağa daxil olub qışqırdı ki, qızlar, Patron
öldü! Kirayənişin qızlar yerlərindən
dik atıldılar, sual dolu gözlərini ona zillədilər.
Gözlədilər ki, sözünün
ardını da gətirsin. Amma Sürəyya, deyəsən,
qızları da maraqdan öldürmək fikrindəydi. Bir
xeyli susaraq əllərini ovuşdurdu. Birinci dillənən
Lalə oldu, özü də çox həyəcanlanmışdı,
kəkələyərək soruşdu:
- Nə...
nə danışırsan? Niyə?
Öldü nədir?!
-
Küçədə maşın vurub!
Yenidən araya sükut çökdü.
Sürəyya köhnə, ikigözlü alçaq pəncərənin
qarşısına keçdi. Qızların sual və
həyəcan dolu baxışlarını da özüylə
kürəyində pəncərənin qarşısına
apardı.
-
Küçədə eşitdim ki, Patron ölüb! Kürəkəni maşınla aparıb xəstəxanaya.
Vəziyyəti yaxşı deyilmiş, yoldaca
keçinib.
Kirayənişin
qızlar ev sahibəsini öz aralarında
"Patron" adlandırırdılar. Patron
hündürboylu, diri-diribaş, həmişə deyib-gülən,
həm də öz zəhmini saxlayan qadındı. Qızlar dünya dağıla inanmazdılar ki, o,
belə qəfildən ölə bilər. Onlara elə gəlirdi ki, Patron həmişə
öz hökmran ədasıyla adamları
yuxarıdan-aşağı süzəcək,
başlarının üstündə duraraq lazım gələndə
müstəntiq kimi sual-cavab edəcək, sonda hakim kimi qərarlar
verəcək. Dünyanın işinə bax ki, yerin
altından da, üstündən də xəbəri olan o boyda
Patron da gözlənilmədən, belə asanlıqla ölərmiş. Eşitdikləri xəbər onları əməlli-başlı
çaşdırmışdı.
Bir anda həyət bir-birinə dəydi.
Bura ümumi həyət olduğundan
hamı bir ailə kimi yaşayırdı. Kimin hara getdiyindən, hardan gəldiyindən, nə
işlə məşğul olduğundan hər kəsin xəbəri
olurdu.
Günorta yaxınlaşdığından günəş
həyətdəki tut ağacının arxasından
boylanırdı. Tut ağacının yarpaqları par-par
parıldayır, məsumluğu adamın gözünə
dolurdu.
Çox keçmədən həyət adamla doldu. Sakinlərin
hamısı bura toplaşdı. Ən gec
gələn həyətin başındakı evin ikinci mərtəbəsində
yaşayan "pyaniska Hüsü" oldu. Hüsü səntirləyə-səntirləyə
taxta pilləkənlərlə aşağı endi, gözlərini
ovuşdurdu. Adamların arasında vurnuxdu, bir-iki sual verdi, onu saya salan olmadığından gedib pilləkəndə
əyləşdi. Ətrafa ucuz araq iyi
yayıldı.
Sürəyya da artıq kirayənişin
yoldaşları ilə birlikdə qonşulara qoşularaq
köhnə, taxtaları laxlayan, rəngi çoxdan solmuş
həyət qapısında dayanıb küçədəki
adamlara tamaşa edirdi. Yeni gələnlərə xəbəri
ötürən də o idi.
Küçənin o biri başından gələn
maşın qapının ağzında yavaşıdı. Maşından
enənlər tələm-tələsik həyətə daxil
oldular. Əyninə qara geyinmiş adamlar alayarımçıq bəzənmişdilər. Qara paltarlı kök qadın başına qara
örpək atsa da, dodağının pomadasını silməmişdi.
Əlindəki dəsmalı gözünə
aparan pırpızsaçlı arıq qadının
dırnaqlarındakı qırmızı lak da olduğu kimi
qalmışdı.
Sürəyya
yanındakılara elan etdi:
- Bu, gəlinidir,
o biri gəlinin bacısı, qardaşı...
O, bu evdə
xeyli müddətdir yaşadığından Patronun qohumlarını da
yaxşı tanıyırdı.
Həyətdəkilər bir anda gələnlərin
başına toplaşıb sorğu-suala tutdular. Qara paltarlı kök
qadın başa saldı ki, xəstəxanada keçinib, gətirəcəklər
bir azdan, hazırlıq görmək lazımdır!
Adamlar tələm-tələsik o tərəf-bu tərəfə
vurnuxmağa başladılar, qab-qazan səsi, taxta pilləkənlə
qalxıb-enənlərin ayaqlarının
taqqıltısına qarışdı. Həyətə
çoxlu yad adamlar daxil oldu.
Sürəyya qızları başına
yığıb bir tərəfə çəkildi. Çünki
kirayə qaldıqları otaqdan da yas məclisi
üçün istifadə etməyə başladılar.
Bazarlıq dolu torbaları bir-bir gətirib ora
yerləşdirdilər. Sonra
qızların yatdıqları çarpayıları
yığışdırıb bir kənara qalaqladılar,
sonda isə qonşunun zirzəmisinə daşıdılar.
Bir qədər keçmiş kirayənişin
qızlar da qollarını çırmalayıb işə
girişdilər. Kömək göstərməyə,
əl-ayaq etməyə başladılar.
Həyətin ortasındakı su kranının
başında qadınlar növbəyə düzüldülər. Kimi göyərti
yuyur, kimi tavadakı düyünü suyun altında
isladır, kimi başqa bir işlə məşğuldu.
Artıq günəş həyətin ortasındakı
tut ağacının başından xeyli yuxarı
qalxmış, oradan həyətdəkilərə tamaşa
edirdi.
Hüsü fikirli-fikirli tut ağacını
başdan-ayağa süzdü, sonra nəzərlərini
günəşə dikdi. Hüsünün
arvadı da həyətdə fırlanan arvadların içərisində
idi. Oğlu isə qapının
ağzına yığışmış gənclərin
arasında çöməltmə oturmuşdu. Kirayənişin qızlar gözucu
Hüsünün oğlunu süzürdülər. Hüsünün oğlu hündürboylu və
yaraşıqlıydı. Hüsünün
arvadı da gözəl qadındı, diqqətlə baxanda
lap mələyə bənzəyirdi. Görünür,
oğlu da ona çəkmişdi. Hüsünün
oğlu yaraşıqlı olduğunu hiss etdiyindən gəzişində,
duruşunda bir qədər lovğalıq hiss olunurdu. Qonşu qadınlar onun haqqında deyirdilər ki,
çox qanacaqlı, sakit, böyük-kiçik yeri bilən
uşaqdır.
Hüsünün oğlu son vaxtlar gözəl bir
qızla görünürdü küçədə. Kirayənişin qızlar
gizlincə oğlanla
maraqlansalar, ürəklərində ona tərəf
meyllənsələr də, artıq oğlanın özlərindən xeyli uzaqda
dayandığını hiss edirdilər. Amma yenə
də özlərini saxlayammayıb gizlicə ona tərəf
baxırdılar. Özləri demişkən,
baxmaq da pulla deyil ki?
Bir qədər
sonra ara qarışdı, uğultu
eşidildi. Xəbər gəldi ki, Patronu gətirirlər.
Hamı o tərəf-bu tərəfə
qaynaşmağa başladı. Həyət
bir anda arı pətəyinə döndü. Təkcə Hüsü gözə dəymirdi.
Hüsünün arvadı taxta pilləkənlə
yuxarı qalxdı. Bir qədər sonra içəridən səslər
eşidildi. Hüsü arvadına
qışqırırdı, bəlkə də,
döyürdü onu. Arvad nəyisə
başa salmağa çalışırdı, səsi
qırıq-qırıq gəlirdi. Arvadın
səsi cingiltili idi, Hüsünün qalın səsinə dəyib
çiliklənirdi. Sonra yuxarıdan
qab-qacaq səsi eşidildi. Hiss olunur ki, bir dəstə
qab yerə çırpılıb çilikləndi. Həyətdə hamı diqqətini yuxarı cəmlədi.
Qadınlar bir-birinə baxıb him-cimlə
başlarını buladılar. Kirayənişin
qızlar gözlərini Hüsünün oğluna zillədilər.
Hüsünün oğlu olanları eşidirdi.
Yoldaşlarının yanında pərt halda
susub dayanmışdı. Xəcalət çəkdiyi
açıq-aydın hiss olunurdu.
Artıq təkcə kirayinəşin
qızların deyil, hamının gözü
Hüsünün oğluna zillənmişdi. Bir qədər sonra pilləkəndən
aşağıya diyirlənən büllur külqabı
asfalta dəyib çilik-çilik oldu. Ayna
qırıqları muncuq kimi ətrafa səpələnib
adamların ayağı altına yayıldı. Hüsünün oğlunun üzündəki
işıq da qab ilə bərabər çilik-çilik olub
ayaqlar altına səpələndi. Az
sonra Hüsü səntirləyə-səntirləyə pilləkəndə
göründü, ardınca yuxarıdan arvadının
hıçqırıq səsləri eşidildi.
Hüsü axırıncı pillədə səntirləyərək
pilləkənin kənarında yellənən taxta söykənəcəyə
söykəndi. Hüsünün oğlu pilləkənin
qarşısına gəldi, atasıyla üz-üzə
dayandı. Hamı nəfəsini dərib
onlara tamaşa edirdi. Həyətə elə sakitlik
çökmüşdü ki, milçək uçsa,
eşidilərdi. Sürəyya içini çəkib
qızların qolunu çimdiklədi. Bir
qədər sonra Hüsünün üzündə
açılan sillənin səsi tüfəngdən
açılmış atəş kimi şaqqıldadı.
Bəlkə də atəş səsi bundan
yaxşı idi. Günün
günortası həyətdə atəş
açılsaydı, adamlar belə həyəcanlanmazdı.
Həyətdəkilərin üzündə bir
qorxu, vahimə dolaşdı. Vahimə
üzlərdən çəkilməmiş, adamlar yenidən
diksindilər. Həyətdəki tut
ağacının bir hissəsi ildırım vurmuş kimi
ayrılaraq şaqqıltıyla asfaltın üstünə
düşdü. Yaşıl yarpaqlar ətrafa
səpələndi. Keyləşmiş
adamlar bir anda sanki yuxudan ayıldılar. Kim
bilir, bəlkə də, tut ağacı qopub düşməsəydi,
hələ uzun müddət bu həyətin ortasında beləcə
donub qalacaqdılar.
Hüsünün oğlu asta addımlarla, heç kimin
üzünə baxmadan, adamların arasından keçərək
həyətdən çıxdı. Bir daha onu nə bu həyətdə,
nə də
köhnə "Zavağzalnı" küçəsində
görən olmadı. Çox sonralar, anası
onun həsrətiylə dünyadan köçəndə də,
Hüsünün cansız cəsədi küçədəki
qarın altından tapılıb gətiriləndə də
onu gördüm deyən olmadı.
Özünə gələn adamlar tutun
qırılmış budaqlarını həyətdən
çölə sürüdülər. Budağın
altındakı iri, yumru top boyda daşı götürüb
atmaq istəyəndə hamı bir anlıq duruxdu. Bu daş hardan düşdü axı bura?! Burdakıların
hamısı şahiddi ki, bu daş həyətin ortasında
deyildi. Birinci mərtəbədə
yaşayan Gülgəz xala da and içdi ki, səhər
özü həyəti süpürüb, daş yox idi.
Hamı bir-birinə baxıb təsdiqlədi ki,
burda heç vaxt daş olmayıb.
Az
keçmiş Patronun cənazəsini həyətə gətirdilər.
Qohum-əqrəba cənazənin başına
yığışdı. Adamlara mane
olmamaq üçün kirayənişin qızlar kənara
çəkildilər. Sürəyya yenə
də nəfəsi təngiyə-təngiyə, həyəcanla
qızlara bəyan etdi ki, daşın göydən
düşməsini öz gözləriylə görüb.
-
Hüsünün oğlu atasını vuranda daş göydən,
günəşin yanından endi, düz tut ağacının
köksünə düşdü! Sonra budaqla bərəbər
yerə gəldi... Özüm gördüm, gözlərimlə
gördüm...
Sürəyya
bu sözləri deyərkən həyəcandan az
qalırdı ağlasın. Deyəsən,
qızların ona inanmayacağını hiss edirdi. Həyəcanlanmış iri gözləri o tərəf
- bu tərəfə qaçışır, şişman sifətində
tər damcıları görünürdü. Sonra nəyisə
isbat edirmiş kimi asta səslə öz-özünə dilləndi:
- Ömrümdə bu qədər
qorxmamışdım!
525-ci qəzet .- 2023.- 5 dekabr, ¹
220.- S.14.