Nağı
Şeyxzamanlı irsində "qaçaqlar" mövzusu
Sarsılmaz
əqidəyə, möhkəm iradəyə sahib istiqlal
mücahidi Nağı Şeyxzamanlının (1883, Yelizavetpol,
Gəncə ? 1967, İstanbul)
yaradıcılıq diapozonu geniş, çoxşaxəli,
janr seçimi rəngarəng
olmasa da, ideya cəhətdən aktual, mövzu
baxımından maraqlı və diqqətəlayiqdir. Müəllifin
"Azərbaycan" (Ankara) dərgisində qaçaq hərəkatına,
qaçaqların həyatına, fəaliyyətinə həsr
etdiyi silsilə yazıları - "Qaçaqlar" (1959,
¹8-9 (92-93, s.17,18),
"Qaçaq Nəbi" (1960, ¹10-11 (94-95, s.25-26; ¹12,
s.11-12), "Qaçaq Dəli Alı" (1962, ¹1-2-3,
(121-122-123), s.21-25); ¹4-5-6 (124-125-126) adlı publisistik nümunələri
xalqımızın həyat və düşüncə tərzində
azadlıq duyğusunun nə qədər dərin, müqəddəs,
hürr hissinin necə əziz, işğala, əsarətə,
köləliyə qarşı mübarizə əzminin,
ruhunun tükənməz olduğunu göstərmək, eyni
zamanda tariximizin az öyrənilmiş səhifələri ilə
tanış olmaq baxımından böyük maraq doğurur.
Bu silsilədən olan yazıların təhlilinə
geçməzdən öncə bildirməyi vacib hesab edirik
ki, "qaçaqlar" mövzusu mühacirətin bədii və
publisistik mirasında mühüm yer tutur. Mühacirət
irsində "qaçaqlar" probleminə həsr olunmuş
xeyli sayda tədqiqat əsərlərinə, mühacirət mətbuatında
bu səpkidə şifahi ədəbi numunələrə təsadüf
edilir. Məhəmməd Əmin Rəsulzadə, Mirzə
Bala Məhəmmədzadə, Əhməd Cəfəroğlu,
Səlim Rəfiq, Hüseyn Baykara və başqa qələm
sahibləri qaçaqlarla bağlı müxtəlif
janrlardakı bədii nümunələri tədqiqata cəlb
etmiş, xalq qəhrəmanlarının milli-azadlıq hərəkatındakı
yeri, rolu haqqında, qaçaqların
işğalçılara, onların yerlərdəki nökərlərinə
qarşı mübarizəsi barədə dəyərli fikirlər
irəli sürmüşlər. Mühacirlərin
bu problemə müraciəti səbəbsiz deyil.
Qaçaqların işğala, müstəmləkəçiliyə
etirazı, üsyanı ilə mücahidlərin sovet rejiminə
qarışı ideoloji mücadiləsi forma, üsul və
taktiki cəhətdən fərqli olsa da, məram, məslək
nöqteyi-nəzərindən üst-üstə
düşür: Vətənimizdə
işğalçıya, yadelli düşmənə yer
yoxdur! Böyük publisist Mirzə Bala Məhəmmədzadənin
"Milli Azərbaycan fikriyyatını tərvic edən
aylıq məcmuə"də - "Odlu yurd" dərgisində
(1930, ¹2 ) dərc etdirdiyi "Xalqın
müsəlləh müqaviməti nəyi ifadə edir"
adlı məqaləsində yazırdı: "Millətimizin
bəşəri təkamülün hansı bir mərhələsində
bulunduğunu bilmək istəyənlər bu dərin və
qüvvətli xalq hərəkatından çox qiymətli və
müsbət mənalar çıxara biləcəklər. Xalqımız Şimaldan gələn irtica ilə
bir əsr var ki, mücadilə edir. On doqquzuncu əsrin
ortasında Rusiya kəndisinə nisbətən daha hür və
sərbəst olan Azərbaycan köylərində rus
"Krepastnoy" (təhkimçilik - T.A) sistemini tətbiqə,
Azərbaycanda velikorus üsulunda insanların canına da,
malına da hakim bir feodalizm və dərbəylik təsis eləməyə
başlarkən azəri xalqı nasıl qiyam edərək dağlara çəkilmiş,
"Nəbi" kimi nasıl ənənəvi xalq qəhrəmanları
çıxararaq müsəlləh müqavimətə
başlamışdısa, şimdi də azəri
köylüsünü hər bir insani haqlardan məhrum edən,
onu bir makinə, bir kölə kimi qullanmaq istəyən
qızıl "pomeşçiklərə" (torpaq
ağası - T.A) qarşı əlində silah olaraq
dağlara və ormanlara çəkilir, müqavimət
göstərirlər".
İstiqlal mücahidi, şöhrətli türkoloq
professor Əhməd Cəfəroğlunun
araşdırmalarında qaçaq hərəkatı
özünəməxsus yer tutur. O, "Azəri Türk" məcmuəsində
dərc etdirdiyi "Azəri xalq ədəbiyyatında
"Qaçaq Nəbi" dastanı" məqaləsində"
əsəri milli ədəbiyyatşünaslıq tələbləri
baxımından dərindən və hərtərəfli təhlil
edib. "Azərbaycan yurd bilgisi" məcmuəsindəki
"Azəri ədəbiyyatında istiqlal mücadiləsi izləri"
(¹1-36. Sayılar, Birleştirilmiş
Tıpkıbasım), Ankara 2008, 1462 s., Türk Dil Kurumu
Yayınları: 944. s.364) adlı dörd hissədən ibarət
əsərinin böyük bir qismini bu mövzuya həsr edən
türkoloq göstərir ki, xalq ədəbiyyatında ruslara
qarşı yürüdülən istiqlal mücadiləsi
bilhassa "qaçaqlar" haqqında dastan və şeirlərlə
"Aşıq ədəbiyyatında" kəndisinə
inikas bulmuşdu. Görkəmli alim daha sonra
qaçaqlara, xüsusi ilə Qaçaq Nəbiyə xalq məhəbbətini
ifadə edən nümunələrə diqqəti çəkir,
yazır ki, həmin əsərlərin başlıca mənası,
ideyası, dəyəri "xalqın ruslara qarşı
yürütdüyü hürriyyət davasını təmsil
etməsidir".
N.Şeyxzamanlının "Qaçaqlar" əsəri
publisistin bu silsiləsindən ilk yazısıdır. N.Şeyxzamanı XIX əsrin
əvvəllərində Rusiyanın böyük itkilər
hesabına da olsa, əvvəlcə
Şimali Qafqazı, sonra Cənubi Qafqazı işğal
etdiyini, xanlıqların qəsbkarlara ciddi müqavimət
göstərdiyini, "hərb və ya anlaşma yolu ilə"
Azərbaycanı əsarət altına aldığını
yazır. Bu qələbə ruslara baha başa gəlmişdi:
"Rus idarəsini sadəcə Qafqaz qövmlərinin qəhrəmanlıqları
deyil, eyni zamanda Azərbaycan xalqının hürr
yaşayış tərzi də sarsıtmışdı. Belə ki, Azərbaycan xalqı fərdi hürriyyət
içərisində yaşarkən Rus idarəsinə ancaq əsgəri
güc zoru ilə əsir olurdu. Halbuki o
tarixlərdə Rusiyada hökm sürən idarə tərzi sərfük
(təhkimçilik - T.A.) sisteminə dayanmaqda idi". Müəllif qaçaq hərəkatının,
qaçaq dəstələrinin meydana gəlməsi,
qaçaqların məqsədi, mübarizə üsulları,
yaşayış tərzi, kədlilərlə münasibəti
haqqında ətraflı söz açır.
İşğalından sonra ruslar kəndlilərlə kölə
kimi davranmağa başlayanda onların bir qisminin hürr qalmaq
istədiyini, buna görə də dağlara çəkildiklərini
göstərən N,Şeyxzamanlı davam
edir: "Hürr yaşama tərzinə bağlı qalmaq istəyən
bu kəndlilər "qaçaq" ünvanını
aldılar. Bundan sonra artıq
"qaçaqların" rus idarəsinə qarşı
sistemli mücadiləsi başlayır. Hər
"qaçağın" ilk işi, nə olursa olsun, bir
rus əsgərini öldürmək və onun tüfəngini
almaqdır. Qaçaqlar işğalın ilk
dövrlərində "sıxıntısız bir həyat
sürsələr" də, rus idarəsi ölkənin ən
ucqar ərazilərini bürüdükcə onlar daha çox
təqibə məruz qalırdı. Bununla
belə, qaçaqlar mücadiləyə fasilə vermir, xalq
arasında getdikcə daha çox rəğbət qazanır,
qəhrəman kimi ad-san çıxarırdılar.
Publisist ayrı-ayrı qaçaqlar haqqında söz
açmazdan "öncə qaçaqların ümumi həyatını
qısaca anlatmaq" - istədiyini bildirir. O yazır:
"Qaçaqların birləşməsinə
"qaçaq dəstəsi" deyirlər. Hər
qaçaq dəstəsinin bir başı olur və dəstə
onun ismi ilə anılır. Məsələn,
Qaçaq Nəbinin dəstəsi, Qaçaq Hüseynin dəstəsi.
Dörd ay qış mövsümü
qaçaqların ölüm ayıdır. Öz
aralarında belə deyirlər: "Qışı adlada bilən
qaçaq həm taleli, həm də qəhrəmandır".
N.Şeyxzamanlı
qışda qaçaqların hansı çətinliklərlə
üzləşdiyini, sağ qalmaq uğrunda necə mücadilə
etdiklərini, hətta Türkiyəyə, İrana
keçdiklərini, "ömürlərinin məsud
çağı" başlayanda, ağaclar
yaşıllaşanda" isə "dəstə əfradı
(fərdlər - T.A.) bir-birlərini axtardıqlarını və
yenə birlikdə mücadilələrini davam etdirdiklərini"
yazır.
Yuxarıda qeyd etdiyimiz kimi, N.Şeyxzamanlıya qədər
və ondan sonra da qaçaqların, o cümlədən,
Qaçaq Nəbinin rus əsarətinə qarşı
mübarizəsi barədə xeyli yazı qələmə
alınmışdı. "Qaçaq Nəbi" oçerki
N.Şeyxzamanlının irsinin də diqqətçəkən
nümunələrindəndir. Qaçaq Nəbinin tərcümeyi-halına
qısaca nəzər salan müəllif qeyd edir ki, o, təkcə
doğulub boya-başa çatdığı Qarabağda yox, ətraf
bölgələrdə də ruslara qarşı amansız
mübarizə aparmışdı: "...Gəncə vilayətinin
yeddi qəzasında at oynatmışdır. Bununla
da qalmamış, İrəvan və Zaqatala vilyətlərində
də dolaşmışdır. Bütün
Azərbaycan xalq şairləri bir-biri ilə
yarışırcasına Nəbiyə qoşmalar söyləmişlər
və xalqa əzbərlətmişlərdir".
N.Şeyzamanlı əsərində Qaçaq Nəbini xalq qəhrəmanı,
sədaqətli həyat yoldaşı, vəfalı dost, ədalətli,
xeyirxah insan olduğunu məhəbbətlə qələmə
alır. O, məşhur
qaçaqlar arasında yalnız Qaçaq Nəbinin
xanımı Həcərin də onunla çiyin-çiyinə
savaşdığını, bununla da qəhrəman
xanımın Rus idarəçilərini heyrətə
saldığını vurğulayır. Müəllif Həcər
xanımın şücaətini, mərdliyini, övlad
sevgisini göstərən ibrətamiz hadisəni ustalıqla təsvir
edir: Həcər 6 yaşındakı qızı ilə
birlikdə qonşu kənddəki toya getmək
üçün kişi paltarı geyir,
tüfəngi çiyninə keçirir, Bozatın təkinə
minir. Həcər xanımın izinə
düşən rus əsgərləri toya gəlir, bunu duyan Həcər
xanım özünü itirmir, soyuqqanlı hərəkət
edir, qızı ilə məclisdən çıxır, kənddən
uzaqlaşırlar. Əsgərlərin
onları təqib etdiyini görən Həcər xanım
atı Kürə salır. Bu zaman qız
sulara qərq olur. Həcər xanım
bayılır, əsgərlər fürsəti fövtə
vermir, onu tutur, Gəncəyə gətirib həbsxanaya
salırlar. Gəncə xalqı - kişili,
qadınlı hər kəs bundan qəzəblənir və
valiyə etirazlarını bildirir, Həcər xanımın
dərhal azad olunmasını tələb edirlər:
"Açın, həbsxana qapısını, içəri
girəlim, biricik qızını nehir sularında qeyb
etmiş anaya başsağlığı verəlim, dərdini
paylaşalım. Sizin bu yapdıqlarınız
tamamən vəhşilikdir, bu hal heç bir millətə,
heç bir dövlətə yaraşmaz". Publisist bu cümlələrlə xalqın
qaçaqlara məhəbbətini, eyni zamanda çar hökumətinə
nifrətini nümayiş etdirir.
Əsərdə
erməni xislətinə xas xəyanət, satqınlıq,
qorxaqlıq, yaltaqlıq kimi sifətlər
inandırıcı dəlillərlə əks etdirilir və
mənfur qonşuların iç üzü məharətlə
ifşa olunur. Qarabağ erməniləri
Qaçaq Nəbinin aradan götürülməsi
üçün valiyə, məmurlara dəfələrlə
müraciət etmişlər.
N.Şeyxzamanlı bu əsərini daha çox 20-30-cu
illər publisistikasına xas tərzdə - sovet rejimi və
kommunist ideologiyasını da kəskin tənqid etmək
üslubunda qələmə almışdır. O, ara-sıra Bakı
radiosunun musiqi proqramlarını, tez-tez səsləndirilən
Qaçaq Nəbi dastanlarından parçaları dinləməyi
xoşladığını gizlətmir, onlardan əzbərlədiyi
nümunələri oxucularla da bölüşür: Sonra
yazır: "Ancaq
nəzər-diqqətimi çəkən nöqtə
budur: Nəbi dastanlarında ruslar ilə mücadilədən
bəhs edilmir". Publisisti daha çox qəzəbləndirən
isə "Azərbaycan kommunist yazarlardan" birinin Qaçaq
Nəbiyə həsr etdiyi bir pyesdir. Dramaturq, Qaçaq Nəbinin
igidliyindən söz açır, onu göylərə
qaldırır, xalq qəhrəmanını elə təqdim
edir ki, "məgərsə,
Nəbi Lenini kölgədə qoymuş "proletar
mücahidi" bir kommunist imiş. Belə ki, Qaçaq Nəbi
yol kəsir, soyğunçuluq edir, göbəklərini
şişirtmiş mollaların ticarət malı
yüklü karvanlarını durdurur, malları alır, sonra
da soyğun yerlərinə yaxın kəndlərə xəbər
göndərir. Nəbinin arşını
olmadığından kəndlilər gəlincəyə qədər
tüfənginin boyu ilə qumaşları ölçüb kəndlilərə
paylayır. Nəbinin bütün
qaçaqçılıq həyatı bəylər ilə
savaşda keçir". N.Şeyxzamanlı
bu tənqidlə də kifayətlənmir, pyes müəllifini
daha sərt ifadələrlə ittiham edir.
Abid TAHİRLİ
(Ardı var)
525-ci qəzet .- 2023.- 5 dekabr, ¹
220.- S.13.