Zaman qatarı
Bir neçə il
öncə bəlli çətinliklərlə bağlı
uzun bir zaman çərçivəsində
evlərimizdə qalmağa
məcbur olmuşduq. Bu dönəmdə əminəm ki, hər birimizin zaman haqqında düşünməyə vaxtı
çox olmuşdu.
Zamanı necə ayarlamaq
lazım olduğunu, onu necə dəyərləndirməyimiz
barədə xeyli düşünüb-daşınmışdıq.
Buna görə də
əvvəllər heç
nəyə vaxt çatdırmadığımız halda, indi əlimizdə
olan uzun zamandan necə yararlanacağımız sualı
məni zaman haqqında yazmağa vadar etdi...
Bəli, bu, acı bir
həqiqətdir. Onun qatarı sürətlə
gedir, özü də çox sürətlə. Onu saxlamaq
və ya yavaşıtmaq, hansısa
zövq aldığımız
anının həzzini
uzun-uzun yaşamaq, hansısa məqamını
tutub saxlamaq mümkün deyil. O,
qatarını vaqonlarından
birinə gecikən, arxasınca qaçıb minmək istəyən birini götürmədən,
kimsəni gözləmədən,
insanlara acımadan sürüb aparır. Bu gerçəyin adı "zaman"dır.
Atalar demişkən, zaman bir nəhrdir, axar, durmaz. Çox zaman içində yaşadığın
gözəl günlərin
qiymətini dərk etmirsən, dünən baş verən isə bu gün
təkrar olunmur, bu gün yaşadıqlarını
isə sabah
axtarsan da, tapa bilmirsən, nostalji hisslər səni bürüyür.
Beləcə, saatlar saatları,
günlər günləri,
aylar ayları, illər illəri kosmik sürətlə qovur.
Həyatda çox şey zamanla bağlıdır. Həyat
haqqında ilkin təsəvvürlərimizi ifadə
edən nağıllar
və ya nəql etdiyimiz rəvayətlər belə
zamanla başlayır:
"Zaman-zaman içində,
xəlbir saman içində, dəvə
dəlləklik edər
köhnə hamam içində..." "Ta qədim
zamanlarda..." Həyatın çətin dönəmlərində
zamanı dərman hesab edirik, düşünürük
ki, zaman həll edəcək və yaraları sağaldacaq. Sofoklun dediyi
kimi, zaman gizlin qalan şeylərin
də üstünü
açır, aydın
olan şeylərin isə üstünü örtür. Ona heç
nə qalib gələ bilmir. Bəli, istənilən insanın nitqində "zaman" ən çox istifadə olunan kəlmədir. Keçmişi
xatırlayarkən, "bir
zamanlar belə idi" deyirik, gələcək haqqında
arzularımızı ifadə
edərkən "yaxın
zamanda baş verəcək", "gün
gələcək" söyləyirik.
Gələcəklə bağlı planlarımız
haqqında danışarkən
və ya bir kəsi sorğulamaq,
yoxlamaq istəyəndə
"onu zaman göstərər" deyirik.
Fəlsəfədə "zaman" yalnız bir istiqamətə - keçmişdən bu günə və gələcəyə axan
dönməz bir cərəyandır. Yəni zamanın üç hissəsi vardır: keçmiş, bu gün, gələcək.
Keçmiş yaddaşımızla bağlıdır, bu günlə yaşayırıq,
gələcək isə
qorxu və ya ümid də
daxil olmaqla gözləməkdədir. Bəzi insanlar yalnız keçmişlə yaşayır,
ən gözəl günlərini keçmiş
zamanla bağlayır,
onların bir daha təkrar olmayacağını düşünürlər.
Digərləri yalnız bu
günün dadını
çıxarır, gələcək
haqqında heç düşünmürlər. Bir başqa qisim insanlar isə yalnız gələcək
planlarını qurur,
yaşından asılı
olmayaraq, həyatında
ən gözəl günün hələ qarşıda olacağı
ümidi ilə yaşayır. Çox qəribədir,
dünyanın müxtəlif
yerlərində zaman qurşaqları, fəsillər,
gecə-gündüz izləməsi
fərqli olsa da, insanların yaşam tərzləri, həyata baxışları,
hissləri oxşardır.
Onları bir-birinə bağlayan
stabil bir dünya düzəni mövcuddur.
Ümumiyyətlə, hər şey zamanla başlayır, zamanla bitir. Müəyyən bir zaman aralığında
rüşeym halından
canlı varlığa
çevrilərək dünyaya
göz açan insan Tanrının ona verdiyi ömrün
zamanını yaşayır
və bir zaman kəsiyində həyata əlvida deyir. Bəzən vida zamanı
vaxtında gəlir, bəzən çox erkən gəlir, bəzən isə stalker kimi çox ağır-ağır addımlayır.
Bəzən insan yaşamaq
istədiklərini, arzularını
yaşadığı zaman
çərçivəsinə sığdıra bilir və həyatdan doyaraq ayrılır, bəzən isə insan hey çalışır,
vuruşur, xarüqələr
yaradır, amma çatdırmayacağından, zamanın yetməyəcəyindən
qorxur. Əslində təqvim hər
kəs üçün
eynidir, amma zaman hər kəsin içində başqa cür irəliləyir. Bir çoxları
qızıldan da dəyərli olan zamanı boşuna xərcləyir, uzun ömür sürsə də, həyatının
anlamını dərk
etmədən yaşayır,
sadəcə yaşayır
və o dünyaya gedir. Janna Dark, Motsart,
Lermontov, Mikayıl Müşfiq
kimi insanlar isə qısa da olsa, Tanrının
onlara ərməğan
etdiyi ömürlərində
dünyanın dahilərinə
çevrilməyi bacarırlar,
yalnız özlərinə
deyil, bəşəriyyətə
xeyir verə bilirlər. Əslində hər bir insan
bir romandır və bir az da qəhrəmandır.
Ancaq o insanların daxilində ilişib qalan istedadını zamanında
üzə çıxarmaq,
dəyərləndirmək gərəkdir. Yəni doğru
insanı doğru zamanda tapmaq lazımdır. Yoxsa insan
gün gəlir anlayır ki, xərclədiyi tək şey xəyalları deyil, zaman olub.
Bəlkə, Eynşteynin qeyd
etdiyi kimi, hər şey daxil, zaman da
nisbidir həyatda?.. Biz saat və təqvimlə həyatımız arasında
bir əlaqə quraraq, zamanı müəyyən bir məfhum halına gətirmişik. Yəni bir
saatlıq müddət
dediyimiz zaman göyün görünüşdəki
gündəlik dönüşünün
14 dərəcəlik bir
yayıdır. Gün dediyimiz
zaman fasiləsi Yerin öz oxu
ətrafında bir dəfə dövr etməsinin ölçülməsidir.
İl dediyimiz vaxt isə Yerin Günəş ətrafında
bir dəfə fırlanmasının ölçülməsidir.
Ancaq digər planetlərdəki varlıqlar
üçün zaman
məfhumu başqa cür ola
bilər. Çünki
başqa planetlərin
həm öz oxu, həm də
Günəş ətrafında
bir dəfə dövr etməsi bizim günümüzlə fərqli
şəkildə ölçülə
bilər.
Zamanın təbiəti haqqında ilk düşünənlərdən biri Platon idi. Onun fikrincə, zaman "əbədiyyətə bənzər bir hərəkət"dir. Aristotel isə onu "hərəkət ölçüsü" adlandırır. Ümumiyyətlə, zaman anlayışına bütün humanitar sahələrdə toxunulur. Əsasən arxaik olan mifologiyada vaxt mifik və empirik (real) zamanlara bölünür. Mifik dövrlərdə totemik qəbilə əcdadları yaşadığımız mövcud dünyanı, relyefi, göy cisimlərini, heyvanları və bitkiləri, insanları və sairəni yaratmışlar. Mifik zaman sonrakı gerçək hadisələrin əsas səbəbləri kimi görünür. Empirik zamanda baş verən dəyişikliklər, ictimai münasibətlərin və institutların formalaşması, texnologiyanın, mədəniyyətin inkişafındakı təkamül mifik zamanla proqnozlaşdırılır və tək yaradılış aktlarına uyğunlaşdırılır.
Quranda da
zamanın nisbiliyi haqqında ayələr
mövcuddur. Amma zaman nisbi də
olsa, həqiqətdir. Və biz bu
həqiqətlə birgə
yaşayırıq, bəlkə
də ondan asılıyıq. Çoxumuz
fərqinə varmadan tez-tez saatımıza baxırıq və hansı zamanda olduğumuzu hər an bilmək istəyirik.
Bəzən darıxırıq, nəyi isə gözləyirmişik kimi
zamanın tez keçməsini istəyirik,
bəzən isə zamanın durmasını arzulayırıq.
Zamanın irəliləməsi fərqli
şəkildə cərəyan
edir. Gün var il kimi keçir, il var yel kimi
keçir, deyib atalarımız. Odur ki, zamanımızı
dəyərləndirməyi, onu rəngli çalarlarla zəngin tərzdə yaşamağı
bacarmalıyıq.
Hər bir insanın hər il
bir yaş da yaşının üstünə gəlir.
Əgər biz otuz yaşındayıqsa, heç
bir iş görmədən bir il yatsaq,
sadəcə bir il yaşlanar və otuz bir
yaşına keçərik.
Ancaq bir yaş böyümək
üçün yaradıcı
olmaq, inkişaf etmək, həyata maraq qatmalıdır insan övladı. Yoxsa sağkən ölü kimi dolanan varlıqlar
olarıq. Sonra peşman
olmamaq üçün
vaxt itirmədən başlamalıyıq. Zamanın qədrini
bilməliyik. Heç vaxt
"gec deyil"...
525-ci qəzet .- 2023.- 5 dekabr, ¹ 220.- S.12.