Şövqidən
varmı? Göstərin!
Tale elə gətirib ki, Azərbaycan teatrında, doğrudan da,
Şövqi adında ikinci bir aktyor yoxdur. Necə deyərlər,
teatr ictimaiyyətində Şövqi bir dənədir, həm
hərfi mənada, həm də məcazi mənada. Aktyor
Şövqi deyəndə hamı bilir ki, söhbət
Şövqi Hüseynovdan gedir.
Mən Şövqini otuz ilə yaxındır ki,
tanıyıram. İlk tanışlığımız
90-cı illərin əvvəllərinə təsadüf edir.
O zaman Mədəniyyət Nazirliyində təzəcə
işə başlamışdım və Şövqi ilə
Lənkəranda tədbirlərin birində tanış
olmuşdum. O vaxt Şövqi 21-22 yaşlı gənc tələbə
idi. Amma sənəti haqqında danışanda
o qədər sevgi ilə, o qədər emosional
danışırdı ki, həmin görüşdə olan hər
kəsin diqqətini cəlb edirdi. İllər keçəndən
sonra onun sənət müəllimi olmuş Xalq artisti, pedaqoq
və rejissor, hamımızın qəlbində böyük
yeri olan Cənnət Səlimovanın Kamera Teatrında, elə
onun quruluşunda hazırlanan tamaşalarda ard-arda
oynadığı rollar - Qazı ("Danabaş kəndinin əhvalatları"
C.Məmmədquluzadə, 1991), Skapen ("Skapenin kələyi"
J.B.Molyer, 1992), Poprışşin ("Dəlinin qeydləri"
N.Qoqol, 1995), Kin ("Edmund Kin" Q.Qorin, 1994), Vəzir ("Vəziri-xani
Lənkəran" M.F.Axundov, 1996) kimi surətlər
Şövqini bu teatrda digər məsləkdaşlarının
hamısından fərqləndirdi.
Kamera Teatrı ilə bağlılığımdan və
onun yaradıcılığına maraq göstərdiyimdən
bilirdim ki, Şövqi, eyni zamanda, bu teatrın təşkilati
məsələlərində də öz müəlliminə
ən yaxın köməkçi idi və hər zaman onun
yanında olurdu. Çox keçmədən böyük
imkansızlıq şəraitində işə başlayan
Kamera Teatrı orada çalışan gənclərin sanki ata
ocağına çevrildi. Bu uşaqlar səhər
açılandan gecə yarıyadək teatr üçün
Şəhriyar sarayında ayrılmış o kiçik məkanda,
sənətə, teatra sevgi ilə dolu olan o "quş
yuvasında" bir-birindən maraqlı, bir-birindən fərqli
tamaşalar hazırlayaraq Bakının teatr ictimaiyyətini
sözün həqiqi mənasında öz ətraflarına
toplaya bildilər. 2009-cu ilin oktyabr ayına kimi fəaliyyət
göstərən teatr demək olar ki, dünyanın ən
müxtəlif, nüfuzlu festivallarında ölkəmizi ləyaqətlə
təmsil edirdi. Teatrın əsas
repertuarını Xalq artistləri Cənnət Səlimova və
İrina Perlovanın tamaşaları təşkil edirdi və
hər zaman bu tamaşalar Bakıya qələbə
sorağı ilə qayıdanda Mədəniyyət Nazirliyinə
baş çəkərək bu uğurlardan bizi agah edən də
Şövqi olurdu.
Bu illər ərzində Şövqini
başqalarından fərqləndirən bir xüsusiyyətidə
meydana çıxdı. Şövqi monotamaşalar
ifaçısı kimi bir ilkə imza atdı. 1995-ci ildən
başlayaraq monotamaşalar ifaçısı kimi
dünyanı dolaşan Şövqi Hüseynov
Poprışşin ("Dəlinin qeydləri" N.Qoqol,
quruluşçu rejissor C.Səlimova), Kontrabasçı
("Kontrabas" P.Zyüskind, rejissor İrina Perlova), Feyerbax
("Mən Feyerbaxam" T.Dorst, rejissor Şövqi
Hüseynov) obrazları ilə İran (Tehran, Ərdəbil,
Rey, Zəncan, Şahrud, Əhvaz, İsfahan, Qəzvin, Ərak,
Bəndər-Abbas, Təbriz), Rusiya (Moskva, Sankt-Peterburq, Lobnya,
Kineşma, Elista, Nijnevartovsk, Həştərxan), Belarusiya
(Minsk, Brest, Babruysk), Moldova (Kişinyov), Ukrayna (Kiyev, Xmelnitsk,
Çerniqov), Türkiyə (Ankara, İzmir, Dənizli),
Böyük Britaniya (London), Şri-Lanka (Kolombo), Litva (Vilnyus),
Tatarıstan (Buinsk), Makedoniya (Bitola), Amerika (Boston) kimi dövlətlərdə
beynəlxalq teatr festival və forumlarında iştirak edərək
müxtəlif mükafatlara layiq görüldü. Bəlkə
də, bu ölkələrin adları yazıda çox adi
görünür, amma sərhədlərimizdən uzaqlarda Azərbaycan
teatrını təbliğ etmək, ona şöhrət gətirmək,
yudumuzla heç bir tanışlığı olmayan millətlərin
sənət adamlarında Azərbaycana böyük diqqət
yaratmaq heç də asan məsələ deyil. Şövqi iştirak etdiyi bu teatr məclislərində,
sənət görüşlərində hamı ilə o qədər
səmimi, o qədər yaxın davranır ki, həmin tədbirlərin
iştirakçıları öz ölkələrində bu
və ya digər teatr festivalları təşkil edərkən,
ilk növbədə Şövqiyə telefon açırlar.
İndiyə qədər adını çəkdiyim rollar və
əsərlər Kamera Teatrının, eləcə də
2009-cu ildən etibarən Gənc Tamaşaçılar
Teatrının repertuarındadır.
Çox yaxşı yadımdadır. Üstündən cəmi
10 il keçir. Teatrımızın
yeni binasında "O olmasın, bu olsun"
tamaşasını bərpa etmək üçün hörmətli
Cənnət xanımla görüşdüm. Cənnət xanım bu tamaşanı 90-cı illərin
sonlarında, elə bu teatrda Xalq artisti, ölməz sənətkarımız
Hacıbaba Bağırovla hazırlamışdı.
Sonrakı illərdə, Hacıbaba Bağırovun vəfatından
sonra, bu rol Xalq artisti Ramiz Məmmədova
tapşırıldı və onun uğurlu ifası ilə
İranda keçirilən Fəcr Festivalında birinci
mükafata layiq görüldü. Tamaşanın
yeni binada, yeni quruluşda bərpa olunması isə bu rolda
yeni ifaçının təqdim olunmasını tələb
edirdi. Mən hələ 2006-cı ildə
Kamera Teatrında Cənnət Səlimovanın quruluşunda
"Şeyx Sənan" tamaşasına baxmışdım
və Şeyx Sənan rolunda Şövqi Hüseynovun bir
neçə mahnı ifa etməsi də diqqətimi çəkmişdi.
Gözəl tenor səsə malik Şövqinin
bəstəkar Firudin Allahverdinin musiqilərini şövqlə
ifa etməsi yaddaşımda idi və bu səbəbdən Cənnət
xanımla görüşümdə ilk olaraq Şövqi
Hüseynovu Məşədi İbad roluna təklif etdim.
Təbii ki, mən Cənnət xanımın
Şövqiyə münasibətini, onların arasında olan
ana-övlad sevgisini yaxşı bilirdim. Əmin
idim ki, Cənnət xanım bu təklifə etiraz etməyəcək,
əksinə, daha da çox sevinəcək. Bu, gözlədiyim kimi də oldu. Şövqini teatra dəvət etdik və bununla da
Şövqi Hüseynovun 2014-cü ildən bizim teatrla əməkdaşlığı
başladı. Açığını
deyim ki, Şövqi Akademik Musiqili Teatrda öz mövqeyini
tutana qədər çox çalışmalı oldu. İstər tərəfdaşları ilə
münasibətdə, istər texniki işçilərlə
davranışda təzə aktyor üçün
özünü sevdirmək asan məsələ deyil. Şövqi isə bunun öhdəsindən
bacarıqla gəldi. Bu gün Şövqi
teatrımızın repertuarında olan bir neçə
tamaşada əsas rolların ifaçısıdır. "Məşədi İbad" (Ü.Hacıbəyli),
"Bəxtiyar" (T.Quliyev), "Balaca şahzadə"
(R.Ağababayev, A.S.Ekzüperi), "Nuri-didə Ceyhun"
(Ə.Əmirli), "Kimyagər" (S.Kərimi, M.F.Axundzadə)
tamaşalarındakı obrazları onun
yaradıcılığında yeni səhifədir.
Məni Şövqiyə daha çox yaxınlaşdıran
Cənnət Səlimovanın bizim teatrda
hazırladığı "Utancaq qız" (F.Dostoyevski)
tamaşası oldu. Çox istəyirdim ki,
teatrımızın kiçik səhnəsində də
kamera əsərləri, xüsusən mono tamaşalar
yaransın. İdeya müəllifi olaraq,
bu işi artıq çox böyük təcrübəsi olan
Şövqi Hüseynovla həyata keçirmək istədim.
Cənnət xanım da mənimlə
razılaşdı və 2022-ci ilin dekabr ayında, yeni ilə
iki gün qalmış biz "Utancaq qız"
tamaşasının premyerasını keçirdik. COVİD qorxusundan yenicə qurtulan kollektiv
Şövqinin bu tamaşasını sürəkli
alqışlarla qəbul etdi. Üstündən cəmi
iki il keçir, amma biz bu tamaşa ilə
İranda (Tehran), Tatarıstanda (Buinsk), Belarusiyada (Brest,
Babruysk) çıxışlar etmişik.
Deyirlər, insanı yolda tanıyarlar. Həqiqətən
belədir. Bu səfərlər zamanı Şövqinin duzlu-məzəli
əhvalatları, çox istedadlı, bəstəkar
olmağa hazırlaşan bircəcik balası Ülvi, eləcə
də, tələbə auditoriyasından üzü bəri
onunla çiyin-çiyinə addımlayan, xaricə
çoxsaylı səfərləri zamanı onu hava
limanından yola salan və vaxt-bivaxt Bakıya qayıdarkən
limandaca böyük sevgi ilə qarşılayan, bu gün də
onunla Gənc Tamaşaçılar Teatrında eyni səhnəni
bölüşən ömür-gün yoldaşı Şəbnəm
xanım, həmçinin, sənət müəllimləri,
xüsusən, Cənnət Səlimova ilə bağlı
xoş xatirələri, arzuları, oynamaq istədiyi rollar, birlikdə
çalışdığımız universitetin tələbələri
haqqında fikirləri, sənət yolunda gördüyü
çətinliklər otuz ildən artıq
yaradıcılıq yolu keçən bir aktyoru təpədən
dırnağa qədər mənə tanıdıb.
Şövqi bu gün Azərbaycan Respublikasının
Əməkdar artistidir. Müxtəlif illərdə Prezident
Mükafatına layiq görülüb. Rusiya
Federasiyasının Kalmıkiya vilayətinin Əməkdar
artisti fəxri adını daşıyır. Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin "Zirvə" (Məşədi İbad roluna
görə) və Azərbaycan Teatr Xadimləri
İttifaqının "Qızıl Dərviş"
mükafatlarına layiq görülüb. Bütün
bunlar mənim özümdə də bir qürür hissi
doğurur, nə yaxşı ki, teatr sənətimizdə belə
bir aktyor var.
O, hər
sahədə böyük canfəşanlıqla
çalışır, istədiyi nəticəni əldə
edənə qədər davam edir. Uğura aparan
yol nə qədər uzun olsa da, onu yormur. Bütün
bunları bildiyimdən mən Şövqi Hüseynov
haqqında yazmağı qərara aldım. Və
düşündüm ki, biz yazmasaq...
Şövqi
bir teatr aktyoru olaraq istər Kamera Teatrında, istər Gənc
Tamaşaçılar Tearında, istərsə də Akademik
Musiqili Teatrda üst-üstə 45 sevilən obraza səhnə
həyatı verib və bu tamaşaların hər birində
özünün təbii və emosional oyunu ilə tərəf-müqabillərindən
hər zaman seçilib. Onun üçün
müsbət və ya mənfi obraz təmayülü yoxdur - səhnədə
İNSAN var, Şövqi bu insanın hər cür xüsusiyyətlərini
ən dərin qatlarına qədər öyrənərək
özününküləşdirir və bizə təqdim
edir. Ona inanırsan, onun gördüyü
işə - başqalaşmasına heyrət edirsən. Bir də Şövqini ona görə sevirsən ki,
o, bir aktyor olaraq "özünü səhnədə yox, səhnəni
özündə sevir" (K.Stanislavski) və bu sevgini hər
oyununda öz tamaşaçısında belə yaratmağa səy
göstərir.
Təkcə tamaşalara deyil, stolarxası məşq
prosesindən başlayaraq əsər təhvil verilənə
qədər hər bir məşqə ciddidən-ciddi
münasibəti, yaşından asılı olmayaraq - istər
yaşlı, istər gənc olsun, tərəf-müqabilinə
böyük hörməti onu truppada hamının sevimlisinə
çevirib. Onun iştirakı ilə hazırlanan tamaşalardan
söz açanlar ilk növbədə Şövqi
Hüseynovun yaratdığı obrazı dəyərləndirirlər.
Şövqinin 1991-cı ildən başlayan yaradıcılıq yolunda otuza yaxın teatr festivallarının mükafatları var. İstər çalışdığı teatrların tamaşaları ilə, istərsə də mono ifaçı olaraq iştirak etdiyi beynəlxalq teatr festivallarında qazandığı ödüllər onu böyük teatr məkanında istedadlı aktyor kimi tanıdıb. Bu coğrafiya Türkiyə və İrandan tutmuş yuxarıda qeyd etdiyim kimi, okeanın o tayına - Amerikaya qədər uzanıb gedir. İndi dünyanın ayrı-ayrı ölkələrində düzənlənən beynəlxalq teatr yarışlarının təşkilatçıları Azərbaycan adına daha çox Şövqi Hüseynovu tanıyır, ona etibar etməkdən çəkinmirlər. Bəzi məsələlərdə onun rəyi ilə razılaşırlar. Artıq bu nüfuz məsələsidir və Şövqi bu nüfuzu hər zaman sərgilədiyi cəlbedici sənəti ilə qazana bilib. Tehrana (İran), Buinska (Tatarıstan), Babruyska, Brestə (Belarusiya) - teatr festivallarına gedəndə Şövqi ilə yol yoldaşı olmuşuq və bu festivallarda dünyanın dörd bir yanından gələn sənət adamlarının Şövqiyə necə yanaşdıqlarının şahidiyəm.
Kino yaradıcılığı Şövqi Hüseynovun bu sahəyə də böyük sevgi və sənət fədakarlığı ilə yanaşdığını təsdiq edir. O, on beşə yaxın bəddi film, televiziya tamaşası və seriallarda müxtəlif səpkili rolların ifaçısı olub.
Şövqi haqqında - oynadığı
rollar, aldığı mükafatlar, iştirak etdiyi Beynəlxalq
festivallar, orada qazandığı qələbələr
haqqında saatlarla danışmaq olar. Amma mən burada
yazımı yekunlaşdırmaq istəyirəm.
Teatrlarımızın hər birində
tanınan, sənət yolu, yaradıcılığı ilə
seçilən, şöhrətli, ölkənin ən ali
mükafatlarına layiq görülən, hər zaman hörmət
etdiyim onlarla aktyorumuz var. Onların hər birinə sevgi dolu
salamlarımı göndərirəm. Amma onlar mənim dediklərimdən
inciməsinlər gərək. Sadaladığım
işgüzarlığı, sənət fədakarlığı
ilə hər kəsdən fərqlənən və
çoxlarına nümunə ola bilən, bu qədər
uğurlara imza ataraq, getdiyi ən müxtəlif ölkələrdə
Azərbaycan mədəniyyətini, incəsənətini
yaxından tanıdan, böyük qürurla təbliğ
və təşviq edən Şövqi Hüseynovdan varmı?
Göstərin...
Əliqismət LALAYEV
Azərbaycan Dövlət Akademik
Musiqili Teatrının direktoru, Əməkdar incəsənət
xadimi
525-ci qəzet .- 2023.- 5 dekabr, №
220.- S.10.