Nağı Şeyxzamanlı irsində "qaçaqlar" mövzusu
(Əvvəli ötən sayımızda)
Nağı Şeyxzamanlının qaçaqlar
haqqında silsilədən növbəti - III yazısı
"Qaçaq Dəli Alı"dır. Azərbaycan klassik ədəbiyyatının
tədqiqatçılarından Səlim Rəfiq "Azəri
xalq ədəbiyyatında "Dəli Alı"
dastanı" əsərində Qaçaq Alı haqqında
"Nağı Keykurun ağzından təsbit etdiyi rəvayətə"
istinad edərək əvvəlcə xalq qəhrəmanının
tərcümeyi-halına nəzər salır, sonra Qaçaq
Alının rus işğalçılarına qarşı
mübarizəsindən söz açır və
özünü düşündürən suallarla oxucunu
tanış edir: "Əcaba, xalqın dimağında
qüvvətli bir iz buraxan Alının xalq ədəbiyyatında
bir mövqeyi (yeri) varmı? Yəni xalqın həyat və həyəcanı
ilə yaxından əlaqədar olan saz şairləri onun
haqqında dastanlar yazmışlarmı?" Tənqidçi
bu sualların cavabını tanınmış
folklorşünas Hümmət Əlizadənin "Azərbaycanı
Öyrənən Cəmiyyət"in 1929-cu ildə Bakıda
nəşr etdiyi "Nağıllar", yəni xalq hekayələri
adlı kitabının ikinci cilddindən tapdığını
yazır. Səlim Rəfiq dastanın məziyyətlərini təhlil
edir, dəyərləndirir. Görkəmli publisist Mirzə
Bala Məhəmmədzadə "Gəncənin 150-ci
süqutu ildönümü" adlı məqaləsində
XIX əsrin əvvəllərindən başlanan rus
işğalına qarşı güclənən müqavimət
hərəkatından, Gəncə xanı Cavad xanın tarixi
şücaətindən, şəhadətindən söz
açır, xalqın əsarətə yönəlik dirənişinin
şifahi ədəbi nümunələrində geniş əks-səda
doğurduğunu vurğulayır və yazır:
"Süqutu və fəlakəti bütün Azərbaycanda
dərin səda oyadan Gəncənin bundan 150 il öncə məruz
qaldığı fəlakət o dövrün şairləri
tərəfindən dastanlaşdırılması surətilə
unudulmaz bir acı halinə gətirilmişdir". Beləliklə,
rus imperiyasına qarşı alovlanan xalq hərəkatının,
o cümlədən, qaçaqçılığın izlərinin
ədəbi nümunələrdə əks etdirildiyinin
şahidi oluruq. Lakin Nağı Şeyxzamanlı öz qəhrəmanını
şifahi mənbələrə əsasən tanıtmır,
o, Qaçaq Alını şəxsən tanıyır, ona
böyük hörmət bəsləyir. Müəllif Dəli
Alı ilə növbəti görüşlərinin birindən
- kənddəki toy məclisindən sonra yerli sakinlərlə
görüşməyi qərara alır. Ən yaşlı
bir qocadan xatırladıqlarını soruşur. İxtiyar isə
N.Şeyxzamanlının şəcərəsindən olan
Şeyx Əhmədi tanıdığını, Cavad xan barədə
eşitdiklərini nəql edir. Sonra ixtiyardan 1804-cü ildə
ruslar bura gəldiyində neçə yaşı olduğunu,
ruslar barədə bildiklərini soruşur. Yaşlı adam
deyir: "Yaşımı bilmirəm, o vaxtı çoban
idim, qoyun otarırdım... Ruslar Gəncəni işğal
etdikdə Gəncə əhalisindən bir çox adamlar
dağlara sığındı, bir neçəsi də bizim
kəndə gəldi". İxtiyar elə şahidlərin də
rusların törətdiyi amansız qətliamları, vəhşəti
anlatmaqda çətinlik çəkdiklərini, kəlmələri
bitirə bilmədiklərini, anlatdıqca
ağladıqlarını, bizi də
ağlatdıqlarını danışır, sonra əlavə
edir: "Ruslar şəhərdəki kişiləri,
qadınları, qızları qırmışlar.
Böyük Şah Abbas məscidində əlsiz, ayaqsız, xəstə,
yaşlı kim var imiş - hamısını rus
komandanının əmri ilə bir neçə saat içərisində
şəhid etmişdilər". Yaşlı adam söhbətinə
coşqu və sevinclə yekun vurur: "Ey oğlum, siz murdar
rusdan başqa, nə görmüşünüz, mən Kərbəlaya
getdim, Osmanlıların paşalarını, valilərini, əsgərlərini
gördüm, nə böyük varlıq! Ruslar onların
yanında heç qalır. Əsgərlərinin tüfəngləri
həp aynalı (Martin), o tüfəngdən bir neçə
qaçaqda da gördüm".
N.Şeyxzamanlı əsərdə
xalqımızın azadlıq uğrunda mübarizə və
qəhrəmanlıq tarixində xüsusi yer tutan qaçaq hərəkatının
əsl mahiyyətini, məqsədini, eyni zamanda çar
hökumətinin Qafqazda yeritdiyi mənfur siyasəti, qəsibkarların
yerli əhaliyə qarşı amansız, qəddar münasibətini
real, inandırıcı faktlarla təsvir edir. Müəllif Dəli
Alının timsalında cəsur, qəhrəman, humanist,
milli adət-ənənələrə, andına sadiq,
geniş dünyagörüşə, güclü məntiqə
sahib, müdrik, sözü sənəti dəyərləndirməyi
bacaran mükəmməl "qaçaq" obrazını
yaratmağa nail olub. O, ağıllı tövsiyələri
"iki ailə, yaxud, iki kənd arasında qan düşmənçiliyinə"
son qoyur, hər zaman vicdanın səsi ilə hərəkət
edir, "heç vaxt fənalıq yapmır", Gəncədə
ermənilərin törətdiyi qətliamının
yatırılmasında mühüm rol oynayır. Knyazla
görüşü, söhbəti, "Qaçaq Kərəm"
tamaşası ilə bağlı fikirləri Dəli
Alının zəngin həyat təcrübəsindən, saf
mənəviyyatından, dərin zəkasından, möhkəm
iradəsindən xəbər verir. Birinci Dünya müharibəsi
ərəfəsində Rus imperatoru Nikolayın göstərişinə
əsasən sabiq Qafqaz valisi, knyaz Qalitsin bölgədə
real təhlükəyə çevrilən, getdikcə
alovlanmaqda olan qaçaq hərəkatının
qarşısının alınması, konkret olaraq Dəli
Alı ilə görüşmək, onula dil tapmaq
üçün Gəncəyə gəlir. "Uzun boylu,
cüssəli, zarafatcıl, komik təbiətli", Qafqazda
"dəli Knyaz" kimi ad çıxaran Qalitsin Gəncə
ətrafındakı ilk görüşdəcə Dəli
Alının əlini var gücü ilə sıxır, sonra
ona güləşməyi təklif edir. Dəli Alı knyaza
deyir: "Sizinlə heç güləşmək istəmərəm,
zira siz yüksək imperator ailəsinə mənsub bir
knyazsınız. Siz Peterburqdan məni görmək
üçün və tanımaq üçün buraya qədər
gəlmisiniz. Siz mənim müsafirim
sayılırsınız, burası mənim ana ölkəmdir.
Hər nə qədər vücud idmanı etməmişəmsə,
ancaq qol və barmaq idmanlarım tamdır. Mən sizə
güləşdə məğlub olmaram, yüzdə-yüz
sizi məğlub edərəm. Ancaq istəmərəm, adətimiz-ənənəmiz
yalnız əziz qonağımızı məmnun etmək,
onunla xoş vaxt keçirməkdir. Knyaz Alının əlini
buraxarkən: "Həqiqətən eşitdiyim kimi
varsınız". Knyazla Dəli Alının sonrakı
dialoqları da maraqlı, gərgin keçir: "Knyaz:
"Qaçaqlıq həyatınızdan məmnunsunuzmu?"
Dəli Alı: "Bilmirəm, sizə necə cavab verim, həm
məmnunam, həm də yox. Belə ki, hürr oluşum bir
quş hürriyyəti kimi bənzərsiz və gözəldir.
Geri qalan həyatım qorxu və zorluq içərisindədir.
Quşun qorxusu ovçudandı, bizimki isə
sağını-solunu istila qorxusu içərisində
yaşadan, dünyaya meydan oxuyan Rusiya imperiyası idarəsindədir".
Knyaz: "Bu qorxunc həyat sizdə bezginlik yaratmırmı?
14 ilə qədər uzun bir qaçaqlıq həyatı əsnasında
əfv edilə biləcəyinizi heç
düşündünüzmü?" Dəli Alı:
"Bağışlanacağıma ümidim yoxdur, ancaq bir
neçə dəfə vasitə taparaq hökumətə
söylədim, məni təqib etməsinlər, rus idarəsinə
məndən nə fənalıq ola bilər? Hər işim
yolunda, heç bir ehtiyacım yox, mən yalnız həyatımı
qoruyuram, idarə arxama düşür, mən uzaqlaşmaq istəyirəm,
onlar yaxamı buraxmırlar. Musadəmə (döyüş -
T.A.) əsnasında bir neçə jandarm vurulur, qəbahət
rus idarəsindədir". Dəli Alı knyazın
suallarına təmkinlə, düşünülmüş,
ağıllı, məntiqli cavablar verir. O, knyazın "Nə
üçün sizə Dəli deyirlər, çox
ağıllı və məqbul danışırsınız?"
- sualını da eyni şəkildə tutarlı
cavablandırılır: "Hər halda ağla
sığmayacaq, hövsələnin almayacağı, qeyri-bərabər
bir gücə malik qüvvəyə qarşı
çıxıb onları bozğuna uğratmamı
ağıl karı (ağla sığmayan - T.A.)
sanmadıqları üçün demiş olarlar".
Dəli Alı ilə görüşdən sonra rus
generalı həmsöhbətinin sıradan biri
olmadığını dərk edir, onu çox sevdiyini,
Peterburqa qayıdan kimi çardan onun əfv olunmasını
rica edəcəyini bildirir. Bu hadisənin üstündən
bir həftə keçir, Dəli Alının Peterburqdan əfv
edilməsi xəbəri gəlir. Dəli Alı valiyə
müraciətlə bildirir ki, əfv fərmanı təkcə
mənə yox, bütün qaçaqlara şamil
olmalıdır. "Əks təqdirdə mənim əfvimin
heç bir mənası qalmaz" - deyir və yenidən
qaçaqlarla dağlara üz tutur. Bu səhnə ilə
N.Şeyxzamanlı Dəli Alıya xas xarakterin daha bir cəhətini
- mərd, əhdinə, əqidəsinə sadiq, sədaqətli
dost olduğunu qabardır...
N.Şeyzamanlı Dəli Alını, həm də
sözün təsirini, sənətin gücünü dərindən
dərk edən, layiqincə dəyərləndirməyi bacaran
insan kimi təsvir və təqdim edir. N.Şeyxzamanlı
Tiflisdən gələn Köçəri adlı bir aktyorla
"Qaçaq Kərəm" pyesini tamaşaya
hazırladıqlarını, Qaçaq Kərəmi
Köçərli, onun dostu Öməri özünün
oynayacağını yazır. Tamaşadan sonra Nağı bəy
Qaçaq Alıdan tamaşa haqqında təəssüratını
soruşur. Qaçaq Alı əvvəlcə pyesin adına
iradını bildirir, fikrini əsaslandırır. Sonra əlavə
edir: "Mən Qaçaq Kərəmi görmədim, ancaq
onu görənlərdən öyrəndim. Bir kərə
Qaçaq Kərəm ucaboylu, heybətli bir adammış.
Sizdə isə cocuq deyiləcək qədər ufaq-təfək
birisi Kərəmi təmsil edir... Buraya dəvət ediləndə
mənə söylədiniz ki, Kərəmin qaçaqlıq
həyatını canlı olaraq birisi təmsil edəcək.
Doğrusu, çox düşünmüşdüm,
Qaçaq Kərəmin həyatı və qəhrəmanlıqları
həp Rus idarəsinə qarşı olmuşdur, bu necə
canlandırıla bilər!? Ruslar bunu xoş görürlərmi?
Halbuki teatrda mücadiləsindən, qəhrəmanlıqlardan
əsər görünmür. Füqaralara yardım edərmiş
deyirsiniz, bu yardımı hər kəs edə bilər, ancaq hər
yardım edən qaçaq ünvanını ala bilməz.
Xoşuma gəlməyən bir şey daha gördüm.
Qaçaq Kərəm diz çöküb bir qadına
yalvarır, həm də ağlayır. Belə bir şey ola
bilməz".
Dəli Alının əfvindən iki il sonra knyaz
yenidən Gəncəyə - Dəli Alı ilə
görüşə gəlir. Ceyran ovuna çıxır,
müxtəlif yarışlarda, mərasimlərdə
iştirak edirlər. Knyaz hər dəfə də Dəli
Alının, onun ətrafındakıların hünərlərinə
heyran qalır: knyaz atlı kazaklarla birlikdə ceyran ovlaya
bilmir, Dəli Alı "beş atəşlə ceyranlardan
üçünü vurur", hədəfi nişan alma
yarışında Dəli Alı beş atışla beş
hədəfi sıradan çıxarır, qaçaqların
hər biri bir atışla istəklərinə nail olur, bunu
görən kazaklar yarışdan imtina edir. Bütün
bunları diqqət, həyəcan və heyrətlə izləyən
knyaz Qaçaq Alıya müraciətlə qadınlardan
birinin bu yarışda iştirakını
arzuladığını çatdırır. "Təbii,
müsafirin arzusu yerinə yetirilməli idi. Həmən
qız qardaşı Zeynəbi çağırmış,
müsafirin arzusunu ona bildirmiş. Zeynəb tərəddüdlə:
"Qardaş, birdən isabət etdirəməm də
müsafirə qarşı ayıb olar", demiş. Alı sərt
bir əda ilə: "Nə söyləyirsən, necə isabət
etdirəməzsən, səninlə mən eyni anadan
doğulmadıqmı" - deyə kəndisinə
çıkışmış (danlamış - T.A.). Bunun
üzərinə Zeynəb həmən nişan alır".
N.Şeyxzamanlı 1911-ci ildə siyasi mənzərəni
şərh edərək qeyd edir ki, dünya mətbuatı
Cahan Müharibəsinin yaxınlaşdığından,
Balkanlardakı gərginliyin artdığından yazır. Rus
idarəsi Qafqazın "qarışıqlıqlara səhnə
ola biləcəyindən, qaçaq hərəkatının
genişlənəcəyindən, qeyri-rusların istiqlal təmayüllərindən,
sosialist cərəyanların birləşik bir cəbhə təşkil
edərək taarrüza (üsyan, hücum - T.A.) keçməsindən
əndişə duyur" və "alçaqca tədbirlərə"
əl ataraq Dəli Alını pusquya salaraq ölümcül
yaralayır. Ağır vəziyyətdə Gəncəyə
gətirilən Dəli Alı onu ziyarət üçün gələnlərə
deyir ki, onların fitrətən alçaq olduqlarını
bilirdim, fəqət mən bu qədərini düşünməmişdim,
demək ki, rusların çarları da, knyazları da eyni
fitrətdə məxluqlarmış!
Yazının sonunda müəllif, Dəli Alı
haqqında bildiklərinin bunlardan ibarət olduğunu qeyd edir,
ümid etdiyini bildirir ki, başqa yurddaşları Dəli
Alının savaş və qəhrəmanlıq
dastanlarını daha ətraflı qələmə alacaq və
gələcək nəsillərə yadigar buraxacaqlar.
Abid Tahirli
525-ci qəzet.- 2023.- 6 dekabr,№221.- S.15.