Aktrisanın
şirin-acı həyat hekayəti
Mən bu yazının müəllifinin gəlin gəldiyi
ailəni dörd onillikdir ki, tanıyıram. Onun
qayınatası ziyalı bir insan olmaqla, müxtəlif vəzifələrdə
çox təmiz işləmiş, 90-cı illərdə
biznes fəaliyyətinə keçmiş, ölkəyə
Çindən, Rusiyadan, Belarusdan kənd təsərrüfatı
texnikası gətirməklə yaxşı varlanmış,
bizimlə qonşuluqda yaşadığı mənzildən təzə
tikilmiş binada aldığı evə
köçmüş, sonra oğlu Rafiqə də geniş mənzil
almışdı. O, yaşlı vaxtı dünyaya gətirdiyi
oğlunu, tələbə kimi hələ universitetin birinci
kursunda oxuyanda öz biznesinə daxil etmiş, oğlu da
özü kimi bu yeni sahədə istedadı və
işgüzarlığı ilə seçilmişdi. Sonra
köhnə dostum mənə oğlunun bir aktrisaya
vurulduğunu və onunla evlənmək istədiyini də
danışmışdı. Çox dəbdəbəli toy məclisi
keçmiş, mən də dəvət edilmişdim. Səhhətimdəki
problemlərə görə mən toyda iştirak edə bilməmişdim.
Sonra bir dəfə Rafiq və onun gənc arvadı
İzolda ilə Sahil bağında
görüşmüşdük. Qız öz nəzakətli
davranışı, sadəliyi, bir az da utancaqlığı və
ehtiramlı danışığı ilə mənim olduqca
xoşuma gəlmişdi.
Son görüşlərimizin birində dostumun
oğlu dedi ki, gənc xanımı ilk dəfə qələmini
sınamaq üçün "Etiraf" adlı öz
avtobioqrafik hekayətini yazmışdır və sizin
yaradıcılığınızı mətbuatdan izlədiyinə
və yazılar ona xoş gəldiyinə görə, ilk məhsulunu
sizə göstərmək istəmişdir ki, əgər bəyənsəniz,
onun çapına xeyir-dua verəsiniz. Yazının əsas cəhətinə
gəldikdə, adamların və hadisələrin təsvirinin
həqiqətə uyğun olması və ətrafındakılara
qarşı öz münasibətindən asılı
olmayaraq, onları real həyat səviyyəsində qələmə
alınmasıdır. Heç bir hadisə malalanmamış,
özünün və hətta ərinin nüfuzuna xələl
gətirəcəyi imkanına da məhəl
qoyulmamış, hətta valideynlərinin və
yaxınlarının portetində də Leonarda da Vinçinin
sfumatto üslubundan istifadə edərək, tutqun boyalara
üstünlük vermişdir. Axı bizim dövrümüzdə
sosial şəbəkə elə şərait
yaratmışdır ki, Bibliyada ("Ekkleziast"
kitabında) deyildiyi kimi, gizli qalan hər şey az keçməmiş
açılır, hamıya məlum olur. Hətta nüfuzlu
ailələr də öz həyatlarının bu vaxtadək
gizli qalan cəhətlərini qoruyub saxlaya, ört-basdır edə
bilmirlər. Qna görə də ölkədə iri vəzifə
sahibi olan məmurların görünməmiş ifşa
dalğası gedir və onlar vəzifədən
uzaqlaşdırılırlar. Bu, xalq tərəfindən ədalətli
iş kimi qarşılanmaqla, Prezidentin nüfuzunun yüksəlməsinə
də səbəb olur.
Bir gün sonra Rafiq zəng edib, arvadı ilə birlikdə
mənimlə kafelərin birində görüşmək istədiyini
bildirdi. Mən etiraz etmədim, mərkəzdəki
çoxsaydakı avropasayağı kafelərin birində
görüşüb, kofe içdik. Onun xanımı
İzolda çəkinərək dedi ki, ixtisasımla əlaqədar
mən bədii ədəbiyyatı sevsəm də, çox
mütaliə etsəm də, heç vaxt nəsə
yazmağa cəsarət etməmişdim. Lakin Rafiq mənim həyatıma
yaxşı tanış olduğundan, həvəsləndirib,
mənə çəkinmədən avtobioqrafik tipli bir
şey yazmağı məsləhət gördü. Onu da əlavə
etdi ki, yazı milli ədəbiyyatımıza xas olan çox
şeyi pərdə arxasında gizlətmək metodundan fərqli
olduğundan, oxucular tərəfindən də maraqla
qarşılanacaqdır. Mən çalışdım ki, həyatda
rəhbər tutduğum kimi, yazıda da səmimiyyət
prinsipinə əməl edim. Ona görə də onu "Etiraf"
adlandırdım və əvvəldən axıradək Rafiqə
oxudum. Onun məsləhəti ilə, heç bir düzəlişə
yol vermədən yazını sizə göstərməyi qərara
aldıq.
Sonra qız bəzəkli bir portfeldən kompüterdə
yığılmış yazını mənə verdi. Mən
evdə onu diqqətlə oxudum, yeniyetmə qızın və
sonrakı aktrisanın həyatında baş verənlərdən
heç nəyi gizlətməməsi, nəyəsə boya
vurmaması mənə çox xoş gəldi. Müəllifi
nigarançılıqda qoymamaq üçün ona kiçik
bir məktub yazmağı qərara aldım:
"Hörmətli İzolda xanım! Əsərinizi, bir çox cəhətlərinə
görə yazını belə adlandırmağa haqqım
vardır, diqqətlə oxudum. Etiraf etmək istəyirəm
ki, ilk qələm məhsulu olsa da, həm süjet, həm
yazı tərzi, ən başlıcası isə yeniyetməliyinizdən
başlayaraq, populyar aktrisa olmağınıza və ailə
qurmağınıza qədər hər şeyi etiraf etməyiniz,
heç nəyi gizlətməməyiniz, mövcud ictimai
problemlərə və hər şeydən əvvəl
özünüzə olduqca tələbkar və tənqidi
yanaşmanız mənə güclü təsir göstərdi.
Belə qərara gəldim ki, görkəmli aktrisa özünə
səhnədən və ekrandan kənar da yeni bir rol seçmişdir
və başlanğıcı da uğurlu saymaq olar. Əlbəttə,
bu, yalnız mənim fikrimdir, daha obyektiv qiyməti yəqin ki,
oxucu kütləsi verəcəkdir.
Lakin bir məsələni xüsusilə qeyd etmək
istəyirəm. Siz məhəbbət mövzusuna çox
toxunursunuz, bu, həm cismani hissiyata, həm də teatra bəslədiyiniz
qızğın münasibətə aiddir. Görünür,
təbiət sizi sevmək, vurulmaq üçün
yaratmışdır. Yeniyetməliyinizdə baş verən təsadüf,
gəncliyinizdə söz bolluğunun təsiri altında ilk
sevginiz və onun uğursuzluğu, məhz məhəbbət
okeanına baş vurmaq istəyinizdən meydana gəlmişdir.
Lakin Rafiqin şəxsində siz ilk dəfə müdafiəyə
heç bir ehtiyac duymadan, məhəbbət adlı əjdaha
ilə tanış olmuş və bu vurğunluq sizi xoşbəxt
ailə qurmağa gətirib çıxarmışdır.
Əriniz də sizə həqiqi məhəbbət hissləri
bəslədiyindən, sevginin şirin dadından artıq həzz
almağa başlamısınız. Teatra sevginiz isə hələ
məktəb illərindən başlamış və
bütün həyatınızı
çuğlamışdır. Daim sizi ağuşundan
buraxmayan böyük ümidlərlə
yaşamısınız və onların əksəriyyəti
heç də puç olmamış, həyata
keçmişdir. Bunu isə əsl xoşbəxtlik
adlandırmaq olar.
Mənim yazınız barədə gəldiyim qənaət
qısaca olaraq, bunlardan ibarətdir. Zənnimcə,
"etiraf" sözü əsasən günahlarla əlaqədardır
və xristian kilsəsi bundan bol-bol istifadə edir. Əsər
isə heç də bütövlükdə günahlara
deyil, həyat həqiqətlərinə həsr edilmişdir.
Ona görə də sizin verdiyiniz adla razılaşmaq istəməzdim
və ona yeni, daha doğrusu, mahiyyətə uyğun bir ad
seçmişəm və güman edirəm ki, təklifimə
etiraz etməyəcəksiniz. Yeni adına uyğun olaraq, bu, heç
də sadə olmayan həyat hekayətini heç bir düzəlişə
yol vermədən, bütünlüklə müəllifin
öz redaksiyasında çapa verilməsini vacib
sayıram".
Sonra İzoldanın həyat hekayəti kitab şəklində
çap olunacaq və oxucuların ixtiyarına
buraxılacaqdır.
"Səhnə pərdəsi
bizi başqalarından ayırıb, izah olunmayan kastaya
çevirir.
Mən səhnədə və ekranda xeyli
populyarlıq qazanmış bir aktrisayam. Məndən xoşu
gələnlər, sənətimin vurğunu olanlar çox
olduğu kimi, vaxtilə subaylığımdan istifadə edib,
mənə eşq elan edənlər də az
olmamışdı. Uğurlu səhnə həyatı
xalqın səni tanımasına, hətta sevməsinə səbəb
olur. Aktrisa o qədər gözəl olmasa da, onun obraza girməsi,
səhnə oyunu, qadına xas olan incəlikləri nəzərə
çarpdırması da heç də müəyyən
reaksiyasız qalmır. Tamaşaçılar arasında bunu
qiymətləndirənlərə, kişi cinsindən
olanların isə öz hissiyyatına layiq bir obyektlə
üzləşdiyinə görə, sənə eşqə
düşənlərə də rast gəlməli olursan.
Əslində, aktyorun, aktrisanın əsl sevinc mənbəyi
digər adamlar kimi heç də maddi qazanc deyildir, onun
istedadının layiqincə qiymətləndirilməsidir.
Əlbəttə, maddi cəhətdən
mükafatlandırılma da adamı razı salır,
çünki bu sahədə imkanlı rəfiqələri
arasında öz vəziyyəti ilə öyünən səhnə
adamlarına, aktrisalara rast gəlmək çətindir. Bu cəhəti
nəzərə alaraq, mənə görə, onları ən
çox maraqlandıran vacib ehtiyac, tamaşaçının
sevgisidir, gənc aktrisa üçün isə hətta cavan
kişilərin ona virtual da olsa vurulmasıdır.
Bu məsələdə bəxtimin gətirmədiyindən
gileylənə, şikayət edə bilmərəm.
Balerinaları andıran zəif bədənə malikəm,
bunu səhnə üçün həm də bir
üstünlük amili hesab edirəm. Mənə vurulanlar isə
səhnədəki obrazda özümü guya cazibədar
şəkildə təqdim etdiyimə
çalışdığımı əsas götürərək,
məni az qala dünya gözəli hesab edirlər. Bəzi incə
xüsusiyyətlərim və hərəkətlərim də,
əslində belə şişirdilmiş və səhv fikrə
düşülməsində böyük rol oynayır. Mənim
bədənim və xüsusən sifətim ağ rənglidir,
dəyirmi üzümü gur qara saçlar haşiyələndirir.
Deyilənlərə görə, fransızlar ağ bənizli
qızları gözəl hesab edir, qarabənizlilərə isə
anlaşılmayan laqeydlik göstərirlər.
Teatrda işlədiyimə görə, onun tarixi ilə
də az-çox maraqlanmışam. Teatr sözü qədim
yunanların "Theatron" kəlməsindən
yaranmışdır, təqribən "baxmaq yeri" mənasını
verir. İngilis dilində bu ifadədən əmələ gələn
"theatre" sözü isə canlı tamaşanın
oynanıldığı yer kimi başa düşülür.
Tamaşaları yaradan ilk xalq da qədim yunanlardır. Bu, bizim
eradan əvvəl 500-cü ilə yaxın olmuşdur. Onlar
tamaşaları iki növə bölürdülər - faciəyə
və komediyaya. Belə bölgüdən indi də istifadə
olunur. İlk tanınmış pyes yazanlar da məhz qədim
yunanlar idi. Onların arasında Esxil, Sofokl və Aristofan
seçilirdi. Esxil və Sofokl dərin məzmunlu faciələr
yazırdı, Aristofan isə "komediyanın atası"
hesab olunmaqla, epoxanın problemlərini tənqidi qaydada təsvir
edirdi. Onların bəzi əsərləri gəlib, bizim
dövrümüzə çatmışdır və bu
gün də tamaşaya qoyulur. Aşağıda onlardan birinin
- Sofoklun "Çar Edip" pyesinin müasir quruluşda
tamaşaya qoyulması barədə söhbət gedəcəkdir.
Qədim yunan pyesləri nəhəng amfiteatrlarda
göstərilirdi, ona görə də adamların çoxu
onları görə bilirdi. Yunanlar teatr barədə çox
sayda parlaq ideyalara malik idi. Onlar səhnə üçün
çox şey icad etmişdilər. Xor
tamaşaçılara oynanılan pyesə baxmaq
üçün məlumat verir, həm də mövzuları
izah edirdi. Artistlər maskada olurdu, maska bütün üzü
və başı örtürdü, yalnız göz deşikləri
və ağız açıq qalırdı, üstəlik,
parik də olurdu.
Teatr özlüyündə başqa bir aləmdir,
aktyorlar və aktrisalar hansısa dram əsərini
canlandırmaqla, səhnədə yeni, qəribə bir dünya
yaradırlar. Onlar öz oyunları ilə
tamaşaçıların əhval-ruhiyyəsinə və
ruhuna təsir göstərir, axırıncılar əsl
katarsis prosesini yaşamaqla, tamaşanı könüllərinə
məlhəm kimi qəbul edirlər.
Bəzi izahlara görə
isə, teatr qədim yunanların theatron - "görmək"
sözündən meydana gəlmişdir, "tamaşa"
deməkdir, qulağa və gözə çatmaqla,
şüura təsir göstərir. Tamaşaçı
sözü isə ona görə də "baxmaq" kəlməsindən
çıxarılmışdır, həm də
"eşitmək" mənasını verir.
Teatr tamaşa
üçün olan bir yerdir, ona görə teatr binasının
və zalının gözəlliyinə də ta qədimdən
olduqca böyük fikir verilirdi. Teatrın oturacaqları bir
qayda olaraq mərmərdən olurdu və aşağıdan
yuxarıya doğru qövsvari oturacaq cərgələri yerləşirdi.
Yunanıstanda bir teatrın 53 qövsü, vertikal qaydada yerləşən
cərgələri var idi, buradakı yerlər
tamaşaçı üçün idi. Səhnədə
nümayiş etdirilən tamaşa isə xüsusi incəsənət
növü olub, aktyorun publika qarşısındakı oyunu
prosesində yaranırdı. Professional teatrdan başqa sərgərdan
aktyorlar - jonqlyorlar, adamları güldürənlər də
var idi. İtalyan maska komediyası -Komedia del arte isə XVI-XVII
əsrlərdə çox məşhur idi.
Teatr ona məxsus olan paltara, artist truppasına və
güclü səhnə oyununa malik olmalıdır.
Tamaşada teatr jestləri və danışıq tərzi
xüsusi əhəmiyyət kəsb edir. Tamaşalar dramatik,
tarixi və melodramatik növlərə bölünür.
Tarixi tamaşalarda dünya liderləri görüşür,
burada nitqin əhəmiyyəti daha böyükdür. Tarixi əsərlər
adətən kədəri təsvir edir. Melodramatik tamaşa isə
tamaşaçıların emotsionallığını
yüksəltməyə xidmət edir.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2023.- 6 dekabr,№221.- S.14.