Alim ömrünün şəfəqləri
Məmməd
Əliyev-75
75 il - bu, tanınmış ədəbiyyatşünasımız
Məmməd Əliyevin şəxsində, qətiyyən
statistika deyil, gənc nəslin elmi-nəzəri biliklərinin
artırılmasına, maariflənməsinə, gələcək
nəslin həyata, elmə hazırlığına sərf
edilmiş alim-pedaqoqun, ideal bir atanın və sonradan ata
müqəddəsliyinə yeni bir status qazandıran sevimli
babanın mənalı ömür yoludur. Filologiya elmləri
doktoru, professor Məmməd İrac oğlu Əliyev
ömrün 75 illik zaman kəsiyində, zəngin
ömürlüyün içində dövlətimiz və cəmiyyətimiz
üçün faydalı ola biləcək bir neçə
sahəni özündə birləşdirib. Məmməd
müəllimin fikrincə, insanı dəyərli edən nə
mənsub olduğu millət, nə tutduğu vəzifə, nə
də var-dövlətdir. Onun sözlərinə görə,
yalnız sadiq, şəffaf, prinsipial yaşamaqla həqiqi
xoşbəxtliyə nail olmaq mümkündür. Həm elmi-nəzəri,
həm ədəbi-bədii yaradıcılığında
müşahidə etdiyimiz prinsiplərinə hər zaman sadiq
qalan Məmməd müəllim, yalnız vicdanının səsinə
qulaq asan peşəkar ədəbiyyatşünas, publisist,
yazıçı, ziyalımız, maarif xadimidir.
Onu çoxdan tanıyıram: keçən əsrin
70-ci illərindən, aspirantura təhsili vaxtından. Bizi birləşdirən
ədəbi prosesə oxşar, amma təkrarsız münasibətimiz,
müqəddəs elm məbədi saydığımız
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
elmi, mənəvi-əxlaqi mühiti olub. Onun, demək olar ki, əksər
elmi məqalələrini, tədqiqatlarını,
monoqrafiyalarını, xatirə-memuar janrında müstəqillik
illəri ədəbiyyatımızda ilk bədii-audentik roman
trilogiyasını oxumuşam, rəy yazmışam, həyat
yoluna, şəxsiyyətinə,
yaradıcılığına yaxından bələdəm.
Bilirəm ki, 1948-ci il dekabrın 10-da Xızı rayonunun
Zöhrabkənd kəndində qulluqçu ailəsində
anadan olub. 1963-cü ildə kənd məktəbinin 8-ci
sinfini, 1966-cı ildə Siyəzən şəhər orta məktəbini
bitirib. 1966-1970-ci illərdə Azərbaycan Dövlət
Pedaqoji Universitetinin filologiya fakültəsində, 1971-1975-ci
illərdə Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun aspiranturasında təhsil alıb. 1975-ci ildə
akademik M.C.Cəfərovun rəhbərliyi altında "Azərbaycan
xalq şeirinin forma və şəkilləri" adlı namizədlik
dissertasiyasını, 1985-ci ildə Gürcüstan EA Şərqşünaslıq
İnstitutunda "Azərbaycan şeirinin vəzn və
evfoniya problemləri" adlı doktorluq dissertasiyasını
müdafiə edib. Müasir ədəbi-elmi cameədə ədəbiyyatşünas,
nəzəriyyəçi alim, uzun illər ali məktəblərdə
pedaqoq və elm-tədris təşkilatçısı kimi
geniş tanınır. 43 il ali məktəblərdə müəllim,
baş müəllim, dosent, professor, rektor kimi olduqca səmərəli
fəaliyyət göstərib, sayılan-seçilən
müəllim-pedaqoq olub, Əməkdar müəllim fəxri
adını qazanıb. Dəyərli folklorşünas,
şeirşünasdır, xeyli monoqrafiyanın, həmçinin
"Ədəbiyyat nəzəriyyəsi" dərsliyinin
müəllifidir. Ədəbiyyatımızda təzahür edən
bir xarakterik xüsusiyyətin - "qoşa qanad"lı
yaradıcılıq istiqamətinin
davamçılarındandır. Akademik İsa Həbibbəyli
"Qoşa qanadın harmoniyası" əsərində yazır:
"...Dünyanı və müasir cəmiyyəti dərindən
qavramaq və əks etdirmək elmi idrakın ana vəzifəsidir.
Ona görə də elm bəşəriyyətin
çırağı, alimlər dünyanın
kompasıdır. Böyük ədəbiyyat da sözün həqiqi
mənasında əsl elmin həyata keçirdiyi vəzifələri
obrazlı şəkildə əks etdirir... Deməli,
dünyanı, cəmiyyəti və insanı dərk və
şərh etməkdə, gələcəyə doğru yol
göstərməkdə elmlə ədəbiyyat vahid
strategiyaya malikdir. Bu cəhətdən elm və ədəbiyyat
dünyanı və insanı dərk etməyin qoşa
qanadlarıdır".
Məlumdur ki, Azərbaycan ədəbiyyatında da,
paralel olaraq bədii və elmi yaradıcılıqla məşğul
olmuş, "qoşa qanad" (bu ifadəni ilk dəfə
dünya şöhrətli alim Xudu Məmmədov işlədib)
adlandırdırılan bu istiqamətin aparıcı
simaları olub. Və bu yolun ləyaqətli
davamçısı kimi professor Məmməd Əliyevin də
"qoşa qanad"lı yaradıcılığı təqdirəlayiqdir.
Bu "qoşa qanadın" birinci qanadına nəzər
salsaq görərik ki, Məmməd müəllim ədəbiyyatşünaslığın
və ədəbiyyat nəzəriyyəsinin ciddi problemlərini
əhatələyən, çapdan çıxmış 75
elmi əsərin, 300-dən çox məqalənin müəllifidir.
Onun "Azərbaycan şeirinin ritm vasitələri, qafiyənin
təşəkkül və inkişafı (türkdilli
xalqların poeziyası ilə tarixi-müqayisəli metodlar əsasında)"
mövzulu elmi-tədqiqat əsərinə dövrün ən
məşhur rus və Avropa, Orta Asiya şərqşünasları
yüksək qiymət vermiş, müəllifi bu sahədə
yenilikçi alim kimi dəyərləndirmişlər. Etiraf
edilməlidir ki, SSRİ kimi qapalı bir dövlətdə,
türkçülüyə amansız münasibət
dövründə ümumtürk şeiri əsasında
araşdırmalar, tədqiqatlar aparmaq alimdən böyük cəsarət
tələb edirdi.
Alimin "Bədii təfəkkürdə erkən Azərbaycançılıq
düşüncəsi" (Bakı. "Elm və təhsil",
2018, 168 səh.) tədqiqatı bu sahədə ortaya
qoyulmuş ən sanballı əsərlərdən biridir.
Burada M.Əliyev Azərbaycan klassik ədəbiyyatı
nümayəndələrinin bədii
yaradıcılığından da yan keçməyib,
onların əsərlərində özünü göstərən
erkən Azərbaycançılıq düşüncəsinin
bədii inikasından layiqincə bəhs edib.
"Ədəbiyyat nəzəriyyəsi"
(Bakı, "Elm və təhsil", 2012, səh. 480.)
monoqrafiyasında ədəbiyyatşünaslıq elmini maraqlandıran
mövzu və problemlərin, o cümlədən, bədii əsərin
mövzu və ideyası, süjet və kompozisiyası,
şeirimizin mövcud vəznləri, bənd quruluşu, ritm
vasitələri kimi məsələlərin yeni müstəvidə
elmi izahı öz əksini tapıb.
"Azərbaycan şeirinin vəzn və evfoniya
problemləri (Bakı "Nurlan", 2008, səh. 296.)
adlı, ümumtürk şeiri ilə müqayisəli
araşdırma əsasında ərsəyə gəlmiş
monoqrafiyasında isə müəllif yenə də uzun illər
tədqiqatdan uzaq qalmış problemin həllinə
girişir, kitabda heca vəznli Azərbaycan şeir sənətinin
aktual məsələləri təhlilə cəlb edilir, vəzn
və evfoniya problemləri ümumtürk şeiri ilə
müqayisə fonunda işıqlandırılır.
"Böyük yolun davamı (Türk xalqları ədəbiyyatına
dair araşdırmalar) kimi böyükhəcmli kitabında isə
müəllifin son illərdə çap olunmuş məqalələri
toplanıb. "Bir daha Koroğlu haqqında", "Şah
fərmanı", "M.Kaşğari "Divan" şeirlərinin
əsas vəzn xüsusiyyətləri", "XVIII əsr:
Türkün iki şairi - M.P.Vaqif və Məhtimqulu Fəraqi",
"Macar türkoloqları", "Şeirin bənd
quruluşunun riyazi yazılışı", "Azərbaycan
xalq şeirində alliterasiya və qafiyə",
"Dünya ədəbiyyatında Orxan Pamuk zirvəsi",
"Cəlaləddin Rumi və onun "Məsnəvi"si
haqqında", "Böyük çölün
böyük oğlu - Muxtar Auezov", "Osman Əfəndinin
estetik idrak nəzəriyyəsi" və sair məqalələr
çoxsaylı tarixi-ədəbi faktlar əsasında işlənib.
Məmməd müəllimin mütəxəssislər
tərəfindən yüksək səviyyədə qəbul
edilən tədqiqat işlərindən biri də "Azərbaycan
şeir sənəti (Türk şeir materialları əsasında)"dir.
Burada xaotik, ritmik, qeyri-ritmik səslər, musiqi və poeziyanın
da həmin estetik səs tutumunda meydana çıxması,
sözün erkən yaradıcılığı təhlilə
cəlb edilib. "Məxtumqulu Fəraqi şeirinin
poetikası" kitabında böyük türkmən
şairi, türk dünyası poeziyasının, ümumən
dünya ədəbiyyatının görkəmli
simalarından biri olan Məxtumqulu Fəraqinin həyat və
yaradıcılığı yeni müstəvidə -
Türkmənistanda milli birlik və həmrəylik
ideyalarının, müstəqil dövlətçilik
ideyasının qüdrətli carçısı kimi,
şairin əsərlərinin ideya-məzmun xüsusiyyətləri
əsasında şərh edilir, xüsusilə, türkdilli
poeziyada sənətkarlıq məsələlərinin öyrənilməsi,
araşdırılması baxımından yüksək qiymətləndirilir.
Azərbaycan klassik ədəbiyyatının minilliklər
boyu yoldaşı olan əruz vəzni (elmi) haqlı və mənəvi
baxımdan əsaslı olaraq dəyərlərimizdən biri
sayılır. Bu mənada M.Əliyevin "Əruz testləri"
adlı kitabı əruzun təbliği və tədrisi sahəsində
böyük əhəmiyyətə malikdir. Onun " Azərbaycan
şeirinin vəznləri" adlı dərs vəsaiti də
bu sıradandır və ali məktəblərin humanitar
fakültələrində təhsil alan tələbələr
üçün yazılıb. Dərs vəsaitində heca vəznli
Azərbaycan şeir sənətinin poetik xüsusiyyətləri
şərh edilib. Əsərdə vəzn və dil, dünya
şeir sistemləri, onların başlıca əlamətləri
haqqında geniş məlumat verilib, türkdilli xalqların
dil quruluşu ilə bağlı olan heca vəzninin aktual nəzəri
problemləri şərh edilib. Zəngin poetik xüsusiyyətlərə
malik olan Azərbaycan şeirinin şəkilləri,
poeziyamızda işlənən durğu növləri
canlı nümunələr əsasında izah olunub.
"Dədə Qorqud şeiri" tədqiqatı da,
professorun maraqlı nəzəri-elmi əsərlərindəndir.
Əsərdə türk xalqlarının şeir sənətinin
inkişafına səbəb olmuş ritmik-sintaktik (psixoloji)
paralellər, onların üzə
çıxardığı qədim poetik-texniki və
üslubi vasitələrin rolundan danışılır,
"Dədə Qorqud şeiri"nin arxaik ritm vasitələri,
heca vəznli şeirin təşəkkülündə ritmik
qrupların-durğuların yaranması, inkişafı,
onların simmetrik və asimmetrik düzülüş
xüsusiyyətləri geniş izah edilib.
Göründüyü kimi, M.Əliyevin elmi
yaradıcılığının bütöv bir mərhələsini
türk xalqları ədəbiyyatı, Türkiyə ədəbiyyatı,
Orta Asiya xalqları ədəbiyyatı və bu kimi digər
mövzuların tədqiqi təşkil edir. Türk
xalqları ədəbiyyatının inkişaf problemləri,
nəzəri-estetik prinsipləri, ayrı-ayrı sənətkarların
ədəbiyyatın inkişafında rolu, poeziya problemləri,
türkdilli şeirin tarixi poetikası və sair problemlər
çağdaş elmi-nəzəri konsepsiyalar kontekstində,
bədii nümunələrlə araşdırılır. Nəzəriyyəçi
alimin "Azərbaycan şeir sənəti (türk şeiri
materialları əsasında)" və "Azərbaycan
şeirinin vəzn və evfoniya problemləri"
kitablarında Azərbaycan şeirinin vəzn problemləri
türk xalqlarının poeziyası ilə ilgili tədqiq
edilib. Azərbaycan şeirində paralelizm problemini
çoxçeşidli qaynaqlar əsasında araşdıran
müəllif, V.V.Radlov, V.M.Jirmunski, S.E.Malov, T.Kovalski,
İ.V.Stebleva kimi nüfuzlu alimlərlə polemikaya girərək
öz elmi-nəzəri fikirlərini əsaslandırır.
Professor İ.V.Stebleva ilə polemikasında onun mülahizələrinin
qeyri-dəqiqliyini, elmi əsasa söykənmədiyini türk
şeirindən gətirdiyi örnəklərlə
isbatlayır. Tədqiqatda istifadə olunmuş ədəbiyyata
istinadlarındakı dəqiqlik və polemika mədəniyyəti
sonuna kimi gözlənilir.
"Azərbaycan şeirinin vəzn və evfoniya
problemləri" kitabının elmi-nəzəri
problematikasını yüksək qiymətləndirən Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü,
filologiya elmləri doktoru, professor Azad Nəbiyevin fikirləri
diqqəti cəlb edir: "Əkrəm Cəfərin əruz
texnikasının araşdırılması ilə
bağlı başladığı böyük işi
şeirimizdə heca vəzninin öyrənilməsi sahəsində
filologiya elmləri doktoru, professor Məmməd İracoğlu
davam etdirməkdədir. Elə həmin böyük həvəslə,
səbr və araşdırıcı inadkarlığı ilə...
Məmməd İracoğlu sələfi kimi, tədqiqatını
sözün sadədən mürəkkəbə gedən təkamülü
üzrə deyil, mürəkkəbdən sadəyə
qayıdışı üzərində qurmuşdur.
Araşdırmalarında sözdən səsə qədər
texniki modeli açıqlamış, onun səslərə
ayrılma və bölünmə mənzərəsini şərh
etmişdir".
Sadalanan əsərlərin sanbalından da
görünür ki, alim ömrünün şəfəqlərinə
bələnmiş 75 illiyini qeyd etdyimiz professor Məmməd
Əliyev ədəbiyyatşünaslığın, ədəbiyyat
nəzəriyyəsinin, ədəbi əlaqələrin
fundamental bilicilərindəndir. O, vətəninə, milli
kökə qırılmaz tellərlə bağlı olan
seçkin ziyalılarımızdandır. Yüksək elmi-nəzəri
təfəkkür, türkçülük, vətənçilik,
torpağa və dövlətçiliyə sədaqət,
ünsiyyət mədəniyyəti və parlaq insani keyfiyyətlər
onu səciyyələndirən əsas xüsusiyyətlərdir.
75 yaşın mübarək, dəyərli həmkarım,
əziz qələm dostum! Arzum budur ki, İlahinin sənə
bəxş etdiyi ömrün qalan hissəsi də beləcə,
elmin şəfəqləri ilə nurlanaraq davam etsin!
Qurban BAYRAMOV
Tənqidçi-ədəbiyyatşünas
525-ci qəzet.- 2023.- 6 dekabr,№221.- S.13.