Şəhid
olarıq, məğlub olmarıq
Payızın adi günlərindən birində
dünyaya gəlişi ilə ata-anasını,
dost-tanışı sevindirmişdi. Onda 8 noyabrın Azərbaycan
tarixinə Zəfər günü kimi yazılacağından
xəbərsizdik. Hələ ruhumuz Birinci Qarabağ
savaşının yaralarından ağrıyırdı. Hələ
oğullarımız torpaqlarımızı azad etmək
yanğısıyla böyüyürdü. 1993-cü il 8
noyabrda Bakının Xəzər rayonu Zirə qəsəbəsində
anadan olan Samir Vaqif oğlu Mehdiyev kimi.
Böyüdükcə doğum günlərində
çox da sevinə bilmirdi. 8 rəqəmini sevmirdi.
Şuşanın işğal günü olan 8 mayı
xatırlayırdı daha çox. "Bir gün doğum
günümü Şuşada qeyd edəcəyəm"
deyirdi.
Zirə qəsəbəsindəki Birinci Ziya Ağayev
adına 241 nömrəli tam orta məktəbi bitirəndə
hərbçi olmaqda qərarlı idi.
Samir 2013-cü ildə Sərhəd qoşunlarında
həqiqi hərbi xidmət keçir. Heç vaxt
işğalla barışmayan, ərazi
bütövlüyümüz uğrunda savaşmaq, sərhədlərimizi
qorumaq arzusuyla "Gizir hazırlığı" kursuna daxil
olur. 2016-cı ildə isə arzusuna çatır. Maxe kimi
xidmət edir. İmtahanlardan, sınaqlardan keçərək
XTQ-də xidmətə başlayır. Xidmət zamanı "Azərbaycan Ordusunun 100
illiyi" yubiley medalı ilə təltif olunub.
Vaqif Mehdiyev: "Tək oğul payım,
dayağım idi.
Bacarıqlı, zəhmətkeş övlad, məsuliyyətli,
ləyaqətli oğul idi. Sonda vətəninə xidmətini
də layiqincə yerinə yetirdi. Zəng edəndə
çox sakit, rahat danışardı, müharibənin
çətinliyindən söz etməzdi, hər dəfə
"haqqını halal elə", bir də "Vətən
sağ olsun" deyirdi. Düşünürdüm ki, niyə
hər dəfə mənə "haqqını halal et"
deyir. İndi anlayıram hər an ölümlə
üz-üzə olduğunu. Övlad itkisi nə qədər
ağır olsa da, torpaqlarımızı azad etməliydik,
döyüşməliydik. Məğlub
kimi yaşaya bilməzdik. Müharibə də qurbansız
olmur. Arzu edirəm ki, bundan sonra heç bir ailə belə əzab
yaşamasın. Dünyada sülh olsun".
"Əli əlimdən ayrılanda elə bildim ruhum
canımdan ayrıldı" - deyir özünü Polad Həşimovun
əsgəri, davamçısı hesab ədən Malik
Əjdər oğlu Cəbiyev. 1981-ci ildə Culfanın Bənəniyar
kəndində anadan olub. Uşaqlıqdan hərbçi
olmağı arzulayan Malik 1999-cu ildə həqiqi hərbi xidmətə
gedib və artıq 23 illik hərbi xidmətini başa vurub.
Müharibə veteranıdır: "Sentyabrın 27-də müharibə başlayanda
biz Naxçıvanda idik. Oktyabrda Qarabağa gəldik.
Artıq azad olunmuş ərazilərimiz vardı. O zaman Samirlə
tanış oldum. Çox yaxın idik. Tez zamanda
dostlaşdıq. Çox cəsur idi. Ailəsinə də
bağlı idi. Çox döyüşlərdən
keçdik: Hadrut, sonra Tuğ kəndi uğrunda
döyüşlərə qatıldıq. Bu döyüşlərdə
hələ gənc zabit olarkən tanıdığım
polkovnik-leytenant Anar Əliyev şəhid oldu. Çox çətin
döyüşlər olsa da, kəndi azad etdik,
bayrağımızı da sancdıq. Orda Samir elə ürəklə
dedi ki, biz bu torpaqları alacağıq, amma bizi
unutmasınlar. Çanaqçı
kəndi uğrunda döyüşlərdə 4 gün
mühasirədə qalsaq da, kəndi azad etdik.
Daşaltıdan sonra Şuşaya getməli idik. Bütün
bu döyüşlərdə onun elə igidliklərini
gördüm ki, unuda bilmirəm. Əsl qəhrəman idi.
Laçın dəhlizini azad edəndən sonra Şuşaya
Topxana meşəsi istiqamətində hərəkət etdik.
Bayramov Ruslan vardı, ata olmuşdu, övladını hələ
görməmişdi. O döyüşlərdə şəhid
oldu. Onu bir qayanın dibində qoyduq. Hava çiskinli idi. Samir
öz yataq kisəsini onun üstünə saldı. Dedim
"üşüyərsən, o şəhidin üstü
açıq qalsa, üşüyüyərəm" - dedi.
Belə oğul idi. Yanımda təsbehim, möhürüm
vardı. Ona vəsiyyət eləmişdim ki, şəhid
olsam, bunları Şuşa məscidinə qoyarsan, əvəzimə
namaz qılarsan. Amma Şuşa döyüşlərində
Samir vuruldu, ona nəsib oldu bu ucalıq, Samirin çox
yaxın dostu Yüzbaşıyev İsmayıl da şəhid
oldu, mən də yaralandım. Amma yaralı olduğumu hiss
etmirdim və Şuşa məscidinə getdim,
"Şükür" namazı qıldım, bütün
şəhidlərimiz üçün dualar etdim".
8 noyabrda dünyaya gəlmişdi Samir. Noyabrın 5-də
Şuşa uğrunda döyüşlərdə şəhid
oldu. Neçə yaralını çiyinlərində təhlükəsiz
yerə aparan, onların yaşamasının səbəbkarı
olan Samir Şuşaya qələbəyə inamla getdi.
Azərbaycan Respublikasının Prezidentinin sərəncamları
ilə "Vətən uğrunda", "Kəlbəcərin
azad olmasına görə", "Şuşanın azad
olunmasına görə", "İgidliyə görə"
medalı ilə təltif olunub. Samir həm də 3-cü dərəcəli
"Rəşadət" ordeni ilə təltif olunub. Zirə
qəsəbəsindəki ən gözəl küçələrdən
biri də Samir Mehdiyev küçəsidir.
Mahirə xanımın səsində bir kövrəklik
var: "Bilmirəm əvvəldən belə olub, ya savaş
başlayandan kövrəlib səsi: Həmişə
torpaqlarımızdan, düşmənlərdən
danışardı. "Ərazilərimizi azad etməliyik"
- sözü bu idi. İllərdi onsuz da şəhidlərimiz
olurdu. Ağlayardım belə xəbərlərə,
"ağlama" deyərdi. Bir də həmişə deyərdi
ki, "şəhid ailələrinə
başsağlığı verməzlər, axı bu,
ölüm deyil, ucalıqdı, əbədiyyətə
çatmaqdı. Onlara "gözün aydın" deyərlər".
Sözlərini unutmuram, çalışıram
ağlamayım. Oğlum çox şən, həyatsevər
idi. Onunla həmişə qürur duymuşam, indi də fəxr
edirəm ki, oğlum qəhrəman kimi döyüşüb.
Qısa ömrü vətənə, xalqa şərəf gətirib".
...Samir seçilmişlərdəndir. Onun
döyüş yoldaşlarına dediyi son sözlərini
xatırladım: "Biz bu torpaqların hamısını
azad edəcəyik. Şuşanı da, Xankəndi,
Xocalını da. Başqa yolumuz yoxdu. Biz şəhid
olarıq, amma məğlub olmarıq. Bir arzum var ki, bizi
unutmasınlar".
Kövrəldim, kədərləndim,
qürurlandım. Unuda bilmərik, haqqımız yoxdur. Təkcə
Azərbaycan xalqı deyil, Azərbaycan tarixi də unutmayacaq!
Kamalə ABİYEVA
525-ci qəzet.- 2023.-7 dekabr,№222.- S.14.