Şərəfli
ömrün poetik salnaməsi
Azərbaycan Yazıçılar Birliyinin üzvü
şair Abduləziz Xanəhmədoğlunun "Şərəfli
ömür" sənədli poeması II Dünya müharibəsinin
qəhrəman döyüşçülərindən
olmuş Məmiş Şahbaz oğlu Abdullayevdən bəhs
edir. A.Xanəhmədoğlu bu gün regionda
yaşayıb-yaradan şairlərimiz içərisində
öz dəst-xətti ilə seçilir. Şairin 50 ildən
artıq bir dövrdə yaratdığı əsərləri
öz təbiiliyi və koloriti ilə diqqəti cəlb edib.
Müharibə, vətənpərvərlik, qəhrəmanlıq
şairin müraciət etdiyi əsas mövzulardandır.
İdeya və məzmununa görə diqqət çəkən,
oxucular tərəfindən maraqla oxunacaq bu kitabda A.Xanəhmədoğlu
xalqımızın ləyaqətli övladı, 1945-ci ilin 24
martında Sovet İttifaqı Qəhrəmanı adı
verilmiş Məmiş Abdullayevin faşist işğalçılarına
qarşı qanlı döyüşlərdə göstərdiyi
şücaət nəzmə çəkib, onun dolğun,
yaddaqalan obrazını yaradıb. Müəllif qəhrəmanın
mənəvi dünyasını, dövrün atmosferini
janrın imkanları səviyyəsində təsvir edə
bilir, tarixin səhifələrini vərəqləyir, Məmişin
keşməkeşli, çətin və şərəfli
döyüş yoluna nəzər salır, müharibənin gətirdiyi
faciələrdən, itki və dağıntılardan təsirli
dillə bəhs edir. A.Xanəhmədoğlu bir incə
keçid edərək, müstəqillik arzusu ilə alovlanan
Azərbaycana xəyanətkarcasına qəsd edən rus
ordusunun 1990-cı ilin yanvarında Bakıda, daha sonra
Xocalıda xalqımıza qarşı törətdiyi
qanlı cinayətlərə də diqqət yönəldir:
Onda inanmazdıq bizə qəsd edər,
"Bizim" bildiyimiz o "şanlı" ordu.
Bilmirdik bir axşam qana qərq edər,
Müstəqil yaşamaq istəyən yurdu.
Faşizmə qarşı mübarizədə əsl
mərdlik, mübarizlik göstərən qəhrəmanın
mətin xarakteri əsərdə parlaq ifadəsini tapır.
Obrazın yenilməz iradəsi, Vətənə, torpağa
olan hədsiz məhəbbəti və ehtiramı, faşizm
üzərində qələbəyə inamı sözün
qüdrəti, poetik ifadə tərzi ilə oxucuya
çatdırılır:
Düşmən bilmirdi ki, yetişib artıq,
Yağıya, namərdə çəpər
oğullar.
Bilmirdi torpağa tökülən qanı,
Susuz dodağıyla öpər oğullar...
Poemanı sevdirən cəhətlərdən biri də
hər misrasında dilimizin imkanlarından, şirinliyindən
bacarıqla istifadə olunmasıdır. Şairin dili sanki ozan
dilidir, alqışlarla, dua ilə, öymələrlə zəngindir.
Onun sadə qafiyələrə meyilli olması xalq şeir
üslubuna, zəngin folklorumuza
bağlılığını göstərir.
Əsərin qəhrəmanı Məmiş
Abdullayevin keçdiyi döyüş yolları
"Kiçik döyüşlər", "Kursk
döyüşləri", "Oryol döyüşləri",
"Narev çayını keçən əsgər"
bölmələrində elə təbii təsvir edilib ki,
sanki döyüş səhnələri ilə zəngin film
izləyirik:
Oryol da qurtardı yad tapdağından,
Hələ sönməmişdi evlərin közü.
Yanmış texnika da tüstüləyirdi,
Daha görünmürdü düşmənin izi...
Məmişin yaralandığı "Drovski əməliyyatı"
bölümündə qəhrəmanın, ağır
yaralarına baxmayaraq, düşmənə qan uddurması da
son dərəcə canlı, əyani təsvir olunub:
Unudub yaralı olduğun belə,
Dönmüşdü yaralı şirə Məmişim.
Son anda atdığı qumbara ilə,
Sərdi düşmənləri yerə Məmişim...
Faşizmin yırtıcı xarakterini, alman qəsbkarlarının
insanların yaşayışına, mənəviyyatına,
varlığına vurduğu zərbəni xatırladan, belə
səhnələri misralarında təbii şəkildə
canlandıran şair, belə bir amansız düşmənə
qarşı yaralı aslan kimi döyüşən qəhrəmanını
məharətlə ön plana çəkir. Düşmənin mövqeyini öyrənmək, kəşfiyyat
aparmaq üçün coşqun, gur sulu Narev
çayını gecənin ayazında üzərək
keçmək... Bütün baxışlar Məmişə
dikilir. Bu çətin tapşırığın öhdəsindən
yalnız bizim qəhrəmanımız - Məmiş gələ
bilər və batalyonun xilası, bu çox vacib cəbhə
xəttinin yarılması, döyüşün qalibiyyətlə
bitməsi onun hünərinə bağlıdır:
Məmiş gülümsəyib etdi zarafat,
"Hazıram, - söylədi, - çoxdan bu günə.
Kənddə evimizin yanından keçən,
"Qarasu" üzməyi öyrədib mənə".
Keçdi üzə-üzə Narevi Məmiş,
Keçdi çəkinmədən, keçdi
qorxmadan...
İyirmi səkkiz əsgər, iki zabiti,
Təkcə Məmiş özü məhv etdi burda.
Onun sayəsində döyüş dostları,
Yeridi irəli, qalmadı darda...
Müəllifin təsvir etdiyi hadisəyə və qələmə
aldığı qəhrəmanın kimliyinə dərindən
bələd olması, düzgün ifadə tərzi əsərin
uğurlu alınmasına yol açıb. Sonuncu bölümdə
- "Son döyüş"də Məmişin cismani
ölümü oxucunu sarsıtsa da, mənən yenidən və
unudulmaz qəhrəman kimi doğulması, igidlik simvolu, cəsurluq
abidəsi olaraq əbədiyyətə qovuşması ilə
nəticələnir:
45-in yanvarı, onun ölüm yox,
Yenidən doğulma tarixi oldu.
O, məhv edə bildi mənfur düşməni,
Ancaq ürəklərdə Məmiş doğuldu...
Döndü abidəyə şərəfli
ömrü,
Polşa torpağında yaşayır indi.
Olduğu məkanda şərəfli, fəxri
Vətəndaş adını daşıyır indi.
Poemanın epiloqunda Məmişin - sadə kəndli
ailəsindən getmiş bir gəncin doğma Azərbaycana,
öz el-obasına mənəvi dönüşü, qəhrəman
kimi qayıtması təsvir edilir:
İndi Kürdəmirdə böyük bir
küçə,
Məmişin adına ünvan olubdu.
"Qələbə" parkında ucalıb
büstü,
Üstünə çiçəklər kölgə
salıbdı...
Polşa torpağının fəxri vətəndaşı
olan, Rusiyanın paytaxtı Moskva şəhərindəki hərb
muzeyində "Hünər kitabı"na adı yazılan
Sovet İttifaqı Qəhrəmanı Məmiş Abdullayevin
doğma rayonunda, kəndində hörmət və ehtiramla
xatırlanması, adına küçə, məktəb
verilməsi, abidəsinin qoyulması xalqımızın qəhrəmanına
sevgisinin, Vətən üçün edilən xidmətin hər
zaman yüksək dəyərləndirilməsinin bariz
nümunəsidir.
Yaqut BAHADURQIZI
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyi Aran filialının müdiri,
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2023.-7 dekabr,¹222.- S.13.