Möminə Xatun türbəsinin kitabələri: düşüncələr və mülahizələr

 

Möminə Xatun türbəsində onun xarici üzünü çevrələyən ön tərəfə kufi xətlə müəyyən kitabələr həkk edilib. Bir sıra ərəb xətti növləri (himyər, nəsx, tumari və s.) içərisində niyə məhzkufi xəttinin seçilməsi sualına dərhal belə aydınlıq gətirək ki, islam dini meydana gəldikdən sonra kufi xətti Quran-Kərimin nüsxələrində istifadə olunurdu. Sonrakı dövrlərdə bir çox başqa xətlər yaransa da, daş oymaları kufi xətti ilə işlənir, məscid və binaların dekorasiyasında ən çox kufi yazısından istifadə edilirdi. Böyük ehtimal ki, Naxçıvan memarlıq məktəbinin banisi olan Əcəmi türbənin üzərinə işlədiyi kitabələrdə məhz bu səbəbə görə kufi xəttinə üstünlük vermişdi.

Möminə Xatun türbəsi üzərində olan kitabələri elm aləminə təqdim edən alimlərdən biri tarixçi-etnoqraf və arxeoloq Əjdər Ələsgərzadə olmuşdur. O, belə bir nəticəyə gəlmişdir ki, onüzlü türbənin bütün üzləri kənardan Qurani-Kərimin 36-cı surəsi olan "Yasin"in mətni ilə haşiyələnib. İki dəfə təkrar olunmaqla bu surə bir dəfə birinci üzdən beşinciyə, o biri dəfə altıncı üzdən onuncu üzədək davam edir. Hər üzdə yazı sağda aşağıdan yuxarıya yönəlir, sonra yuxarıda üfüqi davam edir və aşağı istiqamətlənir.

Maraq doğuran bir məqam budur ki, görəsən, böyük memar türbənin xarici üzü üçün 114 surə içərisində nəyə görə məhz "Yasin" surəsini seçib? Bu sual, bir neçə tədqiqatçının elmi əsərləri istisna olmaqla təəssüf ki, xüsusi araşdırmaya cəlb edilməyib. Memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyev "Memar Əcəmi Naxçıvani yaradıcılığında ahəngdarlıq" (Bakı, "Şərq-qərb", 2007, s. 73-75) adlı kitabında bu sualın cavabını üç səbəblə əlaqələndirir. Tanınmış alimin fikrincə, bunun birinci səbəbi Möminə Xatun türbəsinin qəbirüstü abidə olması ilə əlaqədar ola bilər.

Müəllifin ikinci səbəb kimi gördüyü məsələ Möminə Xatun türbəsinin üzərinə işlənmiş kitabələrin birində yazılmış "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar" ifadəsi ilə bağlıdır. Müəllifə görə, "bu sözlər insan öldükdən sonra onun ancaq faydalı əməlləri qalacağına bir işarədir. "Yasin" surəsinin 12-ci ayəsində buyurulur: "Həqiqətən, ölüləri Biz dirildirik. Onların etdikləri əməlləri və qoyduqları izləri yazırıq. Biz hər şeyi açıq-aydın kitabda (lövhi-məhfuzda) sayıb yazmışıq".

Alim üçüncü səbəb kimi Möminə Xatun türbəsinin quruluş nəzəriyyəsini qeyd edərək bunu "Yasin" surəsinin 33-cü və 36-cı ayələri ilə izah etməyə çalışır.

Müəllifin yuxarıdakı fikirləri həqiqətən maraq doğurur və biz bu barədə oxuculara məlumat verməklə yanaşı, öz görüşlərimizi də bölüşmək istərdik. Məlum olduğu kimi, "Yasin" surəsi 83 ayədən ibarət olub "Ya Sin" Qurani-Kərimin müqəttiə hərfləridir və bunun müxtəlif izahları vardır. Ərəb dilindəki "Ya"nın əbcəd dəyəri 12, "Sin"in əbcəd dəyəri isə 120-dir. Bunlar toplandıqda 132 edir ki, bu həm "Məhəmməd", həm də ki, "qəlb" kəlməsinin əbcəd  dəyərləridir. Buna əsasən fikir yürüdülür ki, "Yasin" surəsi Quranın qəlbidir. Şəxsi qənaətimizə görə, ola bilsin ki, Əcəmi Naxçıvani, türbənin həm öz əsərləri içərisində yerinə (şah əsər) işarə edir, həm də "sirlərin kilidini açmağa yarayan mərkəz, ürək budur" deyir.

Möminə Xatun türbəsinin fasadına "Yasin" surəsinin işlənməsi səbəbinə sakral anlam daşıyan "Dünyanın mərkəzi" mifoloji anlayışı gözündən də nəzər salmaq maraqlı olar. Naxçıvan dünyanın qədim müqəddəs məkanlarından biri olub məşhur dini ziyarətgahlara (Əshabi-Kəhf və s.) ev sahibliyi etməklə yanaşı, müəyyən dini təriqətlərin (Hürufilik və s.) də beşiyi hesab edilir. Ezoterik ədəbiyyatlarda müqəddəs hesab olunan bölgələr dünyanın mühüm mərkəzi zonaları kimi qəbul edilir. Maraqlıdır ki, şamanizmə görə, dünya üç kosmik zonaya bölünür: göy, yer və yeraltı dünya. Bu üç zonanın birləşdiyi yer isə "Dünyanın mərkəzi" ("Dünyanın göbəyi") adlanır. Dahi Əcəmi Qurani-Kərimin qəlbi sayılan "Yasin" surəsi ilə Naxçıvan bölgəsinin dünyanın mərkəzi zonalarından biri olmasına simvolik işarə də edə bilər.

Unudulmamalıdır ki, Möminə Xatun türbəsinin memarlıq quruluşu "qızıl bölgü" mütənasiblik sisteminə, eləcə də insan bədəninin harmonik quruluşu sisteminə, onun naxışlarının quruluşu isə kvadrat, düzgün altıbucaqlı və onların birgə kombinasiyalarından yaranan mütənasiblik sisteminə əsaslanır. Bu haqda memarlıq üzrə fəlsəfə doktoru Qadir Əliyev "Başlanğıcların başlanğıcı: Naxçıvan-Marağa memarlıq formalarının mahiyyəti" adlı kitabında (İstanbul, Akademi Titiz Yayınları, 2015) son dərəcə maraq doğuran məqamlara toxunub və diqqəti cəlb edən bu şəkillər üzərində fikirlərini əsaslandırmağa çalışıb.

Məsələyə bir də başqa prizmadan yanaşaq: Türbənin astronomiya və kosmik sirlərlə bağlı olması ehtimalını düşünsək, Qurani-Kərimin məhz astronomiyaya dair sirlərdən də bəhs olunduğu "Yasin" surəsinin onun üzərində məhz bu səbəbə görə əks olunması mülahizəsini də yürüdə bilərik. Surənin 37-40-cı ayələrində məhz sözügedən məsələlərə toxunulur.

Zənnimizcə, dünya xalqlarının mədəni irsi sayılan bir sıra məşhur abidələr kimi (məsələn, antik Misir və mayya ehramları, Türkiyədəki Göbəklitəpə istehkam məbəd kompleksi və s.) Möminə Xatun türbəsinin üzərində də gizli kosmik sirlərə işarələr vardır. Bu barədə bəhs etmək isə başqa bir araşdırmanın predmetidir.

Mövzudan yayınmadan gəlin, məsələyə bir də tamamilə fərqli müstəvidən baxaq. Kiçik bir haşiyə: Mustafa Kamal Atatürk türk diplomatı Tahsin Mayatepeki Meksikaya səfir təyin etməklə müəmmalı Mu mədəniyyətini araşdırmağı ona tapşırmışdı. Üç ilə yaxın müddət ərzində əldə olunan nəticələr üç cilddə toplanmış on dörd raportdan ibarət olub həmin dövrdə Mustafa Kamal Atatürkə və Türk Dil Qurumuna göndərilmiş, uzun müddət ictimaiyyətə açıqlanmamışdı. Nəhayət, 2006-cı ildə sözügedən raportlar kitab şəklində çap edildi. O vaxt aşkarlanmışdı ki, Qurani-Kərimin müqəttiə hərfləri artıq tarixdən silinmiş Mu mədəniyyətinin dili ilə paralellik təşkil edir. Mu dilində "YA" - "yas", "tragediya", "SİN" isə "sahə", "məntəqə" deməkdir. Birlikdə götürdükdə "suya gömülən qitənin tragedik taleyi" mənasını ifadə edir. Deməli, "Yasin" sözü buna işarə edə bilər.

Sual oluna bilər ki, bunun Möminə Xatun türbəsinə nə dəxli? Birincisi, "Yasin" surəsi ilə həmin mistik əfsanəvi qədim mədəniyyətlərə işarə oluna bilər. Yəni insanlığın kökü oradan gəlir. Mu, Atlantida, Qədim Misir... Bunlar haqda söhbət açmaq isə başqa bir məqalənin mövzusudur.

İkincisi isə, "Yasin" surəsinin 41-43-cü ayələrinə nəzər saldıqda aydın görmək olur ki, bu ayələr dünyanın keçirmiş olduğu böyük tufanlara işarə edir.

Unutmaq olmaz ki, dünya tufanlarından biri olan Nuh tufanı məhz Naxçıvan bölgəsi ilə bağlıdır və Nuhun gəmisi ilə bağlı əhvalat Naxçıvanda baş verib. Əcəmi mətnaltı simvolik şifrələrlə buna işarə edə bilər.

Qeyd edək ki, bəzi tədqiqatçıların fikrincə, türbə üzərində yalnız "Yasin" surəsi işlənməyib. Hesab edilir ki, türbənin içərisində yuxarı tərəfdə bant formasında abidənin bütün dairəvi çevrəsi boyu böyük ehtimal ki, Qurani-Kərimin "Fatihə" və "İxlas" surələri də həkk olunub. Bu barədə Azərbaycanın tanınmış tarixçi-etnoqrafı və arxeoloqu Əjdər Ələsgərzadənin "Naxçıvan diyarının qədim memarlıq abidələrinin kitabələri" adlı məqaləsində ("Azərbaycan SSR Elmlər Akademiyasının xəbərləri", № 5, Bakı, 1949, s. 161) son dərəcə maraqlı olan aşağıdakı məlumatlar yer alıb: "İ.Əzimbəyov (Azərbaycanın arxeoloqu və epiqrafı İsa Əzimbəyov nəzərdə tutulur - Y.X.) qeyd edir ki, gümbəzin içəri tərəfində iki monoqrama (dairəvi xonça-medalyonlar - Y.X.) vardır ki, onlardan biri şimal tərəfdə, digəri isə cənub tərəfdə yerləşir və iddia edir ki, cənub tərəfdə olan monoqramda Qurani-Kərimin 1-ci surəsi, şimal tərəfdə yerləşən monoqramda isə 112-ci surəsi yazılıb". Daha sonra müəllif məqalədə İ.Əzimbəyovun türbə üzərində olan həmin kitabələrin yerinin təsvirində yanlışlığa yol verməsi ehtimalını bu sözlərlə dilə gətirir: "İçəridə divarın yuxarı hissəsində bant formasında yazı vardır, lakin türbənin təmiri zamanı bu yazı suvaqla örtülübdür və oxunaqlı deyil. Buna görə təmirdən sonra çəkilmiş fotoşəkillərdə bu yazını oxumaq mümkün olmamışdır. Fikrimizcə, ola bilər ki, İ.Əzimbəyov tərəfindən qeyd olunmuş 1-ci və 112-ci surələr burada yerləşmişdir, o isə səhvən onların monoqramlarda yerləşdiyini bildirmişdir. Hər halda qəti fikir üçün araşdırmalar aparılmalıdır".

Əjdər Ələsgərzadə sözügedən məqaləsində rus tədqiqatçısı V.M.Sısoyevə istinad etməklə daha maraqlı bir məqama toxunmuşdu. Müəllif qeyd edir ki, "Sısoyevə, görə türbənin içəri tərəfində bir neçə metr yüksəklikdə kəmər şəklində ikinci yazı var, üzəri suvaqla örtülüdür". V.M.Sısoyev bu yazının nə ilə əlaqədar olmasını bildirməsə də, təkcə bu fakt belə o fikri yürütməyə əsas verir ki, türbədə çoxsaylı kitabələrin olması ehtimalı böyükdür və bunlar kompleks olaraq bir-biri ilə əlaqəli şəkildə tədqiqata cəlb edilməzsə, mexaniki və yarımçıq halda bir yerə toplanmış bizə məlum olan kitabələrin dağınıq haldakı vəziyyəti tədqiqatçılara heç zaman bitkin, qətiyyətli və düzgün elmi fikirlər söyləmək üçün yetərli olmayacaqdır. Ona görə də türbə üzərindəki Ə.Ələsgərzadə və V.M.Sısoyevin toxunduğu kitabələri qapatmış suvaqlar "təmizlənməli"dir. Ümumiyyətlə, alimlərin toxunduğu və toxunmadığı və bəlkə də var olan başqa kitabələri oxumağın yeganə yolu Möminə Xatun türbəsinin imkan daxilində orijinalına uyğun formada bərpa olunmağa çalışılmasıdır.

Düşünürəm ki, türbənin üstünü qapayan günbəzin kərpic sıralarından olan yerliyində yerləşdirilmiş perpendikulyar oxlar üzərində qoyulmuş dörd dairəvi xonça-medalyononlar (diametri 1,5 m) türbəyə işlənmiş kitabələrin gizli sirrinin kilid açarları rolunu oynayır. Fikrimcə, medalyonların bucaq sayları ilə abidə üzərindəki naxışlar memarlıqda istifadə olunan həndəsi və riyazi hesablamalar və düsturlarla birləşdirilərək təhlil edilərsə, türbəyə işlənmiş kitabələrin bu günədək açılmamış tamamilə fərqli batini anlamları üzə çıxa bilər. Bu isə nəinki ölkəmiz, hətta dünya üçün tarixin qaranlıq səhifələrində gizli qalmış əhəmiyyətli məsələləri gün işığına çıxarar. Bu baxımdan türbə üzərindəki naxışlar dörd dairəvi xonça-medalyonla əlaqələndirilərək tamamilə fərqli rakurslardan yenidən elmi şəkildə aşardırılmalıdır.

Yeri gəlmişkən, ərəb və fars dili mütəxəssislərindən, tarixçi-etnoqraflardan, ilahiyyatçılardan, eləcə də ezoterikçı alimlərdən ibarət olan birgə xüsusi komissiya təşkil olunmaqla Möminə Xatun türbəsinin kitabələrinin də yenidən daha dəqiq oxunmasına və incələnməsinə böyük ehtiyac vardır. Təkcə bir fakta nəzər salmaqla bu məsələnin vacibliyini izah edək: "Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar" kimi Azərbaycan dilinə tərcümə edilən, türbənin üzərində fars dilində olan həmin cümlələrin orijinal mətninə diqqət etsək, görərik ki, tərcümə variantında olan "gedirik" sözü orijinal mətndə farsca "bərgərdim", yəni "qayıdırıq", "əsər" sözü isə farsca "in", yəni "bu" kimi əks olunmuşdur. Düzdür, tərcüməyə hərfi deyil, bədii formada yanaşılmasının, həmçinin sözügedən sözlərin fərqli formada tərcümə olunmasının orijinal mətnin mahiyyətini təhrif etməməsinə baxmayaraq, hər halda kitabənin həqiqətdə olduğu kimi başa düşülməsi baxımından tərcüməyə dəqiq yanaşılması daha düzgün olardı. Unutmaq olmaz ki, xüsusilə abidələr üzərində gələcək nəsillərə çatdırılan ismarişləri ehtiva edən yazıların batini anlamlarının başa düşülməsində təkcə bir sözün belə tərcüməsində qeyri-dəqiqliyə yol verilməsi böyük məna təhriflərinə gətirib çıxara bilər. Bu baxımdan tərcümə məsələsinə həssaslıqla yanaşılması tələb olunur.

Ümid edirik ki, əlaqədar mütəxəssis-alimlərimizin yaxın gələcəkdəki daha ciddi elmi araşdırmaları bu mövzunu təfsilatlı şəkildə tədqiq etməyə münbit şərait yaradacaq.

 

Yunis XƏLİLOV

Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi, hüquqşünas

525-ci qəzet.- 2023.-7 dekabr,№222.- S.12;13.