Sağlamlığın
qarantı - icbari tibbi sığorta
Uzun illərdən bəri dünyada olan tibbi
sığorta artıq iki ildir Azərbaycanda da tətbiq edilməyə
başlayıb. Əhalinin sağlamlığı
üçün təşkil olunan bu xidmətə əlçatanlığı
təmin etmək üçün yeni sistem yaradılıb.
İcbari tibbi sığorta səhiyyə sistemində şəffaflığı,
tibbi xidmətlərin keyfiyyətini artırır, əhalinin
sağlamlığı daha etibarlı şəkildə
qorunur və tibbi xidmətlərə xərclənən vəsaitlərin
payını azaldır.
İcbari tibbi sığorta əhalinin tibbi yardım
almaq hüququnu təmin edən, sığorta hadisəsi
zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə
mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin,
təcili və təxirəsalınmaz tibbi yardımın,
habelə sığorta olunanlara xidmətlər zərfində
nəzərdə tutulmuş şərtlər çərçivəsində
tibbi xidmətlərin göstərilməsinə təminat verən
tədbirlər məcmusudur.
Artıq Bakı və Sumqayıt şəhərləri
ilə yanaşı, digər şəhər və rayonlarda,
həmçinin Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhalinin
də icbari tibbi sığortanın Xidmətlər Zərfinə
daxil olan 3315 sayda tibbi xidmətdən istifadə etmək
imkanı var. Xidmətlər zərfinə əlavə edilən
775 xidmətdən 469-u cərrahi əməliyyatlardır. Xidmətlər
Zərfində ilkin tibbi sanitariya yardımı, laboratoriya, təcili
təxirəsalınmaz tibbi yardım, ambulator tibbi xidmət,
stasionar terapevtik və stasionar cərrahi tibbi xidmətlər
daxildir. Cərrahi əməliyyatlara həyati, vacib əməliyyatlar
daxildir. Bundan əlavə, əlillik və ya ölüm riski
yüksək olan xəstəliklərlə bağlı əməliyyatlar
xidmətlər zərfinə daxildir. Əsas yeniliklərdən
biri isə odur ki, Xidmətlər Zərfinə ilk dəfə
orqan transplantasiyası da əlavə olunub. Orqan
transplantasiyası ilkin olaraq limitli qaydada tətbiq edilməklə
həyata keçiriləcək. İcbari Tibbi Sığortada
sığorta limiti anlayışı var. Amma hər xidmət
üzrə limit yoxdur. Sığortadan yararlanmaq istəyən
vətəndaş xəstəxanaya yaxınlaşıb, il ərzində
istənilən sayda əməliyyat oluna bilər. Yəni əməliyyatlarla
bağlı sığorta limiti yoxdur. Əvvəllər
koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatı
üçün limit sayı 300 idi. Yeni Xidmətlər Zərfində
isə bu əməliyyat limitsizdir. Eyni zamanda fizioterapiya
müalicəsinə vətəndaş il ərzində 30 dəfə
müraciət edə və hər müraciətində 3 xidmətdən
yararlana bilər.
Bütün ölkə vətəndaşları
icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə
daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə
edə bilərlər. Tibbi xidmətə ehtiyac
yarandığı təqdirdə Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən
dövlət tibb müəssisəsinə və Səhiyyə
Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi
ilə müraciət etmək kifayətdir. Dövlət tibb
müəssisəsində lazım olan tibbi xidməti göstərmək
mümkün olmadıqda vətəndaşa İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin müqavilə
bağladığı özəl tibb müəssisəsinə
göndəriş verilir. Hazırda yeni müqavilə
bağlanılan özəl tibb müəssisələrinin
sayı 140-a çatıb. TƏBİB-in tabeliyindəki
dövlət xəstəxanalarında xidmətdən yararlana
bilməyən vətəndaşlara sözügedən özəl
tibb müəssisələrinin siyahısı təqdim edilir.
Onlar göndəriş əsasında müqavilə
bağlanan özəl tibb müəssisələrində xidmətlərdən
yararlana bilərlər.
Vətəndaşlara icbari tibbi sığorta çərçivəsində
tibbi xidmətlər TƏBİB-in tabeliyində olan dövlət
tibb müəssisələrində göstərilir. Vətəndaş
qeydiyyatda olduğu ərazi üzrə dövlət tibb müəssisəsinə
müraciət edir, həmin tibb müəssisəsində ona
lazım olan tibbi xidmətin göstərilməsi
mümkün olmursa, müqaviləli tibb müəssisələrində
göndəriş əsasında tibbi xidmətlər göstərilir.
Tibbi xidmətlərə göndəriş vərəqəsi
TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən
verilir. Müqaviləli tibb müəssisələrinə təkcə
dövlət tibb müəssisələri deyil, özəl xəstəxanalar
da aiddir. Elə xidmətlər var ki, onları dövlət xəstəxanası
göstərə bilmir. Ona görə də özəl tibb
müəssisələri ilə müqavilələr
imzalanır. Özəl xəstəxanaların seçimi
prosesində müəyyən meyarlar nəzərə
alınır.
Hazırda İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyi dövlət tibb müəssisələrində
göstərilməsi mümkün olmayan tibbi xidmətlərin
həyata keçirilməsi məqsədilə 19 tibb müəssisəsi
ilə müqavilə bağlayıb. Beləliklə, vətəndaş
ödəniş etmədən həmin xidmətlərdən
yararlana bilir.
Bütün vətəndaşların icbari tibbi
sığortanın Xidmətlər Zərfi çərçivəsində
tibbi xidmətlərdən istifadə etmək hüququ var.
Çünki dövlət büdcəsindən bütün vətəndaşlar
üçün icbari tibbi sığorta haqqı
ayrılır. 2021-ci ildən dövlət və neft sektorunda,
qeyri-dövlət və qeyri-neft sektorunda
çalışanlardan, mülki-hüquqi xarakterli müqavilələr
əsasında işləri yerinə yetirən fiziki şəxslər
və sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslərdən icbari tibbi sığorta
haqlarının toplanılmasına başlanılıb.
Ölkə əhalisinin 45 faizini təşkil edən
imtiyazlı təbəqə üzrə isə
sığortahaqqı dövlət büdcəsi hesabına
ödənilir. Əmək və ya mülki-hüquqi
müqavilə əsasında işləmədiyi və
sahibkarlıq fəaliyyəti ilə məşğul
olmadığı hallarda 18 yaşınadək şəxslər,
23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili
və ya ali təhsil müəssisələrində əyani
təhsil alanlar, pensiyaçılar, sosial müavinət almaq
hüququna malik olan şəxslər, ünvanlı dövlət
sosial yardımı alan ailələrin üzvləri icbari
tibbi sığorta haqqı ödəməkdən
azaddırlar.
İcbari tibbi sığorta üzrə sığorta
haqları işçinin əməkhaqqından, yəni
işəgötürən tərəfindən işçiyə
pul və ya natura formasında ödənilən gündəlik
və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin,
mükafatların və digər ödənclərin məcmusundan
ibarət məbləğdən hesablanır. Qeyri-dövlət
və qeyri-neft sektoru üzrə işəgötürən və
işçilərdən əməkhaqqının 8000 manata qədər
olan hissəsindən 2 faiz miqdarında icbari tibbi
sığorta haqqı tutulması müəyyən olunub.
Mülki-hüquqi xarakterli müqavilələr əsasında
işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər
aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2
faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında
icbari tibbi sığorta haqqı ödəyirlər.
Abşeron Rayon Mərkəzi Xəstəxanası
publik hüquqi şəxsin direktoru Azər İsmayılovun
sözlərinə görə, 2021-ci ildən etibarən
bütün ölkə boyu icbari tibbi sığortanın tətbiqinə
başlanılıb. Eyni zamanda Abşeron rayon Mərkəzi Xəstəxanasında
da. İcbari tibbi sığorta xətti ilə xəstəxanada
xəstələrin müalicə və müayinəsi
yüksək səviyyədə həyata keçirilir. Xəstəxanada
tibbi xidmətlərə əlçatanlığının
və pasiyent məmnunluğunun artırılması
üçün Qeydiyyat bölməsi yeni formatda əhalinin
istifadəsinə verilib. Daha operativ qeydiyyat işinin təşkili,
əhaliyə əlçatan tibbi xidmətin göstərilməsi
üçün qeydiyyat bölməsi xəstəxananın
geniş və işıqlı guşəsinə
köçürülüb. Elektron qeydiyyat sistemi
formalaşdırılıb. 22 personalın
çalışdığı bölmədə kompakt və
əhatəli xidmət göstərilir.
A.İsmayılov deyir ki, icbari tibbi
sığortanın tətbiqindən öncə xəstələr
xəstəxanalara çox gec, xəstəliyin ən
ağır fazalarında müraciət edirdilər. Belə
olan halda da xəstəliyin müayinə və müalicəsi
uzun zaman alırdı. Tibbi sığortanın tətbiqindən
sonra xəstələr xəstəliyin ilkin dönəmlərində
xəstəxanalara müraciət edirlər. Bu zaman həm həkimin
işi asanlaşır, həm də vaxtında müayinə
və müalicəyə başlanıldığından xəstələr
tez bir zamanda sağlamlıqlarına qovuşurlar.
İcbari tibbi sığortanın tibb müəssisələrində
tətbiq olunması həkim və xəstələr
arasındakı bir çox problemlərin həllində
böyük rol oynayıb. Əvvəllər maddi
imkansızlıq ucbatından xəstəxanaya, həkimə
müraciət etməkdən çəkinən insanlar tibbi
sığortanın tətbiqindən sonra artıq rahat şəkildə
müəyinə və müalicə üçün tibb
ocaqlarına üz tuturlar.
Paytaxt sakini Günay Sadıxova deyir ki, bu tibbi xidmətlər
modelinin sayəsində o və yaxınları istənilən
vaxt, əllərində maliyyənin olub-olmamasından
asılı olmayaraq tibbi xidmətlərdən pulsuz istifadə
edirlər: "Məncə, icbari tibbi sığorta sistemi
daha çox adi vətəndaşların mənafeyinə
yönəlib. Onların keyfiyyətli tibbi xidmət və dərmanla
təmin edilməsinə şərait yaradır. Mən uzun
müddət idi ki, müayinə olunmaq istəyirdim. Amma buna
maddi cəhətdən imkanım çatmırdı. İndi
tibbi sığortanın yaratdığı imkandan
yararlanıb müayinə olundum. Bu sistem insanların
sağlamlıqlarının qeydinə qalmağa imkan
yaradır".
Digər sakin Jalə Mustafayeva bildirib ki, maddi
imkansızlıq ucbatından insanların çoxu xəstəlik
ağırlaşdıqdan sonra həkimə müraciət
edirdilər. İndi, sığorta sisteminin tətbiqindən
sonra insanlar özlərini bir az narahat hiss edən kimi həkimə
gedirlər. Bir manat belə ödəmdən müayinə
olunurlar.
İcbari tibbi sığortadan istifadə edən
jurnalist Azər Qismət bildirib ki, onun ürəyində
aparılan əməliyyat üçün lazım olan vəsait
sığorta vasitəsilə ödənilib: "Hərdən
düşünürəm ki, icbari tibbi sığorta
olmasaydı, mən neyləyərdim. Ürəyimə 2 stend
qoyuldu. Bu əməliyyatın qiyməti 4000 manat idi.
Sığorta olmasaydı, o qədər pulu hardan
tapacaqdıq. Xəstələnənə qədər icbari
tibbi sığorta ilə maraqlanmırdım. Öyrəndim
ki, işləməyən adamların da sığortası
var".
Millət vəkili İlham Məmmədovun sözlərinə
görə, icbari tibbi sığortanın tətbiqindən
qısa zaman keçsə də, bu sahədə çox ciddi
uğurlara imza atılıb. Belə ki, icbari tibbi
sığortanın tətbiqi və bu istiqamətdə
yaradılan strukturların fəaliyyəti nəticəsində,
təkcə insanların keyfiyyətli tibbi xidmət alması
baxımdan deyil, eyni zamanda müasir tipli, standartlara cavab verən
sağlamlıq ocaqlarının yaradılması, onların ən
yeni lazımi tibbi avadanlıqla və yüksək ixtisasli tibb
personalı ilə təmin olunması baxımdan da öz
müsbət nəticəsini verməkdədir: "İcbari
tibbi sığorta səhiyyə sahəsinə ayrılan
bütün vəsaitlərin vahid bir mənbədə cəmləşdirilməsini
və əhalinin tibbi xidmətlərdən istifadəsi
üçün çəkilən xərclərin bir mənbədən
maliyyələşdirilməsini təmin edir. İcbari tibbi
sığorta sosial həmrəylik, səmərəlilik,
şəffaflıq və keyfiyyət prinsipləri əsasında
fəaliyyət göstərir".
Millət vəkili Musa Quliyev qeyd edib ki, icbari tibbi
sığorta səhiyyə sisteminin maliyyələşməsinin
ən mükəmməl formasıdır. Sistemin tətbiqində
məqsəd səhiyyənin maliyyələşdirilməsini
təkmilləşdirmək, səmərəli tibbi xidmətlərin
göstərilməsinə zəmanət verəcək
universal və dayanıqlı tibbi sığortanı təmin
etməkdir. Əsas məqsəd ilk növbədə hər
bir vətəndaşın tibbi xidmətə əlçatanlığının
təmin olunmasıdır: "Yəni vətəndaşlar
cibindən pul xərcləmədən tibbi sığorta vasitəsilə
klinikalarda müayinə və müalicə olunur. Bu sahədə
sağlam mühit yaranır, hər bir tibb müəssisəsi
çalışır ki, daha yaxşı xidmət göstərsin,
ona sığorta polisi ilə daha çox vətəndaş
müraciət etsin, müqavilə bağlasın. Belə
olduqda, tibb işçilərinin əmək haqları da
artacaq. Eləcə də hər bir tibb müəssisəsi
öz maddi-texniki bazasını gücləndirəcək".
Milli Məclisin Səhiyyə komitəsinin sədri
Əhliman Əmiraslanov icbari tibbi sığortanın Azərbaycanda
tətbiq edildiyi qısa vaxt ərzində çox
böyük işlər görüldüyünü bildirib.
Azərbaycanda müasir səhiyyə infrastrukturu
yaradılıb: "Artıq xeyli vaxtdır ki, Azərbaycanda
da icbari tibbi sığortanın tətbiqinə
başlanılıb. Həm sovet, həm müasir səhiyyə
sistemi ilə tanış olan bir adam kimi qısa müddət ərzində
bu qədər böyük işlərin görülə biləcəyini
gözləmirdim. İcbari tibbi sığortanın
spesifikasını nəzərə alaraq qeyd edim ki, bunun həyata
keçirilməsi o qədər də asan deyil. Təqdirəlayiq
haldır ki, bu istiqamətdə yaxşı komanda
formalaşıb. Aydın görünür ki, Azərbaycanda
tibb sahəsi böyük inkişaf yolundadır. Hesab edirəm
ki, icbari tibbi sığortanın tətbiqi bu inkişafı
daha da sürətləndirəcək".
Sevinc QARAYEVA
Yazı Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və
Azərbaycan Mətbuat Şurasının "Bir ömür
xidmətinizdə"... mövzusundakı birgə müsabiqəsinə
təqdim edilir.
525-ci qəzet.- 2023.-7 dekabr,№222.- S.11.