Xalq yazıçısı Anarın yubileyinə həsr olunmuş elmi konfrans keçirilir

 

Ötən gün Bakı Dövlət Universitetində (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda respublika elmi konfransı öz işinə başlayıb. 6-7 dekabr tarixlərini əhatə edən konfrans Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunub.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, ardınca Ümummilli lider Heydər Əliyev və ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəmanlar yad edilib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent, BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, konfransın təşkilat komitəsinin sədri Əliş Ağamirzəyev 2023-cü ilin əlamətdar hadisələrlə yadda qaldığını qeyd edərək, lokal antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün bərpasının məhz bu ilə təsadüf etdiyini qürur hissi ilə vurğulayıb. Ə.Ağamirzəyev deyib ki, cari il ərzində BDU-da mərhum ədəbiyyat xadimlərimiz yad edilib, silsilə ədəbi tədbirlər keçirilib, qələm ustaları ilə maraqlı görüşlər təşkil olunub. O bildirib ki, Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş konfrans da yaddaqalan görüşlər sırasında yer alacaq. Konfransı iki cəhətdən əlamətdar hesab edən prorektor, Anar müəllimin vaxtilə BDU-nun məzunu olduğunu qeyd edərək görkəmli yazıçının bu gün də Azərbaycan oxucusunun zövqünün formalaşdırılmasındakı müstəsna rolunu nəzərə çatdırıb.

Sonra Xalq yazıçısı Anarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub və konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Xalq yazıçısı Anarın yaradıcılığı, nəsrindəki çoxşaxəli istiqamətlər və aktuallıq barədə geniş çıxış edib. Çıxışına müəllifin Fransa senatının yeni təxribatıyla bağlı “Senatorlar və "Paraşütistlər" başlıqlı yazısı haqqında mülahizələri ilə başlayan akademik, Xalq yazıçısının sovet dövründə olduğu kimi, bu gün də azərbaycançılıq ideyasının təəssübkeşi olduğunu vurğulayıb. O bu fikrə əsaslanaraq Xalq yazıçısı Anarın yaradıcılığını möhtəşəm azərbaycançılıq abidəsi adlandırıb. Müəllifin keçmiş mətnlərə yeni nəfəs vermək cəhdini yüksək qiymətləndirən İ.Həbibbəyli Anar müəllimin orijinal obraz yaratmaq məsələsində ustalığını vurğulayıb: “Bu yaxınlarda Anar müəlimin üç əsərini oxudum: “Əcəl” povesti, “Balaca Fuadın son xahişi” və “İngilis kralının bacısı” hekayələri. “Əcəl” povestində “Qırmızı limuzin”in, “İngilis kralının bacısı”nda “Mən, sən, o və telefon” hekayəsinin, “Balaca Fuadın son xahişi”ndə “Gürcü familiyası”nın davamı, motivləri var. Maraqlıdır, bu, yazıçının ovqatında hansı mərhələnin ifadəsidir? Belə hesab edirəm ki, Anar müəllim keçmiş əsərlərinin motivlərinə qayıtmaqla vaxtilə yazdıqlarını daha da təkmilləşdirir və dərinləşdirir”.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, millət vəkili, Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, Azərbaycan Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid, AYB-nin katibi İlqar Fəhmi, İnformasiya və sənəd menecmenti kafedrasının müəllimi, şair Knyaz Aslan çıxışlarında Xalq yazıçısı Anarın bu gün də rəğbətlə oxunduğunu, yaradıcılığının və şəxsiyyətinin yenə də sevildiyini vurğulayıblar.

İnformasiya və sənəd menecmenti dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı konfransın təşkili üçün şərait yaradan və heç vaxt dəstəyini əsirgəməyən BDU-nun rektoru Elçin Babayevə, konfransın təşkilat komitəsinin sədri Əliş Ağamirzəyevə, təşrif buyurduğu üçün Xalq yazıçısı Anara minnətdarlığını bildirib. Ə.Cabbarlı vaxtilə Anar müəllimin 80 illik yubileyində də konfrans təşkil edildiyini xatırlayıb və bunun ənənə halını almasının müsbət cəhətlərindən bəhs edib. Dekan qeyd edib ki, bu yaxınlarda tələbələrlə Xalq yazıçısı Anarın görüşü təşkil olunacaq.

Xalq yazıçısı Anar konfransın təşkilatçılarına və çıxışçılara təşəkkür edib. Universitet illərini yada salan görkəmli yazıçı, BDU-nun onun həyatındakı rolu barədə söhbət açıb. Akademik İsa Həbibbəylinin çıxışındakı bəzi məqamlara diqqət çəkən Anar müəllim yeni qələmə aldığı əsərlərin məziyyətləri, onun üçün obrazlarının sonrakı taleyi barədə fikirlərini konfrans iştirakçıları ilə bölüşüb.

Sonda BDU-nun prorektoru Ə.Ağamirzəyev Xalq yazıçısı Anara universitetin 100 illiyinə həsr olunmuş xatirə sikkəsini təqdim edib.

 

NADİR

525-ci qəzet.- 2023.-7 dekabr,¹222.- S.9.