Güney Azərbaycan folklorunda xalq həyatı və milli kimlik nişanələri  

 

 

(Əvvəli 28 noyabr sayımızda)

 

Güney folklorunun əsas qollarından biri dualar, başqa sözlə desək, alqışlardır. Alqışlar təbiətdə, eləcə də cəmiyyətdə baş verən, insanların yaşamı sürəcində üzləşdikləri olaylara münasibətləri zəminində, inanc və etiqadlarının ifadəsi olaraq yaranıb. Əslində dualar zaman və məkandan asılı olmayaraq, birinin başqasına uğur diləmək, xoş gün arzulamaq istəyi ilə deyilir. Bu üzdən də dua-alqışlar mərasim ayini növünə çevrilə bilməyib. Bununla belə, bir sıra hallarda mərasimlər, ayinlər keçirilən vaxtlarda da dilə gətirilir. Arzulamaq, bəyənmək mənasında başa düşülən "alqış"ın mənası alqışlama-xoş söz, dua içərikli kəlmələrlə bağlı olub. Ağbirçək nənələrin, ağsaqqal babaların, ata-anaların ürəyindən keçərək dilinə süzülən xoş niyyətli, arzu qanadlı dualar ünvan sahibini xoş ovqata, pozitiv əhval-ruhiyyəyə kökləyir. Böyüklərdən xeyir-dua aldığına görə, hansısa bir işi görməyə gedən, yaxud yaxın gələcəkdə görməyi planlaşdıran insanda işinin uğurlu alınacağına inam yaranır. Dua və alqışlar iki sözdən başlayaraq, hətta bir neçə poetik misra həcmində də deyilir və çeşidli formalarda ifadə olunur. Məsələn: "Səni görüm sinə dağı görməyəsən", "Sağ gedib salamat qayıdasan", "Bəxtəvər olasan", "Balalarıyın bəhrə-barın görəsən" və sair.

Canlı xalq dilində işlənən dua və alqışların müəyyən hissəsini islam dini ifadələri təşkil edir: "Allah-Taala səni düşmənə möhtac eləməsin", "Allah-Taalanın köməyi ilə heç vaxt nə edim, necə edim? deməyəsən", "Allah qoluva qüvvət versin!", "Allah dadıva çatsın, əlindən yapışsın", "Mövlam köməyin olsun", "Allah səni yarıtsın"... Bu sayaq dualardan sonra, adətən, "Amin!" deyilir.

Azərbaycanın görkəmli folklorşünas alimi Bəhlul Abdullanın fikrincə, "Məzmun və deyiliş baxımından dualar alqışlara çox yaxındır. Ayrı-ayrı müstəqil nıəfhum olan "alqış"la "dua" bəzən paralel şəkildə deyilir".

Qeyd edək ki, mərasimlə bağlı olan alqışlar, təbii ki, mərasim ritualları ilə bağlı yaranıb və örnəklər günümüzədək gəlib çatıb. Xalq arasında bu tip alqış və dualar, demək olar ki, bütün evlilik mərasimləri, xeyir işləri zamanı, eləcə də gündəlik həyatımızda subay oğlan və qızlara söylənməkdədir: "Allah sənə halal süd əmmiş yetirsin!", "Bəylik hamamına gedəsən", "Toy şirnini yeyim", "Gəlinlik lampanı yandırım", "Səni görüm xoşbəxt olasan!", "Allah sizi bir-birinizdən ayırmasın!"

Fəlsəfə doktoru Vahid Ömərov yazır ki, "xalq görmədiyi, bilavasitə şahidi olmadığı iş və hadisə barədə söz qoşmur. Amma bu da var ki, müəyyən zaman içində hadisə, adət-ənənə, mərasimlərlə bağlı yaranan və xüsusi məna daşıyan bəzi ifadələr ictimai inkişafın, gündəlik yaşayışın tələblərinə uyğun olaraq elə mündəricəsi ilə bərabər ya tamamilə unudulur, ya da elə bir kökə düşür ki, onun əsl varlığının, məna tutumunun nədən ibarət olduğunu aydınlaşdırmaq çox çətin olur. Dilimizdə ilk mənası dəyişilmiş, yaxud unudulmuş ifadələr az deyil. Misal üçün, "Başına dolanım", "Başına dönüm", "Qurbanın olum", "Ayağının altında ölüm" və sair ifadələr müsbət mənada işləndikləri kimi, "Başıma dönəsən", "Qurbanım olasan", "Ayağımın altında öləsən" şəklində də deyilir və bu məqamda, məcazi məna daşımaqla, qarğış mahiyyəti kəsb edir. Müəyyən ölçüdə şamanizmlə də bağlı olan bu ifadələr, əslində, elə çağın məhsuludur ki, onda adamlarda bir işin icrası ilə başqasına təsir etməyin - təqlidi sehrin gücünə boyük inam olub. Qədimlərdə bir adam naxoşlayanda, onun başına heyvan dolandırıb kəsər və bununla belə zənn edərmişlər ki, azarlayan kimsə mütləq sağalmalıdır. Etiqada görə, onun bütün qada-bəlası, ağrı-acısı guya başına dolandırılmış heyvana keçir, sonralar adamlar bu ayini söz şəklində özlərinə şamil etmiş və inanmışlar ki, bir kimsə xəstənin başına dolansa, guya o özü xəstələnər, azarlı isə sağalardı. İndinin özündə belə, görürsən ki, bir uşaq oturan şəxsin çevrəsinə dolananda, tez ona "başıma dolanma" deyirlər. Əgər o, bu işi edibsə, onda hərəkəti əks istiqamətlərdə təkrar etdirir, bununla, xətanın sovuşacağı zənnində olurlar..."

Qeyd edək ki, Azərbaycan xalqının adət-ənənələrində və folklor yaradıcılığında əsas yer tutan mənəvi amillərdən biri olan alqış və qarğışlar əsrlərdən-əsrlərə keçərək günümüzədək gəlib çıxıb və elin dilində geniş şəkildə işlənməməkdədir...

Qarğışlar folklor nümunələrində, Güney və Quzey Azərbaycan şifahi xalq ədəbiyyatında, daha sonralar yazıya alınmış qarğışların da özəl yeri var. Əsas kiminsə tarixən insanlar kiminsə acı söz, yaxud kobud hərəkətindən, şəxsiyyətinin alçaldan  ifadələrindən inciyərək keçirdiyi üzüntünü, kimdənsə, yaxud nədənsə rahatsızlığını el içində yayğın olan kəlmələrlə dilə gətirərək səbəbkarı lənətləyib, yəni qarğıyıblar.  Beləliklə, sonsuz nifrət duyduğu kəsləri insanlar nifrinləmiş, bir neçə söz, yaxud bir neçə misrayla o nifrət duyğularını ifadə etmişlər. Professor Seyfəddin Rzasoy yazır ki, "alqış və qarğış kosmoqonik yaradılış formullarıdır: alqış - kosmosyaratma, qarğış - xaosyaratma aktıdır..."

Qarğışların ən mükəmməl örnəklərini "Kitabi-Dədə Qorqud" dastanı boylarında, eləcə də klassik ədəbiyyatımızda görmək olar. Xüsusilə "Dədə Qorqud" dastanı boylarında işlənən qarğışlar məzmun əhatəsi və poetikliyi ilə bu gün də diqqət çəkməkdədir: "Ağzın qurusun, ana! Dilin çürüsün, ana! Altun axçan xərclər olsam, mənim kəfənim olsun! Bitər sənin otların, Qazlıq dağı, bitərkən bitməz olsun! Verməz olsan yana-göynə qarğaram, Qazan, sana! Qaçar sənin keyiklərin Qazlıq dağı, Qaçarkən qaçmaz olsun, daşa dönsün! Qazlıq dağı, axar sənin suların, Axar ikən axmaz olsun!"

"Kitabi-Dədə Qorqud" dastanı boylarında yer almış bəddua söyləmələrindən qaynaqlanan və xalqın dilində formalaşaraq günümüzədək gəlib çatmış qarğış nümunə-ləri həm Güney, həm də Quzey Azərbaycan folklorunda sabit mövqeyini saxlayır və el arasında, xalqın dilində geniş şəkildə işlənməkdədir: "Ağ gün görməyəsən", "Vay xəbərin gəlsin", "Yurdunda bayquş ulasın", "Cigərin yansın", "Tifağın dağılsın", "Bağın qurusun", "Allah səni yaratmasın", "Çörək atlı olsun, sən piyada".

Qarğışlarda tənqid, özünü tənqid motivləri də müşahidə olunur. Ziyalılar, şair və yazıçılar bütün dövrlərdə tənqid yolu ilə cəmiyyətin gözünü açaraq onu öz-özünə tanıtdırıb şüurunu oyatmağa kömək edərək eyibli adamı nifrətlə damğalayıb, hətta rüsvay ediblər. Sonucda ictimai qınaq yaxşı mənada öz sözünü demiş olurdu... "Şeytanlara", xarici talançılara ağuşunu açaraq məzlumları ayaqlayan "böyükbaşlar"ın, millətin içindən çıxan, adını daşıyan, amma başına bəlalar ələyən qeyrətsiz səlahiyyət sahiblərinin rəzilliklərini, nadanlığını, "şeytanlığını" tənqid edən ustad şair Məhəmmədhüseyn Şəhriyar onları utandırmaqla pis əməllərdən çəkinməyə, xislətlərindəki alçaqlıq və rəzillikdən əl götürməyə çağırır.

 

Kəndli yazıq çıraq tapmır yandıra,

Görüm sizin bərqiz qalsın andıra,

Kim bu sözü ərbablara qandıra,

Nədir axı, bu millətin günahı?

Tutsun sizi, görüm məzlumlar ahı!

 

Bir soruşun bu qarğın-mış fələkdən,

Nə istəyir bu qurduğu kələkdən,

Deynə, keçirt ulduzları ələkdən,

Qoy tökülsün, bu yer üzü dağılsın,

Bu şeytanlıq qurğusu bir dağılsın!

 

Azərbaycan şifahi xalq ədəbiyyatının ən qədim janrlarından biri də andlardır. Bu janr insanların müqəddəs hesab etdikləri varlıqlara inamı ilə əlaqədar yaranaraq formalaşıb. İnsanlar bir hadisəni, yaxud hər hansı bir olayla bağlı danışdıqlarına dinləyənləri inandırmaq, qarşı tərəfdə güvən yaratmaq, həm də arada səmimiyyətin var olub gəlişməsi üçün and içərlər. Belə ki, İnsan yerə, göyə, suya, oda, Günəşə, Aya qutsal varlıq kimi baxmağa başladığı zamandan ilk andlar da dilinə gəlib və el dilində işlək olub: "Gün haqqı", "Torpaq haqqı", "İşıq haqqı", "Su haqqı" və sair.

İnsan təsəvvürünün hüdudları genişləndikcə valideyn və əziz adamlarla bağlı "Atamın canı üçün", "And olsun anamın canına", "Əzizlərimin canına and olsun", "Balamın canı haqqı", "Dayı canı", "Yalan desəm, canımdan xeyir görməyim" kimi andlar da yaranaraq xalqın leksikonunda oturuşub.

Dini təsəvvürlərin insanların şifahi yaradıcılığında hökmran mövqe tutması ilə əlaqədar andlar da yaranıb xalq dilində, yazarların bədii yaradıcılıq nümunələrində də intensiv surətdə işlənməkdədir: "Allaha and olsun", "Allah haqqı", "Peyğəmbər haqqı", "Qıldığım namaza and olsun", "Qıldığım namaz belimdən vursun","Qurana əl basım", "Quran mənə qənim olsun", "Əli yolu haqqı", "Məzhəb haqqı", "Yalan desəm, dilim kəlmeyi-şəhadətə dönməsin", "On iki imama and olsun" və sair.

Andların tarixi inkişaf yoluna ötəri nəzər saldıqda belə, aydın görünür ki, bu janr xalqın yaşam tərzini, əxlaqi görüşlərini, həyatın və məişətin müxtəlif mərhələlərini əks etdirir. Bir məqama da diqqət çəkmək çox önəmlidir. Bütöv Azərbaycan iki yerə parçalandıqdan sonrakı xalq yaradıcılığında müəyyən fərqlər olsa da, tarixən yaranmış söz boxçasının inciləri, demək olar ki, oxşar, bəzi hallarda isə tamamilə eynidir. Məsələn: "Allaha and olsun!", "Quran haqqı", "Getdiyim beytə and olsun!", "Məscid həqqi!", "Çıraq həqqi!", "İşıq həqqi!", "Çörək həqqi!", "Çörək mənə qənim olsun!", "Atamın goru haqqı!", "Qərib İmam Rzaya and olsun!", "Kitab haqqı!", "Bu duz çörəyə and olsun!", "Yalan desəm, üzüm daşa dönsün!", "Qənd kimi gözüm ağarsın!" və sair.

"Qarğışlar, dualar, alqışlar insanların təbiət, cəmiyyət hadisələrinə münasibətlərində yaranıb və etiqadlarının ifadəsinə çevrilib. Qarşı tərəflərin bir-birlərinə arzu-istəklərini ifadə edən dualar, ümumi şəkildə konkret zaman içində olmaması səbəbindən, andlar etnoqrafiyanın etiket bölməsinə daxil olur..."

və onun əksər nümunələri günümüzdə də həm xalq arasında, həm də yazılı ədəbiyyatda geniş şəkildə işlənir.

 

Esmira FUAD

525-ci qəzet.- 2023.-8 dekabr,№223.- S.15.