Ziyalılığın və millətsevərliyin Abdulla Sur nümunəsi

 

 (Əvvəli ötən sayımızda)

 

Abdulla Sur yaşadığı 29 ilin müəllimliyin payına düşən hissəsini yalnız müəllim işləmədi, eyni zamanda gerçək müəllimliyin nəzəri əsaslarını hazırladı, çap etdirdi, təbliğ edərək öz fədakar fəaliyyəti ilə öyrətmək və öyrənmək işinə bir örnək oldu. "Türkiyə xanımlarının tərəqqiyatı" məqaləsində o yazırdı: "Təhsili-elm əhli ən ibtidai analar ağuşudur. Ən birinci müəllim və mürəbbiyəmiz analardır. Bu cəhətdir ki, analıq ən mühüm, ən güc bir vəzifeye-müqəddəsədir. Mürəbbiəlik, "müəllimlik" də birər sənətdilər, həm də sənətlərin ən şərəflisi, ən müqəddəsidirlər".

Bu məqaləni geniş təhlilə cəlb edən professor Alxan Bayramoğlu oradakı bir sıra fikirlərə xüsusilə diqqət yönəldir: "Peyğəmbəri-zişanımızın ən önəmli tövsiyələrindən birinin "Elmi anadan olandan qəbr evinə qədər, yəni ölənədək axtarın" olduğu hər kəsə məlumdur. Bəşər övladının tərəqqi və səadətinin elm ilə başa gəldiyi də inkaredilməz bir həqiqətdir... Peyğəmbərimiz çox gözəl bilirdi ki, uşağın özbaşına, yəni özü-özünə tərbiyə və elm, təhsil alması mümkün deyil. Belə bir taleyüklü işin icrası üçün hökmən bilikli, elmli və geniş dünyagörüşə malik ağıllı mürəbbiələr lazımdır... Onlar savadlı, əxlaqlı və bəşəri yüksək duyğulara malik olmalıdırlar ki, öhdələrinə düşən validəlik (analıq) və mürəbbiəlik vəzifəsini milli və ümumbəşəri tələblərə uyğun yerinə yetirə bilsinlər. Buna görə o, qadınların, gələcək ana olacaq qızların həm ruhən, həm də fikrən azad olmalarını vacib bilirdi".

Abdulla Sur Məhəmməd Peyğəmbərin qızlar, validələr haqqında "buyurduğu bu əmri-mühimmin son vaxtlara qədər nəticəsiz qaldığını", müsəlman-türk validələrin, övladlarımızın elmdən, təlim və tərbiyədən uzaq düşdüklərini diqqətə çatdırırdı: "Atanın cocuğa təsiri olduğu məlum bir şey! Validə mütaliə maraqlısı olar isə cocuq da oxumağa həvəs edər. Validə tərbiyəli olar isə cocuq da tərbiyəli olar. Cocuq daima validəni təqlid edər". O, fikirlərinə əsas olaraq məşhur türk şairlərindən olan Nigar xanım Rəncuru misal gətirərək bildirirdi ki: "Bu gün avropalılara, amerikalılara belə məlum olan məşhur türk ədibəsi Nigar xanımın anası ədəbiyyat və şeir maraqlısı imiş. Nigar xanım da anasını təqlidə başlamış, bu da şeir və ədəbiyyat ilə ta cocuqluqda ikən istiğalə başlamış. Bu gün də cümlə türk qövmünün məhl-məfxərəti (iftixarı) olmuş, millətinə, ədəbiyyatına da çox xidmətlərdə bulunmuş və indi də bulunmaqdadır".

Abdulla Sur buna uyğun, şahidi olduğu bir mənzərəni də misal gətirərək bildirir ki, Bakıda atası qəzetnəvis, anası da "ruznamə maraqlısı" olan dörd yaşında bir qız uşağı var. Həmin qız uşağı valideynlərinə təqlidlə "əlinə bir ruzamə götürərək "kişilər dava ediyorlar", "kişilər də Tiflisdədirlər" kibi sözlər söyləyib ruznamə sütunlarında gözlərini gəzdirərək bəndəni əyləndiriyordu". Abdulla Tofiq onu da bildirirdi ki, bu dördyaşlı qız oxumaq bilmir. O, hətta jurnalı da tərsinə tutmuşdu. Ancaq "Validə nə isə, cocuq da odur".

Danılmaz həqiqətdir ki, Abdulla Sur qədim Gəncə torpağının XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycana bəxş etdiyi görkəmli ziyalılardan biri olub. Onun şəxsiyyəti, ictimai fəaliyyəti, elmi görüşləri bir daha Gəncənin XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın tarixində, ədəbiyyatında oynadığı mühüm rolun bariz nümunəsidir. 1906-cı ildə Türkiyədə İstanbul Universitetində təhsil almağa yollanmış və iki il yarım İstanbul Darülfünununun Ədəbiyyat fakültəsində oxumuşdu. Həyatında yeni bir mərhələnin başlanğıcı olan Türkiyədəki təhsil illərində eyni zamanda bu şəhərə həm müalicə, həm də təhsil almağa gələn Hüseyn Cavidlə tanış olur. Abdulla Surun qardaş ölkədə Hüseyn Cavidə göstərdiyi diqqət və qayğı, xüsusilə Tofiq Fikrətlə onları tanış etməsi onun Azərbaycanın gələcəyinə verdiyi əhəmiyyətin göstəricisi və gerçək bir ziyalılıq örnəyi idi.

Bu yazıda görkəmli maarifçi, müəllim Abdulla Surun heç zaman köhnəlməyən maarifçilik və pedaqoji görüşlərinin sadəcə kiçik bir hissəsini işıqlandırmağa çalışdıq. Əslində isə onun ədəbiyyatşünas, maarifçi, müəllim, tərcüməçi, ən əsası da dərin mənəviyyatlı bir insan kimi görüşləri akademik Kamal Talıbzadənin "Sənətkarın şəxsiyyəti", professor Elçin Əfəndiyevin "Fikrin karvanı", professor Cəlal Qasımovun "Abdulla Surun həyatı və yaradıcılığı", professor Bədirxan Əhmədovun "XX əsr Azərbaycan ədəbiyyatı tarixi", fəlsəfə doktoru Mehdi Gəncəlinin "Hürr fikirli Türk - Abdulla Sur" və digər əsərlərdə geniş araşdırılıb. AMEA Gəncə Bölməsində 21 iyul 2023-cü ildə "Görkəmli ictimai xadim, maarifçi, müəllim, ədəbiyyatşünas Abdulla Sur - 140" mövzusunda təşkil edilmiş dəyirmi masa da məhz alimlərimizin unudulmaz ədibimizlə bağlı qələmə aldıqları monoqrafiyalar, yazılar əsasında hazırlanmış çıxışlardan təşkil edilmişdi.

Görkəmli ictimai xadim Abdulla Surun və mətbuatımızın, ədəbiyyatımızın unudulmaz simalarından olan Əsgər ağa Goraninin, Mirzə Məhmməd Axundovun Gəncənin qədim Səbiskar qəbiristanlığında yerləşən məzarının ziyarəti ilə başlayan tədbirdə AMEA Gəncə Bölməsinin rəhbərliyi və kollektivi ilə yanaşı, A.Surun yaxın qohumu - Azərbaycan Dövlət Aqrar Universitetinin "Fizika-riyaziyyat" kafedrasının müdiri, dosent Qalib Ağayev və ailə üzvləri, "Gəncənin səsi" qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, Əməkdar jurnalist, yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədli, Əməkdar jurnalist Qərib Mehdi, Gəncə Dövlət Universitetinin dosenti Bayram Apoyev, Gəncə Dövlət Universitetinin "Azərbaycan və dünya ədəbiyyatı kafedrası"nın müdiri, dosent Səba Namazova və başqaları maraqlı məruzələrlə çıxış etdilər.

 Qohumu Qalib Ağayev onunla bağlı dedi: "Abdulla Sur mənim atamın dayısı idi. Onun atasının adı Ağa Məhəmməd imiş. Üç qardaş olublar. Böyük qardaş Əli, ortancıl Abdulla Sur, sonuncu isə Cahangir. Kiçik qardaşları Cahangir 1973-cü ildə dünyasını dəyişib. Atam onun yanına tez-tez gedib-gəlirdi. Təəssüflər olsun ki, üç qardaşın heç birinin övladı olmayıb".

Qalib müəllim ifadə edir ki, onların övladları olmasa da, Abdulla Surun başqa tanınmış qohumları da olub. Görkəmli kardioloq Cahangir Abdullayev və ədəbiyyatşünas Həmid Araslı da Abdulla Surun ana tərəfdən qohumlarındandı.

Abdulla Surun kiçik qardaşı Cahangirin Qalib müəllimin atasının vasitəsilə bizə çatan ən maraqlı xatirələrindən biri də bolşeviklərin ailəyə münasibəti barədədir: "Atam deyirdi ki, bolşeviklər bir neçə dəfə dayımgilin evinə soxularaq nəinki qiymətli daş-qaşları, eyni zamanda əllərinə keçən əlyazmaları, kağızları da yandırırıb məhv ediblər. Evlərində bir mücrü var imiş və o mücrinin açarını da gəbənin altında saxlayırmışlar. Günlərin birində bolşeviklər yenə onların evlərinə gəlir və tələb edirlər ki, mücrünün açarını versinlər. Açarı gətirənə qədər çağırılmamış "qonaqlar" tüfəngin qundağı ilə mücrünü sındırır və içində qızıl tapmayınca orada saxlanan qədim əlyazmalardan ibarət materialları məhlənin ortasında yandırırlar".

Qalib müəllim Abdulla Surun qohum-əqrəbalarının bir-birindən uzaq, xəbərsiz yaşamalarına da, atasının xatirələrinə əsasən, yaşanmış dəhşətli olaylarla aydınlıq gətirir: "Atam deyirdi ki, sürgünlər və repressiyalar dövründə onlar və qohumları da çox əziyyət çəkiblər. Hətta mənim məktəbli dövrümdə bir gün Bakıda məclislərin birində atam məni Həmid Araslıya təqdim etdi. Və mən o zaman çox təəccüblənmişdim ki, niyə biz bir-birimizi yaxından tanımırıq?! Atam yenə də dayılarına istinadən əlavə etdi ki, elə bir dövr yaşadıq ki, biz küçədə qarşılaşdığımız qohumlarımıza salam vermirdik, uzaqdan gələndə yolumuzu dəyişdirirdik ki, onlara tərəf baxarıq, salam verərik, bizə görə onları incidərlər".

Gəncə şəhərində Abdulla Surun adını daşıyan küçənin tarixi ilə bağlı önəmli bir məqama toxunan dramaturq Nüşabə Əsəd Məmmədli dedi: "1991-ci il idi. O zamankı "Kirovabadskiy raboçiy" qəzetinin redaktor müavini idim. Eyni zamanda Gəncə şəhər İcraiyyə Komitəsində adqoyma komissiyasının üzvü idim. Və bir gün yenə məni komissiyanın növbəti iclaslarından birinə dəvət etdilər. İclasda partkomlar, yazıçılar və sənət adamları iştirak edirdilər. Mən bu iclasda üç nəfərin - Hacı Zeynalabdin Tağıyevin, Cavad xanın və Abdulla Surun adına küçə verib xatirələrinin  əbədiləşdirilməsini təklif etdim. Bu təklif səsləndirən kimi, baxmayaraq, hər zaman mənim sözümü dinləyirdilər, bütün komissiya üzvləri dərhal üsyan qaldırdılar ki: "Olmaz, Abdulla Sur millətçi olub, pantürküstdür, həmişə bizə ziyan vurub, hardan düşdü yadınıza bu adam?! Cavad xan və Hacı Zeynalabdin Tağıyev də Azərbaycan Sovet quruluşu üçün qara ləkədir, onları heç yada salmaq olmaz!" Bu mənzərənin qarşısında çantamı götürüb iclas otağını tərk etməyə yönəldim. Bu zaman İcraiyyə Komitəsinin sədri Nizami Xəlilov da mənimlə birlikdə ayağa qalxdı və səsləndi ki, Nüşabə xanım, qayıdın, xahiş edirəm, geri qayıdın, söz verirəm ki, bu dəqiqə sizin irəli sürdüyünüz hər üç təklifi protokollaşdırıb təsdiq edəcəm". Və dərhal katibəyə bununla bağlı göstəriş verdi. Rəhmətlik Nizami müəllimin bu mövqeyindən sonra sanki qurbağa gölünə daş atdılar. Hamı susdu və razılaşdı. Və mənim təklif etdiyim hər üç böyük Azərbaycan mütəfəkkirinin adı o zamana qədər erməni adları daşıyan küçələrə verildi. Bu böyük Azərbaycan övladlarının adları verilən ərazı o zamanlar "Krasnoselo" adlanırdı. Hal-hazırda Abdulla Sur küçəsi Mir Cəlal Paşayev küçəsi ilə kəsişmədə yerləşir. Ruhları şad olsun Vətən fədailərinin!"

Görkəmli ictimai xadimin şəxsiyyəti, həyatı, elmi-bədi, pedaqoji fikirlərinin dərin qatlarına nüfuz etdikcə bir daha anlayırıq ki, o, həqiqətən, tədqiqatçı Mehdi Gəncəlinin dediyi kimi, "Hürr fikirli Türk - Abdulla Sur" olaraq milli yaddaşda əbədi yaşayacaq.

 

Əlimuxtar MUXTAROV

AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru

525-ci qəzet.- 2023.-8 dekabr,№223.- S.14.