Araz həsrəti, Turan məhəbbəti  

 

Həpimiz bir yuva pərvərdəsiyiz!

Həpimiz bir günəşin zərrəsiyiz!

Türkün dünyagörüşünün sərhədsizliyini əyaniləşdirən ən böyük fəlsəfə məhz budur. "Hamımız bir günəşin zərrəsiyik!" - romantik ədibimiz Abdulla Axund Mustafa oğlu Şaiqin bu misrası təkcə Azərbaycanı, yalnız Türk dünyasını yox, bütün bəşəriyyətin ən ideal, ən humanist şüarı olmalıdır. Həqiqətən də, hamımızın bir Günəşi var. Ondan həyat və hərarət alırıq, hamımızın bir Ayı var, ondan nur alırıq, hamımızın bir əcdadı var - Allahın öz əvəzinə yarandığı ilk insan - Adəm ata! Bütün bəşəriyyət bir olan Allahın yaratdığı cahanın övladlarıdır. Ona görə "ipəkdən yumşaq poladdan kəskin" (S.Vurğun) böyük və incə ruhlu A.Şaiq ötən yüzilliyin önlərində - 1910-cu ildə yazıb:

 

Həpimiz bir yuva pərvərdəsiyiz!

Həpimiz bir günəşin zərrəsiyiz!

Ayramaz bizləri təğyiri - lisan

Ayramaz bizləri təbdili - məkan

Ayramaz bizləri İncil, Quran.

Ayramaz bizləri sərhəddi - şəhan

Yetişər kunü - küdurət daşınaq?!

Qoxumuş məzhəblərdə yaşamaq?!

 

(Abdulla Şaiq. Arazdan Turana. Bakı, 2003, səh. 35. Qeyd: Bu kitaba 1905-1917-ci illərdə yazılmış, fəqət sovet dönəmində yasaq olunmuş şeirlər, habelə 30-cu illərdəki poemalar, pyeslər toplanıb. Tərtibçi və qeydlərin müəllifi filologiya elmləri doktoru Minəxanım Əsədli redaktoru və "Ön söz"ün müəllifi A.Şaiqin oğlu, akademik Kamal Talıbzadədir. Bu kitabın nəşri üçün K.Talıbzadə Ulu öndər Heydər Əliyevdən xüsusi icazə alıb).

Misal verdiyimiz ümumbəşəri ideya daşıyan, insanlığa məhəbbət ifadə edən şeir bu gün aktualdır...

Bu qiymətli kitabda XX əsrin əvvəllərində istiqlal həsrəti, milli təəssübkeşlik duyğusu ilə yaşayan, türk millətinin dünyada 40 adla parçalanmış bir millətinin özünə (Turana, Qızıl  Almaya!) qayıtmaq uğrunda mücadilə aparan, fəqət, 28 aprel 1920-ci ildə istiqlal idealları 70 il sovet, rus, bolşevik-daşnak hakimiyyəti tərəfindən yasaq olunan türk ziyalıların azadlıq arzuları əks olunub.

 

"Arazdan Turana" şeirində belə həsrət dolu yanıqlı misralar yer alır.

Turan - İran aşaraq, döndü Qafqaz elinə

Yaklaşınca o daşqın, açıqlı Kür nəhrinə

Hayqırdı: "Ox, qardaşım dinlə bəni bir zaman!

İztirablar içində çırpınır şimdi Turan.

Girmiş sehrli divlər qızıl alma bağına

Bərələnmiş gül kibi gündən-günə soluyor.

Qara, gur saçlarını əlləriylə yoluyor

İnlər, yoxmu Turanda qurtaracaq ər bəni?

Nərdə o türk niçanlım, o qoç igid qəhrəman?

Kür və Araz coşaraq bir-birinə qarışdı

Sahilləri çeynəyib, iki aşiq qovuşdu

Qızıl alma bağında gəzər dünya gözəli

Gülər coşqun sevinclə türkün əlində əli.

 

Bu şeir 1919-cu ildə Azərbaycan Demokratik Cümhuriyyəti zamanında yazılıb. Elə bu zaman Osmanlı imperiyasının gənc hərbi naziri, Abdulla Şaiqin böyük qardaşı Axund Yusif Ziyanın dostu və silahdaşı Ənvər Paşa belə demişdi: "Azərbaycan Turanın qapısıdır". Onlar Türküstana "qırmızı qaranlıqlar"la (Əlibəy Hüseynzadə) vuruşmağa birgə "Turanın qapısından" keçib getmişdilər. "Turan İslam İmperiyası" yaratmaq üçün Basmaçı ordusuna rəhbərlik edirdilər.

1923-cü ildə tarixdə ilk dəfə 40 yaşlı şairin - Abdulla Şaiqin "Şans nümunə məktəbi"nin müəlliminin yubileyi - Şaiq gecəsi keçirilir. Gecədə Şaiqin məsləkdaşları İsmayıl Hikmət, Ə.Abid, B.Çobanzadə, H.Zeynallı, A.Musaxanlı, P.Axundov (37-də hamısı repressiya olunaraq erməni serjantı Ovenesyanın təqdimatı ilə 15-20 dəqiqəlik məhkəmənin Zaryanov, Jiqurov hökmü ilə güllələndilər!). Həmin məclisdə türk alimi və şair İsmayıl Hikmət Ərtaylan A.Şaiq "Mələk timsallı insan" adlandırmışdı:

 

Nə diyorlar bəşərlə firdovsə

Dönəcəkmiş deyilmi dünyamız?!

Biri: "İnsan mələk olurmu?" deyə

Bən dedim: Bu misalı var bakınız

Bu təbii şüari - munislə,

Bəncə, Şaiq nümunədir mələyə!

 

Həqiqi yubiley mərasimində dostları sevinclə atıb-tutarkın Maarif Komissarı və tənqidçi Mustafa Quliyev görür ki, Şaiqin ayaqqabısının altı qopub yellənir. M.Quliyev səhərisi Şaiqə bir cüt ayaqqabı alıb göndərir. Bu faktı ona görə yazıram ki, indi dəbdəbəli villa  tikdirənlər, sevdiyi qadına 500 minlik maşın bağışlayan vəzifəli rüşvətxorlar oxuyub utansın. Əsl Azərbaycan ziyalıları bu gün də belə yaşayıb milləti və Azərbaycan istiqlalını qorumağı düşünür.

"Abdulla Şaiq şeirinə lap cavanlıqdan hakim olan romantik kövrəklik, pərişanlıq, həyata, fikri dərinlik, klassik şeir ənənələrinə - böyük Füzuliyə bələdlik, məhəbbət aşinalıq onun bütün yaradıcılığı boyu davam etmişdir (s.4). Akademik Kamal Talıbzadənin dərin müşahidəyə əsaslanan bu yığcam və dəqiq müşahidəsi Şaiqin Turan idealını rəmzi mənada aydınlaşdırır.

Şaiq haqqında ən səciyyəvi cizgilər - onun şairliyi, insanlığı, şəxsiyyətinin portret cizgiləri 1908-ci ildə yazdığı "Yad et" şeirində öz bədii-fəlsəfi əksini tapıb:

 

Vəqta ki, gülər bahari-amal,

Hər yerdə yaşıllaşar çəmənlər

Vəqta ki, olar müşaidi-iqbal

Bülbüllər ötər, susar zəgənlər

Parlaq bir işıq alar fəzanə

Dünyanın üzü dönər cinanə

Gəzdikcə o aləmi-ziyanı

Baxdıqca o gülşəni-cəhanə

Yad et məni, şairanə yad et!

Vəqma ki, bulud, duman görünməz

Qalmaz daha zülmdən nişanə

Yerlərdə bəşər üzü sürünməz.

Qurd-quş sığınar bir aşiyanə

Yad et məni, Şaiqanə yad et!

 

Şaiqin şeirləri də, dram və nəsr əsərləri də, şeirlərdə tərənnüm etdiyi türkçü - turançı ideallar da onun özü kimi sadə, dərin və aydındır. O, Azərbaycanın və bütün türk dünyasının böyük romantik şairi olduğu kimi, həm də türk oxucularına azadlıq, mərhəmət, təmizlik, nəciblik, qəhrəmanlıq aşılayan şair babasıdır.

Biz onun şeirləri ilə anaya və Vətənə məhəbbət, millət nədir, türk kimdir suallarının ən düzgün cavabını almışıq. Mən hələ Qubanın İspik kəndində orta məktəbdə oxuyanda A.Şaiqin "Tülkü həccə gedir", "Dağlar sultanı" şeirlərini əzbərləmiş, "Araz" romanını sevə-sevə oxumuşduq. Hələ o zaman Araz romanındakı şuluq qız mənim idealım idi...

 

Gözəl olur bu yerlərin səhəri

Məncə, vardır dünyalarca dəyəri

Quşlar oxur, səba açar gülləri

Alır başqa bir lətafət hər yeri.

Bu yerlərin sultanıdır çobanlar

Həm bəyidir, həm xanıdır çobanlar.

Gözəl olur bizim elin yaylağı

Gül-çiçəkdir bu yerlərin otlağı

Bir behiştə bənzəyir hər budağı

Dürna gözü kibi vardır hər bulağı.

 

Vaxtilə biz, orta məktəb dərsliklərində sadəliyinə, üslub gözəlliyinə məna aydınlığına görə M.Ə.Sabirin, A.Səhhətin xüsusən, A.Şaiqin şeirlərini bir oxunuşda əzbərləyirdik. Şaiqin 1945-ci ildə yazdığı "Bahar" şeiri canlı bahar təbiəti qədər gözəl, sadə və ətirlidir:

 

Əs ey ətirli dan yeli

Könül açan bahar gəlir

Bənövşə, dara teli

Bağa sevimli yar gəlir

 

Bulud, gecikmə düş yola

Çəmənləri süpür, sula

Səadət ilə qol-qola

Könül açan nigar gəlir.

 

Məhəbbətin çırağıdır

Yeri könül qucağıdır

Səxəntı, dərdi dağıdır

Elə-günə tutar gəlir

 

Günəşlə vermiş əl-ələ

Üzü şəfəq saçır gülə

Görüncə hüsnünü elə

Sevinc gəlir, vüqar gəlir.

 

Baxın qanadlanan göyə

Qaranquşa, qaza, ördəyə

Vətən, Vətən, Vətən - deyə

Yenə qatar-qatar gəlir.

 

"Bahar" şeiri o qədər gözəl, nəcib duyğular aşılayır ki, bütöv verdik, onu ixtisar etməyə əlimiz gəlmədi, ilhamın hüsnünə xəyanət edə bilmədik. Qoy şagirdlərimiz indiki məktəb dərsliklərində yer alan cəfəngiyyatları yox, belə şeirləri oxusunlar!

Şaiqin belə şeirləri çoxdur... Biz bu vaxta qədər Təbrizə həsr olunmuş ən yaxşı şeir kimi Süleyman Rüstəmin "Təbrizim" şeirini tanıyır və sevə-sevə əzbərləyirdik. Şaiqin ondan əvvəl - 1949-cu ildə yazılmış "Təbriz" şeiri olduğunu bilmirdik:

 

Mən çoxdan həsrətəm vüsalə, Təbriz

O ceyran baxışlı cəmalə, Təbriz.

Qəlbimin içində tellər sızlayır,

Arabir gəldikcə xəyalə, Təbriz.

Azadə yurdumun saf göylərində,

Oxşardın bir yeni hilalə, Təbriz.

Aşiqdim o azad, gülən səsinə,

Vurğundum o hüsnə, cəmalə, Təbriz.

Xəzərə axarkən birləşmiş Araz

O taydan gətirir ah-nalə, Təbriz.

 

Şeir "Nifrətlər o Tehran cəlladlarına" leytmotivi ilə tamamlanır.

 

Mən, bir türkçü - turan sevdalı ziyalı kimi Abdulla Şaiqin "Arazdan Turana" kitabından doymadım. İndə o kitab masamın üstündə təzə doğulmuş türk cocuğu kimi gülümsəyir. Bu sadə, aydın və bədii-fəlsəfi cəhətdən dərin şeirlər, poemalar və pyeslər kitabını hər günü bir ilə bərabər 44 günlük Vətən savaşında gülə-gülə şəhidlik şərbəti içmiş müzəffər Azərbaycan gəncliyinin övladlarına ismarlayıram.

 

Nizaməddin ŞƏMSİZADƏ

Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi

525-ci qəzet.- 2023.-8 dekabr,№223.- S.13.